Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Əziz PÜNHAN. YORULUM
26.10.11 14:53

Yoruldum yuxuda görməkdən səni,
Gəl ki, vüsalına çatım, yorulum,
Yormasın könlümü dünyanın qəmi,
Başımı dizinə atım, yorulum.

Gerçəyə çevrilsin təki bu xülya,
Gözümü açanda bitməsin röya,
Üzməsin ruhumu bu qara dünya,
Qara saçlarında batım, yorulum.

Məgər məhəbbətdə olmur ədalət?
Naş əhdu peyman, hanı sədaqət?
Bilsən nə yaraşar mənə, ticarət,


 
Dünyanı nazına satım, yorulum.

Nə rəva gül kimi çəməndə solum,
Bahar qapısına bağlansın yolum,
Gəl ki, eşqimizin memarı olum,
Gecəni gündüzə qatım, yorulum.

Sən də bir çırpınan quşsan qəfəsdə,
Məndən də üstünsən, eşqə həvəsdə,
Gəlsən, bu təəccüb olmaz heç kəsdə,
Heyrətdən qaşımı çatım yorulum.

Mən Əziz Pünhanam, qandır bu ürək,
Bir ömür səninlə bir olum gərək,
Gündüz könül verək, gecə can verək,
Sonra qollarında yatım yorulum.
URL / WWW
http://kelam.az/article/a-5043.html