Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İnfrastrukturun modernləşdirilməsi
18.11.11 21:05

Ölkəmizdə yüksək texnolojitutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün  bir neçə perspektiv layihələr üzrə iş görülür. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region dövlətlərinə xidmətlər göstərməyə imkan verərək kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər. 

Prezident  İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq 2009-cu ilin avqustunda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək ilk telekommunikasiya peykimizin buraxılması 2012-ci ilin sonuna planlaşdırılır. Hazırda Yerüstü peyk idarəetmə mərkəzinin, eləcə də Naxçıvan MR ərazisində nativ peyk idarəetmə mərkəzinin yaradılması istiqamətində iş aparılır.
Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların keyfiyyətli və səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın  "Trans-Avrasiya Super İnformasiya Magistralının" (TASİM) yaradılması təşəbbüsü ilə çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə 21.12.2009-cu il tarixli 64186 nömrəli qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.
Dünya İqtisadi Forumunun "The Global İnformation Technology Report 2010-2011" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness İndex) dünyanın 138 ölkəsi arasında 70-ci yerdə olmuşdur. 2004-cü ildən etibarən İKT sektorunda beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətində yeni yanaşmalar və metodlar tətbiq edilmiş, RİTN və tabe qurumların ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələri qurulmuş, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri möhkəmləndirilmişdir. RİTN və dünya ölkələrinin aidiyyəti qurumları ilə 70-dən çox beynəlxalq səviyyəli sənəd imzalanmışdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabladığı "İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan 2009-cu ildəki 99-cu yerdən 2010-cu ildə 46 pillə irəliləyərək 53-cü yerə yüksəlmişdir. BTİ-nin hesabatında 2006-2010-ci illərdə İKT-nin inkişaf dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında olmuşdur.
BTİ-nin "Measuring the İnformation Society - 2011" adlı hesabatında  isə Azərbaycan "İKT inkişaf indeksi" üzrə əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 2010-cu ildə 152 ölkə arasında 74-cü yeri tutmuşdur.
Göründüyü kimi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız təbii ehtiyatlar məkanı kimi deyil, eyni zamanda, yüksək texnologiyalara və biliyə əsaslanan iqtisadiyyata keçid yolunda inamla irəliləyən bir ölkə kimi də dəyərləndirir. Bu məqsədlə xarici ölkə rəsmilərinin və investorlarının ölkəmizin İKT sektoruna marağı  artmaqdadır. Bu baxımdan, respublikamızda 15 ildən artıqdır ki, keçirilən "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı müstəsna rol oynayır. "Bakutel"in son illər Prezident İlham Əliyevin nəzarəti altında və şəxsi iştirakı ilə keçirilməsi tədbiri həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəyə çıxarmış, respublikamızın geosiyasi və iqtisadi maraqlarının qlobal miqyasda təmin olunması üçün platforma kimi formalaşdırmışdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təbii ehtiyatların yaratdığı imkanlardan istifadə edərək yüksək texnologiyalara əsaslanan cəmiyyətin qurulması təşkil edir. Ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsini heç də təsadüfi qiymətləndirməyən yerli və xarici ekspertlər sürətli inkişaf tempinə görə bu sahəni ölkə iqtisadiyyatının əsas lokomativi hesab edir və beləliklə, bu sektorun gəlirlərinin 2025-ci ildən başlayaraq ölkənin neft gəlirlərini üstələyəcəyi haqqında fikirlər bildirirlər. Uğurla həyata keçirilən yeni neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.
Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam gerçəkləşəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-5589.html