Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Azərbaycan Respublikası Daxili İşlər Naziri Cənab Ramil Usubova Açıq məktub
26.10.11 14:11

Qafqaz Müsəlmanları İdarəsi Şəriət və Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Mirəsgər oğlu Seyidzadə tərəfindən ərizə

Hörmətli cənab Nazir! 1996-cı il martın 28-də Masallı rayonu Türkoba kəndində avtonəqliyyat qəzası nəticəsində bacım İsmayılova Zabitə Mirəsgər qızı - 12 uşaq ana-sı vəfat etdi. Artıq 15 ildir ki, bu məsələ müəmmalı şəkildə üstüörtülü və açılmamış qalmışdır. 15 ildir ki, kənd camaatının yarısı ilə küskün vəziyyətdəyik. Onların xeyir-şərində iştirak edə bilmirəm. Hər dəfə yerli polislər müəyyən adamların adını çəkməklə məni münaqişəyə sürükləyirlər.

Nəhayət 2011-ci il avqust ayının 21-də əhya gecəsi kənd məscidində camaat üçün iftar süfrəsi verirdim. Həmçinin məscidin həyətində xeyir-şər binasının təmiri üçün bir xeyriyyəçi kimi tapşırıq almışdım. İki gün kənddə olduğum az müddətdə bir neçə iş görmək məqsədilə mübahisəli olan binanın boşaldılması üçün Boradigah Polis bölməsinə müraciət etməli oldum. Kələfin ucu da elə orada açıldı...


Deyirlər haqq incələr, üzülməz. 15 il bundan qabaq həmin bölmədə, rəisin otağında müəmmalı surətdə "bağlanan" iş, elə həmin otaqda da sızma verdi. Bölmə rəisi İlkin İsmayılovdan kömək istəyəndə o, "elə sizin kəndin sahə müvəkkili Vidadini göndərəcəyəm" dedi: Mən təəccüblə soruşdum Vidadi hələ də bizim kəndin sahə müvəkkilidir? Axı o, 1996-cı ildə bacımın ölüm məsələsində işdən uzaqlaşdırıldı. Axı mərhum bacımın qanını elə Vidadi batırdı, Vidadi hadisəni ört-bastır etdi. İndi o gəlib mənə kömək edəcək?,-deyəndə Vidadi əsəbi halda dedi: "Mən hadisəni törədəni həmin axşam tutub gətirdim, gecə yarısı onu buraxdılar. Mən nə edə bilərdim ki? Sizin o dəstəyə gücünüz çatmadı. Mən nə edəydim? Mən balaca adam idim".


Bəli, Vidadi Həsən oğlu Hüseynov bu sözləri deyib, etiraf edəndə biz dörd nəfər - polis rəisi İlkin İsmayılov, Türkoba kənd icra nümayəndəsi Asif Xəlilov, kiçik oğlum Mirsəyid Mirəziz oğlu Seyidzadə və mən, orada canlı şahid olduq. Hamı bir-birinin üzünə baxdı. Vidadi sözünə davam edərək, həmən vaxtlar cinayət axtarış şöbəsinin rəisi Qambay Muradov və Boradigah bölmə rəisi Təhmasib İbrahimovun işi düzüb-qoşmasından danışdı. Bu zaman hazırkı bölmə rəisi İlkin İsmayılov əsas məsələyə keçək deyərək Vidadiyə saat 17:00-da məscidin qabağında olmasını tapşırdı. Bütün bunlara baxmayaraq Vidadi Hüseynov mən gələ bilməyəcəyəm, mənim işim var deyib, imtina etdi. Lakin rəis təkidlə "gəlməlisən, bizdə orda olacağıq",-deyib sözü yekunlaşdırdı.


Axşam çağı saat 17:00-da hamımız məscidin qarşısında olduq. Artıq başqa mənzərə var idi. Görünür Vidadi köhnə sirdaşlarına yaxşı təlimat vermişdi. Vidadinin köhnə sirdaşı Məmmədəli Məmmədovun ailəsi - arvadı, iki qızı və bir oğlu əllərində müəyyən şeylərlə getməsəniz özümüzü yandırarıq və başqa sözlərlə hay-küy salaraq rəis və beş-altı nəfər polis işçisini binanın qarşısından uzaqlaşdırdılar. Bu zaman rəis Vidadinin telefonuna zəng vurdusa da telefonu bağlı idi. Görünür, Vidadi Hüseynov hələdə köhnə cinayətlərin üstünü örtməyə çalışırdı. 15 il öz çirkin vücudunda belə cinayətləri gəzdirən Vidadi və vidadikimilərin iç üzü axır ki, 2011-ci ilin 21 avqustunda açıldı.


Hörmətli cənab Nazir! 15 ildir qəlbimdə olan bu yara artıq qövr edib. Mən və mənim böyük nəsil şəcərəm belə bir haqsızlığa heç cür dözə bilmirik. Haqq ədalət naminə bacımın ölüm məsələsinin açılmasında bizə köməklik göstərməyinizi xahiş edirəm.


Dərin hörmətlə,
Seyidzadə M. M.
12.09.2011
URL / WWW
http://kelam.az/article/a-5031.html