Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA-nın Bakıda konfransı keçirilir
04.10.11 02:52

Bu gün Milli Məclisdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə TÜKPA-nın baş katibi Ramil Həsənov tədbirin əhəmiyyətindən, dövlət müstəqilliyi tarixində Azərbaycan qadının cəmiyyətdəki rolunun inkişafından danışıb.Konfransda MM-in vitse-spikeri Bahar Muradova bildirib ki, müasir dünya qadınları birliyə çağırır. “Qarşıda duran problemlərin həlli üçün qadınlar daha aktiv olmalıdır. Ərazi bütövlüyü, ailə, uşaq hüquqları ilə bağlı problemlərin həllinə daha həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar. Qadınların həm siyasətdə, həm ictimai həyatda rolu günü-gündən rolu artır” - deyə B.Muradova vurğulayıb. O, həmçinin türk birliyinin uğurlarından danışıb. “Zaman artıq türk birliyinin, dilinin, mədəniyyətinin dünyada yeni səviyyəyə qalxmasına şahidlik edir” - deyə o, əlavə edib. Toplantıda Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Şahin çıxış edərək deyib ki, türklərin ortaq tarixinin fonunda ortaq gələcəyi də var. “Türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmasıdır. Türkdilli ölkələrdə alim, millət vəkili qadınlar çoxluğu buna sübutdur. Əgər güclü cəmiyyət istəyiriksə, təhsili yoxsulluğa qurban verməli deyilik”-deyə F.Şahin vurğulayıb. Türkiyəli nazir, həmçinin Dağlıq Qarabağ probleminin bütün türk qadınları üçün ortaq məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, Qarabağda yaşananlar heç bir türk qadınını biganə qoya bilməz. “Azərbaycanın taleyi bizim taleyimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir” - deyə o, əlavə edib. Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə deyib ki, Azərbaycanın həyatında elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Onun sözlərinə görə, qadınlar Azərbaycanda ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda çalışırlar. “Biz çalışmalıyıq ki, qadınların inkişafa, yeni sahələrə yiyələnməyə marağı artsın. Artıq gender anlayışı yeni səviyyəyə çıxır. Qadınlar üçün daha böyük imkanlar yaradılmalıdır ki, onlar öz potensialından geniş istifadə etsinlər” - deyə o vurğulayıb. Komitə sədri türkdilli ölkələrin son zamanlar inkişaf edən əlaqələrini qeyd edərək bildirib ki, TÜRKPA-ya daxil olan ölkələrin qadın sahibkarları arasında da əlaqələrin inkişafına ehtiyac var.
URL / WWW
http://kelam.az/article/a-4705.html