Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Xocalı qurbanları anıldı
27.03.12 17:50

On minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşündə faciə qurbanlarının xatirəsini yad edildi və insanlığa qarşı törədilmiş bu vəhşi cinayət yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü Azərbaycanda ümumxalq səviyyəsində qeyd edilib. Faciənin ildönümü ilə bağlı respublikada müxtəlif anım tədbirlər keçirildi. Bu tədbirlərdən ən möhtəşəmi fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşü olub. Yürüşdə prezident İlham Əliyev də iştirak edib. Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoyublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.
Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb.
Ön sırasında prezident İlham Əliyevin olduğu yürüş iştirakçıları Azadlıq meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayıblar. Ümumxalq yürüşünün iştirakçılarının və onların keçdiyi prospekt, küçələr boyu düzülmüş minlərlə gəncin əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış plakatlar və transparantlar var idi. İzdihamın başı üzərində “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar yazılmış minlərlə plakat və transparant dalğalanıb.
Aksiyaya çıxanların çoxluğu göstərib ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silməyib. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.
Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.
Faciənin 20-ci ildönümü ilə əlaqədar prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olub.
Heç şübhəsiz Xocalıda baş verənlər bəşəriyyətə, insanlığa qarşı yönələn cinayət əməli idi. Zaman keçdikcə Xocalıda nə baş verdiyi daha da çılpaqlığı ilə gözlərimiz önünə gəlir. Dağlıq Qarabağdakı azərbaycanlıların yaşadığı bu kiçik şəhərin nə üçün xəritədən silindiyinin mənasını daha yaxşı anlamağa başlayırıq.
1992-ci ildə artıq dağılması rəsmiləşən bir imperiya bölgədəki əlaltısı Ermənistanın vasitəsilə Azərbaycanın müstəqillik arzularının üstündən xətt çəkmək istəyirdi. Azərbaycan torpaqları hesabına Ermənistanı daha da böyütmək, Azərbaycanı isə ələbaxan bir forposta çevirmək planları qurulurdu.
Amma Azərbaycan xalqının yalın əllə, demək olar ki, heç bir yetkin dövlət strukturu olmadan göstərdiyi müqavimət, torpaqlarını əldən vermək istəməməsi düşməni əsəbiləşdirir, planlarının reallaşdırılmasını ləngidirdi. Belə bir şəraitdə Azərbaycan xalqının gözünü qorxutmaq, onun mübarizə əzmini qırmaq üçün müxtəlif planlar qurulurdu. Xocalı həmin planların kulminasiya nöqtəsi idi.
Amma düşmən məqsədinə nail ola bilmədi. Xocalının yer üzündən silinməsi, sakinlərinin qətl edilməsi xalqımızı öz azadlıq yolundan döndərə bilmədi. Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya, işıqlı arzuları reallaşdıra bildi. Bu gün vətəndaşları olduğumuz Azərbaycan Respublikasının qurulması, dünyanı Xocalı soyqırımını tanımağa dəvət edə bilmək gücündə olması da bunu bir daha təsdiq edir.
Xocalı soyqırımının qurbanları öz qanları hesabına Azərbaycanı məhv etməyin mümkün olmadığını göstərdilər. Bir daha sübut olundu ki, bizim xalqımız müstəqilliyin dönməz və əbədi olması üçün son nəfərinə kimi ölməyə hazırdır.
Beləliklə, Xocalı soyqırımı bugünkü Azərbaycanın hər bir vətəndaşı üçün daim xatırlanan bir hadisəyə çevrildi. Əyani şəkildə gördük ki, düşmən öz məqsədlərinə nail olmaq üçün hətta bütöv bir şəhəri də yer üzündən siləcək qədər qəddar və amansızdır. Amma gələcək nəsillər bununla bərabər həm də onu xatırlayacaqlar ki, bizim öz torpaqlarımız uğrunda göz görə-görə ölümə gedən insanlarımız olub.
Ermənilər və Ermənistan dövləti üçün Xocalı faciəsi tarix boyu silinməyəcək qara ləkədir. Onlar bu cinayətə imza atmalarının cəzasını həmişə çəkəcəklər. Utanmalarına şübhə etdiyim bu millət özü istəməsə belə Azərbaycan və dünyadakı dostlarımız vasitəsilə həmişə utandırılacaq.
Məhz Xocalıda baş verənlərə görə ermənilərin bundan sonra sivilizasiyadan danışmaq, humanizmdən bəhs etmək, dünyadakı bu tipli təşəbbüslərə qoşulmaq üçün üzü olmayacaq. Əminliklə demək olar ki, ermənilərin indiki və gələcək nəsillərinin hər üzvünün alnına Xocalı damğası vurulub. Ermənilər Xocalıda törətdikləri cinayət təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı yönəlmişdi. Vaxt gələcək Srebrenitsa qırğınlarını törədənlər kimi, Xocalını yer üzündən silənlər də layiqli cəzalarını alacaqlar.
Təsadüfü deyil ki, fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam edib. On minlərlə insan soyqırımı abidəsini ziyarət edib. Abidənin önünə tər çiçəklər qoyulub, şəhidlərin ruhuna dualar oxunub. Mərasim iştirakçıları Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qırğınının təqsirkarlarının haqlı cəzalarına çatacağına inamlarını ifadə ediblər.
URL / WWW
http://kelam.az/article/a-5979.html