Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nuşirəvan Məhərrəmli: Yerli telekanalların üzərinə böyük məsuliyyət düşür
17.09.11 14:51

Bu gün Milli Televiziya və Radio Şurasında sədr Nuşirəvan Məhərrəmlinin iştirakı ilə “Azərbaycanda milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda Dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə N.Məhərrəmli bildirib ki, Azərbaycanda filmlərin çəkilməsinə dövlət tərəfindən diqqət var. Onun sözlərinə görə, bu sahədə son vaxtlar canlanma müşahidə olunur. “Milli filmlərin çəkilməsi üçün dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə kifayət qədər vəsait ayrılır. Ancaq təəssüf ki, nazirlik tərəfindən çəkilən filmlər yalnız beynəlxalq müsabiqələrdə nümayiş olunur, yerli tamaşaçılar həmin filmlərlə az tanış olurlar”,-deyə MTRŞ sədri vurğulayıb. N.Məhərrəmli hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən filmlər ilk növbədə Azərbaycan tamaşaçıları üçün geniş təqdim olunmalıdır. “Bunun üçün dövlət tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə ildə 50-60 filmin çəkilməsi üçün vəsait ayrılır”,-deyə o, əlavə edib. N.Məhərrəmli deyib ki, bu məsələdə yerli telekanalların üzərinə böyük məsuliyyət düşür. “Onlar daha çox xarici serialları nümayiş etdirirlər. Düzdür, son vaxtlar nisbətən milli serialların çəkilişinə diqqət artsa da, lakin bu azdır”,-deyə MTRŞ sədri bildirib. Tədbirdə N.Məhərrəmli bu ilin sentyabrın 9-da ölkə başçısı İlham Əliyev tərəfindən milli telefilmlərin, habelə teleserialların çəkilməsi üçün Prezidentin Ehtiyat Fondundan MTRŞ-a 5 milyon manat vəsaitin ayrılmasını xatırladaraq, bunun kifayət qədər ciddi bir addım olduğunu söyləyib. Onun sözlərinə görə, hazırkı tədbir də dövlətin bu geniş dəstəyi sayəsində milli filmlərin çəkilişi və nümayişi ilə bağlı müzakirələrin aparılmasından ibarətdir. Tədbirdə tanınmış kinorejissorlar, Kinomatoqrafçılar İttifaqının nümayəndələri və digər mütəxəssislər çıxış edərək öz təkliflərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-4590.html