Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Zəhərli xeyirxahlar...
26.10.11 14:53

Arıçılığın tarixi çox-çox qədimlərə, insanların hələ mağara həyatı yaşadığı dövrlərdən başlayır. Qədim yaşayış məskənləri olan mağaraların divarlarında çəkilən arı rəsmləri ibtidai insanların arı məhsullarından istifadə etdiyini sübut edir. Alimlər bal arılarının vətəni ilə bağlı müxtəlif regionların adını çəkirlər ki, bu sırada da Cənubi Asiya və Orta Şərq ölkələri, Anadolu bölgəsi var.


Arıçılığın inkişaf etdiyi ölkələr


Müasir dövrdə arıçılığın ən güclü inkişaf etdiyi əsas ölkələr ABŞ, Argentina, Türkiyə, Çin, Rusiyadır. Türkiyədə 4 milyondan çox arı ailəsi saxlanılır. Hər il dünya bazarına çıxarılan 375 min ton balın 25 faizi  Argentinanın payına düşür. Bu ölkədə ildə 100 min tona yaxın bal istehsal olunur. Argentinada istehsal olunan bal keyfiyyətinə görə dünyada ən yaxşı məhsul hesab olunur. ABŞ-da da hər il 100 min tona yaxın bal istehsal olunur.
Avropa Birliyinin üzvü olan ölkələr arasında ən çox bal istehsalı İspaniyadadır-ildə 30 min ton. Fransada 27 min ton, Almaniyada 20 min ton, Yunanıstanda 14 min ton, Portuqaliyada 11 min ton, İtaliyada 10 min ton, Avstriyada 9 min ton, İngiltərədə 3 min ton, Danimarka, Finlandiya və Belçikada 2 min ton, İsveçdə 1000 ton bal istehsal olunur. Avropada ən az bal istehsal edilən ölkələr İrlandiya və Niderlanddır-100 ton. Avropada 150-dən az olmayaraq arı ailəsi saxlayan arıçılar peşəkar sayılırlar. Bu gün dünyada Arıçılıq Birlikləri və Təşkilatları Federasiyası adlı təşkilat da fəaliyyət göstərir. Hazırda federasiyada 50 ölkədən 60-a yaxın arıçılıq assosiasiyası birləşir. Təşkilat hər il dünyanın müxtəlif ölkələrində arıçılığa aid sərgi, simpozium, konfrans, seminarlar keçirir.
Arıçılıqda xüsusi əhəmiyyətə malik bitkilərdən biri cökə ağacıdır. Bir cökə ağacında 20 mindən çox çiçək olur. Bəzi məlumatlara görə, yaşa dolmuş bir cökə ağacının çiçəkləri əlverişli illərdə 30 kq bal verir. Ona görədə arıçılığın inkişaf etdiyi ölkələrdə cökə ağacları xüsusi mühafizə olunur.

Ən zəhmətkeş canlı


Arılar çox işlək canlılardır. 500 qram bal üçün onlar 3 milyon 750 min dəfə çiçəyə qonub qalxırlar. 1 kq bal istehsal etmək üçün 40 min arı 6 milyon çiçəyi dolaşır. Bal arıları bir pətəyi doldura bilmək üçün 100 milyon çiçəyin nektarını sorur. Bu zaman onlar 100 min km məsafəni qanad çalırlar. Maraqlıdır ki, bir bal arısı vücud ağırlığının 300 qatı qədər “yük” apara bilir.
Arının 7 məhsulu var: bal, süd, zəhər, mum, çiçək tozu, propolis, perqa. Bu məhsulların hər biri ayrı-ayrılıqda müalicəvi xüsusiyyətlərə malikdir. Təkcə propolis 180-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bir sözlə, arı məhsulları əbəs yerə min bir dərdin dərmanı adlandırılmırlar. Arı ailələrinin məhsuldarlığı ana arının cinsindən, keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycanda arıçılıq...


Bu gün dünyada ən çox saxlanılan arı cinslərindən biri Boz Qafqaz cinsidir. Bu cinsin vətəni Azərbayan sayılır. Qeyd edək ki, əvəllər Azərbaycanda hər il 10 min tondan çox bal istehsal olunurdu. Ölkəmizin dağlıq və düzən əraziləri olan bölgələrində bu nadir və iqtisadi baxımdan çox sərfəli sahənin inkişafı üçün gözəl şərait var. Respublikamızda 3 mindən çox adam arıçılıqla məşğul olub. Ümumiyyətlə Azərbaycanda 100 mindən çox arı ailəsi saxlanılıb. Ölkəmizdə arçılığın inkişaf etdiyi rayonlar əsasən dağlıq zonalardır - Daşkəsən, Lerik, Yardımlı, İsmayıllı, Gədəbəy. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın coğrafi şəraiti və bitki örtüyü 450 min arı ailəsi saxlamağa imkan verir. Belə olan halda ildə 13-15 min ton bal istehsal etmək olar.
Amma son illər Azərbaycanda bal istehsalı azalıb. Kənd Təsərrüfatı Nazirlyinin məlumatına görə, 2009-cu ildə ölkədə 1600 ton bal yığılıb. 2010-cu ildə isə bu rəqəm 1000 tona düşüb.

Arı zəhərilə müalicə


Bu gün dünaynın bir sıra ölkələrində arı zəhəri ilə müalicə üsulundan istifadə edilir. Arı sancması ilə müalicə apiterapiya adlanır. Bunun üçün xortumu uzun olan arılardan istifadə olunur. Azərbaycanda apiterapiya üçün qabaqtəpə arı növündən istifdə olunur.  Bu müalicə zamanı arı zəhəri təbii qayda ilə orqanizmin lazım olan nöqtəsinə yeridilir. Mütəxəssislərin fikrincə, dərmanla müalicəsi mümkün olmayan xəstələriklərdə arı sancması effektli nəticələr verir. Bura revmatizm, podaqra, osteoxandroz, radikulit və digər xəstəliklər daxildir. Arı zəhəri həm orqanizmin xəstə nayihəsini qıcıqlandıraraq onun bioloji aktivliyini bərpa edir, həm də qana sorularaq immunsistemini möhkəmləndirir.

Qatil arılar


Braziliyada geniş yayılan bal arılarının bir növü var ki, onlar “qatil arılar” adı ilə tanınırlar. Onlar öz yuvalarını yaxşı qoruyur və həddən artıq aqressivdirlər. Bəzən onlar sürü halında bir yerdən başqa yerə köç edirlər. 1957-ci ildə “qatil arı” dəstəsi faciəli hadisələr törədiblər. Həmin il onların Braziliyada 300-ə yaxın adamı sancması bu insanların ölümünə səbəb olub. 1973-cü ildə Braziliyadakı qəsəbələrdən birinə “qatil arı”ların sürü halında köç etməsi nəticəsində 13 min sakin evlərə girərək özlərini qorumağa məcbur olublar. Yalnız yanğınsöndürənlərin arıları qırması nəticəsində asayişi bərpa etmək mümkün olub. 1985-ci ildə ABŞ-da da “qatil arılar”a rast gəlinib və dərhal 1200 kv.metr sahədə karantin elan edilib. Görülən tədbirlər nəticəsində həmin arılar məhv edilib. Bu arılarla davranışda çox ehtiyatlı olmaq gərəkdir. Xırda bir ehtiyatsızlıq, hündürdən danışmaq, yuvaya toxunmaq onların kütləvi hücumuna məruz qalma ilə nəticələnə bilər. Belə halda “qatil arılar” bəzən günlərlə sakitləşmirlər.  Bu arılardan qorunmaq üçün onların iy ala bilməmələri üçün küləyin əks istiqamətində durmaq lazımdır.


Adəm Qorxmaz
URL / WWW
http://kelam.az/article/a-5037.html