Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Ərdoğan Bakıda
11.08.11 17:12

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Prezident İlham Əliyevlə görüşdü.  Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi.  Prezident İlham Əliyev ziyafətdə çıxış edərək R.T.Ərdoğanı rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qazandığı çox parlaq qələbə münasibətilə təbrik etdi. “Sizin rəhbərliyiniz altında Türkiyə son illər ərzində böyük yol keçmişdir. Siz rəhbərliyə gələndə Türkiyə problemlər içində idi - iqtisadi böhran, maliyyə böhranı içində idi. Sizin siyasətiniz nəticəsində Türkiyə bu gün dünyada dinamik inkişaf edən ölkədir. Nə dünyadakı maliyyə böhranı, nə də ki iqtisadi böhran Türkiyəyə təsir etdi. Bu, Sizin nailiyyətinizdir, Sizin siyasi xəttinizin nəticəsidir. Bu, bizi də çox sevindirir. Türkiyə bizim üçün qardaş ölkədir, dost ölkədir və Türkiyə nə qədər güclü olsa, biz də özümüzü bir o qədər güclü hesab edəcəyik”,-deyə İlham Əliyev bildirdi.

Geniş tərkibdə görüş

Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu. Prezident İlham Əliyev görüşü açaraq Türkiyə-Azərbaycan dostluğu və birliyinin çox vacib amilə çevrildiyini söylədi. “Bu gün biz Sizinlə geniş söhbət etdik, demək olar, gündəlikdə duran bütün məsələləri müzakirə etdik və bir daha gördük ki, bütün bu məsələlərdə bizim mövqeyimizdə heç bir fərq yoxdur. Bu, belə də olmalıdır. Çünki bizi birləşdirən tarixi köklər, mədəni köklər o qədər güclüdür ki, bunlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayır. Mən Sizi və Sizinlə bərabər Bakıya gəlmiş bütün qardaşlarımızı bir daha salamlayıram. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Qısa da olsa, əminəm ki, səfəriniz çox uğurlu və yaddaqalan olacaq”,-deyə Prezident əlavə edib.
Görüşdən sonra Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı oldu. Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etdilər.

Bu müttəfiqlik böyük sınaqlardan keçib

Elə həmin gün Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi. Prezident İlham Əliyev ziyafətdə çıxış edərək müstəqilliyinin 20 illik yubileyini qeyd edən Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətin Türkiyə olduğunu bildirdi. Müstəqil dövlətlər kimi bu gün Türkiyə və Azərbaycanın uğurla əməkdaşlıq etdiyini qeyd edən president ilham əliyev bu əməkdaşlığın demək olar ki, bütün sahələrdə çox gözəl nəticələri olduğunu söyləyib: “Biz bir köklərə mənsubuq. Ancaq tarixdə elə hallar var ki, bir-birinə çox yaxın olan, hətta dili bir olan ölkələr bir-biri ilə o qədər də sıcaq münasibətdə olmur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu möhkəm tarixi və mədəni köklər üzərində bu gün Türkiyə və Azərbaycan siyasi sahədə, iqtisadi sahədə, bütün başqa sahələrdə müttəfiqlər kimi çalışır, işləyir. Son 20 il ərzində bu müttəfiqlik böyük sınaqlardan keçmişdir. Azərbaycan daim Türkiyənin dəstəyini, diqqətini hiss etmişdir, bu gün də hiss edir. Eyni zamanda, bugünkü Azərbaycan, güclənən Azərbaycan Türkiyə üçün də bir dayaqdır. Azərbaycanın imkanları artır və beləliklə ölkəmiz ikitərəfli əlaqələrin inkişafına, ortaq maraqlara öz töhfəsini verməkdədir. Bizim qarşımızda enerji məsələləri ilə bağlı strateji seçim etmək məsələsi duranda, şübhəsiz və heç bir tərəddüdsüz düzgün seçim edilmişdir və bütün bizim əsas enerji yollarımız Türkiyə ərazisindən keçir. Bu yollar bir dəhlizə çevrilibdir və bu dəhliz artıq nəqliyyat üçün də açılıbdır. Bu gün haqqında söhbət etdiyimiz həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum kəmərləri və həm də Bakı-Tbilisi-Qars layihəsi artıq regional müstəvidən çıxıb, beynəlxalq əhəmiyyətə malikdir. Necə ki, bizim dostluğumuz, qardaşlığımız və işbirliyimiz artıq regional müstəviyə sığmır. Bizim birliyimizin, birgə fəaliyyətimizin istənilən sahədə artıq qlobal mahiyyəti var. Əlbəttə ki, illər keçdikcə və ölkələrimiz gücləndikcə bizim təsir imkanlarımız daha da genişlənəcəkdir”.
Prezident bildirib ki, biz bir yerdə türkdilli dövlətlərin əməkdaşlığına da çox müsbət təsir göstəririk. Onun sözlərinə görə, bəzi hallarda bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər bütün türk dünyasının birləşməsinə xidmət göstərir. “Bu təşəbbüslər həm siyasi sahədə, həm iqtisadi sadədə, həm də mədəniyyət sahəsində artıq gözəl nəticələrini verməkdədir. Türk dünyasının birləşməsi çox müsbət haldır və həm Türkiyədə, həm də Azərbaycanda bu məsələyə çox böyük diqqət göstərilir.
Bir daha demək istəyirəm ki, bizim aramızda olan əlaqələr bütün sahələri əhatə edir. Bugünkü danışıqlarda gündəliyimizin demək olar ki, bütün məsələləri müzakirə edildi. Diqqətdən kənarda bir dənə də məsələ qalmadı. Bütün istiqamətlər üzrə konkret proqramlar və layihələr icra edilir və təşəbbüslər irəli sürülür”,-deyə İlham Əliyev bildirib.
Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaların qoyulmasına başladığını diqqətə çatdıran prezident İlham Əliyev bu vaxta qədər 4 milyard dollardan çox vəsait qoyulduğunu və növbəti bir neçə il ərzində Türkiyənin neft kimyası kompleksinə 6 milyard dollar sərmayə qoyulacağını diqqətə catdırıb: “Eyni zamanda, Türkiyə şirkətləri də Azərbaycana böyük həə sərmayə qoyurlar. Bu, bir daha onu göstərir ki, nə qədər biz bir-birimizə bağlıyıq, nə qədər biz bir-birimizə inanırıq. Çünki əgər bu olmasaydı, şirkətlər bu qədər investisiyaları qoymazdılar. Dəmir yolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni Dəmir İpək yolu ilə birləşəcəkdir. Bu yol həm bizim xalqlarımıza xidmət edəcək, eyni zamanda qitələri birləşdirəcəkdir. Biz bu gün Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələlərinə də toxunduq. Azərbaycanın zəngin neft-qaz yataqları Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır və gələcəkdə bu rol daha da artmalıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə yeni vacib addımlar atılacaqdır”.

Ərdoğan: Qərb dərs götürməlidir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan seçkilər keçirildikdən sonra ilk səfərlərini Azərbaycana və ya Şimali Kipr Türk Respublikasına etdiklərini bildirdi: “Bu il ilk səfərimi 37-ci müstəqillik ildönümü olması münasibətilə 19-20 iyulda Şimali Kipr Türk Respublikasına həyata keçirdik. Bu gün də 20-ci ildönümü münasibətilə Azərbaycanda həyata keçiririk. Yəni iki xoşbəxtliyi bir yerdə yaşadıq.
Amma həm də ona görə xoşbəxtəm ki, 20 il əvvəlki Azərbaycanı bugünkü ilə müqayisə etsək, həqiqətən, çox fərqli bir dəyişiklik, inkişafın içərisindədir. Hava limanından buraya gələnə qədər həm bütün yolların infrastruktur işləri, həm də bütün binaların fasadlarının yenilənməsi kimi işlər Azərbaycanda bir şeyin siqnalını verir. O da adətən, mədəniyyət yolunda həm tarixinə sahib çıxmaq, həm də bu günü sabaha hazırlamaq məqamında mühüm bir mesaj verir. Mənim çox arzuladığım, istədiyim, sevdiyim bir şey vardır. O da şəhərlərin özünəməxsus yerli memarlığına sahib çıxmasıdır. Bakıda bunu gördüm. Bunu gördüyüm üçün ayrıca xoşbəxtəm, məmnunam. Çünki bu, Azərbaycanın, Bakının öz keçmişinə, tarixinə sahib çıxması, digər tərəfdən də mədəniyyət yarışında Qərbə də bəzi mesajların verilməsidir. Təbii ki, Qərb bir qərara gəlməlidir. O da budur: bu, Bakı, bu da Yerevan. Yerevan olduğu yerdə sayır - təbii ki, “köhnə” sözü burada fərqli başa düşülür, amma bizdə çox fərqlidir – durumu məlumdur. Amma Bakının durumu da məlumdur. Artıq müqayisə qəbul edilməzdir. Məsələ belədir. Qərb bundan dərs götürməlidir. Dərs götürərək, başda Minsk qrupu olmaqla təhlil aparmalıdır. Amma onlar hələ də bu təhlili aparmaqda çətinlik çəkirlər. Haqqı sahibinə təhvil vermirlər və görürsünüz ki, hələ də Dağlıq Qarabağ, bu bölgə işğal altındadır və üzüntülü bir durum yaşayır. O da azad olunacağı günü gözləyir. İnşallah, azad olunduğu andan etibarən, inanıram ki, ora da sahiblərinin əllərində sürətlə bu dəyişikliyi, inkişafı yaşayacaqdır.
Bizim qardaşlığımız, bağlılığımız tarix, mədəniyyətdən gəlir. Güclü bir bağlılığımız var və bunu heç kimsəyə zədələtməməliyik. Buna heç kimin haqqı yoxdur. Bunu gücləndirərək sabahlara daşıyacağıq və biz bunu bacarırıq. Hərbi, siyasi, iqtisadi, ticari, mədəni sahələrdə atdığımız və inşallah, atacağımız addımlarla bunu bacarırıq. Qoyduğumuz hədəflərə nail oluruq.
Bir az əvvəl dəyərli Prezidentimiz ifadə etdi ki, həm Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həm də Qars-Tbilisi-Bakı dəmir yolu xətti - bütün bunlar gələcəyə istiqamətlənmiş müjdələr verir.
Bakı-Tbilisi-Ərzurum ilə birgə, “Şahdəniz-2”də daha güclü bir iş ortaya qoyulacaqdır. Bunlar təbii ki, bir enerji bazası olaraq da Türkiyəyə önəm qazandırır. Amma hamısından vacibi bizim həmrəyliyimiz, qardaşlığımız çox böyük əhəmiyyət kəsb edir. Bunu gələcəkdə də bu şəkildə vurğulayacağıq.
Bunun təkrar bilinməsini istəyirəm: bilin - Türkiyə olaraq, xüsusilə iqtidarımız olaraq biz bu 9 illik müddətdə hər zaman, hər yerdə, hər toplantıda azərbaycanlı qardaşlarımızın yanında olduğumuz kimi, bundan sonrakı müddətdə də Ədalət və İnkişaf Partiyası iqtidarı bütün gücü ilə, Türkiyə olaraq hər zaman Azərbaycanın, qardaşlarının yanında olacaqdır. Buna heç kim şübhə etməsin.
Mən dəyərli qardaşıma təkrarən çox təşəkkür edirəm. Bu gözəl süfrə ətrafında, bu ziyafətdə şəxsən öz adımdan və heyətim adından ayrıca təşəkkür edirəm. Sağ olun.”
URL / WWW
http://kelam.az/article/a-4264.html