Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Dağliq Qarabağ
19.10.09 14:58

Münaqişənin həlli istiqamətində danışıqlar davam etdirilir
Prezident İlham Əliyev mayın 6-da Çexiya Respublikasına səfərə yola düşdü. Çexiyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin prezidenti Vatslav Klausla görüşüb. Prezidentlər iki ölkə arasında ikitərəfli əlaqələri və Azərbaycan-Avropa Birliyi münasibətlərini müzakirə ediblər. V.Klaus ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, əlaqələri daha da inkişaf etdirmək üçün Bakıda səfirlik açmaq istədiklərini deyib. Öz növbəsində İ.Əliyev də Çexiya ilə Azərbaycan arasında siyasi-iqtisadi münasibətləri inkişaf etdirməyin zəruriliyini vurğulayıb. O, Dağlıq Qarabağ problemi haqqında həmkarına ətraflı məlumat verərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının bölgədə sülh və sabitliyə əsas təhlükə olduğunu bildirib. Görüşdə "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı məsələlərə də toxunulub.
Azərbaycan prezidenti Praqada keçirilən "Şərq tərəfdaşlığı" və "Cənub dəhlizi" sammitlərində də iştirak edib. Şərq tərəfdaşlığı
Azərbaycan prezidenti İlham Əliyev Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak edib.
Sammitin işinə Avropa İttifaqına üzv ölkələrin hökumət və dövlət başçıları ilə yanaşı, “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna rəhbərləri də qatılıb. Sammitdə Avropa Komissyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana və digər yüksək vəzifəli Aİ rəhbərləri iştirak ediblər.
Sammit çərçivəsində “Şərq Tərəfdaşlığı” proqramı üzrə Bəyannamə qəbul olunub. Bəyannaməni 27 Avropa İttifaqı ölkəsi və proqrama qoşulan 6 ölkə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna) imzalayıb.
Qeyd edək ki, Saziş Bəyannaməsinin mətni bir müddət əvvəl proqrama qoşulacaq ölkələr tərəfindən razılaşdırılıb. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı iştirakçı dövlətlərə birlik arasında xüsusi münasibətləri nəzərdə tutur. Bu proqramın reallaşması üçün Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrə ilkin mərhələdə 600 milyon dollar yardım göstərəcək.
Sammitlə bağlı keçirdiyi mətbuat konfransında Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana bildirib ki, “Şərq Tərəfdaşlığı” proqrama qoşulan ölkələrin Avropaya inteqrasiyasına və bu ölkələrdə islahatların həyata keçirilməsinə kömək edəcək.
Lakin mətbuat konfransında o da bildirilib ki, proqramda nəzərdə tutulan tərəfdaşlığa hazır olan ölkələr arasında viza rejiminin sadələşdirilməsi məsələsi bəyannaməyə daxil edilməyib. Bəzi Avropa ölkələr bunun üçün hələ münbit şəraitin yaranmadığını söyləyiblər. Lakin sənəddə viza rejiminin sadələşdirilməsi ilə bağlı əməkdaşlığın davam etdirilməsi təklif olunub.
Peresin Azərbaycana səfəri müzakirə olunub
Çexiyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Praqada İsrail dövləti baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Libermanla görüşdü. Görüşdə iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələri müzakirə edilib, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, İsrail prezidenti Şimon Peresin Azərbaycana nəzərdə tutulan səfəri də müzakirə olunub. Prezident İ.Əliyev Ş.Peresin səfərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib, israilli həmkarını Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
Niderland Krallığı ilə əlaqələr genişlənir
Səfər çərçivəsində prezident İlham Əliyev Praqada Niderland Krallığının baş naziri Yan Peter Balkenende ilə görüşüb. Görüşdə baş nazir Yan Peter Balkenende Azərbaycanın çox əlverişli geosiyasi məkanda yerləşdiyini və iqtisadi əməkdaşlıq üçün böyük potensiala malik olduğunu vurğulayıb. O, Niderlandın, eləcə də bu ölkənin şirkətlərinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib.
Azərbaycanın da Niderland Krallığı ilə ikitərəfli əlaqələri genişləndirmək istədiyini qeyd edən prezident İlham Əliyev deyib ki, ölkəmiz bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır.
Dövlət başçısı Azərbaycanda iqtisadi fəaliyyətə başlamaq istəyən Niderland şirkətlərinə dövlət tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.
Müsbət və faydalı görüş
Paraqada prezident İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gül arasında görüş oldu. Təxminən 50 dəqiqə sürən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da iştirak edib.
Prezident Abdulla Gül görüşü “müsbət və faydalı” adlandırıb.
Prezidentin Böyük Britaniyanın xarici işlər naziri ilə görüşü
Prezident İlham Əliyev Praqada Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşdü. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, regional, beynəlxalq və enerji məsələləri barədə fikir mübadiləsi aparıldı.
Sülhə yaxın olduğumuz qədər uzağıq...
Mayın 7-də Praqadakı ABŞ səfirliyinin iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü oldu. Hər iki ölkənin xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İki saat yarımadək davam edən görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri mətbuat konfransı keçiriblər.
Bu arada ölkə mətbuatı Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünün çətin şəraitdə keçdiyi xəbərini yaydı. Belə ki, görüşdə Ermənistan özünün qeyri-konstruktiv mövqeyini təkrar nümayiş etdirib. Rəsmi Yerevan yenidən iki il əvvəl danışıqlarda təklif etdiyi formulu müzakirəyə çıxarmaq istəyi özünü biruzə verib.
Diplomatik mənbələr Ermənistanın bu mövqeyini daha çox Türkiyə ilə Ermənistan arasında imzalanmış “Yol xəritəsi”nə bağlayıblar. Ermənistanın məhz bu sənədin qəbulundan sonra mövqeyini sərtləşdirdiyi xüsusilə diqqət çəkir. Bu mövqe isə ümumilikdə danışıqlar prosesinə mənfi təsir göstərir.
Həmsədrlər niyə sevinirlər?
Amerikalı həmsədr Metyu Brayza açıqlamasında görüşün konstruktiv keçdiyini deyib: "Nizamlanmanın əsas prinsiplərinə uyğun danışıqlar aparılıb. Prezidentlər razılığa gəliblər ki, növbəti görüş cari ilin iyununda Sankt- Peterburqda təşkil olunacaq iqtisadi forum çərçivəsində keçirilsin". M.Brayza prezidentlərin bu görüşə razılıq verməsini prosesin irəliləməsi kimi dəyərləndirib. Amerikalı həmsədr onu da deyib ki, prezidentlər münaqişənin nizamlanmasına dair baza prinsiplərinin ideyaları üzrə razılığa gəlirlər.
Fransalı həmsədr Bernar Fasye isə növbəti aylarda danışıqlarda sıçrayış olacağını gözlədiklərini söyləyib.
Rusiyadan olan həmsədr Yuri Merzlayakov prezidentlərin Sankt-Peterburq görüşünə qədər vasitəçilərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini, prezidentlərin görüşünü hazırlamaq üçün regiona səfər edəcəklərini qeyd edib: "Səfərin tarixi hələ dəqiqləşdirilir". Y.Merzlyakov "Cənubi Osetiyanın, Abxaziyanın müstəqilliyini tanıyan Rusiyaya azərbaycanlılar və ermənilər öz talelərini necə etibar edə bilərlər" sualına cavab olaraq "Vəziyyət tamamilə fərqlidir. Dağlıq Qarabağla bağlı nizamlamada vəziyyət adını çəkdiyiniz münaqişələrdən tamamilə fərqlənir" cavabını verib.
Sankt-Peterburq sammitinin keçirilməsi barədə sualı cavablandıran Y.Merzlyakov deyib: "Biz bu ideya üzərində çoxdandır ki, işləyirdik. Amma üç prezidenti bir araya gətirmək çox çətin işdir. Amma hansısa bir görüş çərçivəsində üç həmsədr ölkənin başçısını bir araya gətirmək imkanı yaranarsa, biz bundan mütləq istifadə etməyə çalışacağıq".
Tərəflərin hansı kompromisə getmələri barədə suala isə həmsədrlər cavab olaraq bildiriblər ki, nizamlanmanın bütün bəndləri üzrə razılığa gəlmədən heç kim güzəştə getmək istəmir.
Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, xarici işlər nazirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anyey Kaspşik də iştirak edib.
Azərbaycan politoloqları nə düşünür?..
Prezident İlham Əliyev və Ermənistan prezidenti Sery Sarkisyan arasında baş tutmuş iki saat yarımlıq görüşü Azərbaycan politoloqları öz prizmalarından dəyərləndirməyə çalışdılar. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib ki, artıq Ermənistanın imitasiya imkanları tükənib: "Ancaq istər-istəməz Ermənistan ortalığa nə isə məsələ atıb ki, onun ətrafında iki saat yarım danışıqlar gedib. Ümid edək ki, bu, ermənilərin axırıncı fırıldağı, oyunudur. Ola bilər ki, görüşdə razılaşdırılmamış məsələlərdən biri, yaxud ikisi üzrə razılaşma əldə olunsun. Ən azından Laçın dəhlizi ilə bağlı məsələ razılaşdırıla bilər".
Politoloq İlqar Məmmədovun sözlərinə görə, prezidentlərin söhbətini Rusiya tərəfinin dinləyə bilməməsi üçün ABŞ səfirliyinin seçilməsinə baxmayaraq, Ermənistan hökuməti Rusiyadan təsdiqləmə almayınca, Qarabağ danışıqlarında sərbəst hərəkət edə bilməyəcək: "Hazırda Qarabağ məsələsilə bağlı hər hansı nikbinliyi bölüşmürəm. Çünki bunun üçün obyektiv şərait yetişməyib. Qarabağ məsələsinin tezliklə həll olunması heç də hamının marağında deyil."
Hacı Səid SEYİDZADƏ
URL / WWW
http://kelam.az/article/a-43.html