Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » DİN: məşğuliyyət, yoxsa inanc mənbəyi...
05.01.12 20:11

I.

Bu gün dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqəmlarla bağlı ictimai fikirdə ciddi və haqlı narahatlıq var. Bu narahatlıqlar ibadətlə məşğul olmaq istəyən insanların xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edilsə də, digər əsas səbəb kimi hicab məsələsi də göstərilir. Hətta bəziləri bir az da irəli gedərək hicab məsələsini elə məhz xaricdən ixrac olunan “problem” kimi təqdim edərək yuxarıda qeyd etdiyimiz hər iki səbəbi birləşdirməyə çalışır.  Amma gəlin qəbul edək ki, bu gün dinə gələn insanların heç də hamısı yad təriqətlərin “xeyir-duası”nı almır. Onların böyük əksəriyyətinin hidayət olunmalarının başlıca səbəbi qəlblərinin səsini dinləmələridir. İlk əvvəl biz onu aydınlaşdırmalıyıq ki, din – Azərbaycan insanı üçün hansı mənanı ehtiva edir: din məşğuliyyətdir, yoxsa inanc mənbəyi, əqidə simvolu... Əlbəttə, bu sual son illər Azərbaycanda ibadətlə məşğul olan insanların sayının sürətlə artmasından sonra beyinləri daha çox düşündürməyə başlayıb. Söhbət konkret olaraq dini-mənəvi-psixioloji problemlərdən gedir. O problemlər ki, onu bizə özümüz vasitəsi ilə yaşadırlar. Yəni istər bilərəkdən, istərsə də bilməyərəkdən problemin içinə sürüklənirik. Onu da qəbul edirik ki, gənclərin bir çoxu İslamdakı bəzi təriqətlərin təsiri altındadır. Ən çox da vəhhabilik, nurçuluq...
Və təbii ki, vaxtsız qapımızı döyüb mətbəximizə qədər ayaq açan missionerlik. Bu gün artıq İslamın bəzi radikal təriqətləri fonunda missionerlik arxa plana keçib. Onların fəaliyyəti müstəqilliyimizin ilk illərindən fərqli olaraq indi açıq-aşkar hiss olunmur. Bəlkə də bu bir taktikadır, amma reallıqdır. Bəlkə də bilərəkdən Qərb imperialistləri İslam təriqətlərini açığa verərək milli missionerliyi inkişaf etdirir, özləri isə gizli fəaliyyət göstərirlər. Məqsəd birdir: İslamı parçalamaq. Hər halda bunu heç də hamı görə bilmir. Elə qorxulusu da budur. Sənin parçalanmağın və zəifliyin fonunda özü güclənir...
Radikal təriqətlər gənclərin bir çoxunda aqressiya və mənəm-mənəmlik iddiası formalaşdırır. Bu gənclərin heç də hamısını həqiqət yolçuları hesab etmək absurddur. Onların dinə gəlişində xoş niyyət olsa da, necə və hansı yolla gəlmələrində xoş olmayan məqamlar var. Dini maarifləndirmə yüksək səviyyədə olmadığı üçün onların dinə gəlişi çox vaxt neqativ formada baş verir. Onlar məscidlərdə radikal İslam təriqətlərinin moizələrinin təsiri altına düşürlər...
Hazırda Azərbaycanda təriqətçilik, cərəyançılıq meyllərinin gücləndirilməsi məzhəb problemini unutdurub. Kiminin şiə, kiminin isə sünni olması daha az adamı maraqlandırır. Təbii ki, bu xoş məqam gələcəkdə məzhəblərin daha da yaxınlaşmasına stimul verə bilər. 
Azərbaycan xalqı uzun müddət müxtəlif imperiyaların təsiri altında olub. Bu illərdə xalqımız dinindən uzaqlaşdırılmağa məcbur edilib. Amma yenilməyib. Peyğəmbərin (s), Əhli-Beytin hörmətini aşkarda olmasa da qəlbinin bir köşəsində sevə-sevə bir nəsildən digərinə ötürüb. Beləliklə, bu günə kimi qoruyub saxlayıb. Dövrün bütün çətinliklərinə sinə gərən şiələrin İslamın Azərbaycanda inkişafında misilsiz xidmətləri olub. Bu danılmaz bir həqiqətdir. Babalarımız müqəddəs Quranı imperiya cəlladlarının caynağından xilas etmək üçün nələr etməyib? Amma bu gün onlar bəzi qondarma məzhəblərin qınaq obyektinə çevriliblər. Maraqlıdır, məzhəblərinin qədim tarixə malik olduğunu iddia edən bu “qardaşlar” dünən hardaydılar? Niyə birdən-birə ölkəni bürüməyə başladılar. Bir qismi şəhərdə “sivil” yollarla, digər bir qismi isə dağlarda, meşələrdə “qardaşlaşdılar.” Sizcə bu qəribə deyilmi? Həm də Azərbaycana ixrac olunduqları ölkənin – Rusiyanın bizimlə həmsərhəd olan meşələrində... Bilərəkdən və yaxud da bilməyərəkdən İslam birliyinə zərbə vurmağa çalışan digər dinlərin qullarına çevrildilər.

II


...Azərbaycanın müstəqillik əldə etməsinin ilk beş ilinə nəzər salaq. Ölkədə qarışıqlıq, ictimai-siyasi vəziyyət gərgin idi. Paytaxtda hakimiyyət savaşı, Ermənistanla sərhəddə müharibə, Rusiya ilə sərhəddə Kremlin Ləzgistan xəyalları fonunda etnik qarşıdurma, İranla sərhəddə talış separatizmi xristianları, yəhudiləri və onların daxilindəki məzhəbləri hərəkətə gətirdi.
Azərbaycan İran və Türkiyə kimi müsəlman dövlətləri ilə həmsərhəd olduğu üçün İslamın parçalanması və zəiflənməsi üçün ən gözəl “poliqon” bura ola bilərdi. Çünki bir zamanlar Anadolunun bu başından o başına yayılan missioner təşkilatların dəstəyi ilə açılan yüzlərlə kollecdə ermənilər, provaslav yunanlar və süryanilər kimi qruplar təşkilatlanmağa çalışmışdır. Bu çalışmalar xüsusilə erməni, yunan və bolqar milliyyətçiliyinin təşəkkülündə təsiri olmuşdur. XX əsrin əvvəllərində təkcə Amerika missioner təşkilatlarına daxil olan və Anadoluda fəaliyyət göstərən təhsil qurumlarının sayı 400-ü keçmişdir. 1914-cü ildə təkcə imperatorluğun (Osmanlı)  şimalındakı bölgələrdə mövcud olan missioner məktəblər(in)də təxminən 25 min şagirdin təhsil aldığı məlumdur. Təbii ki, kilsənin bu strategiyasının həyata keçirilməsi təkcə Osmanlı sərhədlərində yekunlaşmırdı. Səyyah adı altında Azərbaycanı vəsf edən Avropalıların gündəliklərində təkcə bu bölgənin maddi-mədəniyyət abidələri deyil, həm də dini-mənəvi dəyərləri geniş “tərənnüm” olunurdu.   
Bu arada Keniyanın ilk baş naziri olmuş Como Kenyattanın maraqlı, həm də çox maraqlı fikrini qeyd etməyi zəruri bilirəm. 1889-1978-ci illərdə yaşamış Kenyatta deyirdi: “Xristianlıq Afrikaya gəldiyi zaman afrikalıların torpağı, xristianlarısa İncilləri var idi. Xristianlar bizə gözlərimizi bağlayaraq, dua və ibadət etməyi öyrətdilər. Gözlərimizi açdıqda onlar bizim torpaqlarımızı, biz də onların İncillərini almışıq.”
Artıq XX əsrin sonlarında sadə azərbaycanlılar keniyalılar kimi paytaxt küçələrində imperiya və imperialist güclərin əli silahlılarını deyil, əli kitablılarını görməyə başladı. Missionerlər orta və ali məktəb binaları qarşısında toplaşan gəncləri başlarına toplayır, onların əqidələrinə təcavüz edirdilər. Hətta missionerlərin fəaliyyətində açdıqları təhsil qurumları da təsirliliyi baxımından xüsusilə seçilirdi.
Əlbəttə, 20 il bundan əvvəl Azərbaycanda xeyriyyəçilik və humanitar fəaliyyətdə dini təbliğat arasındakı sərhədi müəyyən etmək çətin idi. Azərbaycan elə ağır bir vəziyyətə salınmışdı ki, demək olar ki, humanitar təklifləri nəzərdən keçirdikdə seçim imkanı belə yox idi.  Xeyriyyəçiliklə məşğul olan regional və beynəlxalq təşkilatların isə nə 20 il bundan əvvəl, nə də bu gün dinlə əlaqələrinin olduğunu inkar etmək mümkün deyil. Ən azı ona görə ki, humanitar yardımın bir hissəsini dini ədəbiyyat təşkil edir(di) və bu, alınan humanitar yardımların siyahısında öz əksini tapır.
Əgər bu gün Qatar Xeyriyyə Cəmiyyəti, Beynəlxalq Nicat Təşkilatı, Karitas Humanitar Təşkilatı (Roma katolik kilsəsi), Beynəlxalq Yardım və İnkişaf Agentliyinin Azərbaycan bölməsi ADRA (7-ci gün adventistlərinin təsis etdiyi təşkilat), Nehemiya Xeyriyyə Cəmiyyəti (eyni adlı dini istiqamətin ardıcılları tərəfindən yaradılmışdır), “Yahova şahidləri” və s. dini təbliğatla heç bir əlaqələri olmadığını sübut etməyə cəhd göstərsələr də, ictimaiyyətdə buna inananların sayı çox azdır. Xüsusilə də sonuncu – yəni “Yahova şahidləri” ilə bağlı...
“Yahova şahidləri” - yəqin bu ad çoxlarınıza tanışdır. Onların əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. Dinini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar bu dəvəti qəbul edirlər. “Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır. Yahova Şahidləri ilk dəfə XIX əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılıb. O, bu sektanın mövqeyini Həzrət İsanın (ə) gələcəyi və Qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda o Həzrət İsanın (ə) 1878-ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Həzrət İsanın (ə) 1891-ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də təsdiqini tapmadı. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra isə onun işini Rezerford davam etdirdi.
Sovet İttifaqının dağılmasından və Qərbin Azərbaycana ayaq açmasından sonra bəzi dini qrup və missiyalar da ölkəmizə daxil olmağa başladılar. Əsaslı maliyyə dəstəyinə malik bu dini təşkilatlar öz din və adət-ənənələrini Azərbaycanın müsəlman xalqına qəbul etdirmək üçün çox böyük səylərə başladırlar. Bu qrupların biri də “Yahova şahidləri” (Yahva şahidləri) idi ki, son zamanlar öz fəaliyyətini ölkəmizdə xeyli intensivləşdirib. Rəsmi olaraq onları fəaliyyəti Azərbaycanda qadağan olunub.
Cənubi Qafqazda "Yahova şahidləri"nin əsas evi Gürcüstan sayılır. Bu ölkə heç də təsadüfi seçilməyib. Ermənistan və Azərbaycanın "yahovalar"ının bir yerdə cəmləşməsi üçün Tiflis ən yaxşı məkandır. Hər il bir neçə dəfə Tiflisə özlərinin konqresinə gedən "yahovalar"ın Azərbaycandakı sayını öyrənmək o qədər də çətin deyil. Hazırda 230-dan çox ölkədə təbliğ olunan 6 milyondan çox insan özünü "Yahova şahidi" adlandırır.
Regionlarda fəaliyyətinə qanunla qadağa qoyulan cərəyanlar, bu qadağalara məhəl qoymur. Məsələn otən il "Yahova şahidləri" dini sektasının üzvlərinin əsas sığınacaq yeri olan Gəncədə 76 nəfər sekta üzvünün gizli toplantı yeri aşkar edilib. Onların arasında qadınlar və azyaşlılar da olublar. "Yahova şahidləri"nin Gəncədə saxlanması artıq ənənəvi hal alıb. Bir müddət öncə icmanın bir qrup üzvü Kəpəz Rayon Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində saxlanılıb. Saxlanan "Yahova şahidlərı" arasında Bakı sakinləri də olub. 2005-ci ildə Gəncə şəhərində onların sayı 43 nəfər olub. İcma üzvləri son zamanlar təbliğatı gücləndirdiyi üçün sıraları genişlənib. Onlar son zamanlar qapı-qapı gəzərək kitablar paylayırlar. İcma daim bir yerdə fəaliyyət göstərmədiyi ucun onların qarşısı çətinliklə alınır. 
Qeyd edək ki, "Yahova şahidləri" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Lakin onun Bakı və Sumqayıtdan kənarda fəaliyyətinə qadağa qoyulub. "Yahova şahidləri"nin qeydiyyatı Bakı və Sumqayıt şəhərlərində olduğu üçün, onların ölkənin digər bölgələrində fəaliyyət göstərməsi qanuna ziddir. Başqa rayonlarda fəaliyyət göstərmək istəyirlərsə, dini icma olaraq yenidən qeydiyyatdan keçməlidirlər.
"Yahova şahidləri"nin yığıncaqlarının əksəriyyətində hər həftə 3 görüş keçirilir. Görüşlər dua ilə başlanır və dua ilə başa çatır. Görüşlərin çoxunda ruhani (ilahi) mahnılar oxunur. Giriş sərbəstdir. Yığıncaq iştirakçıları, imkanına görə, əvvəlcədən qoyulmuş qutulara pul atır. Yığıncaqlar keçirilən "Krallıq zalları" adlandırılır. Bu tikililər adətən müxtəlif ölkələrdə "Yahova şahidləri"nin sıralarından olan könüllü işçilər tərəfindən inşa edilir və sadə olmasına əhəmiyyət verilir. "Krallıq zalları"nda, müxtəlif xristian məzhəblərində olduğu kimi, şəkillər, xaçlar və buna bənzər şeylər görmək mümkün deyil. İcarəyə götürülən yerlərin xərcləri könüllü ianə hesabına ödənilir. Başqa yerlərdə onların məclislərinə giriş sərbəst olduğu halda, Azərbaycanda bura ancaq əvvəlcədən dəvət edilənlər daxil ola bilər. Hər bir yığıncağa "ağsaqqallar", yəni nəzarətçilər rəhbərlik edir. Onlar yığıncağın təşkilinə başçılıq edirlər. Onlara köməkçilər yardım edir. Bu xidmətçilər yığıncaqdakı başqa adamlardan üstün hesab edilmir. Onların xüsusi titulları olmur. Geyimlərilə də başqalarından fərqlənmirlər. Gördükləri işə görə onlara maaş verilmir. Missionerlik fəaliyyətilə məşğul olanlar "pioner" adlandırılır. Pionerlər də gündəlik, həftəlik və aylıq bu işə sərf etdikləri vaxta uyğun olaraq "ümumi", "xüsusi" və "köməkçi pioner" adlandırılır.
"Yahova şahidləri" və "Babtistlər"in fəaliyyəti göz önündə olduğundan, onlar daha fəal görünür. "Babtistlər"ə daha çox Sumqayıt şəhərində rast gəlmək mümkündür. Çünki onlar həmin şəhərdə qeydiyyatdan keçib. "Babtistlər" Sumqayıtda qeydiyyatdan keçdiyi üçün onlar yalnız bu ərazidə fəaliyyət göstərə bilər. Amma "Babtistlər"ə respublikanın digər ərazilərində, Şimal və Qərb bölgələrində də rast gəlmək mümkündür.
Göründüyü kimi, həqiqi vəziyyəti onlar özləri çox yaxşı bilirlər. Süni gərginlik yaratmağa, xeyriyyə işinin dinlə əlaqəsini inkar etməyə ehtiyac yoxdur. Belə çıxır ki, xeyirxahlığın əsasında ümumiyyətlə dini dəyərlər deyil, hansısa başqa dəyərlər durur. Guya ümumbəşəri dəyərlər və fərdi təşəbbüs xeyriyyə işlərinin bünövrəsində əsas amildir.
Humanitar təşkilatların mənsub olduğu ölkələr və beynəlxalq qurumlar var. Beynəlxalq təşkilatların regionda apardığı siyasətdə təbii ki, dini amil də müəyyən yer tutur. Ən azı ona görə ki, 11 sentyabr hadisələrindən sonra terrorizm və ekstremizmdə günahlandırılan təşkilatların siyahısında dinlə birbaşa bağlı xeyli xeyriyyə cəmiyyətləri də var idi. 11 sentyabr hadisələri ümumən missionerlik fəaliyyəti üçün bir dönüş mərhələsi oldu. Bunu hətta bir çox missioner təşkilatları da qeyd edirlər. Çünki, 11 sentyabr hadisələri imperialist güclərə - konkret dövlətlərə bir sıra məqsədlərin yerinə yetirilməsinə səbəb oldusa, kilsə   üçün missionerliyin daha geniş coğrafi arealda inkişafına vasitə oldu. Heç də təsadüfi deyil ki, missioner fəaliyyətləri üçün münasib ictimai-siyasi və iqtisadi şəraitin olması mühümdür. Hazırda missionerlərin fəaliyyətinə başda ABŞ olmaqla, dünyada güc mərkəzləri sayılan bütün xristian Qərb ölkələri tərəfindən siyasi dəstək verilir.

III


...Təbii ki, missionerlər ideoloji hərəkətlərini küçə fəaliyyəti ilə yekunlaşdırmırdılar. Qərb yetkililəri Azərbaycan rəsmilərinə təzyiq göstərir, ölkə baş bilənlərini tolerantlığa səsləyir və missioner təşkilatların əyalətlərə çıxması və paytaxtda daha rahat fəaliyyət göstərmələri üçün qeydiyyatını tələb edirdilər.
Zəruri qeyd: Yaxın Şərqə demokratiya və əmin-amanlıq gətirmək niyyəti ilə bölgədə hərbi hegemonluğunu quran Qərb dövlətləri himayələri altında regiona axışan minlərlə missioner üçün qoruyucu qalxan olmuşlar. Təkcə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Osmanlı torpaqlarına qarşı aparılan Amerika diplomatiyasının əsas vəzifəsinin burada çalışan missionerləri qorumaq və himayə etmək olmuşdur. Görünür, eyni vəziyyət bu gün də dəyişməmişdir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 534 dini icmadan 32-si qeyri-İslam təmayüllüdür. Onların arasında yəhudilər, katoliklər, pravoslavlar da var. Qeydiyyatdan keçməyən, qanunsuz fəaliyyət göstərən cərəyanların siyahısının hazırlanması çox çətindir. Qeydiyyatdan keçmiş xristian təmayüllü cərəyanlardan Rus Pravoslav kilsəsi, Bakı Xəzəryanı Provaslav Dini İcması, Bakı şəhəri Malakan Ruhani Xristian Dini İcması, Sumqayıt şəhəri Malakan Ruhani Xristian Dini İcması, Qobustan rayonu Mimili kəndi Malakan Ruhani Xristian Dini İcması və s. var. Yəhudi icmalarına isə Avropa Yəhudilərinin Bakı Dini İcması, Quba rayonu Qırmızı Qəsəbə Dağ Yəhudilərinin Dini İcması, Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcması, Gürcü Yəhudilərinin Bakı Dini İcması və s. aiddir.
Bəzi dini cərəyanlar, hətta qeyri-hökumət təşkilatları təsis edərək, onun vasitəsilə dövlət xadimləri, tanınmış şəxsləri öz tərəflərinə çəkir.  Belə təşkilatlardan biri xristian təmayüllü "San Myon Mun"dur. Bundan başqa, "Babtistlər", "Yahova şahidləri", İslamyönümlü "Nurçular", "Vəhhabilər" və digər dini cərəyanların siyasi çevrələrə nüfuz etməsi barədə rəsmi və qeyri-rəsmi məlumatlar yayılır.
Qeyri-ənənəvi dini qruplaşmalar heç də hər zaman müqəddəs amala xidmət etmir. Bir çox hallarda isə tam əksinə bəzi siyasilərin əlində alətə çevrilirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu tip icmaların geniş fəaliyyəti ilk öncə ölkəmizdəki tolerantlıq mühitinə zərbə vurmaqla, cəmiyyəti uçuruma apara bilər. Buna görə də, bu tip icmaların fəaliyyətinin qarşısının alınması vacibdir. Ancaq insanların dini etiqad azadlığı hüququnu da təhdid etmək yolverilməzdir.
Ötən əsrin 90-cı illərində Azərbaycanın onları “rədd etmək” şansı yox idi. Onlar həm də qaçqın düşmüş soydaşlarımızı “Ərəb 1”, “Ərəb 2” çadırlarında “bəsləməklə”  dini-ideoloji niyyətlərini də həyata keçirməyə çalışırdılar. Bəzi əqidəcə zəif olanları çıxsaq, insanlarımız onların qırmağına düşməməyə çalışırdı. Amma zaman ağır idi. Ölkədə iqtisadi vəziyyət dözülməz həddə çatmışdı. Missionerlər isə fəaliyyətlərinin uğursuz olduğunu görürdülər. Nə etməli? Əlbəttə çıxış yolu tükənməmişdi. Qərb dövlətləri “A” planının – yəni birbaşa öz dinlərini yaymaq mexanizminin düzgün seçilmədiyini dərk etdilər. Dərhal “B” planı işə düşdü. Onlar İslamın tarixinə ekskurs edərək dinimizdə zaman-zaman peyda olan İbn Teymiyyələrin, Əbdülvəhabların tarixin oxunmayan arxivinə gömülən çürük ideologiyalarının parçalanmış qırıqlarını toplamağa başladılar. Beləliklə, müsəlman dövlətlərində İslamı onların öz əlləri ilə zəiflətməyə girişdilər. “B” planının mahiyyəti də elə bu idi. İlk növbədə Rixterlər, bir az sonra isə Hemfillər işə düşdü.
Zəruri qeyd: XX əsrin əvvəllərində Y.Rixter müsəlmanlara qarşı missionerlik fəaliyyəti ilə məşğul olarkən aşağıdakı tövsiyəni  verirdi: ilk növbədə əvvəlcə yerinə yetirilməsi vacib olan insanın zəif və güclü olan tərəflərini tapmaqdır. Rixterə görə, İslamın güclü olduğu beş əsas məsələ var: 1. İslamın doğruluğuna müsəlmanlar arasında mövcud olan güclü qənaət; 2. Allahın  birliyi və təkliyinə qarşı güclü monoteizm; 3. Cihad, cənnət, Mehdi və oxşar mühüm qavramaları da ehtiva edən güclü esxatoloji gözləyiş; 4. Səmimiyyət və zahidlik fikri; 5. Allahla qurulan güclü mənəvi əlaqə və s. 
ABŞ-ın maliyyə dəstəyi, Roma Katolik Kilsəsinin ideoloji tezisləri və Böyük Britaniya casusu Mister Hemfilin müvəqqəti “müsəlmançılığı” ilə Şərqə yürüş missionerliyin təməl prinsiplərinin özəyini təşkil edirdi. Bu mənfur xristian casusunun öz etiraflarından məlum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar: 1.Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırmaq; 2. Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; 3. Mənəvi cəhətdən zəif olan müsəlman dövlət məmurları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; 4. Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların təlim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək; 5. Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq; 6.Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi etiraz yaratmaq; 7. Hər yerdə dinşunas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini məlumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq; 8. Dinin həqiqi və əsas etiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq; 9. Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq; 10. İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mənəviyyat, tarix və gələcəyini məhv etmək və s. Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yəni Vəhhabi məzhəbini təsis etməsini misal göstərmək kifayət edər.
Dünyada yayılan bütün dinlərdə müxtəlif cərəyanlar, məzhəblər və təriqətlər mövcuddur. Dinlərin belə kiçik qruplara bölünməsi, nəinki dinlər arasında, hətta hər bir dinin öz içində insanlar qarşı-qarşıya qoyulur. Həqiqi dini cərəyan və məzhəblər Hemferlərin, Rixterlərin deyil, mötəbər din alimlərinin düşüncələri əsasında formalaşıb. 
Təbii ki, Azərbaycan da bu ideoloji atəşin kandarında deyildi. Dinlər daxilində yaradılan müxtəlif qruplardan missionerlərin öz çirkin məqsədləri üçün istifadə etdikləri də danılmaz faktdır. Bu qüvvələr din daxilində yaranan istənilən məzhəb və cərəyana inanan insanlar arasına intellektlə yüklənmiş, məqsədi cərəyanı radikallaşdırmaq olan təxribatçılar yerləşdirir. Onlar həmin cərəyan və ya məzhəbi qəbul edənləri, özünü onun davamçısı sayanları inandırırlar ki, ən doğrusunu edirlər. Beləliklə, qeyri-dinlər bir yana, hətta din daxilində ciddi qarşıdurmalar yaranır. Bu məqsədlə yaradılan "cərəyan"lar isə qeyri-ənənəvi missioner qrupları adlandırılır. Belə missioner fəaliyyəti ötən əsrin 90-cı illərindən sonra Azərbaycanda da mövcud olmağa başladı.
Radikal İslam missionerliyini Azərbaycana gətirmək üçün yollar arandı. Əlbəttə, İran sərhədlərindən Azərbaycana daxil olmaq mümkün deyildi. Çünki İranın özündə vəhhabiliyə qarşı qəti addımlar atılası mümkün olan qanunlar var. Ermənistanla Azərbaycanın müharibə şəraiti də imperialistlərə əl vermirdi. Ən azı ona görə ki, sərhədlər bağlıdır. Ölkəyə yeganə giriş yolu Türkiyə, Rusiya və Gürcüstan sərhədi idi. Amma Gürcüstan da onlar üçün yetərli deyildi. Azərbaycanın Gürcüstanla sərhədlərində yaşayan insanların obyekt kimi seçilməsi işə yarımırdı. Çünki bölgədə aktiv və sərbəst fəaliyyət üçün yetərli imkanlar yox idi. Bunun bir səbəbi də bölgə əhalisinin indikindən fərqli olaraq o zamanlar dinə o qədər də maraq göstərməmələri idi. Elə bunun üçün də Gürcüstan variantı plandan çıxarıldı. Çıxış yolu yalnız Azərbaycanın Rusiya ilə sərhəddində olan kəndlər və meşələr idi. İdeologiyanı Dağıstanda yaşayan müsəlmanlar vasitəsilə ölkəmizə pərçimləmək planı tam onlara görə idi. Elə belə də etdilər. Gündüzləri kəndlərdə, gecələri isə meşələrdə “qardaşlaşan” vəhabilər zaman-zaman paytaxtda yol aldılar. Onlar eyni zamanda Səudiyyə Ərəbistanında təlimlər keçərək Vəhhabi ideologiyasının “sirlərinə” daha yaxından bələd olmağa başladılar. Xüsusi təlim keçmiş Azərbaycanın zəif əqidəli, xüsusən də rus dilli gəncləri (onlar dünyanın düz vaxtında dinin nə olduğunu bilməyiblər) çürük ideologiyalarını yaymağa başladılar. Ölkəmizin şimal və şimal-qərb bölgəsində əsasən radikal dini cərəyanlar inanc və ehkamların təbliğinə cəhd göstərirlər. Quba və Qusardan sonra “qardaşlar”ın iri şəhərlər sırasında ilk dayanacaqları yer Sumqayıt oldu. Kasıb və gənc şəhər...


(Ardı var)
Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-5560.html