Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Qarışıq nikahlar
21.12.11 18:06

Ötən ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən Azərbaycanda 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən nikahların sayı 6,7-dən 7,1-ə qədər, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artıb. Bu gün ölkədə ailə münasibətlərində baş verən dəyişikliklər yalnız bununla bitmir. Hazırda respublikada etnik qarışıq nikahların sayı da çoxalır.

Digər tərəfdən, belə ailələrdə boşanmaların sayı artır. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı da deyir ki, bu gün ailə-nikah sahəsində baş verən əsas dəyişikliklərdən biri məhz milliyətcə azərbaycanlıların qeyri-millətlərin nümayəndələri ilə bağladıqları nikahların sürətli artımıdır. Məsələn, Ədliyyə Nazirliyinin (ƏN) Respublika Vətəndaşlıq Vəziyyət Aktları Arxivinin məlumatına görə, 2005-ci ildə ölkədə qeydə alınan 71619 nikahdan 1134-ü belə nikahların payına düşür. 2006-cı ildə bu cür nikahların sayı 1476, 2007-ci ildə 1707, 2008-ci ildə isə 1855 olub. 2009-cu ildə isə Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-i əcnəbilərlə bağlanıb: ”Son 4 ili müqayisə etsək, əcnəbilərlə bağlanan nikahların artımı 745 fakt çox olub. 1989-cu ilə görə isə iki dəfə çox olub. Bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda hər 39 nikahdan 1-i əcnəbi ilə bağlanır”.

Əcnəbilərlə nikaha girən qızlar
oğlanlardan çoxdur


Bu illər ərzində əcnəbilərlə nikaha girən qızların sayı oğlanlardan çox olub. Belə ki, ƏN-nin VVAQ İdarəsinin 2001-2006-cı illərdəki göstəricilərinə əsasən, 500-dən çox qadın Türkiyəyə gəlin köçüb, Azərbaycanın cənub bölgəsindən olan 400 qadın isə iranlılarla ailə həyatı qurub. Avropaya üz tutanların da sayı az deyil. Azərbaycanlı qadınlarla rəsmi nikaha girən əcnəbilər arasında Almaniya (250), İsrail (160), ABŞ (130), Böyük Britaniya (100), Pakistan (50), Əfqanıstan (32), İsveç (30), Birləşmiş Ərəb Əmirlikləri (30), Hindistan (25) və Səudiyyə Ərəbistanından (15) olanlar da var. Ümumiyyətlə, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. Belə ailə quran qadınlar arasında isə jurnalistlər, incəsənətlə məşğul olan xanımlar çoxluq təşkil edir.
Sosioloq deyir ki, bu cür nikahlar əhalinin say tərkibində ciddi bir dəyişikliyə səbəb olmasa da, həmin ailələrin övladlarının milli özünüdərk xüsusiyyətlərinə və gənclərin dəyərlər təmayülünə təsirsiz qalmır. Ər və arvadın fərqli millətə mənsub olması ailənin bütün yaşam tərzinə, o cümlədən, ailədaxili tərbiyəyə də təsir göstərir: ”Məhz burada millətlərin bir-birinə qarşılıqlı təsirinin bütün rəftarlarını görmək mümkündür. Belə ki, müxtəlif etnomədəni cəhətlərin sintezi və onların uşaqlara ötürülməsi qarışıq ailələrin xüsusiyyətlərindən biridir”.

Qarışıq nikahlarda
etnik özünüdərk problemi


Sosioloq deyir ki, qarışıq nikahlarda etnik mənsubiyyət və etnik özünüdərk problemi ictimai elmlərdə az tədqiq olunmuş sahələrdəndir: ”Son 30 ildə, xüsusilə, qərb ölkələrində bu problem elm adamlarının diqqətini daha çox özünə cəlb etməyə başlayıb. Son dövrlərdə, xüsusilə, ABŞ və Qərbi Avropa ölkələrində mədəniyyətlərin dialoqu mövzusuna və qarışıq millətli nikah probleminə daha çox diqqət ayrılır. Bu problem əksər hallarda dinlərarası, irqlərarası, etnoslararası və mədəniyyətlərarası münasibətlər müstəvisində nəzərdən keçirilir. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə etnik nikahlar haqqında fərqli yanaşmalar mövcuddur. Bu nikahların ən aktual məsələləri xüsusi tədqiqat obyektinə çevrilib”.

Ətrafdakılar üçün xoşbəxt ailə görüntüsü


Ə.Süleymanlı deyir ki, qarışıq millətli ailələrdə ətrafdakılara xoşbəxt ailə kimi görünmək monoetnik ailələrə nisbətdə daha vacibdir: ”Milli qarışıq nikahla etnosun birliyini, bütövlüyünü qoruyub saxlamaq təşəbbüsündə olanlar mənsub olduğu etnosun daxilindəki böhranı digərlərindən daha çox hiss edən şəxslərdir. Bunlar bir çox hallarda qadınlardır”. Mütəxəssis etnik qarışıq nikaha hazırlığın fərdi xarakterli olduğunu da deyir. Bu halda fərd cəmiyyətin ona görə mənasız, məntiqsiz qanunlarına qarşı çıxır. Başqa sözlə, sıradan olmayan, insan hesab olunur: ”Əgər etnos ayrı-ayrı fərdlərinin bu cür hərəkətlərinə qarşı reaksiya göstərirsə, deməli, bu etnosun böhranı aşma qabiliyyəti mövcuddur. Əgər yoxdursa, deməli, etnos dağılmağa istiqamətlənib və onun daxilində destruktiv davranışlar, qarışıq nikahlar artmaqda davam edəcək. Ayrı-ayrılıqda iş qabiliyyətinə malik olmayan iki etnos birləşdikdə onlar yeni iş qabiliyyətli etnos ortaya qoyurlar. Bu etnosun da öz tarixi problemləri və dəyişmiş iqtisadi, sosial, təbii şəraitdə perspektivləri var. Qarışıq millətli nikahda böyüyüb başa çatan şəxs seçdiyi etnosu qüvvətləndirir. Amma ən az iki mədəniyyətin qarşılıqlı əlaqədə olduğu etnik qarışıq ailələrdə gənc nəslin öz etnik mənsubiyyətini müəyyənetmə problemləri də aktuallaşır”.

Millətlərarası münasibətlər
qarışıq ailə nümunəsində


Ə.Süleymanlının sözlərinə görə, etnik ailədə qarşılıqlı münasibətlərin bütün çətinliyini aydın formada görmək mümkündür: ”Təsadüfi deyil ki, millətlərarası münasibətlər formasını tədqiq edən alimlər əksər hallarda onları milli qarışıq ailə nümunəsində nəzərdən keçirməyi məqsədəuyğun hesab edirlər. Belə ki, bu cür ailələrdə etnik münasibətlər xüsusilə qabarıq şəkildə özünü büruzə verir”.
Respublikada bu münasibətlərin təşəkkülünə gəlincə, tarix boyu Azərbaycan cəmiyyətində qarışıq nikahlara və illərə münasibət birmənalı olmayıb. Tarixi mənbələrin təhlili göstərir ki, inqilabaqədərki dövrdə bu nikahlara ruhanilər və ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən, mənfi münasibət bəsləyiblər: ”Həyat yoldaşının seçilməsi milli və dini adət-ənənələrlə tənzimlənib. 1917-ci il inqilabından sonra Azərbaycanda etnik qarışıq nikahların sayı artmağa başladı. Buna hüquqi nikah qadağalarının ləğvi  ilə yanaşı, eyni zamanda milli qarışıq nikahlara ictimai baxışın dəyişməsi, kütləvi miqrasiyalar da səbəb olub. Xüsusilə, İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrdə milli qarışıq nikahların sayı sürətlə artmaya başladı. Kişilər arasında qeyri-millətlə ailə həyatı quranların sayı yüksək olduğu halda qadınların rus və digər millətlərin nümayəndələri ilə evlənmələrinə də rast gəlinir”. Amma 80-ci illərin axırlarına qədər bu hadisəyə çox az təsadüf olunur: ”Burada dini və milli amilin əhəmiyyətli olduğunu söyləmək olar. Belə ki, İslam dininin qanunlarına görə müsəlman qadının bir xristian yaxud başqa bir dindən olan şəxslə onun İslamı qəbul etmədiyi təqdirdə evlənməsi qadağandır. Başqa sözlə, həmin dövrdə, xüsusilə, həyat yoldaşı seçimində kişilərə nisbətən qadınların məsələyə milli təəssübkeşlik baxımından daha həssas olması müşahidə olunurdu. Burada valideynlərin rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, valideynlərin böyük əksəriyyəti, xüsusilə qız övladlarının, bu cür nikaha daxil olmalarına qarşı çıxır və bir çox hallarda bunu qətiyyətlə qadağan edirdilər”.

Arzuolunan ya arzuolunmayan evlilik?


Ümumiyyətlə, ekspertlər qeyri-millətlərlə nikahı iqtisadi problemlər və psixoloji amillərlə əlaqələndirirlər. Bu fikirlərə görə, azərbaycanlı qızların xaricilərlə nikah qurmasının başında təkcə maddi durum deyil, bir sıra başqa səbəblər durur: “Əcnəbi vətəndaşlarla nikaha girmədə sosial-psixoloji aspektlər də rol oynayır. Qadınlar daha çox xarici vətəndaşla nikaha girmələrini gələcəklərinin tam təminatı kimi görürlər. Düşünürlər ki, ailədə onların hüquqları üstün olacaq, azad olacaqlar. Uşaqlarının təhsili, gələcəyi təmin olunacaq. Və yaxud düşünürlər ki, intellekt baxımından burada onların səviyyəsinə uyğun oğlan yoxdur”. Başqa səbəblərə görə, qadınlar Azərbaycandakı şəraitdə öz potensialım tam reallaşdıra bilmir, təhsilini, işini davam etdirməsi üçün ailəsi ona icazə vermir, yaxud məcburi ərə verilir: ”Ona görə də xanımlar fikirləşirlər ki, əcnəbiyə ərə getsələr, həm iş və karyera sahəsində ailədən maneçilik görməyəcəklər, həm də maddi cəhətdən problemləri olmayacaq.
Bəzən azərbaycanlı qızların əcnəbi vətəndaşla baş tutan evlilik həyatı arzuolunan şəkildə davam etmir: ”Qarışıq nikahlardan formalaşan ailələrin bir qismi həyatlarım xoşbəxt şəkildə davam etdirsələr də, onların arasında arzuladıqları ailə həyatına qovuşa bilməyən, yad ölkənin adət-ənənəsinə uyğunlaşa bilməyib vətənə dönən və yaxud məcburən insan alverinin qurbanına çevrilənlər də var”. Bu növ ailələrin dağılmasında, əsasən, psixoloji amil, müəyyən ənənə, din, etnik mənsubiyyətdən irəli gələn xüsusiyyətlər rol oynaya bilər: ”Ekspertlər bu cür ailələrdə konfliktlərin ən çox uşaq dünyaya gələndən sonra yarandığını qeyd edirlər. Çünki ana istəyir ki, övladına öz xalqının mədəniyyətini öyrətsin, həyat yoldaşı isə özünün mənsub olduğu mədəniyyəti aşılamağa çalışır”.

Əlverişli mühit axtarışında


Azərbaycanlı kişilərin qeyri-millətlərin nümayəndələri ilə nikahlarına gəlincə, onları əcnəbi qadınlarla nikaha girməyə sövq edən əsas amil daha çox xarici ölkəyə getmək istəyidir: ”Mütəxəssislərə görə, burada daha çox iqtisadi-sosial problemlərin həllinə yönəlmiş amillər əsas rol oynayır”.
Etnik qarışıq nikahlara daxil olan insanlar arasında ali  təhsillilərin sayı da yüksəkdir ki, bu da bir neçə amillə izah edilir: ”İlk olaraq qeyd etmək lazımdır ki, insanın təhsil səviyyəsi yüksəldikcə onun dünyagörüşü də yeniləşir və insan öz imkanlarım reallaşdırmaq üçün sosial-siyasi və iqtisadi cəhətdən daha əlverişli mühit axtarışına çıxır. Belə mühitin əldə olunmasının təminatlı yollarından biri həmin mühitə məxsus şəxslərlə daha etibarlı əməkdaşlıq yaratmaqdır. Bu əməkdaşlığın formalarından biri kimi də son dövrlər qeyri-millətdən olan biri ilə ailə həyatı qurub başqa bir ölkəyə köç etmək və bununla da mühiti dəyişdirmək qəbul olunur”.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.
URL / WWW
http://kelam.az/article/a-5576.html