Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hər kimə həcc nəsib olsa, xuda qismət edər.
15.02.12 22:04

"Qaldırsan yıxılanı, doydursan acı, Sanarsan Kəbəyə ziyarətin var..."

Xaltanlı Tağı.

Müsir cəmiyyətimizdə "Hacılar çoxalır... İnsani dəyərlər - insaf, mürüvvət, adamların bir-birinə inamı, ehtiramı, xeyirxahlığı isə azalır"- deyə qəti mühakimə yürüdən adamlara da rast gələndə istər-istəməz düşüncələrə dalırsan. Bu gün Azərbaycanda nə qədər HACI var? 100 min, ya 150 min?!. Bəlkə daha çox! İlbəil sayı artan bu hacılar hansı xeyir əməllərin sahibidirlər?

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra yeddi-səkkiz, hətta on -on beş dəfə KƏBƏ ziyarətinə gedənlər var. Bəs görəsən, ömründə bir yetim başı sığallayıb, yıxılanı yerdən qaldıran hacılarımız çoxdurmu? Görünür, belə suallar cəmiyyətimizin bu gün belə insanlara ehtiyacından yaranır. Mən bir müəllim tanıyırdım, Allah qəni-qəni rəhmət eləsin, Əliabbas müəllimi. 70 illik yubileyi ərəfəsində övladları məsləhət-məşvərət edirlər ki, ata, gəl, səni bu il HƏCC ziyarətinə göndərək, kəndimizdən o qədər adam ziyarətə gedib ki, sən niyə getməyəsən? Əliabbas müəllim dünyagörmüş insan idi. Kənd ağsaqqalı və ziyalısı kimi öz övladlarının gücünü-imkanını sərf-nəzər edib, deyir:

- Balalarım, əgər siz həqiqətən də mənim Hacı olmağımı qəlbən istəyirsinizsə, kəndimizin yollarını abadlaşdırın, məktəbin həyətinə asfalt döşətdirin!..
Övladları elə də edir, bu söhbət dildən-dilə, eldən-elə gəzir. Hər dəfə Azərbaycandan yüzlərcə, minlərcə adam müqəddəs Kəbəyə ziyarətə yola düşəndə, mən şahidi olduğum bu əhvalatı yada salıram. Və Əliabbas müəllimi elə müasir ziyalılığımızın Kərbəlayısı, cəmiyyətimizin Hacısı sanaraq ruhuna dualar edirəm...
İkinci, xatırladığım əhvalat hörmətli Qazi Hacı Mirəziz Seyidzadə ilə bağlıdır. Bir dəfə rayon qəzetində dərc etdiyim müsahibənin məzmununa görə bir dövlət məmuru Bakıda məni möhkəm danlayırdı. Bu zaman Hacı Mirəziz Seyidzadə gəlib çıxdı. Onu elə bil mənimçün o ağır anımda Allah göndərmişdi. Hacı bir müdrik sözü və ədalətli qərarı ilə həmin məmurun od püskürən qəzəbinin üstünə su tökdü. Bununla da mübahisəyə xitam verdi. Cəmiyyətimiz sözüötən belə aqil və adil hacıların sorağındadır...
Və mən barəsində az da olsa, ətrafli söhbət açmaq istədiyim daha bir ağsaqqal, möhtəbər HACI tanıyırdım. Hacı Mir Məhəmməd Hüseynov!
Deyirlər ki, böyük Rəbbimiz hər bir insanın taleyini doğuluşundan müəyyənləşdirir və qismət payını ÖZ kəraməti ilə bölüşdürür. Halallıq, dürüstlük onun ilk məktəbi, ilk müəllimi, öyrəndiyi ilk dərs idi. Hələ HACI olmamışdan qabaq respublikada peşəkar inşaatçı kimi tanınmışdı. "Əməkdar İnşaatçı", Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını şərəflə daşıyırdı.
Eyni zamanda bu insan öz ÖMÜR SARAYININ gözəl memarıydı. O ömür ki, ucqar bir muğan kəndindən şəhərə, şəhərdən də dünyanın böyük, əzəmətli görünən guşələrinə MƏRİFƏT nuru salmışdı. M.Hüseynov öz ömür sarayını təmənnasız yaxşılıqlarla ucaltmış, xatirələrdə silinməz izlər buraxmışdı.
Sözün əsl mənasında ucaltdığı yarlı-yaraşıqlı binalar torpaq üzərində ondan nişanə qalan avtoqrafa bənzəyir: AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A.Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C.Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu, Binəqədi, Suraxanı, Yasamal və Qaradağda onlarca məktəb binaları, körpələr evi, uşaq baxçaları, mədəni-məişət obyektləri onun doğma Azərbaycanımıza əbədi yadigarıdır.
"Mənim fikrimcə, M.Hüseynov öz xeyirxah əməlləri ilə hacı adını elə Bakıda - quruculuq işləri görəndə qazanmışdı" - Bu fikirlər Azərbaycan Pespublikası Ticarət Palatasının prezidenti Süleyman Tatlıyevə aiddir.
Vaxtilə Xalq yazıçısı İmran Qasımov deyirdi ki: "Məmməd hazırca qəhrəmandır, gözümüzün qarşısında durub. Eləcə "əlindən tutub" povest, roman səhifələrinə gətirən lazımdır".
Xalq rəssamı Mikayıl Abdullayevlə qonşuluqda yaşayırdı. "İnsan həyatda müşahidəçi yox, iştirakçı olmalıdır. Məmməd məni ikinci mənada çox düşündürdü... Axır ki, ürəyim güc gəldi. Ürəyim məni fırçaya, kətana sarı çəkdi" - deyən rəssam inşaat meydançasında bu zəhmətkeş insanın portretini yaratmışdı.
Professor Zeydulla Ağayev M.Hüseynovu Allahın seçdiyi adam adlandırır:
"Əhvalının necə olmasına baxmayaraq, hamını xoş dillə dindirirdi, qabağa düşüb neçə-neçə qapı açırdı... Mən onun bir sözünü irili-xırdalı məclislərdə tez-tez təkrar edirəm: O deyərdi ki, mən də başqaları kimi adi adamam. Lakin qurban olduğum Allah mənə uzun əl verib. Ona görə verib ki, başqalarına əl tutam. Geniş imkanları olan, lakin bədəbəddə doğma qardaşını da saya salmayan harınlar üçün çox böyük ibrət olası sözlərdir".
Mərhum yazıçı-publisist Hacı Ağəddin Mənsurzadə qələmə aldığı xatirələrindən kiçik bir fraqment: "M.Hüseynov Bakıda neçə-neçə kimsəsizin, imkansızın, arxasızın güvənc yeri, ÜMİD YERİ, arxasıydı... Onun-bunun qayğısına qalıb həmişə, əlsiz-ayaqsızlara əl utub, əvəzində bir "çox sağ ol", "Allah balanı saxlasın!" qazanıb. Elə bu mükafatlar da onun bəsi olub. Deyərdi ki, mənimçün bir yetimi -kimsəsizi, arxasızı sevindirmək, ona kömək əlini uzatmaq dünyanın ən böyük mükafatlarından əziz və qiymətlidir... Biz onunla mərhum Nəsir İmanquliyevin sayəsində tanış olmuşduq. Nəsir müəllim çox istəyirdi ki, Məmməd Hüseynov haqqında o vaxt - 1984 -cü ildə kitab yazılsın..."
Bu gün nə Nəsir İmanquliyev var, nə Məhəmməd Hüseynov, nə də Hacı Ağəddin Mənsurzadə! Üçü də haqq dünyasındadır. Biri müəllimim, biri həmkəndlim, biri də qələm yoldaşım olub. Sonsuz hörmət və ehtiramla onların ruhu qarşısında baş əyirəm. Və sevinirəm ki, onların hər üçünün arzuladığı kitabın müəllifiyəm. ("Bizim ağamız" Bakı, "Adiloğlu" nəşriyyatı, 2003)
Kitaba M. Hüseynovun şərəfli ömür yolundan bəhs edən "Halal adam" sənədli povesti ilə yanaşı, onun Azərbayacan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşləri, portret cizgiləri, haqqında görkəmli adamların xatirələri daxil edilib. Həmin xatirələrin biri hazırda Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov tərəfindən belə qələmə alınmışdır: "Mən Gəncədə Şəhər Partiya Komitəsinin birinci katibi olanda bir dəfə MK-dan zəng vurub, Məmməd Hüseynovun Gəncədə olduğunu və Heydər Əliyevin onu axtardığını bildirdilər... O vaxt Məmmədin bir inşaatçı dostu vardı - İlyas Bərxudar oğlu Quliyev. Gəncə Şəhər Sovetinin sədri seçilmişdi. Ona zəng etdim... Dedi, Həsən müəllim, elə indi kabinetimin qapısı açıldı, Məmməd içəri girdi... Bir neçə dəqiqədən sonra Məmməd gəldi... O, mənim kabinetimdən Heydər Əliyevlə danışdı. Məlum oldu ki, respublika rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti qonşu respublikaya yola düşməyə hazırlaşır. Nümayəndə heyətinin tərkibində olan Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovu Bakıda axtarıblar, sorağını Gəncədən alıblar. Hiss etdim ki, Heydər Əliyev səfərqabağı onu görmək istəyir. Ona görə də Məmməd təcili Bakıya qayıtdı"
Həmin nümayəndə heyətində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, akademik Cəmil Quliyev, Azərbaycan KP Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi İsa Məmmədov da təmsil olunmuşdu. Qonşu respublikaya səfər zamanı Heydər Əliyev xəbər tutur ki, Məmməd Hüseynovun oğlu burada hərbi xidmətdədir. Və öz qol saatını əsgərə hədiyyə etmək üçün Məmməd Hüseynova verir. Onu da qeyd edim ki, Heydər Əliyev Məmməd Hüseynovu təkcə zəhmət adamı kimi tanımırdı, həm də onun 1938-ci ildən 1949-cu ilə kimi - yəni ömrünün sonunadək Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Mirbəşir Qasımovla qohumluq əlaqələrindən də xəbərdar idi.
Məmməd Hüseynovun atası Mir Səmid ağa Masallıya Cənubi Azərbaycandan gəlmişdi. Repressiya illərində çox ruhanilərə arxa-dayaq olub, Şeyx Rəhmət, Molla Əli, Şeyx Əsədulla kimi məşhur axundları təqiblərdən qorumuşdu... Şeyx Rəhmət axundun tələbəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə qazisi axund Hacı Mir Qiyas Hüseynli deyir ki, mən Məmməd Hüseynovla Həcc səfərində olmuşam. Rəhmətə gedən gün Şeyxülislam Hacı Allaşükür Paşazadə məni Bakıya konfransa dəvət eləmişdi. Telefonla bildirdim ki, gələ bilməyəcəyəm. Səbəbini öyrənəndə, dedi ki, Allah rəhmət eləsin, Məmməd Hüseynovu çox yaxşı tanıyırdım, harda bir məscid tikdirsəydim, mənə köməyi dəyərdi.
Hacı Mir Məhəmməd ağa öz tikəsini qonşuları ilə yarı bölən təmiz qəlbli əsl müsəlman kişilərindən idi. Təmtəraqsız ömür sürsə də, süfrəsi bol, çörəkli kişiydi.
O, dünyasını dəyişdikdən sonra bir cavanın işi bərk müşkülə düşür. Kimə üz tutur, dərdinə "əlac" edən tapılmır. Həmin cavan ətrafında yaşayan dirilərdən əlini üzüb Hacı Mir Məhəmməd Hüseynovun uyuduğu qəbiristanlığa gedib, onun mərmər başdaşını qucaqlayıb imdad diləyir...
Onunla 70 il duz-çörək kəsdiyini söyləyən Xırmandalı kənd sakini Qulam Əhmədovun fikrincə insanlığın, xeyirxahlığın bir adı da Hacı Mir Məhəmməddir. Allah-Təala onu bu dünyaya yaxşılıq eləmək üçün göndərmişdi. Onun atası Mir Səmid ağa da böyük səxavət sahibi idi. Hacı Mir Məhəmməd gənc yaşlarından çiyinlərində ağsaqqallıq yükünü daşıyırdı.
Həmişə deyərdi ki, "kişinin gərək düşməni də olsun ki, ayıq-sayıqlığını əldən verməsin!"
Bəli, kişilər getsə də, bu dünyada kişilik qalır, insan ölsə də, İNSANLIQ qalır. Hacının ömüryolu böyük birsənədli romanın, kino əsərinin mövzusudur.
Qarabağ münaqişəsi başlayanda o bir ictimai xadim kimi millətimizin üzləşdiyi çətinlikləri ürək ağrısıyla yaşadı. Hələ 28 iyun 1988-ci il tarixli "Veçernaya Moskva" qəzetində XIX Ümumittifaq Partiya konfransının nümayəndəsi kimi çıxış edib. "Emosiyalar pis məsləhətçidi" deyə Dağlıq Qarabağda baş verən oyuncaq tətillərə etirazını bildirdi.
Hacı Mir Məhəmməd Hüseynov mənalı, həm də unudulmaz bir ömür yaşayıb. Ölümündən 10 il keçməsinə baxmayaraq bu gün də xatırlanır. Haqqında məqalələr yazılır. Doğulduğu kənd orta məktəbində xatirə guşəsi yaradılıb. Hər ilin may ayında Xırmandalı kəndində onun adıyla bağlı "Xatirə turniri" keçirilir.
Mərhum şair - publisist Səyavuş Sərxanlı "Ulduz" curnalının 1976-cı il 6 sayında onun haqqında dərc etdiyi "Yaxşılıq poeması"nı bu sözlərlə bitirir: "Yaxşılıq heç zaman itmir, ölmür. O əks-səda kimidir, mütləq sahibinə qayıdır..."
...Heç şübhə etmirəm ki, əgər bu gün sağ olsaydı, Hacı Mir Məhəmməd Hüseynov doğma Xırmandalı kənd orta məktəbinə tez-tez baş çəkərdi, müəllimlərin və şagirdlərin qayğıları ilə maraqlanardı. El ağsaqqalının bu gün bütün xeyir-şər məclislərində yeri görünür. Allah ona rəhmət eləsin!


Nurəddin ƏDİLOĞLU
URL / WWW
http://kelam.az/article/a-5844.html