Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Tarixi nailiyyət, diplomatik qələbə
05.01.12 20:11

Birləşmiş Millətlər Təşkilatı (BMT) İkinci Dünya müharibəsindən sonra, cahanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı, sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və həmin il oktyabrın 24-də qüvvəyə minib. Təşkilatın əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.Bunlarla yanaşı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Uşaq Fondu (YUNİSEF), İnkişaf Proqramı (BMTİP) və Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış qurumları da var. 193 ölkənin üzv olduğu BMT ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri Sovet İttifaqının dağılmasından və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra yaranıb. 1992-ci il martın 2-də Azərbaycan Respublikası  BMT-nin üzvlüyünə qəbul olunub. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. Hər bir qətnamə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul olunub. Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edən bu dörd qətnamədə dərhal atəşkəsin elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələbləri irəli sürülüb. Lakin qətnamələrin müddəaları indiyədək yerinə yetirilməyib.
BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır (BMT TŞ). BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan bu orqanın Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ olmaqla 5 daimi, hər biri 2 il müddətinə seçilməklə 10 qeyri-daimi üzvü var. Azərbaycan Respublikası da ilk dəfə 24 oktyabr 2011-ci ildə 17 raundluq səsvermədən sonra iki illiyə (2012-2013) BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bu tarixi qələbənin Azərbaycan
üçün əhəmiyyəti böyükdür


 
Sadəcə vətəndaşlarımızın deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da böyük sevincinə səbəb olan bu tarixi qələbənin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Məhz buna görə ölkəmizin günü-gündən güclənməsini, regionun lider dövlətinə çevrilməsini həzm edə bilməyən ölkələr bu nailiyyətin qarşısını almaq üçün böyük çaba göstərib. Lakin Ermənistan və erməni lobbisinin, eləcə də bir sıra güc mərkəzlərinin bu səpkidəki ciddi cəhdləri Azərbaycanın BMT TŞ-na üzv seçilməsinə mane ola bilməyib. Bunu TŞ-na keçirilən səsvermə zamanı baş verənlər də təsdiqləyib. Beləki səsvermənin müxtəlif mərhələlərində Azərbaycanın TŞ-na üzvlüyünü əngəlləmək üçün ciddi cəhdlər olub. Seçkilərin birinci mərhələsində Fransa və Böyük Britaniya Avropa İttifaqının Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsi məqsədilə Sloveniyaya birbaşa dəstək veriblər. Seçki mərhələləri finala yaxınlaşdıqca və Azərbaycanın TŞ-na üzv seçiləcəyi ehtimalı yüksəldikcə, Fransa və Böyük Britaniya diplomatları açıq fəaliyyətə keçiblər. Hətta Fransanın BMT-dəki nümayəndəsinin Toqo və Sloveniya təmsilçilərinə təsir göstərmək cəhdləri olub. 16-cı raunddan sonra Azərbaycanın 116, Sloveniyanın isə 77 səs qazandığını görən fransız və ingilis nümayəndələri seçkilərin 17-ci raundunun mənasız olduğunu iddia ediblər və bunun sonrakı mərhələyə saxlanmasını təklif edərək prosesin qarşısını almağa çalışıblar. Amma onların bütün cəhdləri iflasa uğrayıb. 16-cı raunddan sonra Sloveniyanın xarici işlər naziri Samuel Zboqar bildirib ki, BMT üzvlərinin TŞ-da hansı ölkəni görmək istədikləri açıq hiss olunduğundan onun ölkəsi namizədliyini geri götürmək barədə qərar verib. Nəticə etibarilə 17-ci mərhələdə Azərbaycan 193 üzv ölkədən 155-nin səsini qazanaraq TŞ-na üzv seçilib.
Azərbaycanın BMT TŞ-na üzv seçilməsini böyük uğur, tarixi nailiyyət kimi dəyərləndirən hüquq elmləri doktoru, professor Kamil Səlimov bu mötəbər qurumun fəaliyyət çərçivəsinə daxil olan məsələlərə toxunaraq, ölkəmizin yararlana biləcəyi məqamlardan danışıb. Bildirib ki, Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbul olunması və sairdə həlledici ola bilər. Onun sözlərinə görə, Təhlükəsizlik Şurası münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır: “BMT-nin TŞ-na qeyri daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi nəzərə alınır. Ölkələrin beynəlxalq münasibətlər sistemində yeri və rolu, çəkisi, sülhün və təhlükəsizliyin qorunmasına töhfəsi həlledici faktor kimi götürülür. BMT Nizamnaməsinin 24-cü maddəsində göstərilib ki, bu təşkilat, həmçinin onun üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının üzərinə qoyurlar. TŞ bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır. Yəni, TŞ-na üzv olan hər bir dövlət dünyada baş verən münaqişələrin və mübahisələrin həllində mühüm rola malik olmaqla yanaşı, söz sahibinə çevrilir. Nizamnamənin 27-ci maddəsində qeyd olunur ki, TŞ-nın 9 üzvü səs verdikdə qərar qəbul olunur. Nəticə etibarilə, TŞ-na üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında, məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbul olunması və sairdə həlledici ola bilər. Bu isə hər bir üzv ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir. Bundan başqa, Nizamnamənin 33, 34 və 36-cı maddələrinə görə, TŞ problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu və metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, TŞ-na üzv olan ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır”.

Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv
qəbul olunması tarixi hadisədir


Professor deyib ki, TŞ-na üzv olmaqla Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi, həmçinin Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır: “BMT Nizamnaməsinin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi sanksiyaların tətbiq edilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nın qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-na məcburetmə imkanları verilir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi, həmçinin Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır. Məhz bunlara görə, Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir”.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu müstəqilliyin 20-ci ilində Azərbaycanın artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan üçün keçilməz sədd, həlli mümkün olmayan problem yoxdur: “BMT TŞ-na qeyri-daimi üzv qəbul olunmaqla Azərbaycan bir daha sübut edib ki, onun üçün keçilməz sədd, həlli mümkün olmayan problem yoxdur. Bundan sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq, ölkəmiz regionun lideri statusunu möhkəmləndirməklə yanaşı, dünya siyasətində söz sahibi olacaq. Digər tərəfdən, Azərbaycan TŞ-da üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin TŞ-nın gündəliyinə çıxarmaq imkanı qazanıb. Paralel olaraq, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı da əldə edib. Bununla ölkəmiz sivilizasiyalararası dialoqun genişlənməsinə, Şərqlə Qərb arasında əlaqələrin inkişafına daha ciddi təsir göstərə biləcək. Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda problemlərin nizamlanmasında daha aktiv iştirak edəcək, bu problemlərin milli maraqlar çərçivəsində həllinə nail olmaq imkanı qazanacaq”.

Azərbaycan diplomatiyasına
bu müddət ərzində imkan verdi ki...


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc Azərbaycanın BMT TŞ-nın 10 qeyri-daimi üzvündən birinə çevrilməsini mühüm tarixi hadisə kimi qiymətləndirərək, bunun qarşıdakı iki illik dönəmdə ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə müsbət təsir edəcəyini bildirib. Onun sözlərinə görə, TŞ-nın üzvü olmaqla Azərbaycan regional, eləcə də digər beynəlxalq müstəvidə təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini artıracaqdır: “Hazırkı dönəmdə bu uğurun əldə olunması öz-özlüyündə bir neçə baxımdan Azərbaycanın siyasi-diplomatik həyatı üçün vacib bir hadisəyə çevrilib. Bir tərəfdən ona görə ki, bizim ölkə xarici məkanda tərəfdaşlar toplamaq, öz mövqeyini inandırmaq, iqtisadi-siyasi münasibətlərini gerçək mühüm vacib məqamlarda real səsə və qərarlara çevirmək gücünü ortaya qoyub. İkinci tərəfdən, heç şübhəsiz ki, bu əldə olunmuş format, o ölkələrin dəstəyi gələcək zamanda Azərbaycan üçün milli önəm daşıyan, yaxud regional aspektdə hansısa taleyüklü məsələlərdə də bizim üçün vacib partnyorlara çevriləcək. Üçüncü tərəfdən mənim aləmimdə Azərbaycanın əldə etdiyi bu etibarlılıq mühitində gələcəkdə regional və digər miqyasda özünün siyasi önəmini gücləndirdiyi üçün də daha başqa xarakterli addımları atmaq imkanı əldə edəcəkdir. Yəni, söhbət ondan gedir ki, bizim ölkəmizə, onun müstəqilliyinə, iqtisadi suverenliyinə, ərazi bütövlüyünə dəstək vermək istəyən ölkələrin sıra sayı artacaqdır. Bunlar başlıca mühüm məsələlərdir. Digər tərəfdən heç şübhəsiz veto hüququ olmasa da əlifba sırası ilə 24 aylıq dövr ərzində iki dəfə, hər dəfə BMT TŞ-na bir ay ərzində rəhbərlik etmək hüququ imkan verəcək ki, o gündəmi Azərbaycanın həyatını ən çox təhdid eləyən regional təhlükəsizlik problemləri və bu xüsusda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi qoyula bilsin. Ötən dövr ərzində BMT-dən Azərbaycan insanının gözləntilərinə bir daha cavab aransın. Bir az da konkret ifadə etsək BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə ötən dövr ərzində icra olunmamasına baxmayaraq, Azərbaycan diplomatiyasına bu müddət ərzində imkan verdi ki, Ermənistan üzərinə daha sanballı, daha hüquqi və əsaslı getmək mümkün olsun. Bizim vətəndaş, Dağlıq Qarabağ bölgəsindən köçkün düşən insanlarımız daha artıq dərəcədə bu qətnamənin icrasını işğal olunmuş ərazilərin azad olunmasında axtarır. Belə olan təqdirdə Azərbaycanın tamamilə imkanı var ki, icra olunmamış qətnamələrin vəziyyətinə dair və icra olunmasına dair növbəti məsələlərlə BMT gündəliyinə çıxa bilsin. Yaxud onun baş məclisinə hansısa təkliflərdə bulunsun və bu məsələnin siyasi zəminini formalaşdırsın, digər lobbi qruplarını ölkəyə gətirsin, Azərbaycanın beynəlxalq siyasi hədəflərinə çatmaq üçün real addımlar atsın”.
Millət vəkili bu tarixi nailiyyəti Prezident İlham Əliyevin dəqiq hesablanmış xarici siyasət strategiyasının bəhrəsi, ölkə başçısının şəxsi qələbəsi kimi də qələmə verib. Bildirib ki, bu şəxsi qələbə milli səciyyə daşıyır: “Ola bilsin ki, 2012-2014-cü illər dönəmi Dağlıq Qarabağ məsələsinin həlli üçün regional və beynəlxalq konyukturanın, proseslərin dəyişdiyi bir dövrə təsadüf etsin. İraq və Əfqanıstan məsələlərindən sonra Cənubi Qafqaz uğrunda proseslərin fərqli bir müstəviyə daxil olacağı təqdirdə yenə də BMT-nin tribunası Azərbaycanın xarici məkanda Ermənistanın əleyhinə apardığı prosesləri daha effektli, məhsuldar, hədəfli etməyə imkan açacaq. Düşünürəm ki, həm qətnamələrin icrası məsələsi ilə əlaqəli, həm də bölgədə Azərbaycanın yürütdüyü siyasəti xarici məkana bir daha təqdim eləmək mənasında bu, mühüm bir platforma, çox vacib bir tribunadır. Əlbəttə ki, bu qərar Azərbaycanın siyasi təsdiqidir”.


 Rufik İSMAYILOV
URL / WWW
http://kelam.az/article/a-5550.html