Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Qadınlar arasında intiharın səbəbləri ailə zorakılığıdırmı?
07.12.11 18:06

Baykot, döyülmə, cinsi zorakılığa məruz qalma, romantik sevgi uşaq və yeniyetmələri intihara sürükləyə bilər

Son vaxtlar respubilikamızda intihar hallarının sayı artmaqdadır. İntihar faktlarının dəqiq statistikası aparılmasa da, mətbuat orqanlarında az qala hər gün bir neçə nəfərin intihar etməsi barədə məlumatlar oxuyuruq. Ötən il Siyəzən rayonunda nişanlı oğlan və qız intihar edib. Rayonun Kəndahar kənd sakinləri, 1984-cü il təvəllüdlü Asif Quliyev və 1988-ci il təvəllüdlü Vüsalə Əmiraslanova özlərini asaraq həyatlarına son qoyublar. Nişanlı gənclərin yaxın vaxtlarda toyu olmalı imiş. Bu faktlar da göstərir ki, müxtəlif səbəblərdən intihara əl atan insanlar arasında müxtəlif yaş qrupları, ayrı-ayrı təbəqələr, fərqli dünyagörüşə məxsus insanlar olur. Bu gün özünə qəsd edənlər arasında uşaqlara da, qadınlara da, yaşlılara da rast gəlmək mümkündür. Bir sözlə, hazırda Azərbaycanda intihar hadisələrinin sayı narahatlıq doğuracaq qədər ciddi xarakter alıb. İntihar hallarına şimal və cənub regionlarında daha çox rast gəlinir.

Bir çox cəmiyyətlərdə hətta intiharlar
qəhrəmanlıq kimi qələmə verilib


Son vaxtlar intihar hadisələrinin sayı dünyada da artan dinamika ilə inkişaf edir. İntihar - insanın özünü bilə-bilə öldürməsidir. Bəzi psixoloqlar intiharın səbəbi kimi əqli çatışmazlıq və psixoloji xəstəlikləri göstərsələr də, bu doğru deyil. Belə ki, intihar insanın şüurlu şəkildə özünə qəsd etməsinə deyilir. Özünə qəsd edən insanın əqli yerində olmasa, bunu intihar adlandırmaq olmaz. Ona görə də bədbəxt hadisələr vaxtı, əqli zəiflik nəticəsində özlərinə qəsd edənlər intihar etmiş sayılmırlar. İntihar faktlarına qədim dövrlərdə də dünyanın əksər ölkələrində rast gəlinib.  Bir çox cəmiyyətlərdə hətta intiharlar qəhrəmanlıq kimi qələmə verilib. Qədim skandinavlarda təbii ölüm utanc gətirici kimi qəbul edildiyindən qocalanlar daha şərəfli bir ölüm forması kimi intiharı seçi rvə üçün özlərini uçurumdan ataraq həyatlarına son qoyublar.  Bu gün də Sakit Okeanın bəzi cənub adalarında belə intihar şərəfli bir davranış kimi hələ də qəbul olunmaqdadır. Əsrlər bir-birini əvəz etdikcə intiharın səviyyəsi ümumilikdə nisbi olaraq artaraq hazırda əhəmiyyətli ictimai problemlərdən birinə çevrilib. Son məlumata görə, hər il dünyada 60 milyon insan intihara cəhd edir. Lakin bunlardan təxminən bir milyonu öz istəyinə çatır.  Orta hesabla hər 3 saniyədə 1 adam intihar etsə də, hər 40 saniyədə 1 insan intihar nəticəsində dünyasını dəyişir. Özünə qəsd hadisələrinin sayına görə isə postsovet ölkələri öndə gedir. Bu sırada birincilik isə Litvaya məxsusdur. Bu ölkədə intiharların sayı hər yüz min nəfərə  42 nəfərdir. Onluğu isə müvafiq olaraq 36 nəfərlə Rusiya, 30 nəfərlə Qazaxıstan, 28 nəfərlə Macarıstan, 26 nəfərlə Latviya və Sloveniya, 25 nəfərlə Ukrayna, 24 nəfərlə Yaponiya və 21 nəfərlə Estoniya qapayır.

İntihar edənlərin 90 faizi depressiya xəstəsidir


Dünya Psixiatriya Assosiasiyası hələ bir neçə il əvvəl  XXI  əsri “depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlarına görə, yaxın 10 il ərzində depressiya kordioloji xəstəliklərdən sonra ikinci yerdə dayanacaq. Hazırda ruhi xəstələri müalicə etmək üçün 5 ildən bir yeni dərman istehsal olunursa, əsəb xəstəlikləri üçün preparatların tərkibi iki ildən bir yenilənir. Lakin depressiyalara qarşı ildə 5 adda dərman hazırlanır. Bütün bunlar da hələ ki, problemin qarşısını almağa imkan verməyib. Dünyada intihar edənlərin 90 faizi depressiya xəstəsidir. Depressiya xəstələrinin 15 faizi intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.
Psixoloqlar intihara gətirib çıxarmanı bir neçə səbəblə əlaqələndirirlər. Məşhur psixoloq Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirib. Onun qənaətinə görə, özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. İntiharı cavab verilməməli emosiya adlandıran psixoloq insanı özünəqəsdə sövq edən amillər sırasında birinci növbədə emosiyaları görür.
Respublikanın baş psixiatrı Gəray Gəraybəylinin  qənaətinə görə, son addım kimi qiymətləndirilən intihara insanı sövq edən səbəblər içərisində əsas yerlərdən birini də ailə-məişət münaqişələri tutur: «İnsanın özünə qəsd etməsinin səbəbləri sırasında tibbi aspektlər də rol oynayır. Özünə qəsd edənlərin təxminən 25 faizi xəstəliyinə görə intihara əl atır. İntiharın səbəbləri sırasında insanların bir-birinə olan münasibəti də müəyyən rol oynayır».
Psixoloq Azad İsazadə intiharın səbəblərini insanların maddi və mənəvi durumlarında olan problemlərlə izah edir: «İnsanların rastlaşdıqları problemlər daha tez depresiyaya düşən insanların sayını artırır. Depresiyada olan insanlarda isə istər-istəməz intihar fikri yarana bilər. İnsan ümidsizliyə qapılaraq çıxılmaz vəziyyətə düşəndə müəyyən çıxış yolları axtarır. Qeyri-stabil psixoloji durumda olan insanlarda ən yaxşı çıxış yolunun məhz intihar olması barədə fikir yaranır. Bunu nə normal, nə də tam potoloji hal hesab etmək olar. Belə olan vəziyyətdə insan öz biliyinə, tərbiyəsinə, aldığı hansısa məlumata arxalanaraq intihara əl atır».

Özünə qəsdlə bağlı olan kadrların açıq yayımı da
intihara maraq yaradan amillərdəndir


Psixoloqların qənaətinə görə, intiharların artmasında kütləvi informasiya vasitələrinin də xüsusi yeri var. Belə ki, son vaxtlar bu tipli informasiyalar mətbuata daha çox ötürülür. Əvvəllər belə hesab edirdilər ki, intihar faktlarını gizlətmək daha effektlidir. Bu məsələdə həm dövlət qurumları, həm də intihar edən şəxsin yaxınları maraqlı idi. Son illər informasiya əldə etmək imkanlarının çoxalması isə intihar faktları barədə məlumatların mətbuatda yayılmasına səbəb olur. Bu da intihar hallarının artması görüntüsünü yaradır.
Bu məsələdə elektron Kütləvi İnformasiya Vasitələrinin üzərinə daha böyük məsuliyyət düşür. Televiziyalarda göstərilən filmlərdə qəddarlıq səhnələri xüsusilə uşaqların psixikasına təsir edir. Bu gün televiziyalarda filmlərin 70 faizi qəddarlıq və pis səhnələrdir. Normal münasibətləri aşılayan kinolar yox dərəcəsindədir. Özünə qəsdlə bağlı olan kadrların açıq yayımı da intihara maraq yaradan amillərdəndir. Bu məsələdə elektron kütləvi informasiya vasitələrinin üzərinə çox böyük məsuliyyət düşür. Amma elə bir o qədər məsuliyyət də valideynlərin üzərindədir. Ailə başçıları uşaqlarının televiziyada daha çox nəyə baxdıqlarının fərqində olmalıdırlar.
Psixoloqun sözlərinə görə, intihar təkcə böyük problemlərdən çıxış yolu kimi yox, bəzən özününümayiş xatirinə edilir: «İntihar fikrinə düşən şəxs bəzən dərmanı evdə başqa adam olarkən içir, ya damarlarını həmin vaxt kəsir. Çünki ona kömək edənin olacağını düşünür. Amma özününümayiş məqsədi daşıyan bu cür intiharların sonradan səbəblərini ayırmaq çətin olur. Sağ qalan şəxs nəinki təkcə psixoloji problemə məruz qalır, həm də fiziki qüsurlar alır. Hazırda bu meyl daha çox qadınlar arasında müşahidə olunur. Qadınlar arasında intiharın səbəbləri sırasında ailə zorakılığı da mühüm yer tutur. Yaşlı insanların intihar etməsinə isə çox vaxt sağalmaz xəstəliklərə mübtəla olmaları yol açır. Ruhi xəstələri intihardan çəkindirmək nə qədər çətindirsə, psixoloji çətinliyi olan insanları fikrindən döndərmək o qədər asandır».

Respublikamızda intiharın
artması səbəblərindən biri…


Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, respublikamızda intiharın artması səbəblərindən biri insanların ünsiyət imkanlarının olmamasıdır: “İntihar edənlərin 85-90 faizi sağlam insanlardır. Tənha adamlar, 40-dan yuxarı yaşı olanlar, sağalmayan xəstəliyə mübtəla olanlar, alkoqol düşkünləri, narkomanlar daha çox intihara əl atır. Azərbaycanda intihar faktları haqqında yayılan məlumatlara əsaslansaq, özünə qəsd edənlərin çoxunun qadınlar olduğunun şahidi olarıq. Qadınların daha çox itihar etməsinin səbəbləri isə onların zorakılığa məruz qalmasıdır. Digər səbəb isə insanların ünsiyyət imkanlarının az olmasıdır. Əvvəllər insanlar daha çox həyət evlərində yaşayırdı. Bir-biri ilə ünsiyyətdə olub problemlərini müzakirə edirdilər. İndi isə əksəriyyət hündürmərtəbəli binalarda yaşayır, əksəriyyət, hətta öz qonşularını tanımırlar. Depressiyada olan insanlar öz problemlərini bölüşməyə nəinki insan, hətta bir etimad telefonu da tapa bilmirlər. Hazırda da heç bir dövlət qurumunda belə telefon yoxdur. Azərbaycanda intiharların səbəblərinin biri ailələrin qapalı olması ilə bağlıdır. Ailədə zorakılığa məruz qalanların heç bir yerdən köməyi olmur”.
İntiharların artmasının əhalinin maddi vəziyyəti ilə bağlı olmasını D.Rzayev istisna edir. İnsanların maddi vəziyyətinin onların özünə qəsd etməsində müəyyən qədər rollu ola bilər. Amma intiharların artamısını maddi vəziyyətin ağırlığı ilə bağlamaq düzgün deyil. Hazırda İsveçrə dünyanın ən varlı ölkələrindən biridir. Amma İsveçrə intihar faktlarının sayına görə, ötən il dünyada birinci yeri tutub.

“Əksər hallarda uzunmüddətli kobud rəftar
və zorakılıq uşaqları intihara sürükləyir”


Araşdırmalar göstərir ki, əgər əvvəllər intihar hallarına böyüklər arasında daha çox rast gəlinirdisə, getdikcə intihara daha çox gənclər əl atır. Gənclərin intiharına isə bir neçə amil səbəb olur. Bu hadisə xüsusilə də keçid yaş dövri yaşayan yeniyetmələrə aiddir. Məhəbbətinə qarşılıqlı cavab almadıqda və yaxud ailədə ən xırda problemlərlə qarşılaşdıqda gənc özünə qəsd edə bilər. Qızlarda baş tutmayan qarşılıqsız sevgi çox vaxt intiharla sonuclanır. Oğlanlarda ailə, karyera qura bilməmək, perspektivin olmaması və digər amilləri özünəqsədə aparan yol kimi dəyərləndirir. Hətta hazırda uşaqların da bu addımı atmaqdan çəkinmir. Azyaşlılar arasında isə intihar hallarının artmasında kompüter oyunları və bəzi filmlərin də rolu olur. Yeniyetməlik yaşları intihar üçün ən riskli qrupdur.  Baykot, döyülmə, yetkinlik yaşında harmonal proseslərin törətdiyi dəyişikliklər, cinsi zorakılığa məruz qalma, romantik sevgi 13-16 yaş arasında olan uşaqları intihara sürükləyə bilər. Digər tərəfdən ailədə olan maddi imkansızlıq, yaşıdlarına nisbətən daha aşağı yaşayış tərzi də intihara səbəb ola bilir.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidovun sözlərinə görə, uşaq intiharları ilə bağlı müxtəlif səbəblər müəyyənləşdirilib: «Bunlardan ən başlıcası uşaqlara qarşı törədilən kobud rəftar və zorakılıq hallarıdır. Araşdırmalar göstərir ki, əksər hallarda uzunmüddətli kobud rəftar və zorakılıq uşaqları intihara sürükləyir. Televiziya və radio vasitəsilə müxtəlif zorakılıq faktları yer alan filmlərin nümayiş etdirilməsi də bu işə təsirsiz ötüşmür. Ailə daxilində olan hansısa böhran və psixoloji gərginlik də uşaqlara təsir edir və onların ölümə qəsd etməsinə aparıb çıxarır. İntihar hallarının səbəblərindən biri də yuxarı sinif şagirdləri arasında olan problemlərdir. Bu, daha çox sevgi hissləri ilə bağlıdır».
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə hesab edir ki, uşaqların intihar etməsi onlara qarşı törədilən zorakılıqdan irəli gəlir: «Uşaqlar isə zəif təbəqədir, onların mənliyi mənliyi çox zəif olur, hər şeyi qəbul etmirlər. İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamasından da irəli gələ bilər. Uşaqlara yanaşma incə, mülayim olmalıdır».

İntihar faktlarını araşdıran mərkəzin yaradılmasına ehtiyac var


Psixoloq Azad İsazadənin qənaətinə görə, respublikamızda intihar faktlarının səbəblərinin araşdırılmaması problem olaraq qalır: «Bu addımı atan şəxsin intiharı tam həyata keçirə biləcəyinə heç kəs zəmanət verə bilmir. Buna görə də belə halların statistikasını aparan, intihar hallarının səbəblərini araşdıran, bundan çıxış yollarını göstərən elmi mərkəzin yaradılmasına ehtiyac var. Mərkəzin tərkibində 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt olmalıdır. Hansısa ekstrimal vəziyyətdə intihar edən şəxslərə yardım göstərən mütəxəsislər bu mərkəzə cəlb edilməlidir. Belə bir mərkəzin dövlət qurumlarının tərkibində yaradılması daha məqbuldur».
Sabiq polis rəisi Mahmud Hacıyev isə hesab edir ki,  intihar faktlarının araşdırılmasında müəyyən problemlər var: «İntihar faktı baş verərkən hadisə yerinə ilkin olaraq polis gedir. Polis müəyyən sənədlər hazırlayır və onu prokurorluğa verir. Polisin apardığı ilkin sənədləşmədən sonra intihar faktları ilə əlaqədar bütün materiallar prokurorluq orqanlarına təqdim olunur. Amma əksər hallarda prokurorluq orqanları cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edir. Təhqiqatı aparan zaman ehtiyatlı olmaq lazımdır. Azərbaycanda deyirlər ki, azyaşlıdır, yəqin ki, psixikasında müəyyən pozğunluq olub. Azyaşlıdırsa, onun ailə dolandırmaq problemi yoxdur. Məsələn, qız uşağıdırsa, bəlkə intihara məcbur edən amil olub? Bu, incə və çox diqqətlə yanaşma tələb edən məsələdir. Çünki diqqətlə yanaşanda bir də görürsən ki, bu, özünü öldürmə dərəcəsinə çatdırmadır. Yəni həmin şəxsi özünü öldürmə dərəcəsinə çatdıran bir amil olub və həmin amildə kimsə günahkardır. O halda bu, intihar deyil, hər hansı bir insanı özünü öldürmə dərəcəsinə çatdırmaqdır. Deməli, Azərbaycanda bir şablonçuluq var və prokurorluq orqanları bu şablonçuluqdan kənara çıxmalıdırlar».
Əksər ekspertlər hesab edir ki,  Azərbaycanda intihar faktlarının səbəblərini araşdıran mərkəzin yaradılmasına ehtiyac var.  Eyni zamanda dəqiq bir forma hazırlanmalıdır ki, hansı halları intihar hesab etmək olar. Çünki intiharın, bir neçə formaları mövcuddur - özünə suiqəsd, özününümayiş. Ölkəmizdə intihar faktının metodologiyası da yoxdur. Bəzən özünə suiqəsd adı altında qəsdən adamöldürmə ilə bağlı cinayət gizlədilir. Yaxud da intihar faktını adi fizioloji ölüm kimi qiymətləndirirlər. Bu səbəbdən intiharın dəqiq metodologiyası hazırlanmalıdır. Əgər bu halların baş vermə səbəbləri araşdırılsa və müvafiq tədbirlər görülsə, intiharların sayı azala bilər.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


Ayxan
URL / WWW
http://kelam.az/article/a-5574.html