Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Prezident İlham Əliyev: “Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq...”
26.10.11 14:53

İcra Başçısı Qəzənfər Ağayev: “Prezident tərəfindən işimizə verilən bu yüksək qiymət bizi arxayınlaşdırmamalıdır...”

Bu yerlərin yayı isti, bürkülü, payızı çiskin və yağışlı, qışı mülayim olur. Yazda yamyaşıl ağaclarla, sıx meşələrlə, qışda ağappaq qarla örtülü Talış dağları bu torpağa ayaq basanları mehribanlıqla salamlayır. Bir sözlə, ölkəmizin cənubunda yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biridir. Son illər Masallının siması xeyli dəyişib və müasir şəhərə çevrilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan park əsaslı şəkildə yenidən qurulub. Parkda Heydər Əliyev Mərkəzi tikilib, istirahət guşələri yaradılıb, yaşıllıqlar salınıb. Ulu öndərin adını daşıyan parkın və Mərkəzin açılışına həsr olunan mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Masallı şəhərinin mərkəzində görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin abidəsi ucaldılıb, ərazidə müasir üslubda istirahət parkı salınmışdır. Yeni salınan Nizami parkı və Bayraq Meydanı şəhərə xüsusi gözəllik verir. Şəhərin digər park və xiyabanlarında, şəhərdaxili küçələrdə, səkilərdə abadlıq, yenidənqurma işləri görülüb, küçələrdə müasir işıq sistemi quraşdırılıb, həmişəyaşıl ağaclar əkilib. Habelə Möhtərəm Prezidentin xeyir-duasıyla istifadəyə verilən Masallı Olimpiya İdman Kompleksi Masallı idmançıları üçün əvəzsiz hədiyyədir.

Masallının çox qədim tarixi var...


Masallının çox qədim tarixi var. Aparılan arxeloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, bu ərazidə qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilib.
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib. Tarixi mənbələrdə bu toponimi "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranmasını ehtimal edənlər də var. "Azərbaycanın coğrafi adları"  (R.Yüzbaşov və Ş.Sədiyevin birgə müəlliflər) kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunur.
Coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.
Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanıb. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilib. Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olub. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı N.Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Möhtərəm Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər edib.

Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşıb...


Son illərdə dövlətin qayğısı ilə bu rayonda geniş quruculuq işləri həyata keçirilib, əhalinin sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşıb. Bu gün 105 kəndi, 3 qəsəbə və bir şəhəri, 203,5 min əhalisi olan Masallıda elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat sahəsində on mindən çox ali və orta ixtisas təhsilli mütəxəssis çalışır. Rayonun 721 kvadrat km ərazisi var. Masallıda 1 kvadrat km-ə 283 nəfər əhali düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə, respublikadan 3 dəfə çoxdur. Masallı rayonu hər kvadrat km-ə düşən əhalinin sayına görə dünyada ən sıx əhalisi olan Çin Xalq Respublikasını belə ötüb keçib. Hazırda rayonda 10-dan çox millətin nümayəndəsi, həmçinin 466 nəfər məcburi köçkün və qaçqın yaşayır.
Rayonda yeni iş yerləri yaradılıb, tikinti-quruculuq, abadlıq işləri sürətlə davam etdirilir. Rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 152,4 milyon manat olub. Sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,9 faiz artaraq 14,9 milyon manat, bütün maliyyə mənbələrindən tikintiyə qoyulan investisiyanın həcmi isə 3,3 milyon olub. Kənd təsərrüfatı məhsullarının həcmi müvafiq dövrlə müqayisədə 8,8 faiz, nəqliyyat və rabitə sektorunda göstərilən xidmətlərin səviyyəsi isə 2,7 faiz artıb.
Masallıda aqrar sektora göstərilən diqqətin nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının əkin sahələri xeyli genişləndirilib. Təkcə, bu il 10 min 945 ha sahədən 31 min 326 ton taxıl toplanıb ki, bu da Masallı rayonu tarixində ən yüksək göstəricidir. Cari il taxıl sahələrində orta məhsuldarlıq 28,6 sentner olub ki, bu da respublika səviyyəsindən 4,6 sentner çoxdur. Taxılçılığın inkişafı maldarlığın da inkişafına təkan verib. İribuynuzlu mal-qara 69 min 376 başa, xırda buynuzlu mal-qara isə 74 min 763 başa çatıb. İyulun əvvəlinə 33 min ton tərəvəz, 27 min ton kartof, 4 min tonadək bostan məhsulları istehsal olunub. Həmçinin rayonda tutumu 1200 ton olan soyuducu anbar və 2 ha sahəni əhatə edən istilikxana quraşdırılmışdır.
Rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon sahibkarlarına daimi dəstək olur. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısını alır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından kömək göstərir. Yerli sahibkarların vəsaiti hesabına Masallı şəhərində Bakı-Astara magistral avtomobil yolu boyu müasir tipli mebel mağazaları, Masallı şəhərinin Heydər Əliyev və M.Talışxanov prospektlərində “Zamin Bank”ın və “Bank Respublika”nın rayon filalları üçün inzibati binalar, digər xidmət obyektləri tikilərək əhalinin istifadəsinə verilib. Rayonda “EMBAWOOD” mebel fabriki, “Binə”, “Eldar oğulları” və digər sexlər mebel istehsalı ilə məşğul olur. “EMBAWOOD” mebel fabrikinin buraxdığı məhsullar isə dünya standartlarına cavab verir. Müəssisə daxili bazarı təmin etməklə yanaşı, MDB ölkələrinə, qonşu İrana və Türkiyəyə də məhsul ixrac edir. Yeri gəlmişkən Masallıya səfəri çərçivəsində rayonun sənaye müəssisələrinin işi ilə yaxından tanış olan Prezident İlham Əliyev onların fəaliyyətini yüksək qiymətləndirib: “Masallıda ən yüksək standartlara uyğun istehsal mövcuddur.”
Regionların sürətli inkişafı yeni iş yerlərinin açılmasına da təsir göstərib və ümumilikdə Masallıda 17635 yeni iş yeri yaradılıb.

Kənd və qəsəbələr gözəlləşir...


Masallı rayonunun elektrik təsərrüfatında son illər xeyli təmir və bərpa işləri aparılıb. Rayon ərazisinin bir çox istiqamətində, xüsusən də şəhər mərkəzində SİP kabelləşmənin həyata keçirilməsi və yeni Smart Kart tipli sayğacların quraşdırılmasına başlanılıb.
Təbii qazdan istifadə edən abonentlər də sayca artıb. Daxili imkanlar hesabına Masallı şəhərinə, Banbaşı, Kosakül, Tüklə, Hişkədərə, Miyankü, Mahmudavar, Mişkəmi, Molloba və rayonun digər qəsəbə və kəndlərinə təbii qaz verilişi bərpa olunub. Dövlət Proqramı əsasında rayon mərkəzinə və 26 yaşayış məntəqəsinə yeni qaz xəttinin çəkilməsinə başlanılıb və hal-hazırda işlər sürətlə davam etdirilir. Rayonun Qızılavar və Səmidxan kəndinin qaz təchizatı yenidən bərpa edilib. 2013-cü ilə kimi rayonun tam qazlaşdırılması nəzərdə tutulub.
2006-ci ildən bu günə kimi daxili imkanlar hesabına rayonun 30 yaşayış məntəqəsinə qaz verilişi bərpa olunaraq ümumilikdə 50 yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, abonent sayı 17051-ə çatdırılmışdır. İşlər başa çatdrıldıqdan sonra rayon üzrə abonentlərin sayı 9 minədək artacaq və ümumilikdə 27 minə yaxın abonent təbii qazla təmin olunacaqdır. 
Əhalinin içməli su təchizatında yaranmış problemlər uzun illər öz həllini tapmasa da bu sahədə də iş başlanıb. 2008-ci ildə Yusifli su mənbəyindən şəhər mərkəzinə 8 km uzunluğunda magistral su xətti çəkilmiş və 7 km uzunluğunda şəhərdaxili şəbəkə ilə bulaqlar vasitəsi ilə əhalinin istifadəsinə verilmişdir. Bu işlərin davamı olaraq Yusifli-Qızılağac içməli su xətlərinin 3 km hissəsində, Təzə Alvadı-Həsənli-Qarğalıq su xəttinin isə 4 km hissəsində təmir işləri aparılmış, Qarğalıq kəndi istiqamətində 7 km uzunluğunda yeni içməli su xətti çəkilmişdir. Masallı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar texniki əsaslandırma işləri aparılmış, tender vasitəsi ilə icraçı şirkət təyin olunmuşdur. Yaxın vaxtlarda işlərin icrasına başlanılacaqdır. Çəkiləcək içməli su xəttinin uzunluğu 128,2 km, kanalizasiya xəttinin uzunluğu isə 114,5 km-dir.
2007-2011-ci illər ərzində 39,4 km yeni çəkilmiş yola asfalt və qara örtük salınmışdır. Bundan başqa 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə Masallı rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə ayrılmış vəsait hesabına Şıxlar-Kalinovka avtomobil yolunun 5,3 km, Kalinovka-Qızılağac avtomobil yolunun 1,8 km, Tatyan-Güllütəpə avtomobil yolunun 2,85 km əsaslı təmir edilmişdir. Həmçinin bu dövr ərzində Respublika əhəmiyyətli yollarda da cari təmir işləri aparılmışdır. Həmçinin cənab Prezidentin 30 iyul 2011-ci il tarixli 1671 saylı Sərəncamı ayrılmış vəsait hesabına 20 km uzunluğunda olan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda əsaslı təmir işlərinə başlanılmış və hazırda işlər davam etdirilir
Masallıda ATS şəbəkələrinin elektronlaşdırılması tam başa çatdırılıb. Artıq rayonda 24 min 232 abonentin hamısı bu yüksək xidmətdən istifadə edir. Cari ilin fevral ayında rayon Telekommunikasiya Qovşağının binasında baş vermiş qəzadan sonra qovşağın binası sökülərək onun yerində az müddətdə yeni ikimərtəbəli bina tikilib.


Masallı inkişafının yeni dövrünü yaşayır...


Masallı respublikamızda inkişaf sürətinə görə qabaqcıl rayonlar sırasındadır. Son illər rayonun şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri görülür. İnkişaf, tərəqqi insanların da gündəlik həyat tərzində, yaşayış səviyyəsində aydın hiss olunur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısının tövsiyə və tapşırıqları Masallıda uğurla icra olunub. Prezident İlham Əliyevin “...hər bir bölgənin inkişafı bütövlükdə ölkənin inkişafı deməkdir, hər bir rayonun, kəndin problemlərinin həlli bütünlükdə ölkədə mövcud problemlərin həlli deməkdir. Biz hamımız çalışmalıyıq ki, doğma Vətənimizi daha da möhkəmləndirək, gücləndirək, zənginləşdirək” tapşırığı rayonun icra strukturlarında rəhbər tutulur, bütün səylər vahid məqsəd uğrunda birləşdirilir. Xüsusən tikinti, quruculuq, abadlıq işlərinin həyata keçirilməsində, sahibkarlığın və turizmin inkişaf etdirilməsində, yeni iş yerlərinin yaradılmasında Masallı öncül mövqeyi ilə seçilir.
Rayon icra hakimiyyətinin rəhbərliyi təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti artırmaqla yanaşı tədrisin keyfiyyətinin yüksəldilməsinə, müstəqil Azərbaycanın gələcək qurucularının hərtərəfli hazırlanmasına da qayğı göstərir. Təhsil şöbəsi və rayonun tədris müəssisələrinin fəaliyyətinə nəzarət və tələbkarlıq artırılıb. Hazırda rayonda ümumtəhsil məktəblərində davamiyyətin və ciddi nizam intizamın bərpa edilməsi üçün davamlı olaraq lazımi tədbirlər həyata keçirilir. Rayondakı təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə ardıcıl işlər aparılır. Belə ki, son illərdə 26 yeni məktəb binası tikilib, 6 məktəb əsaslı təmir olunub. Hal-hazırda 6 məktəbin tikintisinə və bir bağçanın əsaslı təmirinə başlanılmışdır. Elə bunun nəticəsidir ki, Masallıda 2011-ci ildə qəbul imtahanlarının nəticələrində 2010-cu illə müqayisədə ciddi irəliləyişlər olub. Belə ki, 2010-cu ildə 701 şagird sənəd verib 205 nəfər tələbə adını qazanmışdırsa, 2011-ci ildə 690 nəfərin 240 nəfər ali məktəblərə qəbul olunub. Sənəd Qəbulu Dövlət Komissiyasının məlumatına görə 124 nəfər orta ixtisas məktəblərinə daxil olub. Ötən il 600 baldan yuxarı bal toplayanlar 8 nəfər idisə, bu il onların sayı 12 olub və bu 12 tələbəyə Rayon İcra Hakimiyyəti tərəfindən təqaüd təsis olunub.
Rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsinin də yüksəldilməsi, maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülüb. Dövlət Proqramı çərçivəsində rayonda mövcud səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikilməsi sahəsində böyük nailiyyətlər var. Rayon Mərkəzi Xəstəxanasının əksər şöbələri, Ağ Ciyər Xəstəlikləri Dispanseri əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Rostropoviç Fondunun dəstəyi ilə soyuducu və siqnal sistemi ilə təchiz olunmuş peyvənd materiallarının saxlanılmasından ötrü anbar istifadəyə verilib. Region üçün çox vacib və əhəmiyyətli obyektlərdən sayılan akademik Z.Əliyeva adına Respublika Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun  Masallı filialı dövlət başçısının xeyir-duası ilə fəaliyyətə başlayıb. Bu unikal tibb ocağı müasir avadanlıqlarla təchiz olunub, burada müayinə və mürəkkəb cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Rayonda mövcud səhiyyə ocaqlarının yeniləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər Ərkivan qəsəbəsində Sağlamlıq Mərkəzi, Hüseynhacılı, Köçəkli, Banbaşı, Köhnə Alvadı, Kubin və Şıxlar kəndlərində feldşer-mama məntəqələri tikilib istifadəyə verilib.
Prezident İlham Əliyev 14 aprel 2011-ci il tarixdə Masallıya səfəri zamanı rayonda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olub. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Masallının inkişafının yeni dövrünü yaşadıqlarını söyləyib: “Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda demək olar ki, əsas sosial problemlərin həllinə gətirib çıxaracaq”.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev isə bildirib ki, Prezident tərəfindən onların işinə verilən bu yüksək qiymət bizi arxayınlaşdırmamalı, tam əksinə daha məsuliyyətlə və əzmlə işləməyə sövq etməlidir. Qəzənfər Ağayev qeyd edib ki, Prezident İlham Əliyev cənablarının 19 aprel 2011-ci il tarixli Sərəncamı ilə Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsaitin ayrılması qarşımıza daha böyük vəzifələr qoyur.

Masallının rəngarəng relyefi turizmi inkişaf etdirir...


Masallının füsunkar təbiəti, mülayim iqlimi, rəngarəng relyefi turizmin inkişafı üçün gözəl imkanlar yaradır. Masallı-Yardımlı yolu boyunca Viləşçayın sahillərində çoxlu turizm obyektləri salınıb. Hər il respublikamızın müxtəlif bölgələrindən və onun hüdudlarından uzaqlardan minlərlə turist dincəlmək üçün bu gözəl, səfalı məkana üz tutur. Bura turistlərin rahatlığı üçün hər bir şərait var. Demək olar ki, Azərbaycana gələn əksər turistlər bura üz tutub gəlirlər. Ümummilli lider Heydər Əliyevin vaxtında Viləşçay dəryaçası Masallıda tikilib. Turistlər o yerə gedir ki, orada sakitlik, təmizlik, qonaqpərvərlik olsun. Azərbaycan xalqında bu qonaqpərvərlik, insaniyyətlik var.
Rayonun qərb dağlıq hissəsi Burovar silsiləsinin alçaq dağ qurşağını əhatə edir. Burada rayonun ən hündür Dəmbəlov zirvəsi (827 m) yerləşir. Rayonun Xəzər sahili coğrafi və mürəkkəb relyef quruluşu müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olub. Şimal-şərqdə qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl, şərqdə yayı quraq keçən mülayim isti, qərb dağlıq hissədə isə yarımrütubətli subtropik iqlim hakimdir. Rayonun ərazisindən Viləşçay, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır. Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə sututumu 46 mln. m3 olan “Viləşçay” su anbarı yaradılıb.
Rayonda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər. 26 turist obyekti xüsusi razılıq (lisenziya) alıb. Həmin turizm və istirahət mərkəzlərində 1100-ə yaxın yer var. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir. Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, 2 muzey və R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi xidmət göstərir.
Turist mərkəzlərində qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılmışdır.
Cari ilin "Turizm ili" elan edilməsi ilə əlaqədar rayonda xeyli iş görülüb. Aprel ayında Bakıda keçirilən 10-cu turizm sərgisində rayonu 5 turist obyekti təmsil edib.
Turistlər hər cür şəraiti olan Masallı Olimpiya Kompleksinin imkanlarından, ekoloji və ailə turizmi, çay çimərliyi, müalicə vannaları formalarından da istifadə edə bilərlər. Müasir tipli mehmanxana və kotteclər Talış meşələrinin və yaşıllıqların içərisində, Viləş çayının sularına yaxın sahələrdə yerləşmişdir.
Milli kulinariyanın ən çox tanınmış çeşidləri ilə gələn qonaqlara yüksək iaşə servis xidməti göstərilir. Milli - mənəvi dəyərlərimizin daşıyıcıları olan el sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar onların xidmətindədir.
Bölgənin bir sıra rayonlarında olduğu kimi, bu rayonda da müalicəvi turizm üçün unikal şərait var. Belə ki, Masallının turist şəbəkələri əsasən meşə zolağında yerləşir.

Masallı deyəndə ilk yada düşən “İsti su”...


Hamı bilir ki, Masallı deyəndə ilk yada düşən onun sağalmaz xəstəliklərin loğmanı olan “İsti su”yudur. Ona görə də əsrarəngiz gözəllik guşəsi olan “İsti su” rayonun simvoluna çevrilib. Ana təbiətin memar əli ilə yaradılmış İsti su möcüzəsi ulu keçmişimizin bizə yadigar qoyduğu ən qiymətli sərvətlərdən biridir. Bura Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş  Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir.
1971-ci ildən "İsti su" şəfa ocağı Ümumittifaq müalicəvi kurort sanatoriyası idi. Bu şəfa ocağının yaranma tarixini dəqiq bilən yoxdur. Ulu əcdadlarımız bu suya min bir dərdin dərmanı olan möcüzəli şəfa ocağı adı veriblər. Sanatoriyada yerin dərinliklərindən 68,7 dərəcə istilikdə çıxan isti su xəstəlikləri iynəsiz-dərmansız sağaldır. Bu suyun tərkibində 9 kimyəvi element və 27 faiz elektrik keçiriciliyi var. Bu su ilə revmatizm və onun fəsadlarını, dəri xəstəliklərini, böyrək və sidik yolları xəstəliklərini, radikuliti, prostatı, hipertoniyanı, qara ciyər və öd yollarını, qadın xəstəliklərini, qadın və kişi sonsuzluğunu, mədə-bağırsaq xəstəliklərini, travmatik zədələnmələri müalicə etmək olar. Bütün bunları ötən əsrin 60-cı illərində Masallıdan olan alim-həkim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng üzə çıxarıb. Alimin kəşfi o vaxtlar böyük maraq doğurub və dövlət tərəfindən, Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya, İstisu şəfa ocağına gələrək tədqiqat aparıb, Mirkazım Aslanlı-Sarəngin kəşfini təsdiqləyiblər.

Son əvəzi...


Bu gün Masallı yüksəliş yolundadır. Hər yanda işgüzarlıq, yenilik, yüksək əhval-ruhiyyə hiss olunur. Zəhmətkeş masallılar doğma rayonlarını daha abad və gözəl görmək üçün yorulmadan çalışırlar. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə qədirbilən insanlar Möhtərəm Prezidentimizin tapşırıqlarını uğurla icra edir və çiçəklənən respublikamızın sürətli inkişafına və tərəqqisinə öz layiqli töhfələrini verirlər.
URL / WWW
http://kelam.az/article/a-5044.html