Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Yastığın yüngül olsun, Zəlimxan qağa
27.03.12 18:18

Sözün əsiri və əsgəri Zəlimxan Yaqub haqda bir neçə söz

İndi hər şey mümkündür. Lap elə ədəbiyyatda monopoliya yaratmaq da. Bir də görürsən, kimsə bir dəstə yaratdı, hansısa yazıçının, yaxud şairin anasını mələr qoymaq üçün. Bir iki qəzeti, internet saytını döndərirlər namərd səngərinə. Qələmi çevirirlər silaha, söyüşü, təhqiri isə namərd gülləsinə. Yaz ki, yazasan. Bəzən hətta min il geriyə piştov kimi səslənən söz gülləsi atırlar. Ancaq onlara elə gəlir ki, atdıqları top mərmisidir.

Bəlli məsələdir ki, bunların Səməd Vurğundan, Mirzə Cəlildən, Sabirdən üzü o tərəfə doğru Şah İsmayıl Xətaiyə, Nizami Gəncəviyə qədər tuşladıqları piştovların hamısı geri açılan olub. Keçmişimizə necə xor baxıblar, bu günümüzə də eləcə nifrət eləyirlər.Yəni bir hədəfləri də sayılıb-seçilən müasir yazıçı və şairlərimizdir. Ən çox qınağa rast gələnlərdən biri, bəlkə də birincisi Zəlimxan Yaqubdur. İttihamları da ondan ibarətdir ki, bu adam niyə anadan inqilabçı doğulmayıb. Görəsən, bu sualı onlar bircə dəfə özlərinə veriblərmi? Deyə bilərlərmi hamının narazı qaldığı hansı dövlət məmurunun burnunu “qanadıblar”?
Zəlimxan Yaqub bir şair kimi artıq yaşlı zümrənin qərar tutduğu məkanın astanasındadır. Bunlar isə gəncdir, inqilabçı olmaqlarının əsl məqamıdır. Onda bəs niyə olmurlar? Çünki ədəbiyyat adamı olmağa istedadları çatmadığı kimi, inqilabçı olmağa da potensialları yoxdur. Di gəl, özlərinə rəva görmədiklərini başqalarından tələb edirlər.
Bizim arzu və istəyimizdən asılı olmayaraq Zəlimxan anadan inqilabçı deyil, şair doğulub. Bal arısı gülün şəhdi-şirəsini çəkdiyi kimi o da sözün şəhdi-şirəsini çəkməklə məşğuldur. Poeziyası ilə duyan könülləri oxşayır. Hər misrasında Vətəni, Dünyanı, Bəşəri sevməyə səsləyir. Onunku sözdür. O, zaman-zaman dəyişən padşahların yox, sözün əsiri və əsgəridir. Axtardıqlarını sözün içində tapır, itirdiklərini də sözün içində itirir. Tapanda da, itirəndə də yenə qayıdıb uca sözün ətəyindən yapışır, səcdəsinə durur:

                    Mənimki söz qəsri, söz qalasıdı,

                    Söz Babək qalası, Bəzz qalasıdı,

                    Qalsa Zəlimxandan söz qalasıdı,

                    Yatanda kəfənin, bezin içində.


Zəlimxandan söz qalacaq. Buna şübhə yoxdur. Bədxahları narahat edən də elə budur. Belələri hər dövrdə olub. Ancaq tarixdə heç iz-tozları da qalmayıb. Nizami, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Sabir, Mirzə Cəlil, Səməd Vurğun və başqa böyük düha sahibləri bu gün də yaşayır, diridirlər. Ancaq bəla burasıdır ki, nəhəng ceviz ağacına salvey tolazlayanların heç çürük qozu da yoxdur, bar verməmişdən quruyublar. Hələ başqalarını demirəm, bizə heca vəznində şeir yazmağı başqaxıncı edən dəstəbaşılarının hamısını yığıb Zəlimxan Yaqubla yanaşı qoysaq, uca bir dağın ətəyində ayağa dolaşan daş-kəsək boyda da görünməzlər. Ümumiyyətlə, belə bir müqayisə aparmaq özü ayıbdır.
Zəlimxan Yaqubu həm də onda günahlandırırlar ki, dövlət başçısına şeir həsr edib. Buna görə də adını saray şairi qoyub ünvanına hər cür hədyanlar yağdırırlar. Düzdür, o, mərhum prezident Heydər Əliyevə şeirlər həsr edib. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ilk cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadəyə də böyük ictimai-fəlsəfi məzmuna malik şeir yazıb. Bu şeir Ankarada M. Ə. Rəsulzadənin məzarını ziyarət etdikdən sonra qələmə alınıb. “Məmməd Əminin məzarı başında” adlanır. Tarixin müxtəlif dönəmlərində millətin taleyində önəmli rol oynamış böyük şəxsiyyətlərə həmişə ehtiram olub və onlar zaman-zaman şairlər tərəfindən tərənnüm ediliblər. Bəzən bu əsərlər tarixi sənəd qədər qiymətli olur, keçmişin gizli qalan qatlarını bu sətirlərdən öyrənirik. Ona görə də poeziya dililə tarix yazan qələmi sındırmaq olmaz. Molla Pənah Vaqif sarayda baş vəzir olub. Araşdırıcılarımız həmin dövrün gizli qalan tarixi hadisələrinə bir çox hallarda onun şeirləri ilə aydınlıq gətirirlər. Yaxud da ehtimallar bu şeirlərdə öz təsdiqini tapır. Min il öncə Xaqani, Nizami əksər əsərlərini yazarkən sözə dövrünün şahlarını öyməklə başlayıb. Həmin misralar bu gün tarixçilərimiz, araşdırıcılarımız üçün əsl məxəz rolunu oynayır. Xaqani məhz saray şairi olduğu üçün “Xaqani” təxəllüsünü götürüb. Nizami hətta şahın sifarişi ilə poema yazıb. Onlar sifarişin hardan gəlməsindən asılı olmayaraq ortaya ilham və istedadla yazılmış sənət əsəri qoyublar. Başqa dildə yazsalar da, türk ruhunu qoruyub saxlayıblar. Daha bu günkü əldəqayırma modernistlər kimi Avropa, yaxud Yaponiya hoqqası çıxarmayıblar.
Ədəbiyyatda monopoliya yaradanların “çox sevdikləri” Mikayıl Müşfiq də, Əli Kərim də Leninə, Oktyabra, Ramiz Rövşən mərhum prezident Əbülfəz Elçibəyə şeirlər yazıblar. Hər kəsin sevimli şairi Məmməd Arazın da mətbuatda Heydər Əliyev haqqında şeiri dərc olunub. Lakin bu onların istedadlı şair olduqlarına kölgə sala bilməz. Sadəcə, millətə qənim kəsilənlər sayılıb-seçilən insanlarımızı vurmaq, gözdən salmaq üçün birini digərinə qarşı qoyur və bununla varlığımızı danmağa, bizi keçmişi, gələcəyi olmayan bir xalq kimi qələmə verməyə və nəhayətdə axırımıza çıxmağa çalışırlar. Zəlimxan Yaqub da poeziya meydanından səsi daha gur gəldiyinə, xalqımızın söz sənətini, poetik ənənələrini ləyaqətlə davam etdirdiyinə görə onların hədəfinə tuş gəlib. Nə qədər ayağından çəkib quyunun dibinə - öz yanlarına dartmaq istəsələr də, əziyyətləri hədər gedəcək. Çünki işıqlı düşüncələr aşiqi qaranlıqda yarasalarla bir arada ola bilməz.
Zəlimxan Yaqubun şeirlər həsr etdiyi Məmməd Əmin Rəsulzadə də, Heydər  Əliyev də sonuncu yüzilliyin yetirdiyi böyük dövlət xadimləridir. Bu gün hər ikisini öndər hesab edənlər də var, etməyənlər də. Hətta ayrı-ayrılıqda hər ikisinin mənfi obrazını yaradanlar da kifayət qədərdir. Səhvdən heç kim sığortalanmayıb. Ancaq buna baxmayaraq şəxsiyyətlərin fəaliyyət göstərdikləri tarixi situasiya nəzərə alınmalıdır. Səhvlərin hansı obyektiv səbəblərdən yarandığını bilmədən düzgün fikir yürütmək olmaz. Z. Yaquba qarşı irəli sürülən ittihamların böyük bir qismi, xüsusən, H. Əliyevə şeir həsr etməsidir. Yaxında olduqda gözün spektri dağın yalnız bir hissəsini göstərir. Uzaqdan baxdıqda isə dağ əyri-üyrüsü ilə bütöv görünür. Biz içərisində olduğumuz hadisələrdən  uzaqlaşdıqca və şəxsiyyətləri bütöv gördükcə onlarda aşkar etdiyimiz müsbət keyfiyyətləri də ziddiyyətləri ilə birlikdə deməyə borcluyuq. Bir həqiqəti etiraf etməliyik ki, Heydər Əliyev hakimiyyətə çox ağır bir tarixi situasiyada gəldi. Azərbaycan artıq içəridən dağılırdı. Gəncədə, Lənkəranda yeni “xanlıqlar” yaranmaqla yanaşı, paytaxt Bakıda hər lider ətrafına bir qoçu dəstəsi yığıb özünü hakimi-mütləq hesab edirdi. Artıq bizə kənardan düşmən lazım deyildi. Erməni müdaxiləsi olmadan da Azərbaycan içəridən parçalanıb dağılırdı. İlk dəfə demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy bu qarışıq zamanda başını itirdiyindən hakimiyyəti başsız qoyub Naxçıvandakı doğma kəndinə - Kələkiyə qaçdı. Bəlkə də bununla xalqına yaxşılıq etmiş oldu. Çünki millətə möhkəm əl lazım idi. O, Heydər Əliyev idi. Zəlimxan Yaqubun “Allahım, sən bizə ağsaqqal yetir” misrası da məhz həmin məqamda səslənən bir şüar oldu.     
Qaldı bu günümüzün problemlərini dilinə, torpağına bağlı hər kəs kimi Zəlimxan Yaqub da yazır. Özü də sıradan bir qələm əhli kimi deyil, millətin hər ağrısını içindən, ürəyindən keçirən bir şair kimi. Əsl şair istər sarayda olsun, istər kasıb bir komada, fərqi yoxdur, nə yolla olur-olsun Vətənə, millətə xidmət edəcək. Zəlimxan Yaqub üçün Azərbaycanın sarayı da, kasıb koması da əzizdir. Çünki bu torpağın üstündə nə varsa, hamısı bu xalqa məxsusdur. Kimsə deyirsə, yox, mənimdir, yanlışlığa yol verir. O adam tarixin verdiyi dərslərdən ibrət götürməyib. Zəlimxan Yaqub isə bu dərsləri öyrənə-öyrənə yaşayanlardandır. Ona görə də bütün varlığı ilə ürəyinə, qəlbinə daha yaxın, daha doğma olan sadə insanların yanındadır. Dörd gözlə dilimizin, sazımızın, sözümüzün keşiyini çəkib və çəkməkdədir.
Bu gün Zəlimxan Yaqub ürək ağrısı ilə xəstəxanaya düşüb. Allah şəfa versin. Söz meydanında heç vaxt basılmayan şair ürəklə bacara bilmir. Beşi onu istəməsə də, yüzü  qədrini bilir, tezliklə sağalıb ayağa durmasını istəyir. Hamı onu sevib dəyərləndirə bilməsə də, o heç vaxt hamını sevmək sevdasından əl götürməyib və ömrü boyu həyatın mənasını bu sevgidə görüb.

                     Yer göyü, Dağ dağı, Daş daşı sevdi,

                     Qaş gözə vuruldu, Göz qaşı sevdi,

                     Tanrı naxış vurdu, nəqqaşı sevdi,

                     Biz niyə sevməyək bir-birimizi?
   


Təəssüf ki, min illər öncə olduğu kimi indi də bu “niyə” sualına cavab tapa bilmirik. Doğrudan da, şair demiş, görəsən, dərdimiz nədir ki, bir-birimizi sevə bilmirik? Bildiyimiz təkcə odur ki, bu “niyə”dən bütün istedadlı insanlar, o cümlədən Zəlimxan Yaqub ziyan çəkib. Onun ürək ağrısı yüz illərin ürək ağrısıdır. Həyatın sonsuz olduğunu nəzərə alsaq, görün qabaqda hələ nə qədər qurbanlar durur.
Yastığın yüngül olsun, Zəlimxan qağa.


Amil Avey
URL / WWW
http://kelam.az/article/a-5982.html