Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hər il ailə zorakılığı artır?
03.12.11 18:06

Bu gün ailədə zorakılıq görən qadınlar üçün dövlət sığınacaq yaratmayıb. Ölkənin bəzi QHT-ləri düşünür ki, sığınacaq bələdiyyələrdə olmalıdır. Türkiyədə “Ana evi” var. Orada qadın bələdiyyəyə müraciət edir, sığınacağa yerləşdirilir. Bələdiyyə artıq onun yoldaşı ilə danışır. “Ana evi”ndə həkim, psixoloq, hüquqşünas, polis var. Bu daha çox bizim mentalitetimizə uyğundur. 


Qadın ailədə özünə qarşı
təhlükəni sübut edirsə…


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova onlara edilən şikayətlər içərisində birinci yerdə ailə zorakılığının dayandığını deyir. “2006-cı ildən başlayaraq hər il ailə zorakılığı artır. 2010-cu ildə 872 nəfər bu fakt üzrə bizə müraciət edib. “Ailə zorakılığı haqqında” qanun qəbul olunub. Amma bununla bağlı çox adam məlumatlı deyil. Ailə zorakılığı dedikdə biz daha çox fiziki zorakılığı götürürük. Psixoloji, iqtisadi zorakılığı müdafiə etmək bir az çətindir. Baxmayaraq ki, “Ailə zorakılığı haqqında” qanun var, amma qadınlarda psixoloji zorakılığın müəyyənləşdirilməsi meyarı yoxdur”.
Mərkəz sədri “Mühafizə orderi haqqında” qanun qəbul edildiyini də xatırlatdı. Qanun zorakılığa məruz qalan qadınları müdafiə edəcək. “Amerika təcrübəsində zorakılığa məruz qalan qadın hər hansısa bir quruma müraciət edir, qurum bu məsələni məhkəməyə yönəldir. Qadın ailədə özünə qarşı təhlükəni sübut edirsə, məhkəmə həmin şəxsin ona 150 metr yaxın getməsini qadağan edir. Bu bir aydan üç aya qədər olan müddətdə ola bilər. Bir ay ərzində təhlükə davam etsə, müddəti üç aya qədər uzadırlar. Əgər zorakılıq yenə davam etsə, o qadına sığınacaq verilir. Bizdə bu qanun təzə qəbul olunub, necə işləyəcək, hələ bilinmir. Yadımızdan çıxarmayaq ki, polisdə, məhkəmədə kişilər oturur. Kişilər də buna qarşı çıxırlar. Bizim təklifimiz odur ki, polisdə, məhkəmələrdə qadınlar çox olsun. Bizim keçirdiyimiz hissləri qadın daha yaxşı anlayacaq, nəinki kişi. Şahidi olmuşam ki, mənim yanımda müstəntiq yoldaşı tərəfdən döyülən qadından soruşur ki, “Sən bilirsən ki, yoldaşına qarşı ərizə yazmısansa, böyük bir günah işlətmisən? Bilirsən ki, sən yaxşı qadın olsaydın, döyülməzdin?”

Qadın narkotik istifadəçiləri…


M.Əzizova ötən illərə nisbətdə bu il qadın narkotik istifadəçilərindən az şikayət daxil olduğunu vurğulayır. “Bizə qadın narkotik istifadəçilərini valideynləri gətirirdilər. İndi yəqin, uşaqların həyatı ilə maraqlanmırlar, ola bilsin, mübarizə aparmaqdan yorulublar. Bu müalicəni aparmaq çox böyük bir prosesdir. Təəssüf ki, bizə müraciət edənlərin içərisində artıq cəzaçəkmə müəssisələrində cəzasını çəkənlər də var. Narkotik satıcıları qadınlardan istifadə edirlər. Çünki narkotik qəbul etməyə görə qız hər şeyə razıdır. Burada həm fahişəlik, oğurluq, narkotik satmağa vadar etmə var. Narkotik istifadəçilərinin müalicəsi ilə bağlı iş gedirdi, amma onlar yenə də cinayətkar qrupun əlinə keçdilər. Cəzaçəkmə müəssisələrinin qadın koloniyalarının statistikası aparılmışdı, orada birinci yerdə narkotik daşınmasına görə həbs dururdu. Biz rastlaşmışdıq ki, qadınları həyat yoldaşları narkotik satmağa və ya daşımağa məcbur edirlər. Məhkəmə zamanı isə yoldaşı deyir ki, mənim adımı çəkmə. Sən qadınsan, sənin uşaqların var, cəzan yüngül olacaq. Qadın da bununla razılaşır”.
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun parlamentə təqdim etdiyi məlumatında bu ilin 9 ayında ölkədə insan alveri ilə bağlı 70 faktın qeydə alındığı, 4 cinayətkar qrupun isə zərərsizləşdirildiyi qeyd olunub. Hesabat dövründə “Qaynar xətt” ə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə bağlı 12 minə yaxın zəng daxil olduğu açıqlanıb.

Dövlət internatdan çıxan qızlara nə ev,
nə də iş verir


Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov uşaq evlərindən çıxan qızların daha çox insan alveri qurbanlarına çevrildiklərini deyir: “Onların həm əvvəlki, həm də gələcək taleyi düzgün qurulmayıb. İnternat məktəblərdə onlar zorakılıqdan başqa heç nə görmürlər. Həyata atılanda da zorakılıqla üzləşirlər. Onları işlə təmin eləmirlər, ev vermirlər.
Deyirlər ki, özləri öz yolların tapsınlar. Onların bir hissəsi qulluqçu kimi işlədilir, digərləri isə pis yola düşürlər. Bəziləri internatda qalırlar, baxmayaraq ki, yaşları keçib. Bəziləri isə öz həyatlarını özləri qurmaq istəyirlər. Müəyyən qismi xarici dövlətlərə gedib, fahişəliklə məşğul olurlar. Bizdən kömək istəyən olmayıb, çünki bilirlər ki, biz kömək edə bilməyəcəyik. İnternatdan çıxan qızları hökumət nə işlə, nə evlə təmin eləmir. Onlar neyləməlidirlər? Qızların sosial müdafiəsi yoxdur”.


Mövzu ilə bağlı Ailə, uşaq, qadın problemləri üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət etmişik. Sorğumuzda Komitənin qadın problemlərinin həll olunması, bu istiqamətdə dövlət siyasətinin necə həyata keçirilməsi ilə bağlı sulalar əks olunub.


Sevinc Vaqifqızı
URL / WWW
http://kelam.az/article/a-5578.html