Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəd
14.11.11 18:06

“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) – qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasirliyin ən qlobal problemlərinə aid edir. BMT-nin bu istiqamətdə gördüyü işlər bunun əsas sübutudur. 1975-ci ildə Beynəlxalq qadın ilinin, bundan sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi BMT-ni qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsinə gətirib çıxartdı və 18 dekabr 1979-cu il tarixdə BMT-nin Baş Assambleyası Qadınlara qarşı ayrı-seşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı qəbul etdi.
Konvensiyanın məqsədi qadınların ayrı-seçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarətdir.  
Konvensiyaya hazırda 180 ölkə - BMT-yə üzv dövlətlərin 90%-dən çoxu qoşulmuşdur. İştirakçı dövlətlərin sayına görə bu BMT-nin ən çox üzvü olan Konvensiyasıdır. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir.
Konvensiya hər-hansı bir ölkədə qadınların vəziyyətinin tanınmış beynəlxalq normalara uyğun olmasının təhlili üçün etibarlı vasitədir. Konvensiya qadınların hüquqi statusunun elə səviyyəsini yaradır ki, o, insan hüquqları sahəsində müasir beynəlxalq tələblərə uyğun olsun.
İştirakçı dövlətlər Konvensiyanı milli səviyyədə həyata keçirməyi öhdələrinə götürməklə yanaşı, görülən tədbirlər haqqında və onların həyata keçirildiyi zaman qarşıya çıxan çətinliklər haqqında hesabatlar təqdim etməlidirlər. Həmin hesabatlar BMT-nin Baş Katibinə təqdim edilir. O, öz növbəsində hesabatları, baxılmaq üçün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsinə (CEDAW Komitəsi) ötürür.
Azərbaycan Respublikası 10 iyul 1995-ci il tarixdə Konvensiyaya qoşulmuş, bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq etmişdir. Konvensiyanın 18-ci maddəsinə əsasən qoşulduqdan 1 il sonra hər ölkə ilkin hesabatını təqdim etməlidir. Buna müvafiq olaraq, 1996-cı ildə Azərbaycanın Konvensiyanın həyata keçirilməsi üzrə ilkin hesabatı hazırlanmış və həmin hesabat 1998-ci ilin yanvar ayında BMT-nin CEDAW Komitəsinə təqdim edilmişdir. 2004-cü ildə isə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi Konvensiyanın Azərbaycanda icrası üzrə ikinci və üçüncü dövri hesabatı hazırlamış və BMT-nin CEDAW Komitəsinə təqdim etmişdir.
2000-ci ilin fevral ayında Qadınlara qarşı ayrı-seşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya Əlavə Protokol qüvvəyə mindi. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəyə şikayət etmək hüququ verir. Protokol tərəfdaş ölkələrin qadınların insan hüquqları və fundamental azadlıqlardan barabər yararlanmasının təmin edilməsi və bu hüquq və azadlıqların pozulmasının qarşısının alınması üçün effektiv tədbirlərin görülməsinə dair öhdəlikləri yenidən təsdiq edir.
BMT-nin Baş Assambleyasının 2000-ci ildə keçirilmiş “Qadınlar 2000-ci ildə: 21-ci əsr üçün gender bərabərliyi, inkişaf və sülh” adlı 23-cü xüsusi sessiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva Azərbaycan Hökumətinin adından Əlavə Protokolu imzaladı. Protokol 2001-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Ümumiyyətlə, 2005-ci ilin 15 sentyabr tarixinə olan məlumata əsasən həmin Protokolu 72 ölkə ratifikasiya etmişdir.   
Komitə Azərbaycan üzrə ilkin hesabatı ((CEDAW/C/AZE/1) özünün 1998-ci ilin müvafiq olaraq 20 və 23 yanvar tarixlərində keçirilmiş 361, 362 və 367 saylı iclaslarında nəzərdən keçirmişdir.
Azərbaycanın 1995-ci ildə qeyd-şərtsiz qoşulduğu qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair Konvensiyanın həyata keçirilməsini vacib bir məsələ hesab edir. 1995-ci il 4-15 sentyabr tarixində Pekində keçirilmiş Qadınların Vəziyyətinə dair Dördüncü Ümumdünya konfransı və bu tədbirdə qəbul edilmiş qərarların dövlət səviyyəsində gerçəkləşdirilməsi də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan üzrə ilkin hesabat ölkənin bu Konvensiyaya qoşulmasından bir il sonra, iqtisadi çətinliklərin yaşandığı, ölkə ərazisinin 20%-nin işğal altında olduğu və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyü bir dövrdə hazırlanmışdır. Bu amillər Konvensiyanın həyata keçirilməsinə mənfi təsir göstərmişdir.
Azərbaycan nümayəndəsi, ölkədə qadınların vəziyyətində baş vermiş dəyişikliklərə dair hərtərəfli retrospektiv təhlil təqdim etmiş  və tanınmış qadın ictimai xadimlərin bu prosesə verdiyi töhfəni xüsusi vurğulamışdı.
Komitəyə məlumat verilmişdi ki, ölkənin 1995-ci ildə qəbul edilmiş yeni konstitusiyasında kişi və qadınların hüquq bərabərliyi prinsipi vurğulanır. Burada qadınların insan hüquqlarına və onlara qarşı ayrı-seçkiliyin yolverilməzliyinə, hüquqi baxımdan tam zəmanət verilir. Lakin ağır sosial-iqtisadi durum əhalinin yaşayış səviyyəsinin kəskin aşağı düşməsi və işsizliyin artması ilə nəticələnmişdir ki, bu da öz növbəsində, yoxsulluğun həm kişilər, həm də qadınlar arasında geniş yayılmasına gətirib çıxarmışdır. Ana və uşaq ölümü göstəricisinin yüksək olması da ciddi narahatçılıq doğurur.
Azərbaycanda bir çox qadının təhsil səviyyəsi kifayət qədər yüksəkdir, 1996-cı ildən etibarən isə ali təhsil almağa can atan qadınların sayı kişiləri üstələmişdir. Lakin işsiz qadınlar kişilərdən daha çoxdur, eyni zamanda, bütün səviyyələrdə rəhbər vəzifələrdə qadınlar əvvəlki kimi azlıq təşkil edir. Parlamentdə millət vəkillərinin yalnız 12%-i qadındır, qərar qəbul edən rəhbərlik səviyyəsində isə onların payına cəmi 20% düşür. Əmək bazarında qadınlar, əsasən, səhiyyə, sosial təminat, təhsil və mədəniyyət sahələrində çalışırlar.
Qadın və uşaqların əksəriyyət təşkil etdiyi çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycan hökumətini xüsusi narahat edən bir məsələdir. Hazırda hökumət qaçqınları və məcburi köçkünləri ictimai həyata və iqtisadi fəaliyyətə cəlb etmək məqsədilə bir sıra geniş çeşidli tədbirlər həyata keçirir.
Komitə ilkin hesabatın Konvensiyanın ratifikasiyasından bir il sonra təqdim edilməsi faktını məmnunluq hissi ilə qeyd etmiş və Azərbaycanın nümayəndə heyətinin yüksək səviyyəli çıxışı zamanı verdiyi əlavə məlumatları alqışlamışdı.


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


Elvin Xəzər
URL / WWW
http://kelam.az/article/a-5575.html