Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şeyx vətəndaşları israfçılığa yol verməməyə çağırdı
11.08.11 17:25

“Bir çox hallarda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətində bildirilib. QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin QMİ-də keçirilən Dəyirmi masada oxuduğu müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub: “Xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə bildirib ki, toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsi doğru deyil, dinimiz israfın əleyhinədir. Onun sözlərinə görə, bu kimi halların olmaması üçün kimisə məcbur etmək olmaz və bu məsələ maarifləndirmə yolu ilə həll edilməlidir. Şeyxülislam Allahşükür Paşazadə bu məsələdə medianın rolunun da qaçılmaz olduğunu vurğulayıb.
A.Paşazadə həmçinin Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsində həlak olanların yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib. Hadisədən kədərləndiyini bildirən Şeyx Rusiya gəmisinin batdığını xatırladaraq bu hadisə nəticəsində həlak olanların yaxınlarına da başsağlığı verib.
Millət vəkili Fəttah Heydərov bildirib ki, bu müraciət vaxtında edilib, çünki toy və yas mərasimləri ilə bağlı problemlər daim müxtəlif tədbirlərdə müzakirə olunsa da, indiyədək konkret addım atılmayıb.
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov da israfçılığı pisləyib və bu məsələ ilə bağlı QMİ-nin fətva verməsinə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, Azərbaycanda İslam dininə ibadət edənləri, İslamı özünə iman seçənləri öz dinlərindən döndərmə təbliğatı aparılır. “Xalq İslamı sevməlidir. İslamın bərabərlik prinsipi bu məsələdə nəzərə alınmalıdır. Çox arzu edirəm ki, bizim məscidlərimiz bütün bu prinsiplərlə bağlı maarifçilik məkanına çevrilsin. Maarifçilik baxımından cümə namazlarının rolu artırılmalıdır”,-deyə o, əlavə edib.
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Y.Mahmudovun təklifi ilə razılaşmayıb. Onun fikrincə, mərasimlərlə bağlı məsələdə fətva həlledici rol oynaya bilməz. “Ən yaxşısı o olardı ki, tanınmış adamlar sadə insanlara nümunə göstərsin. Fətva çıxış yolu deyil”,-deyə deputat bildirib. 
Tədbirdə Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, rejissor Ramiz Əzizbəyli, xalq şairi Zəlimxan Yaqub, “Təbliğ” İslam Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəyli, Milli Məclisin üzvü Ziyad Səmədzadə, politoloq Cümşüd Nuriyev, jurnalist Qulu Məhərrəmli və başqaları mövzu ətrafında çıxış ediblər. Çıxışçılar birmənalı olaraq toy və yas mərasimlərində israfçılığı pisləyiblər. QMİ Daxili İşlər Nazirliyinə
müraciət edib Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərin ətrafında çadır avtomobillərinin yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də toy və yas mərasimlərinə həsr olunmuş Dəyirmi masada çıxışı zamanı bildirib. O, müraciətini “Əjdərbəy” məscidinin yaxınlığındakı çadır maşınları ilə bağlı olduğunu bildirib: “Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə ki, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”-deyə A.Paşazadə vurğulayıb. Qəbir almaq üçün pul vermək,
rüşvət vermək deməkdir “Ödəniş edib qəbir yeri almaq haram sayılır, çünki qəbiristanlıq xalq üçün ayrılıb və xalqa vəqf olunan yeri satmaq olmaz”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
Şeyx deyib ki, qəbir almaq üçün pul vermək, rüşvət vermək deməkdir. A.Paşazadə həmçinin vurğulayıb ki, məscidlərdə ölü yuyulmasına görə bununla məşğul olanlara hər ay 500 manat pul verir. “Hər bir şəxs öz ölüsünü özü yumalıdır. Ölüyə qüsul verilməsi vacibdir. Hər bir şəxs bunu öz ölüsü üçün özü etməlidir. Biz məscidlərdə bunun üçün şərait yaratmışıq”-deyə Şeyx vurğulayıb. O, deyib ki, buna baxmayaraq insanlar bunu etmir, ölülərini kiməsə yudurdurlar. “Buna görə də haqq ödənilir. Kiməsə öz ölünü yudurdursansa əlbəttə ki, ona haqq verməlisən”-deyə o, əlavə edib. Şeyxülislam: “İrəvana getmək barədə
konkret qərara gəlməmişəm” Mübariz Aslanov/AZADİNFORM. “Erməni katolikosu II Qaragenin İrəvana dəvəti ilə bağlı konkret bir qərara gəlməmişəm”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib.
Şeyx deyib ki, bununla bağlı konkret fikrə gəlmədiyinə görə, səfər barədə indidən konkret söz deyə bilmir. Rusiya patriarxı Kiril ilə görüşünün nəzərdə tutulduğunu deyən A.Paşazadə bundan sonra Ermənistana gedib-getməmək barədə qərar verəcəyini açıqlayıb.
Qeyd edək ki, bu il noyabrın 28-30-da Ermənistanda MDB ölkələri Konfessiyalararası Şuranın iclasının keçirilməsi nəzərdə tutulur. Bütün Qafqazın Şeyxinin həmin toplantıda iştirakı gözlənilir. QMİ jurnalistlər üçün
kurslar təşkil edəcək Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda dini sahə üzrə ixtisaslaşmaq istəyən jurnalistlər üçün kurslar təşkil edəcək. Bunları jurnalistlərə açıqlamasında QMİ sədri Allahşükür Paşazadə bildirib.
O, qeyd edib ki, hazırda bununla bağlı işlər gedir və tezliklə idarə nəzdində jurnalistlər üçün belə bir treninqlər fəaliyyətə başlayacaq. “Dini sahədə, şəriət qanunları ilə bağlı əksər jurnalistlərimizin heç bir məlumatı yoxdur. Ona görə də onlar çox vaxt bu sahəyə müraciət edəndə kifayət qədər səhflərə yol verirlər. Onları qınamaq da olmur, çünki öyrənmək üçün yerləri də yoxdur. Bunma görə də biz qərara gəlmişik ki, dini sahədə ixtisaslaşmaq üçün jurnalistlərə yardımçı olaq”-deyə Şeyx vurğulayıb. 
A.Paşazadə bunun üçün Türkiyə təcrübəsinin nümunə kimi göstərib. QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ QAZILAR ŞURASI VƏ ELMİ-DİNİ ŞURASININ M Ü R A C İ Ə T İ
Allahın adı ilə!
Son zamanlar cəmiyyətimizdə milli və dini dəyərlərə qayıdış prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə müraciətini zəruri edir.
Bu, təbii haldır, çünki müstəqillik dönəmində tarixi köklərimizə, İslama, mənəvi dəyərlərə, əxlaq normalarına maraq artmış, milli adətlərin yeni, müasir tələblər səviyyəsində inkişafı üçün münasib şərait yaranmışdır. Bu tarixi proseslə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri möhtərəm İlham Əlyev cənabları demişdir:”Bəşəriyyətin milli-mədəni tərəqqisində müstəsna bir mərhələ açmış İslam dininin tarixi rolu xüsusi qeyd edilməlidir. Öz ümumbəşəri mahiyyəti və demokratizmi ilə İslam dini insanları daim sülhə, həmrəyliyə, dözümlülüyə və mənəvi-əxlaqi kamilliyə dəvət etmişdir”. Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyatı olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir.
Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasından və günümüzün reallığına aid olan bir sıra problemlərdən gedir. QMİ-nın Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməmişdir. Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Muhəmməd salavatullahın aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir. Qur`ani- Kərimin Əraf surəsinin 31-ci ayəsində insanlara: “..Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” – hökmü buyurulmuşdur. Məhz bu ayənin hökmünə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur.
Məlumdur ki, toy nikahın aşkarlığını və qanuniliyini təmin edir. Peyğəmbərin (s) bir hədisində deyildiyi kimi: “Beş halda şənlik mərasimi qurulmalıdır: izdivac ( evlənmə ) zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdikdə, ev aldıqda və Həcc ziyarətindən qayıtdıqda”. Müsəlmanların şadlıq mərasimləri və toylarında yemək süfrələri açmaq, şənlənmək qədim el adətlərindəndir, lakin bəzi yeni dəblər, özəlliklə son zamanlar vüsət tapmış zənginlik nümayişi bir neçə baxımdan düzgün deyildir. Əvvələn, bu məclislər sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur. Mərasimlərdə imkansızlara, ehtiyacı olanların ailələrinə yardım və ehsan etmək İslama görə məqbul sayılır. Buna görə də mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir.
Dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllənirlər. Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə “yaxşılıq etmək, gözəl iş görmək” mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır və düşünmür ki, Rəbbimizin əmr və qadağanlarına asilik bağışlanılmaz günahlardandır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaqdır.
Qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən geri qalmır. İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Rəvayətə görə, Həzrət Muhəmməd (s) süd qardaşı Osmanın məzarının üzərinə tanınmaq üçün öz əlləri ilə kiçik bir başdaşı qoymuş, bununla müsəlman məzarlarının sadəliyi öz təsdiqini tapmışdır. Şəriətə görə, önəmli olan qəbrin 30-40 il müddətində tamamən torpağa qarışması və qəbiristan ərazisinin böyüyərək məkanı zəbt etməməsidir. Qəbiristan torpaqları vəqf ərazisi hesab olunur, onların satışı dinimizə görə haramdır. Biz vətəndaşlarımızı belə əməllərdən çəkinməyə çağırırıq.
Bu və digər dini problemlərlə bağlı bir məqamı da yaddan çıxarmaq olmaz ki, İslamın yayıldığı ərazilərdə dini dəyərlər yerli ürfi adət və ənənələrlə təmas edərək qaynayıb qarışmış, hər yerin özünəməxsus cəhətlərini, etnik xüsusiyyətlərini qoruyub saxlamaqla Allahın yaratdığı bəşəri müxtəlifliyi zənginləşdirmişdir. Bizim xalqımızın mentaliteti əsasən islami dəyərlərdən ayrı deyildir. Bunu nəzərə alaraq, geniş ictimaiyyətin, din xadimlərinin, ziyalıların, dövlət və elm adamlarının birgə səyi ilə müəyyən bir razılaşmaya gəlmək, milli və dini dəyərlərin pozulmaması şərti ilə, dini və dünyəvi prinsiplərə uyğun olan ortaq məxrəc əldə etmək mümkündür. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir.
Biz eyni zamanda xalqımıza, bütün vətəndaşlarımıza müraciət edərək bu vacib ictimai əhəmiyyət kəsb edən məsələnin ümümxalq müzakirəsinə çıxarılmasını təklif edirik. Toy və yas mərasimlərinin təşkilinə münasibətiniz, təklif və qeydləriniz gələcəkdə QMİ-nin Qazılar Şurası tərəfindən toplu şəklində təhlil olunaraq müvafiq nəticələr çıxarılacaqdır. Bu məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinə yazılı olaraq müraciət edə bilərsiniz:

( Bakı, M.Fətəli küç.7, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsi.
E-mail: qmi@qafqazislam.com ).

Vahid dini-mənəvi dəyərlər konsepsiyasının tərtibi və təsdiqi zamanı mülahizələrimizin nəzərə alınacağına, cəmiyyətimizdə fikirlərimizin rəğbətlə qarşılanacağına ümid bəsləyirik. Əminik ki, təlqin etdiyimiz başlıca fikir – toy və yas məclislərində ifrat və israfdan imtina etmək qərarı cəmiyyətimizin mənəvi tərbiyəsində müstəsna rol oynayacaq, müsbət ictimai fikrin formalaşmasına xidmət edəcəkdir, inşəallah!

Allah hamımızın köməyi olsun!
URL / WWW
http://kelam.az/article/a-4268.html