Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Sülhə və dialoqa yönəlmiş səylər
05.01.12 20:11

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Tatarıstan Respublikasının paytaxtında işgüzar səfərdə oldu. Səfər çərçivəsində A.Paşazadə “İslam terrorçuluğun əleyhinədir: cəmiyyət və dövlət üçün təhlükə potensialı, ekstremizmə qarşı mübarizə vasitələrinin axtarışı” mövzusunda Ümumrusiya elmi-praktiki konfransda iştirak etdi.
“İslam mədəniyyətinə, təhsilə və elmə kömək” qeyri-kommersiya xeyriyyə fondunun dəstəyi ilə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil olunmuş konfrans dekabrın 15-də keçirildi. Tədbirin məqsədi din faktorundan istifadə edən terrorçuluğun yerinin və rolunun müəyyənləşdirilməsi, destruktiv fəaliyyətin təzahür etdiyi ilkin mərhələlərdə aşkara çıxarılması, terrorçuluğun ölkənin həyatında ictimai-siyasi, sosial-iqtisadi və mənəvi proseslərə təsirinin obyektiv qiymətləndirilməsi və ilkin əks-tədbirlərin görülməsidir.QMİ-nin sədri A.Paşazadə konfransın iştirakçılarına və bütün Tatarıstan xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdırdı və proqram məruzə ilə çıxış edərək, Azərbaycanın dövlət siyasəti, tolerantlığı ilə tanınan respublikadakı vəziyyətdən danışdı.
Həmin gün Allahşükür Paşazadə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində oldu və təşkilatın sədri İldus-həzrət Faizovla görüşdü.
Dekabrın 16-da MDB Müsəlmanları Məsləhət Şurasının sədri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüşü oldu. Tatarıstan Prezidenti Qafqaz və Rusiya müsəlmanlarının birləşməsində A.Paşazadənin fəaliyyətini, Birliyin xalqları arasında dinlərarası dialoqun genişlənməsinə onun şəxsi töhfəsini yüksək qiymətləndirdi.
Həmin gün Azərbaycan ruhanilərinin başçısı Rusiya İslam İnstitutunda oldu, ali məktəbin rəhbərliyi və tələbələri ilə görüşdü, institutun zəngin kitabxanası ilə tanış oludu. Tərəflər ümmətin həyatı ilə əlaqədar dini məsələləri, müxtəlif millətlərin nümayəndələrinin yaşadıqları bölgələrdə konfessiyalararası münasibətlərin qorunub saxlanması problemlərini və bir sıra başqa məsələləri müzakirə etdilər.
A.Paşazadə Kazanın Azərbaycan diasporunun nümayəndələri ilə də görüşdü, onlara xeyir-dua verdi.
Səfərdə Şeyxülislamı MDB Dinlərarası Şurasının Himayədarlar komitəsının həmsədri A.Abbasov, QMİ sədrinin müavinləri S.Musayev, S.Həsənli, Fətva şöbəsinin müdiri M.Seyidzadə və başqa şəxslər müşahidə etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin konfransdakı çıxışını təqdim edirik:
- İlk növbədə istərdim Qüdrətli Yaradana şükürlər edim ki, Onun lütfiylə biz qardaş Tatarıstan torpağında yığışmışıq. Qənaətimə görə, vahid məkanda yaşayan xalqlarımız arasındakı qardaşlıq bizim tarixi nailiyyətimizdir və bizi bir arya gətirən bu gün də Müstəqil Dövlətlər Birliyi tarixi yaddaşında qalacaq.
Zati Aliləri Prezident İlham Əliyevin səmimi salamlarını Zati Aliləri Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova, konfrans iştirakçılarına və bütün Tatarıstan xalqına çatdırmaq mənim üçün olduqca xoşdur.
Azərbaycanda Prezident Rüstəm Nurqaliyeviçin ölkəmizə səfərini məmnunluqla yada salırlar. Səfər çərçivəsində baş tutmuş səmimi görüşlər, mühüm danışıqlar, şübhəsiz ki, xalqlarımız arasındakı tarixi və mənəvi əlaqələri daha da möhkəmləndirəcəklər. Dəyərli məsələlərdən biri də odur ki, həm Azərbaycanda yaşayan tatarlar, həm Tatarıstanda yaşayan azərbaycanlılar cəmiyyətlərinin ayrılmaz hissələri olduğu halda, milli mədəniyyətlərini nəinki saxlayır, hətta inkişaf etdirirlər.
Fürsətdən istifadə edərək, Tatarıstan müftisi möhtərəm İldus həzrət Fayzovu bu yaxınlarda MDB Dinlərarası Şurasının üzvü seçilməsi münasibətilə təbrik edir, fəaliyyətində Allahın xeyir-duasını arzu edirəm.
Diqqətəlayiq haldır ki, Tatarıstan Respublikasında, iqtisadi inkişafla, əhalinin rifah halının yüksəlişi ilə yanaşı, dövlət-din münasibətlərinin yüksək səviyyəsi müşahidə olunur, məbədlər bərpa olunur, yeni məscidlər, kilsələr tikilir. Qeyd etmək lazımdır ki, bütövlükdə çoxlu millətlər və müxtəlif dinlərin məskəni olan Rusiyada bütün din ardıcıllarınin mənəvi inkişafını təmin edə bilən hər cür şərait yaradılır və biz, din xadimləri, bu münasibəti yüksək qiymətləndir, Rusiya dövlətinə minnətkarlığımızı bildiririk. Rusiya, terrorizm adlı bəlanın hər bir formasının kökünü kəsmək cəhdləri ilə yanaşı, dinə qarşı olan əsassız ittihamların da qarşını alır və bu dövlətin öz vətəndaşlarının etiqadlarına olan hörmətinin əlamətidir.
Bu gün biz, konfransımıza toplaşıb, xalqlarımız üçün taleyüklü əhəmiyyət kəsb edən problemləri müzakirə etməyə bilmərik, real vəziyyətə əsaslanıb etiraf etməliyik ki, postsovet məkanında insan mənəviyyatı uğrunda amansız, SSRİ-nin dağılmasından əvvəl başlayan müharibə aparılır. Söhbət, hərbi basqınından daha təhlükəli olan təcavüzün dəf etməsindən gedir. Bu, ideoloji təcavüz, insanları öldürən, qorxu və vahimə yaradan terrorizm vasitəsilə millətçilik və separatizm meyllərini gücləndirərək, dövlətin və cəmiyyətin dayaqlarını sarsıldır. Ümumi məkanımızı hədəf altına alan terrorizmin məqsədi siyasətdir və siyasi terrorizmin nəticələri daha məhvedicidir. Müqəddəs İslam dinimizin özü çox vaxt bəzi siyasi qüvvələrin əllərində terrorizmin qurbanı olur və terrorizmi İslamla əlaqələndirmək təhqirdir. Terror İslamın əxlaqına ziddir və İslam tərəfindən lənətlənir. Qurani-Kərimdə Allah bizə tapşırır: “Allaha əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onların axirətin pis aqibəti gözləyir” (“Ər-Rəd” surəsi, 25).
Təəssüf ki, İslam və onun rəmzlərini dinc əhaliyə, o cümlədən müsəlmanlara qarşı hiyləgərcəsinə istifadə olunur. Əgər keçən əsrin 90-cı illərində terror, ateist postsovet məkanında dinin bərpası pərdəsi altında törədilirdisə, bu gün bu dəlil artıq tükənib. Yüzlərlə məscid və dini-təhsil mərkəzləri, o cümlədən Qafqazda və Volqaboyu ərazilərdə tikilib və tikilir, dindarlar sərbəst şəkildə ibadət edirlər, dini bayramlar dövlət səviyyəsində qeyd olunur, din azadlıqlarını təmin edən qanunlar təkmilləşir. Lakin məqsədli şəkildə İslam siyasətləşdirilir və biz, din xadimləri, ictimaiyyətlə birlikdə terrorizmin və siyasi ekstremizmin təhlükəsini dövlətlərimizin sabitliyi naminə hər zaman dəf etməyə hazır olmalıyıq.
Mövcud vəziyyətə mənfi təsir edə biləcək bir problem haqqında fikrimlə sizinlə bölüşmək istərdim. Söhbət, ikinci gəlişlərinə ümid bəsləyən bəzi qüvvələrin ideoloji cəhətdən dəyişməsindən gedir. Yaxın keçmişdəki vəziyyətlərini itirən, dini lider kimi baş tutmamış insanlar bəzi MDB ölkələrindən istifadə edərək özlərinə siyasi gələcək hazırlayırlar. Onlar üçün din, onun müqəddəsliyi, idealları heç bir əhəmiyyət kəsb etmir. Onlar üçün din yalnız ambisiyalarını gerçəkləşdirmək üçün bir səbəbdir və heç şübhə olmamalıdır ki, şərait imkan verdiyi halda onlar, gələcəyə yönəlmiş planları ilə siyasi-dini lider qismində çıxış edəcəklər.
Daha bir məsələ postsovet məkanında baş verən mühacirət problemi ilə bağlıdır. Zənn edirəm ki, hər dövlətin vəzifəsi öz eyniliyini, ənənəvi mədəniyyətini qoruyub saxlamaq məqsədi ilə, miqrantlara loyal münasibətlə yanaşı, hərəkət tərzlərində nəzarət etməkdir. Mühacirlərin yaşadıqları cəmiyyətlərə inteqrasiyası olduqca vacibdir və bu proses qəbul edən tərəfin ziyanına olmamalıdır. Postsovet ölkələrin vətəndaşların, o cümlədən mənim həmvətənlərimin, ikinci vətənləri olan Rusiyanın cəmiyyətinə mənəvi inteqrasiyası, həm onlar üçün, həm də Rusiya və rusiyalılar üçün olduqca mühümdir. Gündəlik ruzi qazanan əmək miqrantlarını onlardan siyasi məqsədləri üçün istifadə etmək niyyətində olan dağıdıcı ideoloji qüvvələrdən müdafiə etmək lazımdır. Hesab edirəm ki, bu məqsədlə qarşılıqlı əsaslarla MDB ölkələrində mənəvi-mədəni mərkəzlərin açılması zəruridir. Bu mərkəzlər, dini mənsubiyyətlərindən asılı olmayaraq, miqrantların əlaqələndirmə mərkəzləri ola bilərlər, biz isə, həmyerlilərimizə mənəvi təsir etmək imkanı əldə edərək, onları ikinci Vətənlərinin rifahı naminə yaradıcı əməyə yönəldə bilərik. Başlıcası isə, həmvətənlərimizlə manipulyasiya edərək onları millətlərarası və dinlərarası qarşıdurmaya təhrik edən, onlardan dövlətçiliyə qarşı yönələn məqsədlərində istifadə etmək istəyən radikal qüvvələrə müqavimət göstərmək imkanı yaranar. Vaxtı ilə bu destruktiv qüvvələrin meydana gəlməsində ölkələrimizin qanunvericiliyində olan boşluqlar səbəb olmuşdur. Bu gün həmin təhlükəyə lazımi qiymət vermək, vaxtında qəti tədbirlər görmək lazımdır ki, faciənin qarşısı alınsın. Bu bəlanın aradan qaldırılmasının yalnız din xadimlərinin səyi ilə həll olunmasına inanmaq, ən azı sadəlövhlük olardı. Ehtiyatımızda yalnız söz var və məqsədli, xaricdən maliyyələşən, daxildə havadarları olan təxribatçılara qarşı mübarizədə yalnız geniş ictimayətin mənəvi birliyi ilə qalib gələ bilərik. İnanıram ki, Allahın köməyi ilə, ictimayətlə birlikdə mənəviyyatsizlik və zorakılıq təbliğatının qarşısını ala bilərik. Bununla biz, həmçinin qanlı terror aktlarının qurbanlarının, Qafqazın din xadimləri, bizim unudulmaz qardaşlarımız – Seyyid Əbubakarovun, Əhməd Qadırovun, Anas Pşixaçevin, yaxınlarda qətlə yetirilmiş Sirajudin Xuriksrinin və iman naminə həlak olan onlarla başqalarının intiqamını ala bilərik. Allah onlara rəhmət etsin!
Təəssüf ki, bu günə kimi dinc insanların həyatına son qoyan Qafqazın terrorizm ocaqlarından biri –Qarabağ münaqişəsi həllini tapmamışdır və biz inanırıq ki, qurtuluşunu gözləyən torpaqlarımız beynəlxalq hüquq çərçivəsində, ədalətli şəkildə qaytarılacaq. Əlbəttə, ekstremizm və terrorizmlə mübarizə, ilk növbədə onların hədəfləri olan dövlətin vəzifəsidir. Lakin, zorakılığa bəraət qazandırmaq üçün dindən istifadə edilirsə, din xadimlərinin də hərəkətsiz qalmağa mənəvi haqqı yoxdur. Bu mənəvi təcavüzün qarşısının alınmasında dövlətin, dinin və ictimayətin səylərinin birliyi mütləqdir. Biz bu işdə üzərimizə düşən məsuliyyəti dərk edirik. Bizim vəzifəmiz – cəmiyyətin mənəvi potensialını artıraraq, vətəndaşların humanizm, millətlərarası həmrəylik, vətənpərvərlik ruhunda tərbiyə etmək, dinin ekstremizm, separatizm və terrorizm məqsədi ilə istifadə olunmasının qarşısını almaqdadır. Yaradan və xalqlarımız qarşısında olan borcumuz, verilən nemətlər üçün təşəkkür hissini oyatmaq, vətəndaşlarımızda Vətənə məhəbbət, onun maraqlarına xidmət və mənəviyyat hissinin tərbiyəsidir.
Biz çalışmalıyıq ki, müasir cəmiyyətdə dinin əhəmiyyəti artsın, o sülhə və dialoqa yönəlsin. MDB Dinlərarası Şurası bu kimi xoş niyyətlərə xidmət edir. Bu haqda biz dünya dini liderlərin Bakı Sammitində danışmışdıq, bunun əməli misalı kimi, Rus Pravoslav Kilsəsinin rəhbəri, Zati Müqəddəsləri Patriarx Kirilin yüksən vasitəçiliyi ilə, Azərbaycanın və Ermənistanın dini liderlərinin görüşləri ola bilər. Biz ümid edirik ki, MDB Dinlərarası Şurasının təşəbbüsü ilə YUNESKO yanında yaranmış yüksək səviyyəli din xadimlərinin məşvərətçi qrupu da bu məqsədlərə, o cümlədən terrorizmin və ekstremizmin ləğvinə xidmət edəcək.
Bu günkü konfransın təşkilatçılarına, şəxsən Tatarıstan Respublikasının Prezidenti cənab Rüstəm Minnixanova, hörmətli müfti İldus Fayzova minnətdarlığımı bildirirəm. Həmçinin Moskvadan və Şimali Qafqazdan gələn qonaqları da salamlayıram.
Allah xeyir-duası ilə biz, din xadimləri olaraq, haqq sözümüzü dindarlarımıza çatdırmalıyıq. Müqəddəs Qurani-Kərimdə Allah-Təala bizlərə hökm etmişdir: “İnsanları hikmətə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et...” (“Ən-nəhl” surəsi, 125).

Qoy Allahın mərhəməti bizimlə olsun, Onun xeyir-duası bizim hər haqq işimizi uğurlu etsin. Amin!
Vəssəlamu aleykum və rahmatullahi və bərəkatuhu!
URL / WWW
http://kelam.az/article/a-5557.html