Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » «Bu cür hesabatlara əhəmiyyət verməməliyik»
19.11.11 15:30

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə «Amnesty İnternational»ın hesabatının qeyri-obyektiv olduğunu düşünür

Bu günlərdə «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabat narazılıqlara səbəb olub. Hsabatda yer alan bəzi fikirlər həqiqəti əks etdirmir, bəzən isə kiçik xarakterli hadisələrin şişirdilməsi müşahidə olunur. Hesabatla bağlı fikirlərini öyrənmək üçün hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadəyə müraciət etdik.

- Çingiz müəllim, «Amnesty İnternational» təşkilatının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatı necə qiymətləndirirsiniz?

- Mən bu hesabatla tanış olmuşam və hesab edirəm ki, bu, obyektiv deyil. həm bu təşkilatın, həm də digər beynəlxalq təşkilatların bu tipli hesabatlarında yer alan fikirlərin, məlumatların heç bir mənbəyi göstərilmir. Nə qədər ki, bu tipli hesabatlarda informasiyanın mənbəyi obyektiv göstərilməyəcək, onları obyektiv hesab etmək olmaz. Bunu həm «Amnesty İnternational», həm “Freedom House”, həm də ABŞ Dövlət Departamenti nəzərə almalıdır. Mən bu təkliflərimi Azərbaycanda və xaricdə həmin təşkilatların təmsilçiləri ilə keçirdiyim görüşlərdə də səsləndirirəm. Təklif edirəm ki, hesabatlarda yer alan informasiyaların mənbələrini mötərizə içərisində göstərsinlər. Hesabatlar bu cür olsa onlar daha inandırıcı olarlar. Çünki mən bilirəm ki, bəzi QHT təmsilçiləri var ki, bu kimi təşkilatlara informasiya verəndə özlərinin hakimiyyətə olan münasibətlərini də oraya əlavə edirlər. Başqa sözlə desək sətiraltı da olsa hakimiyyətə olan mənfi münasibətlərini ötürdükləri informasiyaya da əlavə edirlər. Burada müəyyən siyasi ambissiyaların da rolu olur. Bəzən görürsən ki, ölkədə kiçik bir hadisə baş verir. Məsələn, hansısa bir jurnalist reketçilik əməlinə, hədə-qorxu ilə pul tələb etməyə görə qanun qarşısında cavab verməli olur. Tutaq ki, onu ya saxlayırlar, ya haqqında həbs qəti-imkan tədbiri seçirlər. Hətta, belə hallarda da informasiyaya siyasi don geyindirilir və beynəlxalq təşkilatlara çatdırılır. Elə bir təsəvvür yaradılır ki. Azərbaycanda mətbuata, jurnalistlərə qarşı təzyiqlər var. Bu baxımdan hesab edirəm ki,  «Amnesty İnternational»ın hesabatında göstərilsə ki, bu informasiyanı Əhməd və ya Fatmanisə verib, onda artıq informasiya verənin özünün məsuliyyəti yaranacaq. Ən azından informasiyanı verən biləcək ki, yalan məlumat verməyə görə məsuliyyət daşıyır. Söhbət ondan getmir ki, həmin şəxsi həbs edib məsuliyyətə cəlb edəcəyik. Bu, mümkün olan şey deyil. Sadəcə olaraq söhbət ictimai qınaqdan gedir. Tutaq ki, QHT Forumu və yaxud digər müstəvilərdə yalan məlumatlar verənlərlə bağlı ictimai müzakirələr aparmaq olar.
Amma mən heç də bütün hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlara həqiqətə uyğun olmayan məlumatlar ötürdüyü qənaətində deyiləm. Mən özüm, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Novella Cəfəroğlu hər şeyin həqiqət kimi beynəlxalq təşkilatlara çatdırılmasına çalışırıq. Hər hansı hadisə barədə məlumat verəndə bunun haradan qaynaqlandığını, niyə baş verdiyini izah etməyə çalışırıq.


- Hesabatda sizi narazı salan əsas məqamlar hansılardır?


- Hesabat ümumilikdə qeyri-obyektivdir. Baxırsan ki, keçənilki informasiyalar bu il yenə təkrarlanır. Halbuki artıq həmin məsələ həllini tapıb. Və yaxud da ki, hesabatda çox kiçik bir problemi elə böyük bir həə təqdim edirlər ki, baxırsan ki, bu, heç bir həqiqətə uyğun olan məsələ deyil.


- Çingiz müəllim, hesabatda belə bir fikir yer alır ki, Azərbaycan hökuməti internet azadlığını məhdudlaşdırmaq niyyətindədir və bununla bağlı qanunverici bazanın hazırlanmasına başlanılıb. Həqiqətənmi belə bir qanun layihəsi hazırlanır?


- Mən bir millət vəkili olaraq rəsmi şəkildə sizə deyə bilərəm ki, hazırda Azərbaycan parlamentində nə belə bir qanun layihəsi var, nə də bununla bağlı hər hansı müzakirə getmir. Heç bu, mümkün olan şey də deyil. bu gün Azərbaycanda vətəndaşlar heç bir məhdudiyyət olmadan internetin imkanlarından yararlanırlar. Bax, görürsünüzmü, hətta, olmayan məsələləri də hesabata salırlar. Bu da bayaq qeyd etdiyim kimi bəzi hüquq müdafiəçilərinin hakimiyyətə olan münasibətlərinin nəticəsidir. Azərbaycanda bir qrup insan var ki, onlar nəyin bahasına olursa-olsun hakimiyyətin atdığı bütün addımları qara rəngdə təqdim etməyə çalışırlar.


- Bəs onda «Amnesty İnternational» kimi təşkilatlar niyə verilən bu cür xəbərləri dəqiqləşdirmirlər?


- Bu əslində onların da maraqlarına uyğun gəlir. Onlar məlumatların dəqiqləşdirilməsində maraqlı olsaydılar, Milli Məclisdə təmsil olunan hüquq müdafiəçisi kimi mütləq mənimlə əlaqə yaradardılar. Mənim onsuz da onlarla əlaqələrim var. Yəni onların imkanı var idi ki, mənə telefon açıb belə bir qanun layihəsinin üzərində iş gedib-getmədiyini dəqiqləşdirərdilər. Ancaq görürük ki, beynəlxalq təşkilatlar bu cür xəbərləri hüquqi tərəfdən təkzib edə bilən adamlarla deyil, hakimiyyətə mənfi münasibəti olan adamlarla işləməyə üstünlük verirlər. Daha çox onların göndərdikləri informasiyalardan istifadə edirlər.


- Bəs burada məqsədləri nədir?


- Məqsəd aydındır, onlar bu yolla Azərbaycanı təzyiq altında saxlamaq niyyəti güdürlər. İstəyirlər ki, bu yolla ölkəmizə təsir etsinlər. Mənim fikrimcə biz bu cür hesabatlara çox ciddi əhəmiyyət verməməliyik. Azərbaycanda kimin nə işlə məşğul olduğu, qanunların harada pozulduğu hamıya məlumdur. Bunu müəyyənləşdirmək üçün beynəlxalq təşkilatların hesabatlarına ehtiyac yoxdur. Bu hesabatların Azərbaycanın daxilindəki proseslərə və idarəçiliyə bu və ya digər formada heç bir təsiri yoxdur.
URL / WWW
http://kelam.az/article/a-5222.html