Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycanda vətəndaş nikahı
28.12.11 18:06

Vətəndaş nikahlarından dünyaya gələn uşaqlar cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilər

Bu gün ailələrdə müşahidə olunan problemlər yalnız uşaq sayı ilə məhdudlaşmır. Ümumiyyətlə, hər bir millət qurulan ailə münasibətlərində öz milli-mənəvi dəyərlərini yaşatmağa çalışsa da, hazırda getdikcə bütün dünya üçün ümumi dəyərlərə çevrilən yeni münasibətlər- nikahsız birgə yaşamağa yönələn konkubinat və ya vətəndaş nikahları daha geniş şəkildə formalaşmaqdadır. Əslində yeni olmayan bu münasibət formasının kökü Qədim Romadan qaynaqlanır. Rəsmiləşdirilməmiş, amma könüllü birgə yaşayış üzərində qurulan münasibətlər hazırda əksər ölkələrin başağrısına çevrilməkdədir. Statistikaya görə, Rusiyada münasibətlərinin 10 faizi hüquqi cəhətdən təsdiqlənməyib və bu say artmaqda davam edir. Ukraynada isə hər 5-ci uşaq nikahdankənar münasibətlərin nəticəsində dünyaya gəlir. Ailə münasibətlərində xüsusi mühafizəkarlığı ilə seçilən Azərbaycanda da bu gün belə münasibətlərin qurulması halları az deyil. DSK sədri Arif Vəliyevin sözlərinə görə, Azərbaycanda vətəndaş nikahından təxminən 26-27 min uşaq doğulub: ”Onlar rəsmi qaydada BBAQ orqanlarında qeydiyyatdan keçməyiblər, amma bir yerdə yaşayırlar. Belə münasibətlərin artım səviyyəsi eyni olaraq qalır”.


Övladı atasız tərbiyə etmək qadının öz şüurlu seçimi olarsa...


Psixoloq H.Axundzadə nikahdankənar uşaqların dünyaya gəlməsi ilə bağlı psixoloji əhəmiyyət daşıyan məqamların fərqli olduğunu deyir: ”Övladı tək dünyaya gətirmək və atasız tərbiyə etmək qadının öz şüurlu seçimi olarsa, belə halda kənardan müdaxilə yersizdir. Əslində belə hallarda kənar müdaxilələr heç nəyi dəyişmir və həlledici rol oynamır. Bir də var ki, qadın özü də gözləmədən ən zəif məqamda, yəni hamilə olduğu vaxt tək qalsın, təsir altına düşərək, müxtəlif bəhanələrə inanaraq və ya öz səhlənkarlığı ucbatından nikahı rəsmiləşdirmədən nikahdankənar övlad dünyaya gətirsin. Belə olduqda, o, artıq əvvəlcədən özünü hadisələrin qurbanı hesab edəcək, bu isə uşağın bütün həyat ssenarisinə mənfi təsir göstərəcək. Məhz belə halda qadının ətrafdakıların dəstəyinə ehtiyacı daha çox olur”. Psixoloq son illərdə yalnız bizim deyil, bir çox dünya ölkələrində boşanmaların və natamam ailələrin sayının artmaqda olduğunu da deyir: ”Əksər hallarda natamam ailələr ana və onun tərbiyə etdiyi uşaqlardan ibarət olur. Bu hallara gətirib çıxaran bir sıra səbəblər var. Əksər hallarda ana ya boşanma, ya da həyat yoldaşının vaxtsız ölümü ilə əlaqədar övladını tək böyütməli olduqda artıq bütün həyatını məhz bu istiqamətə yönəldir. Bütün mənəvi və fiziki qüvvələrini buna sərf edir. Təbii ki, belə analar ən böyük hörməyə layiqdirlər, lakin psixoloqlar müəyyən ediblər ki, belə halda çox zaman ana ilə uşaq arasında həddindən ziyadə bağlılıq formalaşa bilər. Belə uşaqlar sonra müstəqil həyata qədəm qoyduqda çətinliklərlə üzləşirlər. Öz şəxsi həyatlarını qurmaqla bağlı çətinliklər çəkirlər. Xüsusilə ana daim uşağı qorumağa, onunla körpə kimi rəftar etməyə, ailə qarşısında yaranan bütün çətinlikləri yalnız özü çəkməyə meylli olduqda belə hallar təzahür edir”. Bəzən boşanma qadın üçün çox travmatik olduqda və o bununla bağlı yaşantıların əzabından yaxa qurtara bilməyəndə, özü də dərk etmədən oğlunda atasına oxşar xüsusiyyətlər tapmağa başlayır. Bu, onu qıcıqlandırdığı üçün  ana uşağı tənbeh etməyə meylli olur. Amma müşahidələr göstərir ki, məhz belə olduqda uşaq bir növ şüursuz olaraq istər –istəməz öz davranışında ataya daha da bənzəməyə başlayır. Əgər uşaq qız övladıdırsa, ana bir tərəfdən onun gələcəkdə xoşbəxt ailə həyatını arzulasa da, özü də dərk etmədən onda ümumiyyətlə kişilərə münasibətdə inamsızlıq, onlardan yalnız pislik gözləmək meyli və ya kişilərə qarşı istismarçı mövqe formalaşdıra bilərlər. Ona görə də psixoloqlar anaları ilk növbədə öz travmatik hisslərinin öhdəsindən gəlməyə yönəldirlər: ”Natamam ailələrdə böyüyən oğlanlarda kişi davranış modellərinin mənimsənilməsi ilə əlaqədar çətinliklər ola bilər. Belə uşaqlar davranışda ya ifrat zərif, ya da qeyri-adekvat kobud ola bilərlər. Lakin yadda saxlamaq lazımdır ki, bu göstəriciləri birmənalı olaraq cinsi oriyentasiya ilə əlaqələndirmək düzgün deyil. Natamam ailələrin olması və sayının artması bir faktdır. Lakin bunu faciə etmək lazım deyil. Əlbəttə, yaxşı olar ki, bütün uşaqlar atalı-analı böyüsünlər, amma həyatın reallığı başqadırsa, bundan çıxış edərək yaşamaq lazımdır. Bu yerdə natamam ailə başçısının uzaqgörənliyi və müdrikliyindən çox şey asılıdır”.


Vətəndaş nikahının ictimai fəsadları


Vətəndaş nikahının son illərdə Avropa ölkələrində çox sürətlə artdığını deyən Ə.Süleymanlı isə bunun ölkələrin ailə quruluşlarına ciddi təsir göstərdiyini deyir: ”Təəssüflər olsun ki, son illər bu prosesin Azərbaycanda da artdığının şahidi oluruq. Bu tendensiyanın artmasının ən böyük səbəblərindən biri kimi qərb həyat tərzinə meyllilikdən irəli gələn fərdlərin “azad yaşamaq istəkləri”, kütləvi informasiya vasitələrində yayımlanan proqramların və serialların təsirini ilk sırada qeyd etmək lazımdır. Vətəndaş nikahının ictimai baxımdan ən böyük fəsadı cəmiyyətin heç bir məsuliyyət hissi olmayan, sırf nəfsani istəkləri təmin üçün qurulan, övladsız cütlüklərdən ibarət hala gəlməsidir. Bu cür münasibətdən dünyaya gələn uşaqlar isə əksər hallarda sevgidən məhrum olduqları və düzgün tərbiyələnmədikləri üçün hər biri cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilirlər”. Sosioloqun fikrincə, bəziləri evlilik ilə bərabər yaşama arasındakı fərqi yalnız nikah dəftərinə atılan bir imza olaraq görürlər: ”Bu, doğru deyil. Nikahsız yaşamaq həm psixoloji, həm də fiziki problemlərə səbəb olur. Məsələn, ABŞ-da ailə mövzusunda aparılan tədqiqatlarda və statistik materiallarda vətəndaş nikahı ilə bir arada yaşayanların evli insanlarla müqayisəsi onların daha çox xəstəliklərə düçar olduqları və ömürlərinin daha qısa olduğunu üzə çıxarıb. Bunun səbəbini mütəxəssislər nikahsız yaşayanların hər hansı bir hüquqi sənəd olmaması ilə izah edirlər. Xüsusilə qadınların keçirdiyi tərk edilmə qorxusu müxtəlif xəstəliklərə zəmin hazırlayır. Rəsmi nikah isə etibarlı, uzun ömürlü həyat tərzi ilə yanaşı, fərdlərin və cəmiyyətin qəbul etdiyi münasibətlər formasında əsəb sisteminin daha düzgün fəaliyyətinə imkan verir. Bununla birgə fərdin sağlamlığı və hüzurlu yaşaması təmin olunur”.


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


Həqiqət İSABALAYEVA
URL / WWW
http://kelam.az/article/a-5577.html