Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Əziz PÜNHAN. GÖZƏL MASALLIM
26.10.11 14:53

Dünyada harada var sənin tək diyar,
Ey qucağı Cənnət, gözəl Masallım,
Azərbaycanımda nə çox şəhər var,
Yoxdur sənə nisbət, gözəl Masallım.

Hüsnün şairləri salıb həvəsə,
Haqqında nəğmələr verib səs-səsə,
Əzəldən hüsnüvə hər nə çəkibsə,
Gözəl çəkib Qüdrət, gözəl Masallım.

Yamyaşıl meşələr ruhun səfası,
Şırşır bulaqların ürək şəfası,
Yayılıb dünyaya səsi, sədası,
İstisu bir hikmət, gözəl Masallım.

El-oban şirindil, istiqanlıdır,
Gülərüz, mehriban, qonaqcanlıdır,
Alimin, şairin şöhrət-şanlıdır,
Başdan-başa nemət, gözəl Masallım.

Oğullar qeyrətli, qızlar ismətli,
Sərraf düşüncəli, sözlü, sənətli,
Mələk təbiətli, aslan xislətli,
Torpağı məhəbbət, gözəl Masallım.

Səndən qucaq açdım, bu dünyaya mən,
Ey kiçik qəlbimi, böyüdən Vətən,
Mənim adım sənsən, mənim özüm sən,
Ey əbədi sərvət, gözəl Masallım.

Bu şair könlümə sən olmusan can,
Qoy desinlər mənə, bəxtəvər insan,
Sənin övladındır bu Əziz Pünhan,
Sənsən mənə şöhrət, gözəl Masallım.
URL / WWW
http://kelam.az/article/a-5041.html