Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » «Korrupsiya və cəmiyyət», yaxud nəşrinin adini de…
19.10.09 14:58

Azərbaycanda rəsmi qeydiyyatdan keçən 3500-dən çox qəzet və jurnala ad seçimində jarqon sözləri çıxsaq, lüğət fondumuzun az qala bütün ifadələrindən istifadə edilib. Hər kəs maraq, məram və məqsədinə uyğununu götürüb. Maraqlıdır ki, mətbu məkan qapılarının taybatay açıqlığı şəraitində ictimai auditoriya üzərinə «hüquq», «qanun», «nəzarət» və sair «çəkindirici», «hürküdücü» adlarla gəlmək istəyənlər qoşqu söz tapıntısı «problemi» ilə üzbəüzdürlər. Deyəsən, bu minvalla «korrupsiya»nı seçənlər də çətinliklə üzləşəcəklər. Hələlik sayları 7-dir, variantlar 77-yə də çatdırıla bilər. Təəccüblənməli heç nə yoxdur, sadəcə təəssüflənmək də yetərli deyil. Müsbət haldır ki, Azərbaycan Mətbuat Şurasının mətbu məkanımızın arzuolunmazlardan təmizlənməsi istiqamətindəki fəaliyyəti ictimaiyyət tərəfindən fəal surətdə dəstəklənməkdədir. Şuranın «qara siyahısı»nda hələlik 71 qəzet və jurnalın adı var. Adlara diqqət yetirsəniz, yuxarıda vurğuladığımız fikrə şərik çıxarsınız. Əksəriyyəti suçlarını bildiklərindən Mətbuat Şurasının qərarını sakitcə qarşılayır. Lakin «Korrupsiya və cəmiyyət» jurnalı kimi razılaşmayıb məhkəməyə müraciət edəni, «reket» nəşr ifadəsinə aydınlıq gətirilməsini istəyəni də var. Onu da deyək ki, baş redaktor Məmməd Əhmədoğlu bununla kifayətlənməyərək məhkəməyə də üz tutub. MŞ-nin təkzib verməsini, 250 min manat təzminat ödənilməsini tələb edib. Baş redaktorun məhkəməyə verdiyi ərizənin surəti hələlik əlimizdə olmadığından deyə bilmərik ki, həmin mətndə onun bu il aprelin 25-də Şuraya göndərdiyi məktubundakı kimi «sayğılı» ifadələr özünə yer tapıb, ya yox. Hər halda belə üslub «Korrupsiya və cəmiyyət»ə xas olduğundan inciməyə dəyməz. Jurnaldan etik prinsiplərin pozulması ilə bağlı kifayət qədər misallar gətirməyin mümkünlüyündən bu qənaətdəyik.
Məktuba diqqət yetirək: «Mətbuat Şurası»nın komissiyası qəzetlərə və jurnala «reket» deməklə özlərinin hüquqi savadsızlıqlarını ictimaiyyətə təqdim edirlər». Gətirdiyimiz misalın özü və şikayətçinin ölkə jurnalistlərinin qurultayında Azərbaycanın tanınmış, ictimai fikrə təsir edən, müntəzəm yayımlanan qəzet və jurnalların, informasiya agentliklərinin, həmçinin jurnalist təşkilatlarının yüzlərlə təmsilçisinin yaratdığı qurumun adına qeyri-ciddi münasibəti ona sivill mediada nə dərəcədə yer olduğunun göstəricisidir. Mətbuat Şurası hansısa nəşri bir şəxsin, konkret komissiyanın iradəsi, yaxud təkidi ilə «reket» adlandırmır. Şuranın Katibliyində, «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasında toplanan sənədlər, Şikayətlər üzrə Komissiyanın rəyləri, nəhayət 15 nəfərdən ibarət İdarə Heyətinin yekun qərarı. Prosedur belədir. Müraciət müəllifi bütün bunları bilmədən konkret şəxsi hədəfə götürmək istəyir. Üstəlik vaxtilə vəsiqə verib, «işə götürdüyü» keçmiş əməkdaşını və başqa birisini bunun baiskarı sayaraq böhtançı kimi məhkəməyə verdiyini söyləyir. «İşə götürmək» ifadəsini ona görə fərqləndiririk ki, bütün «reket» nəşrlərdə olduğu kimi, «Korrupsiya və cəmiyyət» jurnalında da bu nisbidir. Vəzifəsindən asılı olmayaraq bütün əməkdaşlara yalnız vəsiqə təqdim edilir, əmək müqaviləsi bağlanmır, əmək haqqı, qonorar verilmir. Hərə necə deyərlər, öz başını saxlamalıdır. Nəşrin eyni zamanda təsisçisi olan M.Əhmədoğlunun şəxsi vəsaitini «marağı» naminə 2000 nüsxəlik jurnala sərf etməsinin məntiqi təhlilinə ehtiyac duyulmur. Elə bilirik ki, Şurada mayın 16-da məsələ ilə bağlı keçirilən müzakirədə baş redaktorun «Korrupsiya və cəmiyyət»in ona şəxsi və dost-tanış problemlərinin həllində köməyinə çatmasını bildirməsi özü müəyyən nəticə çıxarmağa əsas verir.
Daha bir nüans. Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi bu ilin aprelində Şəkidə keçirdiyi əməliyyat zamanı Azad Məmmədov adlı şəxsi həbs edib. Müxtəlif cinayətlərdə ittiham olunan A.Məmmədov jurnalın şöbə müdiri kimi fəaliyyət göstərib. Baş redaktor isə bununla əlaqədar sualımızın müqabilində hər ilin sonunda bütün əməkdaşlarını işdən azad etdiyini, yenidən komanda formalaşdırdığını göstərib. Qəribə deyilmi?!
Jurnalın keçmiş baş redaktoru Osman Məmmədovun da Şuraya müraciətində bu baxımdan diqqəti çəkən məqamlar var. Konkret demək istərdik ki, M.Əhmədoğlu jurnalının «reket» nəşrlər sırasına daxil edilməsində kimlərisə günahlandırmaqdansa, ilk növbədə doğulub boya-başa çatdığı Şəki rayonundakı həmyerlilərində niyə narazılıq və şikayətlər doğurduğunun səbəblərinə nəzər salmalıdır. Belə müraciətlərin sayı ona yaxındır.
Şikayətçinin istəyinə uyğun olaraq jurnalda etik prinsiplərin nə dərəcədə qorunması barədə məlumat da yerinə düşərdi. Şuranın monitorinq qrupu cəmi 5 sayı nəzərdən keçirib. Təsəvvür edin ki, yalnız həmin saylarda peşə etikasının pozulması faktına 165 dəfə rast gəlinib. Bəndlər üzrə desək, yazılarda balansın pozulmasına, jurnalistin tərəf kimi çıxış etməsinə, işgüzar imicə zərbə vurulmasına, böhtana, faktın təhrifinə yol verilir.
Gələk, «reket» ifadəsinə. Mətbu mühitimizdə elə KİV-lərə təsadüf edilir ki, onlar haqqında sadəcə qərar, yaxud rəy, hətta qərarlar və rəylər çıxarmaq, peşə prinsiplərinin hansı tələblərini pozduqlarını nəzərlərinə çatdırmaq kifayət deyil. Belələri vaxtilə məsələlərə tam etinasız yanaşırdılar. Şura nəticədə tutarlı, ancaq ictimai qınağa əsaslanacaq metod üzərində məsləhətləşmələr apardı və «reket» jurnalistika», «reket»  qəzetlər», «reket» nəşrlər» ifadələri üzərində dayanılmasını məntiqi saydı. Qərara alındı ki, etik dəyərlərə, peşə əxlaqına tam sayğısızlıq göstərənlər ictimai məsuliyyətə məhz bu adlandırmalarla cəlb edilsin.
Bir çoxları mediaya zidd işlərlə «reket» adını həqiqi mənada daşıyırlar. Əgər həmin nəşrlərin spesifik xüsusiyyətlərinə nəzər salsaq, görərik ki, onların fəaliyyətindən cəmiyyətin müxtəlif qütbləri, ayrı-ayri şəxslər necə ciddi mənəvi sarsıntılara məruz qalırlar. Ailələr dağılır, insanlar arasında nifaq, ruh düşkünlüyü yaradılır, mediaya münasibətdə inamsızlıq formalaşdırılır və s. Təbiidir ki, bütün bunlar mətbu prinsiplərlə bağlı olmayan xüsusi maraqlardan, sifariş icraçılığından, ən çox da maddi umacaqdan, asan yolla vəsait əldə etmək iddiasından qaynaqlanır. Gəlin düşünək, bu kimi halları hansı ad altındaümumiləşdirmək mümkündür?! Mətbuat Şurası “reket” adını seçib və özü də məntiqi dərki üçün sözün dırnaqda verilməsini məqsədə uyğun sayıb.
Nəhayət, mövzunu yekunlaşdırmaq istərkən Gəncədən göndərilmiş «Korrupsiya və cəmiyyət+» qəzetini bizə təqdim etdilər. İlk və son sayının 2007-ci ildə çıxdığı barədə məlumat verilirdi. Zənnimizcə, şərhə ehtiyac yoxdur.


Azərbaycan Mətbuat Şurası
URL / WWW
http://kelam.az/article/a-44.html