Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Azərbaycanda hələ ki, təkcə kosmik turizmin potensialı yoxdur”
20.12.11 20:46

Bahadur Bilalov: “Ölkədə turizmin ən yaralı yeri xidmətlə qiymət arasındakı tərs-mütənasiblikdir”

Azərbaycanda “Turizm ili” elan olunan 2011-ci il başa çatmaq üzrədir. İl ərzində bu sahənin, görülən işlərin lehinə və əleyhinə bir çox fikir səsləndi, rəylər bildirildi. Yekun olaraq təbii ki, mütəxəssis fikrinə ehtiyac var və bu məqsədlə suallarımızı Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalova ünvanladıq:

- Azərbaycanda turizm potensialının böyük olması hər zaman deyilir. Bu potensialdan yetərincə istifadə edə bilirikmi? Bu gün turizmimiz olmalı olduğu səviyyədədirmi?

- Doğrudan da, turizmin inkişaf etdirilməsi üçün Azərbaycanın potensialı çox böyükdür. Sadəcə olaraq, biz bu potensialı hələ lazımi səviyyədə turizm məhsuluna çevirə bilməmişik. Düzdür, Azərbaycanda turizmin tarixi kökləri var, ta qədim zamanlardan Azərbaycan səyyahların, elm adamlarının, səyahətsevərlərin marağında olan bir yer olub, sovet dönəmində turizmin maddi-texniki bazasının formalaşması yönündə iş görülüb. Amma sovet turizmi ilə bugünkü turizmin arasında fərq var. Sovet zamanı turizm bir biznes sahəsi kimi nəzərdə tutulmurdu. Hələ ötən əsrin 80-ci illərində Azərbaycanda atçılıq turizminin inkişafı gündəmdə idi. Bu gün bu potensialdan hələ lazımı səviyyədə istifadə edə bilmirik. Dediyim ondan ibarətdir ki, Azərbaycan turizmi 1970-80-ci illərdə formalaşsa da, təəssüflər olsun ki, turizmin inkişafına dair 2002-2005-ci illəri əhatə edən birinci, 2010-2014-cü illəri əhatə edən ikinci dövlət proqramı qəbul olunsa da, biz həm ölkə vətəndaşları üçün bu imkanı yarada biləcək, həm də xaricdən daha çox turist cəlb edəcək turizm məhsulu yarada bilmirik. Məsələn, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramımızı turizm məhsuluna çevirib müxtəlif ölkələrdəki kimi kütləvi bayram turizmi yarada bilməmişik. Göyçayda nar bayramını məhsula çevirməyimiz mümkün olmayıb. Bu kimi digər istiqamətlərdə həm təbii, həm tarixi-memarlıq, adət-ənənə, folklor potensialımız hədsiz dərəcədədir.


- Turizmin daha çox hansı növü geniş potensiala malikdir? Yəni turizm sahəsinin inkişafı üçün hansı növ prioritet olaraq seçilə bilər?

- Hələ ötən əsrdən Azərbaycanda çimərlik turizmi formalaşıb. Məsələn, çimərlik turizmi deyən kimi Nabran zonası yada düşür. Müstəqilliyin ilk illərindən Nabranda bu sahənin inkişafı istiqamətində maddi-texniki baza yaradılması işinə başlanılıb, bu məsələ davam edir. Ölkənin heç bir regionunda olmadığı qədər Nabranda çimərlik turizmi ilə bağlı istirahət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan çimərlik turizmi nöqteyi-nəzərindən nə Gürcüstanla, nə Türkiyə ilə, nə də başqa ölkələrlə rəqabətə girə bilmir. Çünki bizdə Xəzər sahilləri, xüsusən Bakı akvatoriyası həddən artıq çirklidir. Hər il müxtəlif dövlət qurumları Bakı sahillərindəki çimərliklərdə çimməyin təhlükəli olması haqda həyəcan təbili çalırlar. Əgər biz doğrudan da çimərlik turizmini inkişaf etdirmək və qonşu ölkələrlə rəqabətə girmək istəyiriksə, mütləq Xəzərin təmizlənməsi üçün tədbirlər görməliyik. Beynəlxalq praktikada bu var. Məsələn, Bolqarıstanın Qara dəniz sahilləri ötən əsrin sonlarında çirklənməyə məruz qalmışdı, amma onu qısa müddətdə təmizlədilər.
İkinci bir məsələ qiymət siyasətidir. Çox təəssüflər olsun ki, bizim iş adamları çalışırlar ki, qoyduqları sərmayəni bir-iki ilin içində qaytarsınlar. Bu, mümkün olmayan bir şeydir. Uzunmüddətli strateji plan, menecment təfəkkürü olmalıdır ki, necə edim ki, qiymət aşağı olsun gələnlərin sayı çoxalsın, mənim istirahət mərkəzimə insanlar bütün il ərzində gəlsinlər. Bahalığın bir səbəbi ondan ibarətdir ki, bizdə çimərlik mövsümü az olur. Amma elə etmək olar ki, o istirahət mərkəzlərində dənizdə çimib günəş vannası qəbul etmək istəyənlər istifadə etsinlər, digər vaxtlarda öz istirahətini təşkil etmək istəyənlər də ora üz tutsunlar. Bunun üçün də bir menecer təfəkkürü qoymaq lazımdır ortaya. Qiymət məsələsinə görə bizim öz vətəndaşlarımız gedir qonşu ölkələrə. Halbuki yay istirahətini yüksək səviyyədə təşkil etmək üçün Gürcüstandan da, Türkiyədən də böyük potensialımız var.
Azərbaycanda ekoturizmin, kənd turizminin inkişafı üçün də işlər görməyin vaxtıdır. Mən qış turizmindən çox danışmaq istəmirəm, bilirsiniz ki, dövlətin bu istiqamətdə siyasəti var və şəxsən ölkə prezidentinin təşəbbüsü ilə bölgənin ən iri komplekslərindən biri olacaq “Şahdağ” qış-yay turizm kompleksi inşa olunur. Hesab edirəm ki, bu kompleksin inşasından sonra qış turizminə yararlı digər bölgələrdə də belələri yaradılacaq. Bu, zərurətdən doğan bir məsələdir.
Dünyanın ən inkişaf etmiş 10 ölkəsindən olan qonşu Türkiyə mövsüm amilini aradan qaldırmaq üçün müxtəlif turizm növlərinin inkişafında maraqlıdır. Məsələn, mədəni turizm, hansı ki, onun üçün heç bir mövsümə ehtiyac yoxdur. Deməli, Azərbaycanda da bu işə diqqət artırmaq lazımdır. Mövsümi amilləri zəiflədəcək növbəti istiqamət biznes turizminin bir qolu olan konqres turizmidir. Bizim istirahət mərkəzləri öz işlərini bu istiqamətdə qurmalıdırlar. Amma təəssüflər olsun ki, bu mərkəzlər sentyabrın 15-dən sonra işçilərinin bir hissəsini ixtisar edib işlərini həftəsonu gələn qonaqlar üzərində qururlar. Beləliklə, turizmi inkişaf etdirmək mümkün deyil.


- Turizmin bir çox növünü qeyd etdiniz ki, Azərbaycanın böyük potensialı var, bəs heç elə bir turizm növü varmı ki, Azərbaycanda onun inkişafı üçün potensial olmasın?

- Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200-250 min dollar civarında xərclə bunu təşkil etmək olar. Azərbaycanda bunun potensialı yoxdur hələ ki. Bundan başqa, potensialımız olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq hərbi turizm inkişaf etməyib. Məsələn, Rusiyada bu turizm növü geniş inkişaf edib. Ənənəvi turizm növlərinin demək olar ki, hamısı üçün Azərbaycanda potensial var.


- Turizmdə qiymət və xidmət problemi bu sahənin inkişafına ən çox mane olan amillərdən biri kimi qabardılır. Necə həll etmək olar bu problemi?

- Azərbaycan turizminin ən yaralı və ən çox tənqid olunan yeri xidmətlə qiymət arasındakı tərs-mütənasiblikdir. Bizdəki qiymətlərin yarısına qonşu ölkələrdə, xüsusən Gürcüstanda istirahət etmək mümkündür. Mən bir müddət öncə Bolqarıstanda bir tədbirdəydim, orda da şahidi oldum ki, bu il qiymətləri xeyli aşağı salıblar. Azərbaycanda elə də ucuzlaşma müşahidə olunmadı. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bayaq dediyim kimi, turizm obyektlərinin sahibləri çalışırlar ki, qoyduqları sərmayəni qısa bir müddətdə götürsünlər, ona görə də qiymət daim yuxarı səviyyədə saxlanır. Digər tərəfdən, turizmçilər iddia edirlər ki, tələbat olduğuna görə qiymət yuxarıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşlarının heç də hamısı yüksək gəlirə malik deyil. Yəni qiymətləri müəyyənləşdirərkən orta statistik azərbaycanlını da nəzərə almaq lazımdır. Xidmətin aşağı olması da elə bu məsələlərlə bağlıdır. Mövsüm bitəndən sonra sahibkarlar işçiləri ixtisar edirlər və gələn il yenilərini götürməli olurlar. Bu isə peşəkarlaşmağa mane olur. Qeyri-peşəkar personal isə təbii ki, xidmət haqqında minimum bilgilərə malik olur. Ona görə də xidmətin səviyyəsi aşağıdır. Qiymətə təsir edən subyektiv səbəblər də var ki, bu, istirahət mərkəzlərinin işinə qeyri-qanuni müdaxilələr, yeni istirahət mərkəzlərinə heç bir güzəştin tətbiq olunmaması, turizm məqsədilə ölkəyə gətirilən mallara gömrük güzəştlərinin tətbiq edilməməsi və s. kimi hallardır.


- Azərbaycanın hotelləri, mehmanxanaları, turizm şirkətləri, ümumilikdə ölkə turizmi “Eurovision” müsabiqəsini qarşılamağa hazırdırmı? Bu ilin mayında qələbə qazananda rəylər vardı ki, Azərbaycan çətinlik çəkəcək bu müsabiqəni qarşılamağa. Ötən təxminən 6 ay ərzində nə dəyişib, problemlər həll edilirmi?

- Görülən işlər haqqında o qədər də ətraflı məlumata malik deyiləm. Bəzən biz ajiotaj halına gətirib çıxarırıq ki, görəsən necə olacaq, necə qarşılanacaq müsabiqə. Mən sizə deyim ki, müsabiqə zamanı hətta 50-60 min turist də gəlsə, bir problem yoxdur. Sadəcə, hazır olmaq lazımdır. Mən bilmirəm nə məqsədlə hotellərə hələ də bron etməyə icazə verilmir. Qoyun etsinlər də. Onda məlum olacaq ki, bizim təxminən nə qədər qonağımız olacaq. Digərləri üçün yer lazımdırsa, bunu təşkil etmək olar. Bu məqsədlə normal şəraiti olan ali məktəb yataqxanalarından istifadə etmək olar. Gələnlərin böyük əksəriyyətini gənclər təşkil edəcək. Gənclər üçün isə 4-5 ulduzlu mehmanxana lazım deyil. Nəzərə alsaq ki, mayda Azərbaycanda havalar isti olur, müəyyən ayrılmış yerlərdə çadırlar da qurub təklif etmək mümkündür. Ölkədə kifayət qədər turizm şirkəti fəaliyyət göstərir. Lap 100 min turisti qəbul etməyə gücümüz var. Problem yalnız yerləşmədə ola bilər ki, bunu da həll etmək mümkündür. Məsələn, şəxsi evlərdən istifadə etmək olar. Amma bunun üçün də indidən o evlər müəyyənləşməli, sahibləri ilə müqavilələr bağlanmalıdır. Yaxud tikilmiş hazır binalardan yerləşmə müəssisəsi kimi istifadə etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı müsabiqəyə hazırlıq üzrə komissiyanın sədridir və hesab edirəm ki, onun rəhbərliyi altında bütün lazımı tədbirlər görüləcək və “Eurovision-2012” Azərbaycanda çox yüksək səviyyədə təşkil olunacaq. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi, hotel təsərrüfatı da bu işdə yaxından iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5496.html