Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Daha intellektual cəmiyyət naminə
07.10.11 17:11

Yüksək sürətlə inkişaf edən müasir İKT-nin yaratdığı imkanlar, bunun nəticəsində sosial, iqtisadi, hüquqi, mədəni sahələrdə baş verən dəyişikliklər yeni reallıqlar yaradır, yeni ictimai münasibətlər – informasiya cəmiyyəti  formalaşdırır. Dünyanın qabaqcıl, tərəqqipərvər dövlətləri bu prosesi planlı, məqsədyönlü şəkildə həyata keçirirlər. Azərbaycan da bu prosesdə öncüllər sırasındadır.


İntellektual cəmiyyət anlayışı


Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla davam etdirilir. Ölkəmizdə bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 2000-ci ilin sentyabr ayında BMT tərəfindən keçirilən minilliyin sammitində bütün dünya ölkələrinin 2015-ci ilə qədər öz milli inkişaf strategiyalarında informasiya-kommunikasiya texnologiyaları üzrə müvafiq sənəd qəbul etmələri tövsiyə olundu. Azərbaycan bu məsələyə çevik reaksiya verən ölkələrdən biri oldu. 2002-ci ildə Heydər Əliyev Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) hazırlanması haqqında Fərman imzaladı. Cəmi bir ildən sonra belə bir strategiya hazırlanaraq prezidentin imzası ilə təsdiqləndi. İnformasiya cəmiyyətində insanlara dair əvvəllər zərurət duyulmayan yeni tələblər meydana çıxır. Yəni informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, bu cəmiyyətin tamhüquqlu üzvü olmaq, yeni keyfiyyətli vətəndaşına çevrilmək üçün insanlardan yeni bilik, bacarıq və vərdişlər tələb olunur. Əvvəlki cəmiyyətlərdən fərqli olaraq informasiya cəmiyyəti daha intellektual cəmiyyətdir. Aqrar cəmiyyətdə fiziki qüvvə, əl alətləri, sənaye cəmiyyətində mexaniki qurğular, dəzgahlar, maşınlar əsas əmək alətləri idi, informasiya cəmiyyətində isə onları kompyuter, kommunikasiya sistemləri və İnternet əvəz edir. Əvvəlki cəmiyyətlərdə insanların fiziki imkanlarına, sosial mənsubiyyətinə görə onlar arasında fərqlər qoyulurdu. İnformasiya cəmiyyətində isə bütün bu məhdudiyyətlər aradan qaldırılır.  Çünki informasiya cəmiyyətinin əsas əmək aləti olan kompyuterdə fiziki imkanlarından, sosial mənsubiyyətindən asılı olmadan hər bir kəsin işləyə bilməsi üçün texniki imkanlar yaranacaqdır. İnformasiya cəmiyyətində hər bir kəs informasiya və bilik yaratmaq, onlardan maneəsiz istifadə etmək, onları mübadilə etmək, yaymaq imkanına malik olacaqdır. Yalnız informasiya cəmiyyəti fiziki imkanlarından asılı olmayaraq hər bir kəsin əsas hüquq və azadlıqlarını təmin etmək iqtidarındadır.
 


Təhsil sisteminin üzərinə hansı məsuliyyət düşür?


Bütün bunlara nail olmaq üçün təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Müasir təhsil sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş yetişdirmək kimi mühüm vəzifə dayanır. Yalnız elektron vətəndaş ozünü informasiya cəmiyyətinin tamhüquqlu üzvü kimi hiss edə, elektron hökumətlə səmərəli surətdə qarşılıqlı əlaqədə ola bilər. Bütün bunları nəzərə alan dünyanın sivil dövlətləri qarşılarına vətəndaşlarını informasiya cəmiyyətinə hazırlamaq, elektron vətəndaş formalaşdırmaq məqsədi qoyublar. Çünki elektron hökumət şəraitində dövlət hər bir sahədə öz vətəndaşları ilə münasibət qurmalıdır. Hakimiyyətlə vətəndaşlar arasında artıq yeni virtual mühit formalaşır. Yəni vətəndaş veb saytlara müraciət edir, məlumat alır və məlumat verir. Yeni reallıq ortaya çıxır. Dilindən, dinindən, irqindən, sosial mənsubiyyətindən, yaşından, cinsindən, fiziki vəziyyətindən asılı olmayaraq insanlar kompyuter ilə qarşılıqlı əlaqədə olmalıdır. Hazırda ölkəmizdə də informasiya cəmiyyətinin qurulması çərçivəsində insanların bu cəmiyyətə hazırlanması əsas məsələlər sırasındadır. Bu məsələnin həlli istiqamətində bir sıra mühüm işlər görülür. O cümlədən kompyuterləşmənin intensivləşdirilməsi, İnternetin infrastrukturunun yaradılması, inkişaf etdirilməsi, digər tərəfdən, elektron ATS-lərin qurulması, Azərbaycanın bütün ərazisinin bu rabitə infrastrukturu vasitəsilə əhatə olunması istiqamətində tədbirlər həyata keçirilir. Şimali Amerikada və Avropada əmək bazarının vəziyyətini xarakterizə edən son proqnozlara görə, yaxın zamanlarda İKT mütəxəssislərinə tələbat daha yüksək olacaq. Ona görə də tərəqqipərvər dövlətlər öz təhsil sistemlərində, insan resurslarının hazırlanması üzrə siyasətlərində İKT-yə prioritet sahə kimi xüsusi diqqət yetirirlər.

Kadr potensialı yetərlidirmi?


İnformasiya cəmiyyətinin kadr bazasının tələbatını müəyyənləşdirmək, monitorinqini aparmaq və problemləri müəyyənləşdirərək həlli yollarını tapmaq məqsədi ilə biliklər iqtisadiyyatının, yeni intellektual iqtisadiyyatın formalaşdırılması sahəsində xüsusi kadrların hazırlanması nəzərdə tutulub. Belə ki, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesində texnoloji, iqtisadi, siyasi, hüquqi və digər problemlərin həll olunmasında kadr çatışmazlığı nəzərə çarpır.  Prezident İlham Əliyev məhz bu faktoru əsas götürərək “Azərbaycan gənclərinin xaricdə təhsil alması haqqında” Dövlət Proqramını qəbul etmiş və respublikada informasiya cəmiyyətinin kadrlarla təmin olunmasına şərait yaratmışdır. Müvafiq Dövlət Proqramına uyğun olaraq azərbaycanlı gənclər dünyanın qabaqcıl ali təhsil ocaqlarında müasir İKT sahəsi üzrə yüksək ixtisaslara yiyələnərək, yaxın gələcəkdə ölkəmizdəki informasiya cəmiyyəti quruculuğu prosesində fəal iştirak etmək imkanı qazanacaqlar. Azərbaycanda İKT üzrə kadrların hazırlanmasında, informasiya cəmiyyətinin vətəndaşlarının yetişdirilməsində AMEA İnformasiya Texnologiyaları İnstitutu da yaxından iştirak edərək bu işə öz töhfəsini verməkdədir. Bundan başqa, AMEA İnformasiya Texnologiyaları İnstitutu innovativ təşəbbüs irəli sürüb. Bu təşəbbüsə əsasən, 2008-ci ildən başlayaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi tərəfindən bu fakültənin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları” fənni tədris edilir. Azərbaycanın təhsil sistemində ilk dəfə tədris olunan bu kursun birinci dinləyiciləri kimi gələcək jurnalistlərin seçilməsi təsadüfi deyildir. Belə ki, digər peşə sahiblərindən fərqli olaraq, jurnalistlər ideologiyanı mənimsəməklə kifayətlənmir, onun fəal təbliğatçısına çevrilirlər. Azərbaycanda aparılan təhsil siyasəti, informasiya cəmiyyətinin qurulması istiqamətində həyata keçirilən dövlət proqramları artıq öz müsbət nəticəsini verməkdədir. Bütün bu tədbirlər ölkəmizdə perspektivli İKT kadrlarının hazırlanmasının əsasını təşkil edir. Müvafiq kadrlar yaxın gələcəkdə ölkəmizin sosial-iqtisadi inkişafında, informasiya cəmiyyəti quruculuğunda mühüm rol oynayacaqlar.

İKT-nin tətbiqində geridə qaldığımız məqamlar varmı?


Dünyada bu proses 2000-ci ilin başlanğıcından etibarən fəal şəkildə həyata keçirilməyə başlanıb. O cümlədən Azərbaycanda da bu proseslərə son illərdə start verilib. BMT dünya ölkələrində informasiya cəmiyyətinin qurulması ilə bağlı müəyyən qərarlar qəbul edib, ölkələr qarşısında müəyyən öhdəliklər qoyub. Azərbaycan da bu ideologiyaları qəbul edib və bu sahədə inkişaf gedir. Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər eyni zamanda, İKT-yə də aiddir. Azərbaycanın inkişaf tempi dünyanın bütün monitorinq qrupları tərəfindən yüksək qiymətləndirilir. Biz mövqeyimizi böyük sürətlə yaxşılaşdırırıq. Ölkəmiz nəinki öz daxilində bu işlərlə məşğuldur, eyni zamanda, regional layihələrin təşəbbüskarıdır. Məsələn, yaxın illərdə Azərbaycanın Yer ətrafı orbitdə öz süni peyki olacaq. Kosmik sənayenin inkişafı ölkənin yeni imkanlar əsasında tərəqqisinə və idarə olunmasına şərait yaradacaq. Biz Qərbə çox yüksək sürətli informasiya kanalları ilə çıxmalıyıq. Bu, tək bizim deyil, bütün Şərq ölkələrinin istəyidir. Ona görə də Malayziyadan başlayaraq, Qərb ölkələrinə qədər super-informasiya magistralının çəkilişi məsələsi ilə bağlı müzakirələr gedir. Bu, Azərbaycan Prezidentinin təşəbbüsüdür və BMT tərəfindən buna dəstək verilir. Bütün bunlar Azərbaycanın həm regionda aparıcı bir dövlətə, həm də Qərblə Şərq arasındakı super-informasiya magistralının tranzit dövlətinə çevrilməsinə gətirib çıxaracaq.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


“Ekoloji Tarazlıq”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-4996.html