Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Türkiyə Respublikasının Diyanət İşləri Başqanı professor Məhmət Görməz Azərbaycanda səfərdə oldu
26.10.11 14:53

Səfər çərçivəsində Məhmət Görməz bir sıra görüşlər keçirdi.

Birgə bəyannamə imzalanıb

Bakıda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Türkiyə Diyanət İşləri Başkanlığı birgə bəyannamə imzalayıblar. Bəyannaməni QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və Türkiyə diyanət işləri başkanı Mehmet Görmez imzalayıblar.Bəyannamədə Azərbaycan və Türkiyənin milli və dini dəyərlərinə, ənənəvi İslam əxlaqi prinsiplərinə uyğun olmayan zərərli dini cərəyanların yayılması, Qafqazlar, Balkanlar və Anadoluda daxili səbatsızlığa yol açan separatçı qüvvələrin, terrorçu təşkilatların, vətəndaş qarşıdurması yaradan bölücü hərəkətlərin ideoloji təbliğatının qarşısının alınmasında müştərək səylərin davam etdirilməsi və birgə əməkdaşlığın gücləndirilməsi qeyd olunub. Qeyd olunur ki, regionumuz üçün aktual strateji əhəmiyyət kəsb edən Qarabağ probleminin ədalətli həlli istiqamətində vahid mövqe nümayiş etdirilir. Türkiyə başkanı ilə QMİ, həmçinin dini və ali təhsil müəssisələri müəllim və tələbələrinin, habelə imam, axund və vaizlərin təcrübə mübadiləsinin təşkilinin fəallaşdırılmasının razılığına gəliblər. Bəyannamədə qeyd olunur ki, tərəflər birgə konfranslarda, dəyirmi masalarda və digər tədbirlərdə iştirak edəcəklər.
QMİ sədri tədbirdə qeyd edib ki, imzalanan bəyannamə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə töhfə verəcək.

Dini idarələr Bakı merinə  müraciət ünvanlayıb


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Türkiyənin Dini İşlər İdarəsi Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Müraciəti QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Türkiyənin Dini İşlər İdarəsinin başqanı Mehmet Görməz imzalayıb.
Məktubda Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğu və iki ölkə arasındakı əlaqələrdən bəhs olunur. Məktubda bildirilir ki, Azərbaycanda, xüsusilə Bakıda kifayət qədər Türkiyə vətəndaşı yaşayır. “Türkiyə vətəndaşlarının vaxtilə ziyarət edərək ibadətlə məşğul olduqları Şəhidlər Xiyabanında yerləşən məscid fəaliyyətini dayandırıb. Həmin məscid dövlət qurumlarının və digər ictimai iaşə obyektlərinin yaxınlığında yerləşdiyi üçün əhalinin normal hərəkətinə maneələr yaradırdı. Buna görə də sizdən Türkiyə vətəndaşları üçün yeni məscidin inşa edilməsi ilə bağlı müvafiq torpaq sahəsinin ayrılmasını xahiş edirik”,-deyə məktubda vurğulanır.
A.Paşazadə qeyd edib ki, Şəhidlər Xiyabanında yerləşən məscid öz fəaliyyətini dayandırmayacaq. Sadəcə, burada daha böyük dini tədbirlər keçirilməyəcək.

Diyanət İşləri Başqanı Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi


Türkiyə Respublikasının Diyanət İşləri Başqanı professor Məhmət Görməzin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
1918-ci ildə Azərbaycanda və paytaxt Bakıda qırğınlar və vəhşiliklər törədən silahlı erməni daşnak dəstələri ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksi də ziyarət edilmiş, abidənin önünə gül dəstələri düzülmüşdür.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Diyanət İşləri Başqanı İçərişəhərlə tanış olub


Diyanət İşləri Başqanı Məhmət Görməzin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə də tanış olub. Türkiyəli qonaqlara əvvəlcə Qız qalasının tarixi, arxitektura quruluşu haqqında məlumat verilib, bildirilib ki, hazırda bu qədim abidənin muzey konservasiyası işlərinə başlanılıb.
Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansara və burada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.
Elektromobillə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.
Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanış olmuşlar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Prezident Türkiyənin Diyanət İşləri Başqanını qəbul etdi


Prezidenti İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini dedi.
Diyanət İşləri Başqanı Mehmet Görmez Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Sonuncu dəfə beş il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox yüksək inkişafın şahidi olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Mehmet Görmez Zaqatala və Şəki şəhərlərində oldu


Azərbaycanda səfəri çərçivəsində Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görmezin rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızın şimal-qərb bölgəsində oldu. Türkiyəli qonaqları bu səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə müşayiət etdi.
Türkiyəli qonaqlar əvvəlcə rayonun qədim ibadət ocaqlarından olan Tala Məscidi ilə tanış oldular. Məlumat verilmişdir ki, məscidin tikintisinə 1901-ci ildə başlanılmış və 1910-cu ildə istifadəyə verilmişdir. Türkiyədən gətirilmiş xüsusi layihə əsasında inşa edilən məscidin tikintisi rayon sakinlərinin maddi yardımı və iməciliklər hesabına həyata keçirilmişdir. Məscidin dam örtüyünün materialını (ağ dəmir) Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vermişdir. Ümumi sahəsi 2500 kvadratmetr olan məscid binasında eyni vaxtda min beş yüzədək dindar ibadət edə bilir. Məscid tarix-mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
Sonra qonaqlar Zaqatala şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etdilər.
Türkiyəli qonaqlar daha sonra rayon tarix-diyarşünaslıq muzeyi ilə tanış oldular. Sonra qonaqlar şəhər məscidində namaz qıldılar. Məlumat verildi ki, məscid binasının tikintisinə 1998-ci ildə başlanmış, 2001-ci ilin mayında istifadəyə verilmişdir. Azərbaycan-Türkiyə dostluğunun əbədi rəmzinə çevrilən bu məscidin tikintisi Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə Gəncliyə Yardım Fonduna həvalə edilmişdir.
Daha sonra Türkiyənin Diyanət İşləri Başqanı Bakı İslam Universiteti Zaqatala filialının tələbələri ilə görüşdü. Məlumat verildi ki, filial 1998-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə yaradılıb. Nizamnaməyə uyğun olaraq, universitet filialı Qafqaz bölgəsində, eləcə də zərurət olduqda başqa dövlətlərdəki dini idarələrin xahişi ilə onlar üçün ali dini təhsilli mütəxəssislər hazırlayır.
Filialın akt zalında keçirilən konfransda rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu görüşün əlamətdar tarixi gün - dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilməsindən məmnun qaldığını bildirib. Türkiyənin Diyanət İşləri Başqanı professor Mehmet Görmez və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək tələbələrə tövsiyələrini bildirmişlər. Rayon İcra Hakimiyyəti adından qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Zaqataladan Şəkiyə yola düşən qonaqlar yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət edilər.
Şəki şəhərinin girişində hörmətli qonaqları şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qarşılamışdır. Sonra nümayəndə heyəti XIX əsrin tarixi-memarlıq abidəsi olan Mərkəzi Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə baş çəkiblər. Türkiyəli qonaqlara məscid və mədrəsə barədə ətraflı məlumat verilmişdir. Diyanət İşləri Başqanı Mehmet Görmez və digər qonaqlar məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdiriblər.
Mədrəsədə keçirilən görüşdən sonra burada təhsil alan 9 nəfər hafizə Qafqaz Müsəlmanları İdarəsinin diplomları təqdim edilib.
Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq türkiyəli qonaqların xüsusilə ürəyincə olub. Məlumat verilib ki, bu saray XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan Xan çinarları türkiyəli qonaqlarda xüsusi maraq oyatmışdır. Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.
Səfər proqramına uyğun olaraq nümayəndə heyəti daha sonra XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı karvansara” mehmanxana-kompleksi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilmiş bu karvansara öz ölçülərinə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansara hesab olunur. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300 otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Türkiyə, Rusiya, İran və digər Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezə, Şeyxülislam Allahşükür Paşazadəyə və digər qonaqlara xatirə hədiyyələri - Şəkidə toxunmuş ipək xalça, şərf və kəlağayı, habelə “Xan sarayı” haqqında kitab təqdim edib.
Karvansaranın həyətində jurnalistlərə müsahibə verən Diyanət İşləri Başqanı Mehmet Görməz deyib: “Azərbaycan müstəqilliyinin 20-ci ilində bir çox ölkənin 100 ildə əldə etmədiyi uğurlara imza atmışdır. Dost və qardaş Azərbaycanda bütün sahələrdə, istər iqtisadi, istərsə də mədəni sahədə böyük inkişaf hiss olunur. Əminəm ki, bu inkişaf əbədiyyətə qədər davam edəcəkdir”.
URL / WWW
http://kelam.az/article/a-5032.html