Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmin İnkişafı Fondu qrant layihələrinin yerinə yetirilməsinə dair təqdimat keçirib
12.09.11 20:56

Bu gün Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant layihələrinin idarə olunması və yerinə yetirilməsinə həsr edilən seminar və təqdimat keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə fondun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olan 82 layihənin rəhbəri, EİF-nin Himayədarlar Şurasının üzvləri və digər müvafiq qurum nümayəndələri iştirak edib. Fondun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun iki ildir fəaliyyət göstərdiyini xatırladıb. O, bu illər ərzində təşkilatlanma və qrant müsabiqələrinin təşkili və keçirilməsi sahəsində əldə edilən nailiyyətlər, cari fəaliyyət və həllini gözləyən problemlərindən danışıb. Həyata keçirdikləri qrant müsabiqələrdən bəhs edən E.Babayev bildirib ki, ötən illə müqayisədə bu il qalib layihələrin sayı iki dəfə artıb. Qalib layihələr arasında AMEA-nın elmi müəssisələri ilə yanaşı, nazirliklər, universitetlər və digər qurumların nəzdində fəaliyyət göstərən təşkilatlar, həmçinin QHT-də var. Bu müsabiqə üzrə maliyyələşdirilmə 6 mln. 600 min manat nəzərdə tutulub. O, fondun qrant müsabiqəsi və qurumun büdcəsinin gələcəkdə artacağını açıqlayıb. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva rəhbəri olduğu və EİF tərəfindən maliyyələşdirilən “Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi” adlı layihənin yerinə yetirilməsi barədə məlumat verib. G.Baxşəliyeva deyib ki, layihə çərçivəsində İspaniya və Fransada ezamiyyətdə olub. Onun sözlərinə görə, bu ölkələrin bir sıra kitabxanaları və arxivlərində axtarışlar aparıb, 80-dən çox xəritənin surətini çıxarıb, elektron variantını hazırlayıb, çəkilişlər aparıb. Alim deyib ki, xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. X-XIII əsrin birinci yarısında tərtib edilən bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Tədbirdə EİF-nin maliyyəsi ilə nəşr olunan “Azərbaycanda qadınların reproduktiv sağlamlığının ətraf mühitin təsirindən asılılığı” adlı monoqrafiyanın da təqdimatı keçirilib. Layihə rəhbəri və kitabın müəlliflərindən biri, tibb elmləri doktoru N.Kamilova, kitabın elmi redaktoru, biologiya elmləri doktoru V.Əlizadə nəşrin əhəmiyyətindən bəhs ediblər. Sonda E.Babayev layihələrin həyata keçirilməsi proseduru və digər məsələlər barədə layihə rəhbərlərinə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-4521.html