Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Erkən nikah bəlası
16.11.11 18:06

Jurnalist xanımlar nə düşünür...

Bu gün Azərbaycan qadınlar arasında geniş yayılan erkən nikah kimi bəladan əziyyət çəkir.  2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirilib. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha giriblər.Son statistika göstərir ki, erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə buna qarşı tədbir kimi qızlarda nikah yaşının 17-dən 18-ə qaldırılmasını təklif edir.
İndi Azərbaycan ictimaiyyəti buna nə cür “dur deməyi” müzakirə edir. Biz də mediada mövzunun aktuallığını nəzərə alıb bəzi jurnalist xanımlarımızın fikirlərini öyrənməyə çalışdıq.

Bunun qabağını almaq
o qədər də çətin olmaz


“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay  deyir ki, erkən nikaha qarşı mövcud qanunlar işləsə, bunun qabağını almaq o qədər də çətin olmaz: “Çünki vaxtilə bu təcrübəni biz Sovet İttifaqı dövründə görmüşük. O vaxt erkən nikaha yol verənlər ciddi cəzalandırılırdılar. O vaxt bu hadisə zamanı tək nikaha girənlər yox, hətta buna şərait yaradanlar və yol verənlər də ciddi cəzasız qalmırdılar. Ona görə də sovet dövründə bu problem yox dərəcəsində idi. O vaxt yadımdadır ki, dövlətin nikah kağızı olmasaydı, heç bir molla kəbin kəsmirdi. O vaxt da xalq arasında dinə bağlılıq güclü idi. Amma indi hansı molla kəbin kəsəndə nikahın olub-olmamasını soruşur?” - deyə İ.Tuncay vurğulayıb. O, bu məsələni kifayət qədər qorxulu tendensiya adlandırır. Baş redaktor deyir ki, bu gün qız uşağının vaxtından əvvəl ərə verilməsi və sonra da ortalıqda qalması dəb halını alıb ki, bu da bir xalq üçün mənəvi məhvə doğru getmək deməkdir: “Hesab edirəm ilk növbədə gənclər yox, elə valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır”. İ.Tuncay deyir ki, əgər bəzi insanlar buna dini motivdən yanaşırlarsa anlamalıdırlar ki, Məhəmməd Peyğəmbər (s) özü də qızlara xüsusi qiymət verib: “Amma indi bəzi mollaların kəsdikləri kəbinin ucbatından qızlarımız ortalıqda qalır. Ona görə də bu gün valideynlər, cəmiyyətin ahıl təbəqəsi bu işə ciddi yanaşmalıdır. Artıq başa düşməliyik ki, getdikcə bu formada ortalıqda qalan qız uşaqlarının sayı artdıqca hamı üçün təhlükə mənbəyi ola biləcək bir təbəqə yaranacaq. Biz indi belə hallara barmaqarası yanaşırıq. Amma əslində, belə deyil. Çünki yaşadığımız mühitdə bu qızların sayı artdıqca bu, bilavasitə hər birimizə qayıdacaq. Ən azı öz ailəmizdə böyüyən oğlan uşaqları istənilən halda gedib o qızlara ilişə biləcəklər. Misal üçün əgər mənim qızım yoxdursa, iki oğlum varsa və mən o küçəyə düşən qızlara göz yumuramsa, kim zəmanət verəcək ki, sabah mənim oğlanlarım onların bəlasına rast gəlməyəcək? Ona görə də hamı anlamalıdır ki, əgər yaşadıqları cəmiyyətdə nəsə kütləviləşirsə, mütləq onun fəsadları bütün ailələrə qayıda bilər” - deyə baş redaktor vurğulayıb.
İ.Tuncay qeyd edir ki, bu məsələdə vəziyyət elə bir nöqtəyə gəlib çatıb ki, hamılıqla mübarizəyə qalxmaq vaxtıdır. “Biz artıq bu məsələyə ölüm hadisəsi kimi yanaşmalıyıq. Cəzalar sərtləşdirildikdən sonra nikah yaşının qaldırılması və s. nəyəsə yaraya bilər” - deyə o, əlavə edib.

Qadınların erkən nikaha girməsi
düşüncə və təhsil problemidir


APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı düşünür ki, bu gün Azərbaycanda qadınların erkən nikaha girməsi hər şeydən əvvəl düşüncə və təhsil problemidir. O, çox təəssüf edir ki, ölkə ictimaiyyətində bu problem aktuallaşmağa doğru gedir: “Mən bir neçə tədbir və konfransda da bununla bağlı həyəcan təbili çalmışam. Bunun üçün ilk növbədə valideynlərin maariflənməsinə ehtiyac var. Erkən nikah bir qadının təhsildə irəliləyişdən geri qalması, karyerasının olmaması, sağlamlığını cavan yaşında itirməsi, dünyaya gətirəcəyi uşağın həyatının təhlükədə olması deməkdir. Bu, nəinki fərd olaraq bir nəfərə, bütünlükdə cəmiyyətin gələcək inkişafına mənfi təsir eləyən ağrılı amildir. Çünki təhsilini yarımçıq buraxıb, məcburi təhsil pilləsini belə keçmədən erkən nikaha daxil olan qızlar ailə başçısı kimi öz funksiyalarını yerinə yetirməyə hazır olmurlar. Müasir dövrdə təhsili olmayan qadının övladının təhsili ilə məşğul olması, onu cəmiyyət üçün normal vətəndaş kimi hazırlanması problem yaradır. Erkən nikaha daxil olan qadının karyerasının olmayacağı da bəllidir. Ən çox ailədaxili zorakılığa məruz qalan da məhz belə qadınlardır, çünki onlar ayaqları üstündə dura bilmirlər, həmişə ərlərindən asılı vəziyyətdə olurlar”. V.Mahirqızı deyir ki, indi bizim qanunlarımız erkən nikaha qarşıdır, yetkinlik yaşına çatmayan şəxslə evlilik cinayət məsuliyyəti belə nəzərdə tutur. “Amma bizim çəkinmədən deməli olduğumuz bir məqam da var. Bu da din faktorunun bu məsələdə alət kimi istifadə olunmasıdır. Çox təəssüf ki, bu gün erkən nikahlara məhz kəbinlə daxil olurlar, xüsusilə rayonlardakı dindarlar yetkinlik yaşına çatmayan qızların kəbinini kəsir. Yaxşı olar ki, erkən nikahın törətdiyi fəsadlar və məsuliyyətlər barədə hörmətli din xadimləri arasında da müəyyən iş aparılsın” - deyə o vurğulayıb. V.Mahirqızı hesab edir ki, nikah yaşının qaldırılması bu problemin həllinə müəyyən qədər yardım edə bilər: “Lakin ümumilikdə bu problemin aradan qalxması üçün cəmiyyətdə ailə modelinə münasibətlə bağlı düşüncənin dəyişdirilməsinə, təhsil, din və digər sahələrdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmasına ehtiyac var”.

Erkən nikah insanın qeyri-qanuni istismarı kimi bir haldır


“AzərTac” Agentliyinin redaktoru Laçın Sultanova isə bunun üçün bütün ictimaiyyətin yekdil olaraq erkən nikaha qarşı olmasının vacibliyini deyir. Onun sözlərinə görə, bu, qanunların sərtləşdirilməsi ilə paralel aparılmalıdır. “Erkən nikah insanın qeyri-qanuni istismarı kimi bir haldır. Əgər Cinayət Məcəlləsindən tutmuş müvafiq qanunlara kimi bütün qanunvericilik bu sahədə sərtləşdirilərsə, problemin artım şkalası xeyli aşağı düşər” - deyə L.Sultanova vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkliflərinə münasibət  bildirən jurnalist xanım yaş senzinin qaldırılmasının da müəyyən təsiri ola biləcəyini deyir. “Çünki sadə insanlar qanuna tabe olan təbəqədir. Erkən nikahlar da adətən həmin insanlar arasında olur. Hesab edirəm yaş senzi artırılsa belə, yenə bu sahədə daimi olaraq qanunlara ciddi nəzarət olunmalıdır” - deyə o, əlavə edib.

Erkən nikah problemi
Azərbaycanda hələ də qalmaqdadır


“Yurd” TV-nin əməkdaşı Sevinc Məmmədova da təəssüflənir ki, erkən nikah problemi Azərbaycanda hələ də qalmaqdadır. O, yaş həddinin qaldırılması ilə bağlı fərqli düşünür: “Yaş həddinin artırılması əgər 18 olaraq nəzərdə tutularsa, bu, kəbin məsələsini qabardacaq. Kəbin ilə də ailə qurmanın fəsadları daha böyükdür. Bu da sonradan sənədləşmə məsələsində ciddi maneələr yaradır” - deyə S.Məmmədova vurğulayıb. O, təklif edir ki, nikah yaş həddinin qaldırılması ilə yanaşı, nikah öncəsi tibbi arayışın alınması, nikah müqaviləsi və s. mütləq lazımdır. “Belə təcrübə inkişaf etmiş ölkələrdə var. Sağlam cəmiyyətin yaradılması üçün bütün bunlar məcburi qaydada olmalıdır. Çünki nikah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar” - deyə S.Məmmədova əlavə edib.

Erkən nikaha girmək məcburiyyəti...


“525”-ci qəzetin əməkdaşı Ülkər Nəbiyeva hesab edir ki, bu gün erkən nikaha girmək məcburiyyəti Azərbaycan qadınları üçün birinci problemdir: “Erkən nikahların yaranmasına mövhumatın təsiri yüksəkdir. Valideynlər qız uşaqlarının məsuliyyətini tezliklə çiyinlərindən ər evi üstünə atmağa çalışırlar. Guya ki, yetkin qız bir az özü ilə baş-başa qalsa, nəsə xəta çıxara bilər. Erkən nikah qızların ali təhsil almasında da mənfi rol oynayır. Lakin kiminsə ali təhsil almaq üçün biliyi və həvəsi yoxdursa, bu, qətiyyən  ərə getməyə rəvac verə bilməz. Ailə Məcəlləsinə qızların nikah yaşı ilə bağlı təklif edilən dəyişikliklər qəbul edilsə belə, vəziyyətin düzələcəyi haqda nəsə demək olmaz. Qanunvericilikdə yaş həddini artırmaqla erkən nikahın qarşısını almaq qeyri-mümkündür. Bunun üçün azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər aradan qaldırılmalıdır. Bu problemlər ilk növbədə sosial sfera ilə bağlıdır. Burada valideynlərin məsuliyyəti də çox böyükdür. Fikrimcə, problemin kökü psixoloji amillərlə daha çox bağlıdır. Bunun üçün valideynlərə erkən nikahın fəsadları barədə sosial və psixoloji təlimlərin keçirilməsi faydalı olardı”.

Nikah yaşından aşağı olanlar
kəbin vasitəsilə yaşayırlar


“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva fikirləşir ki, hökumətin yaş həddini qaldırma təklifi bu problemin həllinə heç bir müsbət təsir etməyəcək, əksinə, qeyri-rəsmi nikahların sayını artıracaq: “Onsuz da hazırda yaşı nikah yaşından aşağı olanlar kəbin vasitəsilə yaşayırlar. Yaş həddi artsa, o zaman bu hallar daha çoxluq təşkil edəcək” - deyə o vurğulayıb. N.Ağaverdiyeva hesab edir ki, bu məsələni, ümumiyyətlə, qanunla tənzimləmək mümkün deyil. “Çünki elə qanunlar var ki, onun işlək olması insanlardan asılıdır. Erkən nikahların qarşısını almaq üçün mənə elə gəlir ki, başqa bir mexanizm tapmaq lazımdır. Düşünürəm ki, qanuni nikah olmadan kəbin kəsilməməlidir. Kəbin kəsənlər qanuni sənəd tələb etməlidirlər. Bunun digər yolu şadlıq saraylarından keçir. Ola bilər ki şadlıq sarayları toyu olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədi tələb etsinlər. Əgər onların yaşı nikaha çatmırsa, onların toyunun edilməsinə imkan verməsinlər. Bununla bağlı qanun layihəsi və ya hər hansı bir qərar qəbul edilə bilər” - deyə o, əlavə edib.


Mübariz Aslanov
URL / WWW
http://kelam.az/article/a-5571.html