Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Prezidentlər Soçidə
14.02.12 21:58

Ötən ayın sonlarında Soçidə üç ölkə Rusiya, Azərbaycan, Ermənistan prezidentləri - Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Sayca onuncu olan bu görüş bir çox ekspertlər tərəfindən Rusiya prezidentinin “vida görüşü” kimi qiymətləndirilib. Belə ki, mart ayında Rusiya prezident seçkiləridir və D.Medvedyev də bu yarışmaya qatılmır. Bu səbəbdən də bu, onun iştirakı ilə keçirilən sonuncu görüş hesab edilir. Beləliklə, Soçi görüşündə əsas müzakirə mövzusu gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi olub.

Əvvəlcə prezidentlər arasında təkbətək görüş olub. Ermənistan prezidentini qəbul edən D.Medvedyev ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin artmasından, iki ölkə arasında işgüzar əlaqələr inkişafından danışıb: "Biznes bizim münasibətlərimizin əsasından keçir”. İkitərəfli münasibətlərdən başqa, o regional problemləri müzakirə etməyi təklif edib. “Bu regionda həmçinin, bir sıra çətin çağırışlar var” - deyə o qeyd edib. S.Sarkisyan öz tərəfindən belə görüşləri “çox faydalı” adlandırıb. “Dağlıq Qarabağ probleminin həlli üçün səylərinizə görə sizə minnətdaram”.
Elə həmin gün Azərbaycan və Rusiya prezidentləri arasında da görüş baş tutub. Tərəflər Qafqaz regionundakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. “Biz regiondakı vəziyyətin necə inkişaf etməsini müzakirə edəcəyik” - deyə Dmitri Medvedyev görüşü açarkən bildirib: “Biz Qafqazla sıx bağlıyıq və burada nə baş verirsə, bizim üçün əhəmiyyətsiz deyil”. Rusiya dövlət başçısı 2011-ci ildəki əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.
Öz növbəsində İlham Əliyev münasibətlərin intensiv xarakter almasını bütün istiqamətlər üzrə qarşılıqlı etimadı möhkəmləndirməyə imkan verdiyi fikri ilə razılaşıb. “Ötən il çox uğurlu olub, biz qarşılıqlı münasibətləri möhkəmləndirdik, ticarət dövriyyəsinin artımı isə 10 faizlərlə hesablanır”- deyə o vurğulayıb. O, rusiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yollar arayıb tapmaqdakı səylərinə görə təşəkkür edib: “Siz düz qeyd etdiniz ki, müəyyən ümidverici anlar olub, pessimizm hissləri də olub. Lakin sizin bu səyləri davam etdirməniz - optimist əhval-ruhiyyə yaradır”. Azərbaycan prezidenti bildirib ki, Azərbaycan regionda sabitliyin və münaqişənin nizamlanmasında maraqlıdır. İ.Əliyev həmçinin D.Medvedyevə Azərbaycanın BMT TŞ-nın daimi olmayan üzv seçilməsində verdiyi dəstəyə görə təşəkkür edib. “Qarşıdan gələn iki ildə biz TŞ-də sıx əməkdaşlıq şəraitində işləyəcək və bizi dəstəkləyən 155 ölkənin etimadını doğruldacağıq” - deyə o, Rusiya prezidentini əmin edib.
İkitərəfli görüşdən sonra prezidentlərin üçtərəfli görüşü keçirilib. Qəbul edilən birgə bəyanatda Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Əsas prinsiplərinin uyğunlaşdırılmasını sürətləndirməsinə hazır olduqlarını bəyan ediblər.
“Prezidentlər bildiriblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Əsas prinsiplərinin uyğunlaşdırılmasında irəliləyişə nail olunub” - deyə sənəddə qeyd edilir. Bəyanatda qeyd edilir ki, “sülh sazişinin hazırlanmasına keçidin vacibliyini diqqətə alaraq, Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər həyata keçirilən işi nəzərə alaraq Əsas prinsiplər üzrə razılığın əldə edilməsinin sürətləndirilməsinə hazır olduqlarını bildiriblər". İ.Əliyev və S.Sarkisyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər sədr-ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirdikləri də bildiriblər. İki ölkənin liderləri “Rusiya, ABŞ və Fransanın münaqişənin həllində, regionda sülhün və sabitliyin bərqərar olana qədər bu simada gələcəkdə də fəal rol oynayacaqlarına” ümid etdiklərini ifadə edirlər. Sənəddə bildirilir ki, Rusiya Federasiyası və Azərbaycan prezidentləri, təsdiq etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində etibarın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar, Azərbaycan və Ermənistan prezidentləri “ziyalı, elm və ictimai dairələr nümayəndələri arasında dialoqun gələcəkdə təşkil edilməsinə imkan yaradılmasına” hazır olduqlarını bildiriblər. Bəyanata əsasən üç ölkənin prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birgə hazırlanan təmas xəttində araşdırmaların keçirilməsi mexanizmi barədə həmsədrlərin məruzəsini qəbul ediblər və bu işi davam etdirməyi tapşırıblar. Rusiya, Azərbaycan və Ermənistanın liderləri 2008-ci il 2 noyabr tarixində onların (ilk üçtərəfli) görüşündən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə işin böyük həcmini qeyd ediblər.
Prezidentlərin üçtərəfli görüşünün nəticələri ilə bağlı açıqlama verən Rusiya XİN-in rəhbəri Sergey Lavrov bəyan edib ki, Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri kəskin mövqedən çəkilməyin zəruriliyini etiraf edib və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bəyan ediblər: “Azərbaycan və Ermənistan prezidentləri bəyan etdilər ki, tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilmək lazımdır. Prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri ilə bağlı razılaşdırılmamış məsələlər kompleks şəkildə müzakirə olundu. Tərəflər konkret mürəkkəb mövzularla bağlı fikir mübadiləsi apardılar və bu qənaətə gəlindi ki, işi davam etdirmək lazımdır. Görüş iştirakçıları ümumi prinsipləri üzərində işi davam etdirmək və daha sonra bu baza əsasında sülh sazişinə dair hüquqi sənədin hazırlanmasına keçmək barədə razılığa gəldilər”.
Lavrov qeyd edib ki, Rusiya vasitəçi və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirəcək. Lavrov onu da deyib ki, Azərbaycan və Ermənistan iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçilik etmək üçün Rusiyaya müraciət ediblər:
“Bakı və İrəvan bizə müraciət edib ki, belə əlaqələrin qurulmasında təşəbbüsçü olar. Rusiya həmişə bu kimi humanitar əlaqələrin qurulmasına tərəfdar çıxıb və vasitəçi rolunu oynamağa hazırdır. Hər üç ölkənin liderləri etiraf edirlər ki, bu kimi əlaqələr Ermənistanla Azərbaycan arasında etimadı bərpa etmək və möhkəmləndirməkdə mühüm rol oynayır”. Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri atəşkəs xətti boyunca baş verən insidentlərin araşdırılması üçün vasitəçilərdən təkliflər gözləyir.
S. Lavrov xatırladıb ki, ötən ilin martında Soçidə keçirilmiş görüşdə həm İlham Əliyev, həm də Serj Sarkisyan təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər: “Minsk Qrupunun həmsədrləri insidentlərin təhqiqatının aparılması mexanizmlərinin təsvir olunduğu məruzə hazırlayıblar. Bu sənəd bu gün prezidentlərə təqdim olundu. Liderlər bu istiqamətdə işi davam etdirməyi tapşırdılar”.


A.NURİYEV
URL / WWW
http://kelam.az/article/a-5822.html