Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Milli pulun tarixi
26.10.11 14:53

Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 19 il ötür. Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı  1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb. Bəs Azərbaycanın pul emissiyasının tarixi nə vaxtdan başlayır? Ax müstəqillikdən öncə də pullarımız olub.


İlk seriya milli valyutanın tarixi

Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Azerbaydjanskaə Respublika” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Sovet Azərbaycanın pulları


Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılıb.
1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə buraxılıb.
Azərbaycan Sovet Sosialist Respublikasının 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdu. Çap prosesində su nişanları yalnız bir neçə nominalda – 25.000, 100.000, 250.000 və 1.000.000 manatlıq əskinaslarda istifadə edilmişdi.
1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur ki, 1-ci buraxılışa 5.000, 10.000, 50.000, 100.000, 250.000, 500.000, və 1.000.000 rublluq, 2-ci buraxılışa 500, 10.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq, 3-cü buraxılışa 10.000, 25.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq nominallar daxildir.
1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılıb.
1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi.
1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilib. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalıb.
Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı.
SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olub.
Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb.

Müstəqil Azərbaycanın milli pul nişanları - AZM


Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılması və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat: 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi.
Prezidentin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.
Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilib.
Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.
1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.
İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.
İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılıb. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.
Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Ən yeni milli pul - AZN


Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb.
Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həə olsa da davam etməkdədir.
Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.
Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edildi.
Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilib. 
Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunub.


Modern.az
URL / WWW
http://kelam.az/article/a-5046.html