Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Elm Muzeyi yaradılacaq
16.09.11 01:31

“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Elm Muzeyinin yaradılması nəzərdə tutulub. Bununla bağlı AMEA müvafiq dövlət qurumları qarşısında vəsatət qaldıracaq”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov deyib. Akademik xatırladıb ki, bu məsələ ilə bağlı AMEA-nın xüsusi qərarı var və bu istiqamətdə müvafiq işlər görülür. Onun sözlərinə görə, muzeyin tikilməsində məqsəd Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların toplanması və qorunub saxlanması, bu sahədə ekspozisiyaların qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, sərgilərdə nümayişi, təbliğindən ibarətdir. Hazırda AMEA-nın institutları, elmi-tədqiqat müəssisələrində təmir və yenidənqurma işlərinin getdiyini diqqətə çatdıran A.Həşimov qeyd edib ki, bunu nəzərə alaraq muzey üçün əhəmiyyət kəsb edən əşyaların qorunması ilə bağlı müəssisə rəhbərlərinə tapşırıq verilib: “Əlaqələndirmə şurası vasitəsilə respublikanın bütün elmi-tədqiqat müəssisələri rəhbərlərinə tapşırıq verilib ki, müxtəlif elm sahələri üzrə tarixi əhəmiyyət daşıyan eksponatlar, rəsm əsərləri, fotoşəkillər, xatirə əşyaları, heykəltəraşlıq nümunələri, əlyazmalar, kitablar, xalçalar, maketlər, laborator avadanlıqlar, qurğular, cihazlar, maddələr xüsusi fondlarda qorunub saxlansın. Bundan başqa, AMEA-nın elmi bölmələrinə tapşırılıb ki, elm muzeyinin yaradılması üçün ekspozisiya və material axtarışı, eyni zamanda fondların formalaşması, elmi işlərin nəşri, maketlərin qurulması ilə bağlı təkliflərini AMEA-ya təqdim etsinlər”. Muzeyin tikintisi üçün hələlik dövlət orqanlarına müraciət edilmədiyini açıqlayan A.Həşimov yaxın gələcəkdə dövlət qurumları qarşısında vəsatət qaldıracaqlarını qeyd edib. Muzeyin harada tikiləcəyinə gəlincə, A.Həşimov bildirib ki, bu, akademiyanın şəhərciyində ola bilər: “Muzey şəhərcikdə tikilsə, daha yaxşı olar”.
URL / WWW
http://kelam.az/article/a-4567.html