Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Dindarlar ekstremizmə qarşı
26.10.11 14:53

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Azərbaycanın və Rusiyanın din xadimləri və ilahiyyatçılarının iştirakı ilə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda görüş keçirilib (sentyabrın 29-da). Görüşdə həmçinin ənənəvi konfessiyaların rəhbərləri, Millət vəkilləri, tanınmış ziyalılar, Moskva Dövlət Linqvistika Universitetinin və Bakı İslam universitetinin nümayəndələri iştirak etmişdirlər.

Görüşü giriş sozuylə Qafqaz Müsəlmanları İdarəsinin sərinin müavini, Bakı İslam universitetinin rektoru Hacı Sabir Həsənli açdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə görüşdə çıxış edərək regionun birlik və inkişafına ciddi maneə olan terrorizmin yaratdığı fəsadlardan, onun qarşısının alınması üçün real addımların atılmasından danışdı.


Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycan xalqının tarix boyu zəngin tolerantlıq ənənəsinə sahib olduğunu, bölgə xalqları ilə daim xoş münasibətdə və dostluq şəraitində yaşamağa böyük əhəmiyyət verdiyini qeyd etdi.


Rusiya Pravoslav Kilsəsinin Kilsə və cəmiyyətin qarşılıqlı əlaqələri üzrə Sinodal şöbəsinin rəhbəri protoirey Vsevold Çaplin öz çıxışında Qafqazdakı vəziyyətin bütün bəşəriyyətin gələcəyi üçün önəm daşıdığını qeyd edərək, regionda sülh və əməkdaşlığın vacibliyinin region xalqları üçün olduğu kimi, onları əhatə edən dövlətlərin də asayiş və tərəqqisinə şərait yaradacağını dedi.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edərkən dedi ki, hazırda Azərbaycan bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı unikal məkandır, o nadir dövlətlərdəndir ki, indiyədək daxildə din zəminində hər hansı münaqişə baş verməyib.


Görüşdə müasir dövrdə dinlərarası dialoqdan, qarşılıqlı münasibətlərdən, müstəqillik dövründə din və dövlət arasında əlaqələrin inkişafından, habelə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin birgə səyləri ilə ekstremizm və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasından ətraflı söhbət açıldı və geniş müzakirələr aparıldı.


Sonda Azərbaycan Respublikası və Rusiya Federasiyası din xadimlərinin və ilahiyyatçılarının BİRGƏ BƏYANAT qəbul etdilər.


- Biz, görüş iştirakçıları - Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçıları - dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanması naminə tərəfdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduğumuzu ifadə edərək birgə bəyanatla çıxış edirik.


Biz, siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq.


Biz, görüş iştirakçıları, zor, terrorizm və ekstremizmin heç bir təzahürünü qəbul etmir və bu səbəbdən Qafqazda, eləcə də MDB-nin digər regionlarında müharibələrin və terror aktlarının qarşısının alınması üçün hakimiyyəti və cəmiyyəti səylərini əsirgəməməyə çağırırıq. Bizim arzuladığımız gələcəkdə anaların və uşaqların qanlı göz yaşları, Dağıstanda, Çeçenistanda, Kabarda-Balkarda, İnquşetiyada və digər məkanlarda terror aktları və günahsız qurbanlar olmamalıdır. Biz bölgədə separatizm və terrorizmin yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.


Biz dünya ictimaiyyətinə müraciət edərək terrorçu və ekstremist qruplaşmalara heç bir mənəvi, maliyyə, hərbi-texniki yardım və dəstək göstərilməməyə çağırırıq.


Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimlərinin və ictimaiyyət nümayəndələrinin xalqlarımızın maraqlarına xidmət etmək yönümündə çoxəsrlik əməkdaşlıq tarixi vardır. Bizim ümumi rəyimizə görə ənənəvi dinlərin dirçəlişi vətəndaş cəmiyyətinin mənəvi-əxlaqi dayaqlarının möhkəmlənməsinə xidmət edəcək, dindarların hüquqlarının gerçəkləşməsi imkanlarını genişləndirəcək, xalqlarımız qarşısında duran bir çox vacib məsələlərin həllinə yardımçı olacaqdır.


Biz bu xeyirxah məramlarla aşağıdakı praktik addımları atmağa hazır olduğumuzu bəyan edirik:


1. Yaxın və uzaq xaric ölkələrinin din xadimləri və ilahiyyatçılarının iştirakı ilə ekstremizm ideologiyasının, xüsusilə gənclərin arasında yayılmasının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlər keçirilmək təcrübəsini davam etdirmək;


2. Gələcək beynəlxalq miqyaslı görüşlərin gedişində Moskva Dövlət Linqvistika Universitetinin Strateji Planlaşdırma və Təhlükəsizlik Problemləri üzrə Elmi-təhsil Mərkəzinin bazasında yeni qurum - terrorizm ideologiyasının, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyəti təsisatlarının və dini konfessiyaların səylərinin konsolidasiyası üzrə Beynəlxalq Şura yaradılması imkanını nəzərdən keçirmək;


3. MDB-nin dövlət və dini tədris müəssisələrində dini ehkamların terrorizmə bəraət qazandırmaq üçün istifadəsinin yolverilməzliyi barədə və MDB dövlətlərində ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məqsədilə mühazirə və seminarlar kursunun daxil edilməsini məqsədəuyğun hesab etmək;


4. Hər il Rusiyanın bölgələrində və MDB dövlətlərində müxtəlif konfessiyaların təmsilçisi olan din xadimlərinin iştirakı, gənclər təşkilatlarının cəlb olunması ilə terrorizmin profilaktikası və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair tədris, metodik ədəbiyyat və fotosənəd sərgiləri təşkil etmək;


5. Müxtəlif konfessiyalardan olan din xadimlərinə Moskva Dövlət Linqvistika Universitetinin Dini Təhsil üzrə Ali Təhsil müəssisələri arası Şurası nəzdində MDB çərçivəsində dinlərin qarşılıqlı əlaqələri probleminə dair Beynəlxalq Tədqiqat Konsorsiumu yaratmağı təklif etmək.
İnanırıq ki, beynəlxalq əməkdaşlığın inkişafı, müxtəlif konfessiyalardan olan din xadimlərinin və elmi ictimaiyyətin ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması yönündə fəal mövqeyi MDB məkanında təhlükəsizliyin təminatına və terrorizmin səviyyəsinin endirilməsinə xidmət edəcəkdir.


Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimlərinin və ilahiyyatçılarının ikitərəfli görüşünün iştirakçıları.


29 sentyabr 2011-ci il
Bakı şəhəri, Azərbaycan Respublikası
URL / WWW
http://kelam.az/article/a-5049.html