Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hərbi cinayət
14.02.12 21:58

“XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar...”
Heydər Əliyev


Azərbaycan xalqı 200 il ərzində müxtəlif hegomon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Bu cinayətlərin sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin repressiyalarını aid etmək olar. Müxtəlif zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə daha geniş vüsət alıb. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub ki, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi də kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Konkret faktlara müraciət etsək, bu müddət ərzində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, 18 mindən çox həmvətənimiz həlak olub, 20 mindən çox insan yaralanıb, 50 mindən çoxu isə əlil olub. 4 mindən çox azərbaycanlı əsir və itkin düşüb. 1 milyondan artıq adam öz el-obasından, yurd-yuvasından didərgin salınıb. İqtisadi baxımdan isə, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 50 milyard manatdan artıq maddi ziyan dəyib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirməyə cəhd edən Ermənistan dövləti Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 saylı qətnamələrinə də əhəmiyyət verməyib. Hətta işğalçılıq siyasətini həyata keçirən zaman insanlara qarşı ən ağır işgəncə və vəhşiliklər tətbiq etməkdən belə çəkinməyib. Xatın, Liditsa, Oradur, Xirosima, Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasəti nəticəsində törədilib. “Böyük Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımız 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutublar.
Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi hava xətti ilə mümkün olub. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olması hadisəsindən sonra bu əlaqə də kəsilib. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşayıb. Bundan istifadə edən erməni silahlı dəstələri fevral ayının ikinci yarısından başlayaraq, şəhəri toplardan, ağır zirehli texnikalardan atəşə tutmağa başlayıblar. Yalnız milis və milli ordumuzun döyüşçülərindən, əli silah tuta bilən şəhər sakinlərindən təşkil olunmuş yerli özünümüdafiə dəstəsi son ana qədər düşmənə müqavimət göstəriblər.
Ermənilərin Xocalıya hücum etməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi olub. Çünki 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini daha aydın təsəvvür etmək olar. Sonralar ermənilər özləri də etiraf ediblər ki, şəhərə hücum zamanı başlıca məqsəd Xocalı platsdarmının məhv edilməsi, həmçinin bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi olub.
Xocalıya hücum fevralın 25-də, axşam saat 23:00-da 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə başlanıb. Əvvəlcə şəhər toplardan, tanklardan, “Alazan” tipli raketlərdən iki saat ərzində aramsız atəşə tutulub. Xocalıda yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Hücum üç istiqamətdə aparıldığından şəhərdəki 2500-ə yaxın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə müəyyən edilib ki, bu da ermənilərin növbəti düşünülmüş hiyləsidir. Çünki Naxçevanik kəndi yaxınlığında çaşqın, əliyalın, dinc əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək gülləbaran edilib. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi də məhz Əsgəran-Naxçivanik arasındakı ərazidə erməni qəsbkarları tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
Həmin günlərdə Azərbaycan hərbiçiləri Xocalı sakinlərinin köməyinə çata bilməyib və hətta sonradan cəsədlərin götürülməsi də mümkün olmayıb. Bu müddətdə isə ermənilərin ağ geyimli xüsusi qrupları meşələrdə gizlənmiş sağ qalan insanların axtarışını apararaq, onları əsir götürüb və çoxsaylı işgəncələrə məruz qoyublar. Yalnız fevralın 28-də, tərkibində yerli jurnalistlərin də iştirak etdiyi qrup iki vertolyotla Xocalı sakinlərinin qətlə yetirildikləri əraziyə gedə biliblər. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, həmin gün ermənilərin güclü atəşi altında yalnız 4 cəsədi götürmək mümkün olub.
Qeyd edək ki, qocalara, uşaqlara, qadınlara belə rəhm edilməyən bu qanlı faciənin törədilməsində ermənilərlə bərabər, 366-cı motoatıcı alayın şəxsi heyəti də yaxından iştirak edib. Həmçinin alayın komandanlığının cinayət sövdələşməsi və məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilib ki, bu da erməni qaniçənləri tərəfindən azərbaycanlılara qarşı növbəti cinayətlərin törədilməsinə, separatçılıq hərəkatlarının davam etdirilməsinə rəvac verib.
XX əsrin ən qanlı faciəsinin törədilməsində Azərbaycanın o dövrdəki rəhbərliyinin məsuliyyətsizliyi də önəmli rol oynayıb. Belə ki, ölkənin o zamankı rəhbərliyi respublikanın ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi Qarabağda, o cümlədən də Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görməyib. Ən acınacaqlı hal ondan ibarət olub ki, qanlı faciə baş verəndən sonra rəsmi orqanlar xalqın qəzəbindən qorxaraq erməni vandallarının törətdiyi qətliamı, vəhşiliyi gizlətməyə çalışıblar. Xocalı faciəsinin soyqırımı faktı kimi açıqlanmaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi isə sonradan daha ağır nəticələrə gətirib çıxarıb.
Həqiqətdə isə vəziyyət doğrudan da acınacaqlı idi; dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olmuşdu ki, onlardan da 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca və ahıl sakinlər idi. 487 nəfər yaralıdan isə 76 nəfərini uşaqlar təşkil edirdi. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdi. Əhalinin 1275 nəfəri ermənilər tərəfindən əsir götürülmüşdü. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi də xəbər tutmaq mümkün deyil.
Bütün bu faktları qeyd etməklə, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində törətdiyi qanlı hadisələr, xüsusən də Xocalı soyqırımı barədə oxucuda geniş təsəvvürün yaranmasına çalışdım. İndi isə istərdim ki, zaman-zaman xalqımıza qarşı yönəldilən təcavüzkar siyasətə beynəlxalq hüquq prizmasından baxaq. Hər şeydən öncə xatırladım ki, tarixi saxtalaşdıran ermənilər bu gün də Azərbaycana, eləcə də qonşu Gürcüstana və Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirməyə çalışırlar. Onlar işğal altında saxladıqları Azərbaycan torpaqları ilə yanaşı, ölkəmizin ayrılmaz hissəsi olan, qədim oğuz-türk yurdu Naxçıvanı, həmçinin Gürcüstanda ermənilərin kompakt yaşadıqları Cavaxetiya bölgəsini, azərbaycanlıların məskunlaşdığı Borçalı mahalının bir hissəsini, Türkiyənin Qars vilayətini də Ermənistanın tərkibinə qatmaq kimi fikirlər səsləndirirlər. Təbii ki, belə mövqe hər bir halda beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə tamamilə ziddir. Çünki sərhədlərin toxunulmazlığı prinsipinə görə, hər hansı bir dövlət başqa dövlətə qarşı istənilən ərazi iddiasından, onun sərhədlərinə qarşı qəsdlərdən imtina etməlidir. Ərazi bütövlüyü prinsipinə görə isə dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ona görə də hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətimizin də SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə qarşı yönəlmiş istənilən iddia və ya qəsd sözügedən prinsipin kobud şəkildə pozulması sayılır. Çünki Qarabağ müharibəsindən əvvəl mövcud sərhədlərimiz beynəlxalq hüquqa müvafiq olaraq müəyyən edilib. Yeri gəlmişkən onu da əlavə edək ki, beynəlxalq hüququn bir sıra prinsipləri BMT Nizamnaməsinin II maddəsində bu təşkilatın bütün üzvləri üçün məcburi normalar kimi göstərilib.
Ümumilikdə ermənilərin Azərbaycana qarşı törətdiyi hər bir qeyri-qanuni əməli sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayət kimi də qiymətləndirmək olar. Çünki daşnak millətçilərinin törətdiyi təcavüz, genosid və insanlıq əleyhinə olan digər cinayətlər dövlətimizin qanuni mənafelərini, vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kütləvi şəkildə pozub. Belə cinayətlər hüququ tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş əməllər sayılır. 1988-ci ildən Azərbaycana qarşı yönəldilmiş erməni təcavüzü ictimai təhlükəli əməl kimi, beynəlxalq hüquqi nöqteyi-nəzərindən daha ağır cinayətdir. Ermənilərin həmin illərdə təcavüzkar müharibəni planlaşdırması, hazırlaması, başlaması və aparması törədilən əməlin təcavüz cinayəti kimi xarakterizə olunmasına əsas verir. Adıçəkilən mərhələlər həmin cinayətin özündə də ehtiva olunub. Belə ki, təcavüzkar dövlət müharibəni başladıqdan sonra əhalinin deportasiya siyasətini həyata keçirərək, Qərbi Azərbaycan torpaqlarının əzəli sahibləri olan soydaşlarımızı yurd-yuvalarından didərgin salıb. Sonradan Dağlıq Qarabağı və onun ətraf ərazilərini işğal edərək, yerli əhalinin öz torpaqlarından məcburi köçürülməsinə şərait yaradıb. Bununla da onlar sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan cinayətlərdən biri hesab olunan insanlıq əleyhinə cinayəti törətmiş olublar.
Qeyd edilən ictimai təhlükəli əməlin anlayışı mötəbər hüquqi sənəd olan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində də öz əksini tapıb. Bu Nizamnamənin 6-cı maddəsində bildirilib ki, insanlıq əleyhinə cinayət hər hansı mülki əhaliyə qarşı sistematik və genişmiqyaslı hücumların tərkib hissəsi olaraq, qəsdən törədilmiş əməllərdən hər hansı biri deməkdir. Beynəlxalq hüquqda deportasiya və əhalinin məcburi köçürülməsi də belə cinayətlərdən hesab olunur. İstər deportasiya zamanı, istərsə də təcavüzkar müharibənin gedişində ermənilər işğal olunmuş torpaqlarımızda mülki əhalini öldürməklə, onlara əzab vermək kimi vəhşiliklər törətməklə, BMT Baş Assambleyasının 14 dekabr 1948-ci ildə qəbul etdiyi “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi”nə dair Bəyannamənin müddəalarını da pozublar.
XX əsrin sonlarında erməni quldur dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı dünya ictimaiyyətinin daha çox tənqid hədəfi ola biləcək əməllərdən biridir. 20 il bundan əvvəl törədilən cinayətin soyqırımı adlandırılması heç də təsadüfi və əsassız deyil. Həmin faciəvi hadisədən sonra əldə edilmiş ekspert rəyləri, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev tərəfindən çəkilmiş video görüntülər, müdafiə nazirliyi əməkdaşlarının çəkdiyi fotolar beynəlxalq hüquqi nöqteyi-nəzərindən belə nəticəyə gəlməyə əsas verib. Bununla yanaşı, soyqırım cinayətinin hüququ əsasını təşkil edən və 1961-ci ildə qüvvəyə minmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyada qeyd edilib ki, genosid cinayəti hər hansı bir milli, etnik, irqi, dini toplumu bir qrup kimi tamamilə yaxud da qismən məhv etmək niyyətilə törədilir. Xocalı soyqırımında da ermənilərin azərbaycanlı olduqlarına görə silahsız insanları vəhşicəsinə məhv etməsi, onların məqsədlərinin bu niyyətə xidmət etdiyini açıq-aşkar göstərib.
Bundan başqa Memorial Hüquq-Müdafiə Mərkəzi də təsdiq edib ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin BMT Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX və XVII maddələrinə ziddir. Bu maddələrdə göstərilib ki, hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bəyannamədə insan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlərin, özbaşına həbslərin, saxlanılmaların, qovulmaların qadağan olunduğu da öz əksini tapıb. Eyni zamanda bildirilib ki, hər bir insanın əmlaka malik olma hüququ var və insanın əmlakdan özbaşına məhrum edilməsi qəti qadağandır.
Onu da əlavə etmək yerinə düşər ki, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya, Nyürberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur), Yuqoslaviya və Ruandanın Beynəlxalq Cinayət Tribunal Nizamnamələri, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir.
Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Ermənistanın dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirdiyi təcavüzkar siyasətə, xüsusən də Xocalıda törətdiyi qanlı faciəyə vaxtı ilə heç bir hüquqi-siyasi qiymət verilməyib, qətliamın icraçıları heç bir məsuliyyətə cəlb olunmayıblar. Halbuki, təkcə Xocalı soyqırımı barədə 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi, mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni yazıçıları Zori Balayan və David Xeyriyanın kitablarındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün tutarlı faktlardır. Misal üçün, Qarabağ savaşının iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, sözdə yazıçı-şair Zori Balayan 1996-cı ildə "Vanadzor" nəşriyyatı tərəfindən nəşr etdirdiyi "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq (səh. 260-262)”.
Yaxud daha bir erməni müəllifi, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xeyriyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. Onun Livandakı “Şərq” mətbəəsində nəşr etdirdiyi "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından geniş söhbət açılır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik S.Ohanyan (Hazırda Ermənistanın müdafiə naziridir) mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim... Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000- ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda hiss etdim ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Ümumiyyətlə “Xocalının işğalına dair istintaq materiallarından” da aydın olub ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit, gizir və əsgər  iştirak edib.
Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunaraq, bu faciənin dünyaya tanıdılması istiqamətində tədbirlər həyata keçirilib. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib.
1996-cı il fevralın 24-də xocalılarla görüşən Prezident Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayıb: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.
Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.
Sonda onu da əlavə edək ki, təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin yürütdüyü soyqırımı siyasətinin təsirinə məruz qalıb. Xocalı soyqırımını törətməklə isə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, azərbaycanlıları torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdüblər. Lakin qanımız bahasına olsa da hiyləgər və amansız düşmən məqsədinə çata bilməyib. Xalqımızın vətənpərvər oğul və qızları, həmçinin Xocalının müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyiblər. Onlar qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstəriblər. Hazırda doğma yurdlarından didərgin düşmüş bütün azərbaycanlılar, eləcə də ölkəmizin 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, ümidi ilə yaşayırlar. Dünya bilməlidir ki, Ermənistanın təcavüzkar siyasəti, eləcə də Xocalıdakı hərbi cinayəti təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Hazırda Ermənistanda mühüm dövlət postları tutanlar, o cümlədən müdafiə naziri Seyran Ohanyan, eks-prezident Robert Köçəryan və hazırkı prezident Serj Sarkisyan, eləcə də digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bir sözlə, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə–Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.


Rufik İSMAYILOV
URL / WWW
http://kelam.az/article/a-5818.html