Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: Minsk qrupu hələ də ikiüzlü siyasət aparır
16.03.12 20:56

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ənənəvi “Qarabağ saatı”nı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsində çox ciddi hadisələrdən biri Rusiyada keçirilən prezident seçkiləridir. Rusiyada Vladimir Putinin prezident seçilməsindən Ermənistanın hədsiz narahat olduğunu vurğulayan M.Əhmədoğlunun sözlərinə görə, ermənilər hesab edir ki, D.Medvedyevlə dil tapmaq mümkün idi, ancaq Putinlə danışmaq çətindir. M.Əhmədoğlu prezident seçkilərində Rusiyada yaşayan ermənilərin Jirinovskiyə səs verdiklərini söyləyib. Hazırda Avro-Atlantik, Qərb strukturlarından Ermənistana dəstək gəldiyini diqqətə çatdıran M.Əhmədoğlu əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dialoqa bir dəfə də olsun münasibət bildirməyib və bu qurum Qafqaz siyasətini dəqiqləşdirməlidir: “Dialoq demokratiyanın sütunlarından biridir. Əgər Avropa demokratdırsa, deməli, dialoqu dəstəkləməlidir. Dialoq sivilizasiyanın açarıdır. Dialoq xristianlıqda təqdir olunan parametrdir. Əgər Avropa xristian dəyərlərinə hörmət edirsə, Azərbaycan və erməni dialoquna dəstək verməlidir”. ATƏT-in Minsk qrupunun fəaliyyətindən də bəhs edən M.Əhmədoğlu bildirib ki, həmsədrlər prezidentlərin Soçi görüşünə münasibət bildirməyiblər: “Əgər həmsədrlər Soçi bəyannaməsini dəstəkləsəydilər, regiona səfərləri zamanı Bakıda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə görüşərdilər. Yəni o deməkdir ki, bunlar indi də ikiüzlü siyasət aparırlar” deyən M.Əhmədoğlu qeyd edib ki, 20 ildə ATƏT-in Minsk qrupunun bir iş görməməsinin səbəbkarı onların özüdür. O bildirib ki, bu gün münaqişə sülhdən daha çox müharibəyə hazırdır. M.Əhmədoğlu hesab edir ki, Minsk qrupu fəaliyyəti ilə bağlı hesabat verməli, bu qurumun Nizamnaməsində və Anjey Kasprşikin mandatında dəyişiklik edilməlidir: “Məlum olmalıdır ki, Kasprşik Azərbaycan-Ermənistan, yoxsa Azərbaycan-Qarabağ təmas xəttinə nəzarət edir” deyən M.Əhmədoğlu bu strukturun daxilində də nizam-intizamın yaradılmasının vacibliyini qeyd edib. Qarabağda müharibənin başlanması zərurətindən bəhs edən M.Əhmədoğlu hesab edir ki, müharibə başlasa, Azərbaycan şəksiz qalib olacaq. Politoloq onu da əlavə edib ki, Rusiya müharibənin tez bir zamanda başa çatmasını istəyəcək, çünki müharibə uzansa, əraziyə ABŞ, Qərb dövlətləri girə bilər ki, bu da federasiyaya sərf etməyəcək.
URL / WWW
http://kelam.az/article/a-5957.html