Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İnternet şəbəkələrdə söz və məlumat azadlığı
17.10.11 17:11

Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdə qeydiyyatdan keçən insanların sayı durmadan artır. Belə şəbəkələrdə sadə insanlardan tutmuş cəmiyyətdə kifayət qədər nüfuza malik insanları da görmək olar. Bu texnoloji yeniliyin verdiyi müsbət keyfiyyətlərlə yanaşı, getdikcə acı fəsadları da özünü göstərməkdədir. Artıq bu cür internet məkanında sakinlərin sayı artdıqca, adi həyatda olduğu kimi, burada da şəkillərdən və ya video-görüntülərdən istifadə etməklə şəxsi həyata müdaxilə, şantaj kimi hallar baş alıb getməkdədir. Məsələ ondadır ki, adi həyatda belə neqativ halları dərhal zərərsizləşdirə bilən hüquqi sistem bu məkanda aciz qalır. Nümunə üçün qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində qabaqcıl ölkələrdən olan Çin Xalq Respublikasında internetə nəzarəti həyata keçirəcək yeni orqan yaradılıb. Bu orqanın əsas vəzifəsi sosial şəbəkələrdə, forumlarda və bloqlarda yerləşdirilən məlumatların senzuradan keçirilməsi olacaq. Təkcə ötən il “Tvitter”, “Facebook” və “Youtube” saytlarındakı məlumatların yoxlanıla bilməməsi səbəbindən Çin bir müddət bu xidmətləri bağlamışdı. İndi isə Çin hökuməti Qərb bloqlarına və sosial şəbəkələrə nativ olaraq Çin vətəndaşlarına yerli xidmətlərdən istifadə etməyi təklif edib.
Qardaş Türkiyədə də buna bənzər bir təcrübə formalaşmaqdadır. Burada bir sıra internet portalının rəhbərləri birləşərək İnternet Jurnalistləri Dərnəyi yaradıblar. Həmin dərnək qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və bu sektorla bağlı müzakirələrdə effektiv fəaliyyət göstərə bilir.
Hazırda beynəlxalq səviyyədə gedən müzakirələrdə belə bir fikir ictimailəşməkdədir ki, bloqlarla jurnalistika arasında sərhədlər götürülməkdədir. “PR Week” nəşri ABŞ və Kanadanın 1500-dən çox bloqqeri arasında sorğu aparıb. Sorğuda iştirak edənlərin 52 faizi özünü jurnalist hesab edir. Bu amildən yararlanan bir çox Azərbaycan bloqqeri artıq özünü nəinki jurnalist, hətta ondan da qabağa gedərək “azad söz” tərəfdarı, “nativ informasiya mənbəyi” kimi dəyərləndirir.

Sosial şəbəkələrdə nə baş verir?


Bir çox hallarda belə qurumun və yaxud da nəzarət mexanizminin olmamasının sosial fəsadlarla nəticələnməsi göz qabağındadır. Burada söhbət təkcə şəxsiyyətə müdaxilədən getmir. Məsələn, ayrı-ayrı saytlarda tez-tez Azərbaycanın ərazisinin düzgün göstərilməməsi, bloqlar vasitəsilə müxtəlif mövzularda radikal çıxışlar və s. buna bənzər faktlar acı təcrübə ola bilər.
Əksər xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni media və yeni media vasitələrinin sürətli inkişafı gedir. Bu da həmin sektora olan marağı artırır, medianın bu növü ilə məşğul olan mütəxəssislərin sayı durmadan artır. Lakin etiraf edək ki, bu cür təsir gücünə malik olan sektora marağın artımı özünü təkcə kəmiyyətdə deyil, keyfiyyətdə də göstərməlidir. Təəssüf ki, biz bunların əksini görürük. Bloqçu jurnalist deyil, amma özlərini jurnalist kimi aparırlar. Sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşmək əvəzinə, toplum adından danışırlar. Özü də bunu qısa bir zamanda etmək mümkündür. Qəzetə verdiyin yazı ən tez bir gün sonra oxuculara çatır, onların reaksiyasını dərhal öyrənə bilmirsən. Bloqlarda isə texnologiyanın verdiyi imkanlar daha genişdir. Lakin, nədənsə ictimaiyyət bu məsələyə hələ də kəskin reaksiya vermir.
Təbii ki, ölkəmizin dünyaya inteqrasiyası cəmiyyətə də təsirsiz ötüşmür. Xüsusilə də mətbuat sahəsində ildən-ilə yaranan yenilik bəzən problemlər də yaşadır. Məsələn, elə bloggerliyin özü. Azərbaycanda son 8 ay ərzində bloqların sayı xeyli artıb. Keçən ilin əvvəlində bloqların sayı 6500 idisə, indi yalnız azərbaycandilli bloqların sayı 25 minə yaxındır. Bunu internetin getdikcə kütləviləşməsi, virtual məkanın milliləşməsinin göstəricisi kimi də qiymətləndirmək olar. Bloq müəllifləri yazdıqlarına, yerləşdirdikləri fotolara, yayımladıqları videolara görə heç bir məsuliyyət daşımır, üstəlik, bloq fəaliyyətini tənzimlənməyən qanunvericilik bazası da yoxdur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, belə məkanlara istənilən halda nəzarət mümkünsüzdür: “Məsələn, biz istənilən öz adi resurslarımızda bununla bağlı hansısa bir forum və ya interaktif əlaqələr yaratsaq, orada da eyni hal baş verəcək. Bu həm texniki, həm də təfsilati cəhətdən mümkünsüzdür. Belə problemlər üçün adi qaydada araşdırma aparmaq, müraciət etmək və qanunvericilik çərçivəsində ölçü götürmək olar. Yəni, bu indiki halda mümkündür. Məsələn, hadisə baş verdiyi halda məhkəmələrə müraciət olunarsa, məhkəmənin çıxardığı qərarı onlar dərhal icra etməlidirlər. Bundan başqa, hadisə baş verən halda həmin şəbəkələrə də müraciət etmək imkanı var”.

İnternetdə qeyri-etik məlumatlar...


Əlbəttə, sosial şəbəkələrdə şəxsiyyətə qarşı təhqiramiz hallara yol verilməsi sırf vicdana və əxlaqa söykənən məsələdir. Bu kimi internet resursları müasir dünyanın bir parçası olduğu üçün, orada sərt nəzarət qaydaları ilə iştirak etmək düzgün olmazdı. Belə məkanda qeyri-etik məlumatların yayılması isə o deməkdir ki, onu yerləşdirən şəxslərin etik davranışlarında müasir mühitə uyğun gəlməyən çatışmazlıqlar var. Bu şəbəkələr qloballaşma mühitində müsbət əhəmiyyətə malikdir, eyni zamanda təəssüf ki, bəzi hallarda mənfi təzahürlər də ortaya çıxarır.
Media Hüququ İnstitunun rəhbəri, hüquqşünas Rəşid Hacılı qeyd edir ki, əgər bu kimi internet məkanına nəzarət sistemi tətbiq olunarsa, bundan bəzi nəzarətsevər qüvvələr istifadə edəcək: “Şəxsi həyatla bağlı məlumatların internetdə sosial sferaya çıxarılması cinayət qanunvericiliyi ilə müəyyən olunan məsuliyyətlər ortaya çıxarır. Sosial şəbəkədə də belə hüquqa zidd əməllər baş verdiyi halda, dərhal cinayət-hüquqi təsir vasitələrini, həm də mülki-hüquqi təsir vasitələrinin effektif işləməsini təmin etmək lazımdır. Buna indiki qanunvericilik də şərait yaradır. İnternet üzərindən insanların və ya ictimai xadimlərin şəxsiyyətinə ziddi qeyri-etik məlumatlar yerləşdirilməsi artıq gözlənilən bir faciədir”.

Sosial jurnalistika müzakirə obyekti olmalıdır


Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internet məkanına məyyən nəzarət təklifini irəli sürəndə iradlarla qarşılandı. Bəziləri bu nəzarətin ölkədə senzuraya aparıb çıxaracağını əsas gətirərək qəti etiraz etdilər.
Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli dəfələrlə Azərbaycanda internet medianın lisenziyalaşdırılmasının gündəmə gəlməsinə baxmayaraq, bunun tənqidlə üzləşdiyini diqqətə çatdırıb: “Adətən qərəzli tərəfə yozulur ki, burada söhbət hansısa nəzarət mexanizminin hazırlanmasından gedir və yaxud da bu təklifi səsləndirən dövlət qurumları hansısa maraqları çərçivəsində çıxış edirlər və s. Lakin, son vaxtlar “Azadlıq” qəzetinin direktoru ilə bağlı baş verən hadisə göstərdi ki, doğurdanda hər şeyi başlı-başına buraxmaq olmur. Əks halda, cəmiyyətdə çox ciddi fəsadlara gətirib çıxarır. Bilirsiniz, jurnalistikanın özünün prinsipləri var. Burada hansısa məlumat və fakt işıqlandırılarkən araşdırma aparılır, qarşı tərəfin rəyi öyrənilir və s. Lakin, sosial internet səhifələri, jurnalistikanın internet şəbəkələri elədir ki, bunlar şərti olaraq jurnalistika adlanır. Yəni, bunlar tam anlamı ilə jurnalistika prinsipi ilə fəaliyyət göstərmirlər. Onlar üçün hər hansı qanun çərçivəsi yoxdur ki, bu materialı işıqlandırmaq olar, bunu olmaz və ya yerləşdirdikləri informasiya kimlərin şəxsiyyətinə toxunur, və ya toxunmur”.

Hər şeyə dövlət müdaxilə edə bilməz


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirir ki, sosial şəbəkələr dünya miqyasında və şəxsi təşəbbüslərlə istifadə olunduğu üçün, burada informasiyaların yerləşdirilməsində vətəndaşın özü ehtiyatlı olmalıdır. O, qeyd edib ki, məsələ ilə bağlı onlara çox müraciətlər olur və ən çoxu da sosial saytlarda informasiyaların yerləşdirilməsi ilə bağlıdır: “Əslində şəbəkələrin fəaliyyəti zamanı belə hallar gözləniləndir və vətəndaş özü haqqında olan məlumatların bura vüsət almaması üçün diqqətli olmalıdır. Axı, hər şeyə dövlət müdaxilə edə bilməz. Bilirsiniz, şəxsiyyətlə bağlı hansısa görüntülərin yayılması elə bir şeydir ki, ilk növbədə insan özü-özünə cavabdeh olmalıdır. Dövlət əhəmiyyətli məlumatların yayılmasının qarşısının alınması ilə bağlı isə bizim kifayət qədər güclü sistemimiz var. Yəni, bu gün hansısa sosial şəbəkədə özünə dost seçməkdə və əlaqə qurmaqda nəzarətsiz olan vətəndaş, nəticəyə də özü cavabdeh olmalıdır. Əks halda hansısa qarayaxma və ya digər hallarla üzləşərsə, reallıqda olduğu kimi müvafiq qurumlara şikayət edə bilər. Yoxsa, başlanğıcda nəyin yerləşdirilməsi və ya yerləşdirilməməsinə nəzarət etmək bizim imkanımızda deyil. Məsələn, “Youtube” kimi beynəlxalq şəbəkəni biz necə nəzarətə götürə bilərik? Bunun üçün beynəlxalq Konvensiya olmalıdır. Baxmayaraq, hazırda bu şəbəkəyə hər kəs istədiyi görüntünü yerləşdirə bilir. Kibercinayətkarlıqla mübarizəyə qarşı Beynəlxalq Konvensiyaya Azərbaycan qoşulub və digər ölkələrlə də lazımı əməkdaşlıq edilir. Lakin, sosial şəbəkələrdə konkret şəxslərə qarşı görüntülərin yayılması kimi faktların əvvəlcədən qarşısını almağı bu gün qeyd olunan səviyyədə həll etmək mümkün deyil. Ən azı hüquqi platformada buna müdaxilə etməyə imkanımız çatmır. Bunun üçün istər beynəlxalq, istərsə də daxili formada əlimizdə hüquqi əsas olmalıdır”.

Nə etməli?


Əlbəttə, qanun yol verdiyi halda qaydaları sərtləşdirmək lazımdır. Azərbaycan dövləti belə halların aşkar olunması üçün kifayət qədər texnologiyaya sahibdir. Müasir texnologiyadan istifadə zamanı qarayaxma, şəxsiyyəti alçaltma halları bir cinayətdir və buna qarşı real həyatdakı kimi mübarizə aparılmalıdır. Bu nəinki Azərbaycanda, bütün dünyada intrenet məkanında olan sosial jurnalistika və ya yeni yaranan media təşəbbüsləri kimi fəaliyyətləri ilə bağlı geniş müzakirə obyektidir. Yəni, geniş müazkirələr keçirilməli və bunların fəaliyyətinə hüquqi tənzimləmə mexanizmi yaradılmalıdır. Nə qədər ki, bu mexanizm yaradılmayıb, bu sahədə qeyd olunan gözlənilməz hadisələrlə tez-tez rastlaşmaq mümkün olacaq. Məhz buna görə bu sahənin fəaliyyətinə hüquqi qiymət verilməlidir. Bu təkcə Azərbaycanın problemi deyil. Burada qlobal təşkilatlar yığışmalı və geniş müzakirə aparmalıdırlar ki, nəticə etibarı ilə bir tənzimləyici qərara gəlsinlər.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.

“Ekoloji Tarazlıq”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-4995.html