Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ-DƏ TOPLANTI
11.08.11 17:25

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Ramazan ayının başlanması ilə bağlı tədbir keçirildi. Qurani-Kərimin oxunuşu ilə başlayan toplantını açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə torpaqlarımızın və dövlətçiliyimizin qorunması yolunda şəhid olan insanların xatirəsini yad etdi.Şeyxülislam həzrətləri mübarək Ramazan ayının başlanması münasibəti ilə xalqımızı təbrik etdi və din xadimlərinin qarşısında duran vəzifələrdən danışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkə rəhbərliyi tərəfindən dindarlara hər cür şərait yaradıldığını qeyd edərək bildirdi ki, bu il də Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunacaq. Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırdı ki, Qafqaz Müsəlmanları İdarəsi ənənəsinə sadiq qalaraq Ramazan orucunu tutan insanlara kömək məqsədi ilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan və elmə əsaslanan cədvəl milli-mənəvi birliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Bibiheybət məscidinin axundu Hikmət Əlizadə, Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Abasəli Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin hüquq şöbəsinin müdiri Camal Əliyev, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi İdris Abbasov və başqaları fikirlərini bölüşdülər.
Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazı Hacı Mirəziz Seyidzadə Ramazan ayının başlanması ilə əlaqədar Qazılar Şurasının fətvasını elan etdi. QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ QAZILAR ŞURASININ FƏTVASI Bismillahir-rəhmanir-rəhim! Allah-Təalanın İslam ümməti üçün vacib buyurduğu hökmlərdən olan orucluq ibadətinin başlanğıcı - mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə avqustun 1-nə təsadüf edir. İyul ayının 31-i Orucluğun niyyət gecəsidir. Şəvval ayı hilalının görünməsindən asılı olaraq, Ramazan –Fitr bayramı, inşaallah, hicri təqvimi ilə Ramazan ayının 29-na və ya 30-na (miladi təqvimi ilə Avqustun 30-na və ya 31-nə) düşür. Əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi bəxş edir. Mömin müsəlmanları Allahın lütfünə daha da yaxınlaşdıran Ramazan ayı insanlara yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər təlqin edir. Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin və ədalətsizliyi islah etməyin yollarını göstərir. Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə surəsi, ayə 183). Həzrət Muhəmməd (s) demişdir: “Allah-Təala buyurur: “Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.
Yaradanla yaradılan arasında vasitə olan Oruc insanları paklığa, ədalətə, şükrə, birliyə və bərabərliyə, nəfsi tərbiyə etməyə, haramdan çəkinməyə, vacib buyurulanlara əməl etməyə çağırır. Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar. İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan Oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr gecələrini Allah evində-məscidlərdə ibadətlə keçirmək, alimlərin, şəriət bilicilərinin söhbətlərindən faydalanmaq, müqəddəs dinimizin fəzilətlərindən daha artıq istifadə etmək məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik. Qurani-Kərimdə buyurulduğu kimi: “Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın dosta ... müsafirə yaxşılıq edin!...” (ən-Nisa surəsi, ayə 36) .
Müqəddəs dinimiz orucun vacib əməli olan fitrə-zəkatını şəriət qanununa müvafiq olaraq vaxtında ödəməyi və bununla da imkansızlara dayaq olmağı, onlara da bayram sevinci yaşatmağı vacib buyurur. Onu da nəzərinizə çatdırmaq istərdik ki, bədənin zəkatı-oruc olduğu kimi, onun da qəbul olması üçün fitrə zəkatı əsas şərtdir. Hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3kq. taxıl (buğda, arpa, düyü və qarğıdalı, xurma və kişmiş) və ya onun dəyərini pulla fitrə verərsə, bu imkansızlara böyük dayaqdır.
Mərhəmət və şəfqət ayı olan Ramazanda kimsəsizlərə, ehtiyacı olanlara, qaçqın və köçkünlərə yardımçı olmaq, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Allaha xoş gedər. Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir. Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də Ramazan orucunu tutan qardaş və bacılarımıza kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlamışdır. Ayrı-ayrı qurumlar tərəfindən hazırlanan və təfriqə yarada bilən oruc və namaz cədvəllərinə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanmış elmə əsaslanan, milli-mənəvi birliyimizə xidmət edən bu cədvələ riayət etməyi müsəlmanlarımıza tövsiyə edir və bunun həyata keçirilməsini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, imamlara, axundlara həvalə edirik. Cədvəl Azərbaycan ictimaiyyətinə çatdırılması məqsədilə kütləvi informasiya vasitələrinə göndərilir.
Uca Allahdan ən ümdə istəyimiz işğal olunmuş torpaqlarımızın azad olunması, Qarabağ probleminin ədalətli və sülh yolu ilə həll olunmasıdır. Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allah rəhmət eləsin! Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət rəhbərimiz başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin. Bu mübarək ayda xalqımızın milli-mənəvi və dini dəyərlərinə qayıdışında önəmli rol oynamış xalqımızın böyük oğlu Heydər Əliyevə Allahdan rəhmət diləyək, onun başlanğıcını qoyduğu bu yüksəliş yolunu uğurla irəli aparan müdrik dövlət başçımız İlham Əliyevin səylərinə rəvac verməsi üçün dualar edək. Qoy Uca Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin!
Möhtərəm mömin qardaş və bacılarımız! Allaha məhəbbət və itaət, bəşərə mərhəmət dolu mübarək Ramazan ayı münasibətilə sizləri təbrik edir, Allah rizası üçün oruca, ibadətə dəvət edir, Uca Yaradandan Vətənimizi xəta-bəlalardan hifz etməsini, mənəvi birliyimizi daha da möhkəmləndirməsini diləyirik. Qoy Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərini hər birimizə nəsib etsin, orucumuzu, ibadətlərimizi və dualarımızı qəbul etsin! Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh!
URL / WWW
http://kelam.az/article/a-4269.html