Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » VIII şeyxülislam anıldı
05.01.12 20:11

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli din xadimi, QMİ-nin VIII şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadənin 140 illiyinə həsr olunmuş “Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransın əvvəlində “Qurani-Kərim”dən surələr oxunub. Daha sonra QMİ-nin VIII şeyxülislamı, axund Ağa Cavad oğlu Əlizadənin 1944-cü il mayın 25-də “Təzəpir” məscidində Zaqafqaziya Müsəlmanlarının I Qurultayının açılışındakı çıxışından bir hissə nümayiş etdirilib.AMEA-nın prezidenti Mahmud Kərimov tədbiri açaraq Ağa Cavad oğlu Əlizadənin ömür yolu və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, QMİ-nin VIII şeyxülislamının nəvəsi AMEA-nın vitse-prezidenti Akif Əlizadə geologiya elmi sahəsində tanınmış alimlərdəndir.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə Ağa Cavad oğlu Əlizadənin fəaliyyətini yüksək dəyərləndirib. O, bildirib ki, bu gün qazanılmış müstəqilliyin, azadlığın bizə bəxş etdiyi hüquq və imkanlardan yararlanarkən sələflərimizin, o cümlədən Axund ağa Əlizadənin sovet dönəmində üzləşdiyi çətinlikləri yaddan çıxarmamalıyıq. A.Paşazadə deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqat azadlığının təmini üçün ümummilli lider Heydər Əliyev müstəsna xidmətlər göstərib. "Bu gün Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında, dövlət-din münasibətlərinin tənzimlənməsində, müqəddəs inanc yerlərinin bərpasında, ziyarətgahların abadlaşdırılmasında isə ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi əməyi var",- deyə A.Paşazadə əlavə edib.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasif Məmmədəliyev “Dünyəvi elmlərin bilicisi” adlı məruzə ilə çıxış edib, Ağa Əlizadəni din və elm adamı kimi xarakterizə etməyə çalışıb: “Görkəmli din xadimi, səkkizinci Şeyxülislam Ağa Əlizadənin 140 illik yubileyində iştirakdan məmnunluq duyuram. Yubileyin tanınmış alimlərin, nüfuzlu din xadimlərinin iştirakı ilə keçirilməsinin özü bir daha sübut edir ki, elmlə din bir-birindən ayrı deyil. Sovet ideologiyası dinə mövhumat dalğası vurmuşdu. Amma əslində din özü ən böyük elmdir. Elmin dərinliklərinə vardıqca bir daha əmin olursan ki, elmlə din arasında heç bir ziddiyyət yoxdur. Qurani-Kərimdə elmə, alimə böyük dəyər verilir, alimin mürəkkəbi şəhidin qanından üstün tutulur. Yubileyinə toplaşdığımız Ağa Əlizadə də təkcə din xadimi yox, həm də dünyəvi elmləri bilən bir insan idi, mükəmməl təhsil almışdı. Riyaziyyatı, astronomiyanı, fəlsəfəni gözəl bilirdi. Bu xüsusiyyətlərinə görə də Şeyxülislam seçilmişdi. Ağa Əlizadə 1918-ci ildə ilk dəfə Şeyxülislam seçiləndə çox böyük din alimləri var idi. Belə nüfuzlu insanların arasında seçilmək adi məsələ deyildi. Bu bir daha onu göstərir ki, Ağa Əlizadə öz zamanında sayılıb-seçilən din xadimi və elm adamı olub, ictimai xadim kimi tanınıb.
Məndə ola məlumata görə, Ağa Əlizadə Quranı tərcümə edib. Çox təəssüf ki, ağır repressiya illərində evində axtarış aparılarkən Şeyxülislamın tərcümə etdiyi Qurani-Kərim müsadirə olunub. Ağa Əlizadə həmişə elm adamları, alimlərlə sıx ünsiyyət qurub. Rəhmətlik atamdan eşitmişəm ki, onun ən yaxın dostlarından biri də bizim böyük alimimiz Əli Fəhmi olub. Ağa Əlizadə İbn Sinanın 5 cildlik “Qanun” əsərini əzbər bilib. Allah alimə lazım olan bütün xüsusiyyətləri vermişdi. Ona görə də Ağa Əlizadə dini tədbirlərdə, beynəlxalq konfranslarda sanballı çıxışlar edirdi. Şeyxülislamlıq tarixində Ağa Əlizadənin özünəməxsus yeri var. Çünki o, mürəkkəb dövrlərdə Şeyxülislam olub. Həm cümhuriyyət dövründə, həm də sovetlər zamanında bu vəzifəyə seçilib, hər iki dövrdə də vəzifəsini ləyaqətlə yerinə yetirib. Tarixə nəzər salanda maraqlı paralel aparmaq olur. On ikinci Şeyxülislam Allahşükür Paşazadə də iki dövrün- sovet zamanının və müstəqillik dövrünün Şeyxülislamıdır. Allah səkkizinci Şeyxülislam Ağa Əlizadəyə rəhmət eləsin, on ikinci Şeyxülislam Allahşükür Paşazadəyə cansağlığı versin”.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü, tarix elmləri doktoru Anar İsgəndərov “Allaha, Vətənə və xalqa xidmət edən Şeyxülislam” adlı məruzə ilə çıxış edib: “Bütün həyatı “Təzə pir”-lə bağlı olan görkəmli din xadimlərindən biri Qafqaz Müsəlmanlarının səkkizinci Şeyxülislamı Ağa Əlizadədir. O, həm də
“Təzə pir”-də Şeyxülislam kimi fəaliyyətə başlayan ilk din xadimi axund Ağa Əlizadə olub. Çünki 1823-cü ildən 1918-ci ilə qədər Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və Şeyxülislamlıq Tiflisdə yerləşib və orada fəaliyyət göstərib.
Axund Ağa Əlizadə Qafqazın Şeyxülislamı seçilənə qədər şərəfli bir həyat yolunu keçib. Uşaqlıqda ilk gördükləri ucu-bucağı görünməyən dəniz, birmərtəbəli kənd evi, gündə üç dəfə eyni vaxtda valideynləri tərəfindən qılınan namaz, hər cümə axşamı xüsusi avazla oxunan Quran idi. Valideynlərin bu əməlləri onun həyatına əbədi daxil oldu. Atası axund Cavad tərəfindən ona verilən müqəddəs Zeynal-Abidin adı da bu körpənin sanki taleyi haqqında çox şey deyirdi…
Ağa Əlizadə ilk təhsilini atası axund Cavaddan almışdı. Axund Cavad Bakının ən nüfuzlu din xadimlərindən sayılırdı, uzun müddət Bakı quberniyası Şiə Ruhani İdarəsinin sədri seçilmişdi. Axund Cavad oğlanlarına daha mükəmməl təhsil vermək üçün Pirşağıdan Bakıya köçdü. Balaca Ağanı İçərişəhərdəki Mirzə Həsən Əliqulu oğlunun "Qüdsi" mədrəsəsinə qoydu. Ağa həm tərbiyəsi, həm də savadı ilə hamının diqqətini cəlb etdi. Mədrəsənin yeganə tələbəsi idi ki, dini elmlərlə yanaşı, riyaziyyat, astronomiya, tibb və tarixə xüsusi maraq göstərirdi. Sonralar, bolşevik idarəçiliyi dövrünün ən çətin anlarında müəllimlərindən əxz etdiyi bu elmlər onun karına gəldi, onu represiyalardan qorudu.
“Mənim ruhani babam” məruzəsi ilə çıxış edən Ağa Əlizadənin nəvəsi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Əlizadə babasının xatirəsini əziz tutduğu üçün konfransın təşkilatçılarına minnətdarlığını bildirib: “Sivilizasiyanın ilk əsrlərindən başlayaraq, islam mədəniyyəti ümumbəşəri təhsil sistemində dini elmlərlə yanaşı, ümumiyyətlə, müxtəlif elmi istiqamətlərdə özündə ehtiva edib. Bu baxımdan ensiklopedik bilik sahibləri ilə din xadimləri vəhdət yaradaraq dünya mədəniyyət tarixində ən yüksək mövqe tuta bilmişlər. Azərbaycan tarix və mədəniyyətində, uca yer tutan din xadimləri eyni zamanda görkəmli alimlər - maarifçilər kimi tanınmışlar.
Biz, Şeyxülislam Ağa Əlizadənin nəvələri, hər birimiz həyatı ilk günlərimizdən dərk edərkən, dünyanı babamızın gözü ilə pak, saf, ədalətli və qüdrətli görmüşük. Artıq bir qədər böyüdükdən sonra, həmin dünyanı dumanlı, qeyri rəvan görsək də, əzəldən bizim qəlbimizə babamız Ağa Əlizadənin pak və parlaq ruhu əbədi olaraq hakim olmuşdu. O bizi, mənəvi zirehlə qoruyaraq, həyatda öz yerimizi bərqərar etməyə kömək edib.
Hər bir böyük möhtəşəm hadisə, görkəmli sima, zaman keçdikcə uzaqdan daha da əzəmətli görünür. Bu gün Şeyxülislam Ağa Əlizadənin vəfatından 57 il keçməsinə baxmayaraq, mənim gözümdə, mənim hafizəmdə onun o nurlu siması bir qədər də böyük və möhtəşəm görünməkdədir.
Şeyxülislam Ağa Əlizadə qeyri-adi bir insan idi. Bu insanın qeyri adiliyi onun Allah tərəfindən verilən fitri istedadı, zəkası, müd­rikliyi və ciddiliyi idi. Bu xüsusiyyətlər bir vəhdət yaradaraq, Ağa Əlizadənin dolğun simasında aydın surətdə ifadə olunurdu.
Gənc yaşından dünyəvi elmlərin vurğunu olan Axund Ağa dini, ruhani elmlərə üstünlük vermiş və bu baxımdan zənnimcə elmin ən uca zirvələrini fəth edə bilmişdi. Ədəbiyyat, astronomiya, tarix, riyaziyyat, botanika, təbabət, bu elmlərin mahiyyəti və əsasları Ağa Əlizadəni bütün ömrü boyu maraqlandıran mühüm elmi istiqamətlər olub. Bu elmlərin hər birində bütövlükdə və ayrı-ayrılıqda babamın heyrətamiz dərin və zəngin biliyi var idi. Eyni zamanda onun bütün varlığı ilə vurğunu olduğu, sevdiyi, əlbəttə, dini elmlər idi. Bizə, yəni nəvələrinə, o həmişə həyatı və bəşəri tövsiyələr verərdi. Dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etməyi tapşırardı. Onun əsas tövsiyələrindən biri də o idi ki, çalışın hər zaman öz biliyinizi, savadınızı artırasınız. Qələm və mütaliə sizin ömrünüzün mənası olmalıdır.
Mən onun xalq arasında böyük hörmətə malik olduğunun şahidi olmuşam. İnsanların onun haqqında necə danışdığını, onun hər bir insanla necə ünsiyyət yaratdığını görmək mənə nəsib olmuşdur. Onun mənə dediyi sözlər indi də yadımdadır: Əgər səhv etmirəmsə bu Sədinin poeziyasından idi. «Hər zaman uca tut insanlıq adın, unutma heç yerdə insandır adın. Çalış qəlbə dəymə, xeyirxahlıq et, xoş əməl yaşadır insan övladın».
Zaman keçdikcə, mən bu cür məna daşıyan fikirlərlə rus ədəbiyyatında da rastlaşdım. Rusiya Böyük Teatrının tanınmış məşhur rejissoru Boris Pokrovskinin təbirincə desək, mədəni insan o demək deyil ki, o çoxlu bədii ədəbiyyat oxusun və yaxud dövrü mətbuatda çap olunan maraqlı bir jurnalı mütaliə etsin. Mədəniyyət - hər bir insanın o biri insanlara olan ehtiramı, hörməti deməkdir».
Şeyxülislam Ağa Əlizadənin fəaliyyəti Azərbaycanla məhdudlaşmırdı. O, islam dini ilə bağlı keçirilən beynəlxalq konfranslarda tez-tez iştirak edirdi. Dövri mətbuatda dini dəyərlərimizi təbliğ edən çoxlu məqalələri dərc edilirdi. Bunların hamısı islam dininin möhkəmlənməsi və inkişafı üçün bir vasitə idi.
Sülhün havadarı və təbliğatçısı kimi Şeyxülislam Ağa Əlizadə sülh tərəfdarlarının birinci respublika və 2-ci Ümumittifaq konfrans­larının iştirakçısı olub, Moskvada bütün dini icmalların və dindar cəmiyyətlərin konfransında Rəyasət heyətinə üzv seçilib. 1952-ci ilin mayında Vyanada Sülhü Müdafiə Konqresində söylədiyi nitqində demişdi: "Mən, Şeyxülislam Əlizadə bütün Qafqaz və dünya müsəlmanlarına üz tuturam. Sülhün müdafiəsi uğrunda aparılan müqəddəs işə qoşulun, müharibəyə qarşı öz səsinizi ucaldın, müharibəni qızışdıranların cəhdlərinin qarşısını alın, onlara öz çirkin əməllərini həyata keçirməyə imkan verməyin, qoy sülh zəfər çalsın. Cənnət - sülhün bərqərar olduğu məkandadır.
Babamın vəfatından 57 il keçir amma xalqımızın babama olan ehtiram və hörmətini biz, onun ailəsi həmişə hiss etmişik. Bu gün “Təzə pir” məscidinin bu əzəmətli salonunda babamın 140 illik yubileyinə həsr olunmuş möhtəşəm bir konfrans keçirilir. Baba­mın həyat və fəaliyyətinə həsr olunan və bütün konfrans iştirakçılarına paylanan bu nəfis şəkildə çap olunan kitab onun ruhuna olan böyük hörmətdir. Babam 1903-cü ildən ömrünün sonuna kimi Təzə pirdə çalışıb. Bu məscid bizim ailəmiz üçün müqəddəs bir yerdir. Mənə elə gəlir ki, babamın ruhu həmişə burada dolaşır.
Bir neçə il bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Təzə pir” məscidi əsaslı şəkildə təmir olunaraq, dindarların ixtiyarına verilmişdir. Bu Dövlətin və Dövlət başçısının dinə, dini idarəyə və dini rəhbərlərə verdiyi yüksək qiymətdir. Mən dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevə Əlizadələr nəslinin çoxsaylı üzvləri adından dərin minnətdarlığımı bildirirəm.
Konfransı təşkil edən, babamın xələfi Şeyxülislam Allahşükür Paşazadəyə öz dərin təşəkkürümü bildirirəm. Onun bu gün kon­fransda çox maraqla qarşılanan məruzəsi göstərdi ki, Şeyxülislam Allahşükür Paşazadə Ağa Əlizadənin həyat və fəaliyyətinə dərindən bələddir.
Babam Axund Ağa Əlizadə həyatı boyu məlum olan ağır, gərgin illər yaşasa da, xüsusilə ilk Sovet hakimiyyəti illərində, heç vaxt pessimizmə qapılmamış, həyata, insanlara, xalqa inamını itirməmiş, Azərbaycana sevgisini həmişə uca tutmuşdur. Bu baxımdan da bizə - nəvələrinə etdiyi vəsiyyətini mən mənaca yaxın olan aşağıdakı misralarla sizə çatdırmaq istəyirəm: Biz daima günəşə inanırıq, o şəfəqlərini saçmasa da. Biz məhəbbətə inanırıq, onu hiss etməsək də. Biz Allaha inanırıq, o sükuta dalsa da. Biz insanlara daima inanırıq - onlar inamı itirsələr də”.
Sonra məruzələr ətrafında çıxışlar başlanıb. Professor İzzət Rüstəmov Ağa Əlizadəni dövrünün tanınmış alim və din xadimi kimi xarakterizə edib və Azərbaycan tarixinə maarifçi kimi daxil olan Şeyxülislamların elmi irsinin tədqiq olunmasını vacib sayıb.
Milli Məclisin komitə sədri Rəbiyyət Aslanova Ağa Əlizadənin yubileyinə həsr olunan elmi-nəzəri konfransı mühüm hadisə adlandırıb. Parlament üzvü bildirib ki, xalqımızın tərəqqisi uğrunda böyük işlər görmüş Şeyxülislamlar, mütərəqqi din xadimləri haqqında elmi araşdırmalar aparmağın vaxtı çatıb.
Milli Məclisin üzvü Fəttah Heydərov son illər dini-mənəvi dəyərlərimizə dövlət qayğısının artdığını, bu prosesin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Ağa Əlizadənin yubileyinin geniş şəkildə keçirilməsinin dövlətimizin milli-mənəvi dəyərlərimizə qayğısı kimi qiymətləndirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.
Professor Fuad Məmmədov Şeyxülislam Ağa Əlizadə haqqında xatirələrini danışıb, elmi-nəzəri konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Professor Hikmət Mahmudov Ağa Əlizadəyə həsr etdiyi şeri oxuyub.
Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov elmi-nəzəri konfransa yekun vurub.
Sonda konfransın iştirakçılara Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı ilə çap edilən “Cümhuriyyətin və sovet dövrünün Şeyxülislamı” kitabı hədiyyə olunub.
URL / WWW
http://kelam.az/article/a-5558.html