Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gündən doktoranturaya sənəd qəbulu başlayıb
02.09.11 02:58

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə sənəd qəbulu başlayıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq. Qəbul imtahanları isə oktyabr ayında keçiriləcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya namizədlər isə doktoranturanın fəaliyyət göstərdiyi müəssisə və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər. Qeyd edək ki, AMEA doktoranturaya qəbul qaydaları, bununla bağlı bəzi kriteriyalar, qəbul imtahanlarına buraxılan şəxslərə ediləcək güzəştləri də açıqlayıb. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verəcəklər. Doktoranturaya qəbul imtahanlarına buraxılan şəxslərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunan məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Xatırladaq ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. Bu il AMEA üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın şəxsin doktoranturaya qəbul olunacağı planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-4417.html