Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məktəblərə dair statistik müayinənin nəticələri açıqlanıb
24.10.11 19:53

Dövlət Statistika Komitəsi (DSK) növbəti dəfə ölkədə fəaliyyət göstərən dövlət əyani ibtidai, orta və tam orta ümumtəhsil məktəblərində onların qış mövsümünə hazırlığı, maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair statistik müayinə keçirib. DSK-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, müayinənin nəticələrinə görə, 4487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3888-i və ya 87 faizi, o cümlədən şəhər yerlərində 1097-si (94 faizi), kənd yerlərində isə 2791-i (84 faizi) kompüterlə təmin olunub. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11 faiz, orta məktəblərin – 82 faiz, tam orta məktəblərin isə - 96 faiz təşkil edib. Ötən tədris ilinin əvvəlinə keçirilən müvafiq müayinənin nəticələri ilə müqayisədə məktəblərdə kompüterlərin sayı 2,4 min ədəd və ya 6 faiz artaraq 42,5 minə çatıb. Hazırda hər 30 şagirdə orta hesabla bir kompüter düşür. Ötən il bu göstərici 33, 2009-cu ildə 35, 2008-ci ildə 39, 2007-ci ildə 47, 2006-cı ildə isə 101 olub. Şəhər yerlərində orta hesabla 29 (müvafiq olaraq - 31, 33, 36, 40, 70), kənd yerlərində isə 32 (müvafiq olaraq – 35, 38, 42, 57, 208) şagirdə bir kompüter düşür. Ümumi təhsil müəssisələrinin 1841-nin və ya 47 faizinin, o cümlədən şəhər yerlərində 79 faizinin, kənd yerlərində 35 faizinin internetə çıxışı var. Məktəblərin telekommunikasiya vasitələri və telefonla təchiz olunması, eləcə də şagirdlərin onlardan səmərəli istifadə etməsi məsələləri Naxçıvan MR-da, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron və Samux rayonlarında daha yaxşı təşkil edilib. 2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin əyani ümumi təhsil müəssisələrində 2903 nəfər, o cümlədən kənd yerlərində 2389 nəfər, şəhər yerlərində isə 514 nəfər əlavə pedaqoji kadra ehtiyac olub və ötən tədris ili ilə müqayisədə bu ehtiyac müvafiq olaraq 1043, 827 və 216 nəfər artıb. Kənd yerlərində müəllimlərə tələbat əsasən kimya (331 müəllim), coğrafiya (292), Azərbaycan dili və ədəbiyyat (247), biologiya (229), fizika (205), informatika (183), tarix (182) və riyaziyyat fənləri üzrə (148) olub. Kənd yerləri üzrə müəllimlərə daha çox ehtiyac Quba (223), Laçın (125), Yardımlı (116), Gədəbəy (112), Xaçmaz (93) və Şabran (92) rayonlarında olub. Şəhər yerləri üzrə müəllimlərə əlavə tələb ilk növbədə fiziki tərbiyə (68), Azərbaycan dili və ədəbiyyat (50), ingilis dili (50), tarix (44), riyaziyyat (43) və fizika (39) fənləri üzrə və Bakı şəhərinin Sabunçu (96), Xəzər (44), Səbail (35), Qaradağ (31) rayonlarında, Şirvan (10) və Naxçıvan (69) şəhərində olub. Müayinə ilə əhatə olunan məktəb rəhbərlərinin məlumatlarına görə, cari tədris ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi mövcuddur və onların 9 faizi mərkəzləşdirilmiş istilik sistemindən, qalanları isə fərdi istilik sistemindən qidalanır. Fərdi istilik sisteminə malik olan təhsil müəssisələri şəhər yerləri üzrə 77 faiz, kənd yerlərində isə 96 faiz təşkil edib. Şəhər təhsil müəssisələrinin 53 faizi qazdan, 18 faizi bərk yanacaqdan, kənd müəssisələrinin isə 66 faizi bərk yanacaqdan və 28 faizi maye yanacaqdan istifadə edir. Eyni zamanda, şəhər müəssisələrinin 21 faizi, kənd müəssisələrinin isə 3 faizi siniflərin qızdırılması üçün elektrik qızdırıcılarından istifadə edirlər.
URL / WWW
http://kelam.az/article/a-5007.html