Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hamının vəzifəsi
30.11.11 18:06

Ölkədə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib. Qanunun məqsədlərindən biri  uşaqlara, qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılığa məruz qalmış insanlara psixoloji hüquqi yardımın göstərilməsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətdə hələ də zorakılıq hallarının mövcudluğunu istisna etməyib: «Əsas məqsədimiz odur ki, adət-ənənələrimizə zidd olan bu cür hallar aradan qaldırılsın. Tək ailədə yox, ümumiyyətlə, cəmiyyətdə yaranan problemlərlə bağlı hər bir şəxs öz sözünü deməlidir. Biz daha çox  adət-ənənələrimizə, ailə kökümüzə qayıtmalıyıq”. Heç şübhəsiz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemlərə daha yaxından cəlb etmək üçün müxtəlif səviyyələrdə – beynəlxalq konfranslarda, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində geniş fikir mübadiləsi, debatlar təşkil edilir. Amma bütün bu tədbirlər problemi kökündən həll etməyə, şüurlarda dəyişiklik yaratmağa və s. o qədər də bəs eləmir.
Ekspertlər bildirirlər ki, problemin həllində hüquq-mühafizə orqanlarının, icra strukturlarının fəaliyyətindən daha çox KİV öz mövqeyini ortaya qoymalı və cəmiyyətin maarifləndirilməsinə cəhd göstərməlidir.  Fikirlər də var ki, dövlət qurumları KİV-in prosesdə katalizator rolunu oynaması üçün onu zəruri nəzəri resurslarla və digər vasitələrlə təmin etməli, eləcə də jurnalistlər üçün maarifləndirici təlimlər həyata keçirməlidirlər.


Efirin rolu


Ailə münasibətlərinin formalaşmasında efirin rolunun danılmaz olduğunu fakt kimi dəyərləndirənlər hədsizdir. Bəzi psixoloqlar evlərin çağırılmamış qonağı olan televiziyalardan yayılan xəbərlərin insanları  zorakılığa sürükləməsini, cinayətlərə yol açmasını, mənfi hisslər aşılamasını iddia edirlər. Məsələn, kriminal xəbərlərdə danışılan ən dəhşətli hadisələr çox vaxt ailə münaqişələri zəminində baş verir. Tükürpədən hadisələrə az qala ən dəhşətli filmlərin epizodlarında belə rast gəlinmir.
Efirdən yayılan mənfi yüklü xəbərlərin ailələrdə və ya ayrı-ayrı fərdlərin düşüncəsində hər hansı problem yarada biləcəyinə əmin olmayanlar da istisna deyil. Məsələn, psixoloq Azad İsazadə mənfi yüklü  xəbərlərin sakit ailələrdə problem yarada biləcəyinə inanmır: “Hər kəs özünə necə xəbər lazımdırsa, onu da qəbul edir. Kimisi şou xəbərə, kimisi bürclər barədə məlumatlara, kimisi kriminal xəbərlərə meyllidir. Şou xəbərlərin də mənfi təsiri ola bilər”. A.İsazadə kriminal xəbərlərin ailədə uşaqlara mənfi təsirini də istisna etmir: “Valideynlərin rolu bu prosesdə xüsusi olmalıdır. Onlar uşaqların hər hansı proqramı seçmələrinə ciddi nəzarət etməlidirlər”. A.İsazadə hesab edir ki, ümumiyyətlə televiziyada yayılan bəzi verilişlər müəyyən saatlar üçün nəzərdə tutulmalıdır ki, azyaşlı uşaqların seyr etməyə imkanları olmasın.
Bir çox sivil ölkələrdə kriminal xəbərlərin KİV-də işıqlandırılmasına qoyulan qadağalara gəlincə, A.İsazadə hesab edir ki, belə bir addımın da problemlə heç bir bağlılığı yoxdur: “Bir çox ölkələrdə insanların sosial yaşayışı yüksək olsa da onlarda depressiya və sui-qəsd halları daha çoxdur. Cəmiyyətdə bizim nəzarət edə bilməyəcəyimiz proseslər həddən artıqdır”.
Bəzi ekspertlərin fikrincə, dünyanın aparıcı dövlətləri “İnformasiya psixoloji təhlükəsizlik haqqında» qanun qəbul edib. Bizim ölkəmizdə də belə qanunun qəbuluna ehtiyac olduğu vurğulanır.


Epidemiya


Eyni zamanda, müxtəlif ölkələrin seriallarının efirə yol tapmasının ailə münasibətlərində və yetişməkdə olan gəncliyin tərbiyəsində mənfi rol oynaması barədə yayılan fikirlərlə cəmiyyətdə razılaşanlar daha çoxdur. Latın Amerikası, Meksika, Braziliya və s. ölkələrin istehsalı olan seriallara əvvəllər sadəcə maraq var idisə, bu gün artıq bu kimi telenovellalar tamaşaçıların mənəvi tələbatına çevrilib. Sərbəst vaxta sahib olan serialların mənfi və müsbət cəhətləri çoxdandır ki, ictimaiyyətin müzakirə obyektinə çevrilib. Bəzi ölkələrdə serialların psixoloji təsiri forması o həddə çatıb ki, ictimaiyyəti sivil çaxnaşmalardan əziyyət çəkən insanların aqibəti yox, serial qəhrəmanlarının uydurulmuş taleyi maraqlandırır. Mətbuat serialları “beyinləri və mənəviyyatı zəhərləyən” epidemiya adlandırır. Ekspertlər həyəcanla bildirirlər ki, telekanallarda intellektual verilişlərin yerini zəbt edən serialların nümayişi gənc nəslə heç də “parlaq gələcək” vəd etmir. Bəzi seriallardakı atışma səhnələri, qara bazar (narkotik, qız alveri, qaçaqçılıq), bəsit ailə münaqişələri zəminindəki mənasız mübahisələr gənclərin və xüsusilə də uşaqların təhtəlşüuruna mənfi sirayət edir. Bu isə cizgi qəhrəmanlarını görmək arzusu ilə televizoru açıb, serialları izləməyə məcbur olan uşaqların vaxtından qabaq “dünya görüşünün” artmasına, oğlan uşaqlarının serial qəhrəmanlarının kriminal həyatı, geyim tərzi ilə maraqlanmasına səbəb olur. Bu baxımdan serialların nümayişi Azərbaycanda olduğu kimi əksər ölkələrdə də birmənalı qarşılanmır. Belə hesab edilir ki, istəkləri tükənməyən tamaşaçının hərtərəfli zövqünü təmin etmək üçün, ailədaxili münaqişılərə yol açmamaq, məişət zorakılığına yol verməmək və s. üçün  əlac yalnız serial siyasətinin vaxt ölçüsünü müəyyənləşdirməyə qalır.
Komitə sədri H. Hüseynova da milli mentalitetə uyğun olmayan serialların Ana dilinə dublyaj edilərək, Azərbaycanın televiziya kanallarında göstərilməsini narazılıqla qarşılayıb. Onun fikrincə, aşağı səviyyədə olan bu filmlərin efir vasitəsilə evlərə yol tapması ailə modelinə xələl gətirə bilər: "Həmin seriallar çox aşağı səviyyədədir. 5-10 ildən sonra bunun mənfi təsirini görəcəyik. Yaxşı olar ki, çoxlu pul verib əcnəbi serialları ölkəyə gətirən telekanallar, Azərbaycan mentalitetinə uyğun gələn, düşündürücü filmlər çəkərək tamaşaçılara nümayiş etdirsinlər".


Yalnız tövsiyələr


Ayrı-ayrı kanallarda yayımlanan gənclərin ailə qurmaları ilə bağlı bayağı proqramlar da ailələrdə mənfi  mühitin yaranmasına səbəb olur. Heç kəs təminat vermir ki, SMS-lə qurulan ailələr verilişə qatılan gənclərin gələcək talelərini birdəfəlik həll edir. Efirdən insanların həyatda sevib sevilmək istəklərinə, el dəbi ilə toy arzularına mənasız bir çalar qatılır. Canlı yayımda qurulacaq  ailənin təməlinin möhkəm ola biləcəyinə isə haqlı olaraq heç kəs inanmır.
Əslində, telekanallarda bayağı, səviyyəsiz verilişlərin yayımlanması barədə söz-söhbətlər təzə deyil. Elə MTRŞ sədri də bu mövzuda bir neçə dəfə xəbərdarlıq edib. Ötən il Milli Məclisin bir qrup xanım deputatının bir araya gələrək efirdə milli-mənəvi dəyərlərimizə zidd verilişlərin yayımının dayandırılması üçün televiziya kanallarının rəhbərlərinə və MTRŞ-a müraciəti də bu qəbildəndir. 60 deputat imzaladığı müraciətdə bayağı verilişlərdən narahatlıqlarını dilə gətirərək bu cür layihələrin Azərbaycan mentalitetinə və ümumilikdə islam mənəviyyatına zidd olduğunu bildirib. Təəssüf ki, ictimai qınaqlara və müraciətlərə baxmayaraq  telekanallar öz siyasətlərini əldən vermirlər. Dəfələrlə edilən tövsiyələrə, haqlı qınaqlara, yüksək səviyyədən tutmuş sadə adamlara qədər çoxsaylı gileylərə əhəmiyyət verməyərək kommersiya maraqlarına xidmətə üstünlük verirlər. 
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva da problemin cəmiyyətə düzgün çatdırılmasında medianın rolunu yüksək dəyərləndirib. MTRŞ üzvü telekanallarda yayımlanan materiallara toxunaraq bildirib ki, Teleradio Şurasına televiziyaların proqram siyasətinə qarışmağa səlahiyyət verilməyib. Sadəcə, Şura müəyyən qanun çərçivəsində tövsiyələr vermək hüququna malikdir: «Çox təəssüf ki, telekanallarda ailə məsələləri ilə bağlı proqramlara gənc estrada artistləri çıxır. İdeal Azərbaycan kişisi və ya qadının necə olduğunu bilmək üçün yaşlılardan soruşulmalıdır. Ailə dözümü, təmkini, çətinliklərə sinə gərmək, uşaqların qayğısına qalmaq, qohumlar arasında münasibət, ünsiyyət, bu ünsiyyətin cəmiyyətə çıxması və bütövlükdə Azərbaycan ailəsinin cəmiyyətdən çıxararaq beynəlxalq təşkilatlara təmsil olunması məhz bu proqramlar əsasında formalaşmalıdır. Təəssüf ki, ideal qadın və kişi obrazı bizə həyat təcrübəsi olmayan simalardan təqdim olunur”. “Efirə uzun illər bir yerdə yaşayan, birlikdə qocalan, milli adət-ənənəni qoruyub saxlayan insanları çıxarmaq, onların nümunəsini cəmiyyətə təqdim etmək lazımdır. Cəmiyyət də onların simasında yaxşıya üstünlük verməli, özünə örnək olanı seçməlidir”. S.Vəliyeva hesab edir ki, ailə məsələləri ilə bağlı veriliş aparan jurnalistlər televiziya rəhbərliyi tərəfindən düzgün seçilməlidir. Çünki efirdən səsləndirilən hər fikir ailələrə daxil olur.
Televiziya güclü təbliğat vasitəsidir. Təbii ki, təkcə auditoriyanın maariflənməsi, məlumatlandırılması, informasiya ilə təmin olunması, zövqlərinin formalaşması  üçün yox. Həm də ailədaxili mühitin, insanlar arasında  münasibətlərin, gənc nəslin təlim-tərbiyəsinin formalaşması, tənzimlənməsi üçün. Ailədaxili münaqişələrin, məişət zorakılığının aradan qaldırılması, kiçicik bir hadisənin böyüyüb rişə atmamasına kömək isə təkcə KİV-lərin deyil, həm də dövlət qurumlarının və bütövlükdə cəmiyyətin vəzifəsidir.


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


Təranə Məhərrəmova
URL / WWW
http://kelam.az/article/a-5573.html