Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən iki təşkilatın akkreditasiyasına yenidən baxılacaq”
30.09.11 19:58

Xudayat Həsənli: “Qanun pozuntusu aşkar edilsə, onların lisenziyası ləğv ediləcək”

Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli “KƏLAMİNFO”nun suallarını cavablandırıb

- Xudayat müəllim, bu günlərdə Nazirlər Kabineti “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, təşkilatların akkreditasiyadan keçirilməsi Müəllif Hüquqları Agentliyinə həvalə edilib. Bu qərardan irəli gələn məsələlərlə bağlı  nə deyə bilərsiniz?

- Bu qərarın mahiyyəti ondan ibarətdir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna uyğun olaraq müəlliflik və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Hazırda respublikada iki belə təşkilat fəaliyyət göstərir. Bu təşkilatların biri Azərbaycan Müəllifləri İctimai Birliyidir. Bu təşkilat musiqili əsər müəlliflərinin əmlak hüquqlarını idarə edir. İkinci təşkilat isə Azərbaycan Professional Kinorejissorlar Gildiyasıdır ki, bu da audio-vizual əsər müəlliflərinin əmlak hüquqlarının idarəçiliyini həyata keçirir.  Bunların hər birinin özünün fəaliyyət sferaları var. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən və agentliyin əsasnaməsinə uyğun olaraq müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən və etmək istəyən təşkilatlar Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Qeydiyyata alındıqdan sonra həmin təşkilatlar Müəllif Hüquqları Agentliyində akkreditasiyadan keçməlidirlər. Akkreditasiyanın məqsədi bundan ibarətdir ki, artıq bunların fəaliyyət sahəsi müəyyən olunur və bu istiqamət üzrə fəaliyyət göstərirlər. Yalnız dövlət qeydiyyatına alınan təşkilat Müəllif Hüquqları Agentliyində akkreditasiyadan keçməlidir. Əgər agentlikdə akkreditasiyadan keçmirlərsə, onlar nizamnamələrində müəyyən edilmiş vəzifə və funksiyaları yerinə yetirə bilməzlər.


- Hazırda müəlliflik və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını idarə edən təşkilatlar, yəni  Azərbaycan Müəllifləri İctimai Birliyi və Azərbaycan Professional Kinorejissorlar Gildiyası dövlət qeydiyyatından keçib?

- Bəli, onlar dövlət qeydiyyatından və agentlikdə akkreditasiyadan keçiblər. Yuxarıda qeyd etdiyim məqamlar, ümumiyyətlə, gələcəkdə yaranacaq təşkilatlara da aiddir. Yəni bu qaydaların mahiyyəti ondan ibarətdir ki, yalnız müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını idarə edən təşkilatların akkreditasiyası ilə bağlıdır. Bu, digər ictimai birliklərə aid deyil.


- Yəqin ki, akkreditasiya ilə bağlı agentliyin kriteriyaları var. Hansı kriteriyalara cavab verən təşkilatlar bu işlə məşğul ola bilər?

- Bu işlə yalnız o təşkilatlar  məşğul ola bilər ki, onlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 41-ci maddəsinə uyğun olaraq müəlliflərin özləri, yaxud onların səlahiyyət verdikləri şəxslər tərəfindən yaradılan təşkilatlar olsunlar. Həmçinin bu təşkilatların sırf müəlliflik hüququ, yaxud əlaqəli hüquq sahiblərinin əmlak hüququnun idarəçiliyi ilə məşğul olmaq üçün nizamnamələrində müddəalar olmalıdır. Bu təşkilatlar da “Qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında” qanuna uyğun olaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Bundan sonra onların nizamnamələrində nəzərdə tutulan istiqamətlərin dairəsinin müəyyən olunması üçün agentlikdə akkreditasiyadan keçirlər. Burada isə kriteriyalar müəyyən olunub. Ümumi deyə bilərəm ki, onların müəlliflər və hüquq sahibləri ilə müqavilələri olmalıdır. Bu müqavilədə onlara verilən hüquqların dairəsi dəqiq göstərilməlidir. Eyni zamanda, onların xarici ölkələrdə fəaliyyət göstərən analoji təşkilatlarla müqavilələri varsa, bu müqavilələrdə onların Azərbaycan ərazisində hansı funksiyaların yerinə yetirilməsi göstərilməlidir. Bunların əsas funksiyasından biri də qonorar yığımını həyata keçirməkdir. Qonorar yığımını həyata keçirmək üçün istifadəçi təşkilatlarla onların lisenziya müqaviləsi olmalıdır. Qonorarla bağlı olan müqavilədə sahiblərin əsərlərinin ictimai birliklərə hansı funksiyalarla həvalə edilməsi də qeyd edilməlidir.


- Bu günə qədər müəlliflik və əlaqəli hüquqların idarəçiliyini öz üzərinə götürmək istəyən hər hansı təşkilatın  Müəllif Hüquqları Agentliyinə müraciəti olub?

- Hazırda qeyd etdiyim kimi, bu günə qədər respublikada iki təşkilat bu istiqamətdə fəaliyyət göstərir. Bunlardan başqa agentliyə hələlik müraciət edən təşkilat olmayıb. Yəqin ki, bu məsələ ilə bağlı müraciət edən olacaq və qərara uyğun olaraq onların müraciətlərinə baxılacaq. Onu da deyim ki, yeni qərarın tələbləri nəzərə alınmaqla  hazırda fəaliyyət göstərən iki təşkilatın da akkreditasiyasına yenidən baxılacaq. Əgər bu təşkilatlar müvafiq qanunvericiliyin tələbinə uyğun şəkildə fəaliyyət göstəriblərsə, heç bir ciddi qanun pozuntusuna yol verməyiblərsə, onların fəaliyyəti uzadılacaq. Qanun pozuntusu aşkar edilsə, onların lisenziyası ləğv ediləcək.
URL / WWW
http://kelam.az/article/a-4697.html