Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Prezident İlham Əliyev: “Ölkəmizin uğurlu inkişafı reallıqdır...”
27.03.12 18:18

“Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Prezident İlham Əliyev konfransda giriş nitqi söylədi: “Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.


Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib

Prezident bildirdi ki, ictimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur...
...Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır. Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir...
Dövlət başçısı bildirdi ki, birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılmışdır. Magistral yolların inkişafı böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə idi. Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu layihə sırf sosial yönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosial yönümlü, həm biznes yönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz özümüz əldə etmişik.


2011-ci il ölkəmizin inkişafı üçün uğurlu il oldu


Prezident bildirdi ki, 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.


Nizam-intizam olmadan uğurlara nail ola bilməzdik


Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olmuşdur. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlamışdır. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, - torpaq vergisi istisna olmaqla, - azaddırlar.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Yəni, biz bunu edirik və etməliyik. Sahibkarlar da öz tərəfindən öz işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər. Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.
Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlamışdır. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır.


Bizim enerji siyasətimiz qüsursuzdur


Prezident vurğuladı ki, neft strategiyamızın təməlini ulu öndər 1990-cı illərin əvvəllərində qoymuşdur və bu strategiya davam edir. Əlbəttə ki, indi yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Azərbaycan həm neft, həm qaz ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da önəmlidir. Biz bu məsuliyyətə hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla birlikdə elə təşəbbüslər irəli sürürük ki, bu təşəbbüslər yalnız və yalnız Azərbaycana uğur gətirəcəkdir. Biz heç bir mövqeyimizi əldən verməmişik, əksinə mövqelərimizi möhkəmləndirə, iradəmizi müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada qaza tələbat getdikcə artacaqdır. Bunu da biz bilirik ki, nə dərəcədə artacaqdır. Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da artacaqdır. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki, çoxşaxəli ixrac imkanları yaradaq və əslində yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur.
Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq.
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Atena” Süd Zavodu və heyvandarlıq kompleksi İdarə Heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, “AzMDF” zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Naxçıvan” avtomobil zavodu Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Polad Sadixov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar.
Sonra Prezident İlham Əliyev yekun nitqi söylədi:
- 2012-ci ildə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər əminəm ki, öz həllini tapacaqdır. Ölkəmiz üçün bu il də uğurlu olmalıdır, xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir.
Əvvəlki dövrdə başlanmış və indi davam edən layihələr öz bəhrəsini verməkdədir. Eyni zamanda, 2012-ci ildə də böyük müəssisələr, zavodlar açılacaqdır. Beləliklə, qeyri-neft potensialımız daha da artacaqdır. Sahibkarlığın inkişafı üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Burada sahibkarların və icra hakimiyyəti başçılarının çıxışlarında bölgələrdə gedən proseslər haqqında məlumatlar verildi.
Deyə bilərəm ki, biz hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır. Bu potensialı Azərbaycan xalqının istedadı yaratmışdır və biz elə etməliyik ki, müəyyən olunmuş bütün vəzifələr həm dövlət qurumları, həm də özəl sektor tərəfindən icra edilsin.
Son illərdə özəl sektorun ümumi daxili məhsuldakı çəkisi artır. Ümumiyyətlə ümumi daxili məhsulumuz çox sürətlə artır. Son 8 il ərzində 3 dəfə artmışdır. Heç bir başqa ölkədə belə nəticə olmamışdır. Çox sevindirici haldır ki, özəl sektorun çəkisi artır, təxminən indi bu pay 83 faiz civarındadır. Bu, onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik...
URL / WWW
http://kelam.az/article/a-5984.html