Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Vaşinqtonda anma mərasimi keçirilib
23.02.12 20:20

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə fevralın 22-də Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda anma mərasimi keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu “Ehtiyatda olan Zabitlər Assosiasiyası”nın binasında keçirilən anma mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib. Azərbaycan xalqının daima güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən səfir Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların belə vəhşicəsinə qətlə yetirilməsinin dərk edilməsinin hər bir azərbaycanlı üçün olduqca ağır və çətin olduğunu bildirib. ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman öz nitqində Xocalı faciəsi barədə fikirlərini bölüşüb, bu faciənin məsum qurbanlarının hər zaman yad edilməsinin vacib olduğunu bildirib və Xocalı barədə məlumatların gələcək nəsillərə çatdırılması üçün öz tövsiyələrini verib. Bu səpkidə natiq faciə qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirərək, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi timsalında belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından yüksək dəyər daşıyacağını qeyd edib. Sonra ABŞ-da işçi səfərdə olan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış ediblər. A.Mollazadə Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olduğunu bildirərək, onların öz məqsədlərinə günahsız insanların qanı hesabına çatdıqlarını qeyd edib. Bu kütləvi qırğını törətmiş cinayətkarların hələ də azadlıqda olduğunu vurğulayan millət vəkili haqq-ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirib. S.Fətəliyeva Azərbaycanın bu gün 20 il öncəki Azərbaycan olmadığını, daha güclü və inkişaf etmiş dövlətə çevrildiyini bildirib. Bununla yanaşı, Xocalı faciəsinin bu gün də 20 il öncə olduğu kimi hər bir azərbaycanlını ağrıtdığını və bu ağrını unutmağın qeyri-mümkün olduğunu qeyd edib. Nitqlərdən sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa edib. Mərasimdə iştirakçılar soyqırımını əks etdirən fotosərgi ilə də tanış olublar.
URL / WWW
http://kelam.az/article/a-5879.html