Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Naxçıvan: öz gözəllik və özəllikləri ilə
19.10.09 14:58

Naxçıvanda milli-mənəvi dəyərlərimiz həmişə ön planda  saxlanılıb
“Naxçıvanda öyrəniləsi və tətbiq olunası bir çox təcrübə var” adlı yazım mətbuatda dərc olunan günün səhəri  yaxın dostlarımdan birisi məndən soruşdu:
- Nə əcəb, regionda - qədim və doğma torpaqda milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunub saxlanılması, adət-ənənələrimizim yaşadılması istiqamətində görülən işlərdən, həyata keçirilən müsbət tədbirlərdən bir yazı hazırlamırsan, bu barədə öz düşüncələrini  oxucularla bölüşmüsən? Axı bu sahədə də Naxçıvanda  gözəl və müsbət bir təcrübə toplanılıb, onlar ölkəmizin başqa bölgələri və onun  sakinləri üçün də yaxşı nümunə ola bilər.Düzü, ilk əvvəl bu sözlər mənə bir qədər adi göründü. Düşündüm ki, nə fərqi var, xalqımıza məxsus adət-ənənələr ayrı-ayrı bölgə və rayonlarımızda da bu və ya digər dərəcədə yaşadılırsa, onda onun nəyi pisdir ki?! Amma iş elə gətirdi ki, bu söhbətdən az sonra  məmləkətimizin Baş kəndi olan Bakı şəhərində bir-iki yas mərasimində iştirak edəsi oldum, bu dəfə öz gözlərim ilə gördüklərimə də  inanmağım gəlmədi.
Xüsusən də bu mərasimlərdə açılan süfrələrin zənginliyi ilə tanış olanda. İlk əvvəl mənə elə gəldi ki, qonşu xarici dövlətlərin hansısa birində təşkil olunan bu cür mərasimdə iştirak edirəm. Çünki tarix elmləri namizədi, alimlik dərəcəsi olan bir ziyalı-alim tək xalqımızın adət ənənələrindən də az-çox xəbərdar idim. Yaxşı bilirdim k, yas mərasimlərinin təmtəraqlı keçirilməsi heç vaxt xalqımıza məxsus adət-ənənələrdən  olmayıb. İlahi, qışın oğlan vədəsində bu süfrələrdə hansı nemətlər yox idi: üzüm, banan, apensin, portağal, çərəz, daha nələr, nələr... Ehsan adı ilə verilən yeməklər də çeşidləri ilə seçilirdi. İnsafən xidmət işi də yaxşı təşkil olunmuşdu. Toy şənliklərindən fərqli olaraq bu mərasimlərdə təkcə ortada spirtli içkilər yox idi. O anda nədənsə kasıb və imkansız adamların halını düşündüm ki, görəsən onlar bu cür ağır yükün, məsuliyyətin  altından çıxa bilirlərmi? *      *       * Milli mənəvi dəyərlər həm də hər bir xalqın özünəməxsusluğunun başlıca göstəricisidir. Tarixən öz zəngin folkloru, etnoqrafiyası ilə çecilən xalq həm də dünyanın inkişaf etmiş mədəniyyətə malik  və sayılan ölkələrindən biri sayılıb. Milli-mənəvi dəyərlər həm də xalqın, millətin hər bir üzvüni, sakinini birləşdirən dəyərlər,  keyfiyyətlər olmaqla yanaşı, adamları birliyə, xeyirxahlığa və mehribançılığa səsləyən bir amil olub. Onları humanist dəyərlər ətrafında toplayıb.
Təbii ki, yas saxlamaq da hər bir xalqın öz adətinə çevrilib. Bu da tariximizin dərin qatlarından süzülərək bizlərə gəlib çatan adət-ənənələrdən biri olub. Tarixçi alimlər onu da deyirlər ki, İslam dini ilə bağlı adət-ənənədə yalnız dəfn məhfumu olub.  Həzrət Peyğəmbərimiz (s) də öz səhabələrinə belə buyurub ki, dəfndə iştirak etsinlər. Deyilənə görə, bir dəfə ondan soruşublar ki, müsəlman olmayanın da dəfnində iştirak vacibdirmi, o da cavab verib ki, hətta kafirin də...
Əsrlər boyu yas mərasimləri dərdi bölüşdürmək üçün ən yaxşı yol, vasitə hesab olunub. Müdriklərimiz də deyiblər ki, dərd bölünə-bölünə azalar. Yaşlı və qoca adamlar isə belə danışırlar ki, təxminən 40-50 il bundan əvvələ qədər yas mərasimlərində nəinki ehsan, hətta ölü sahibləri üçün yemək də bişirilməyib. Bu halda başı kədərə və yasa qarışan ailəyə qohum-qonşular tərəfindən lazımi köməkliklər göstərilib. Ayrı-ayrı evlərdə bu ailə üçün də xörəklər bişirilib. Sonrakı illərdə isə sosial, iqtisadi və mədəni həyatımızdakı inkişaf adət-ənənələrimizi də xeyli irəli aparıb, onları müasirləşdirib. İqtisadi inkişaf və maliyyə durumu yas mərasimlərini də hər bir ailənin öz gücü ilə yola verilməsinə imkan yaradıb. Zaman  ötdükcə isə yad təsirlər bu dəyərlərimizə də  hücum etməyə çalışıb... *         *          * Naxçıvan MR qazisi Hacl Sultan Novruzov deyir ki, təxminən iki-üç il bundan əvvələ qədər Muxtar Respublikanın bir çox yaşayış məskənlərində yas mərasimlərinin ilk günü də ehsan verilirdi, halva bişirilirdi. Təbii ki, bu halda mərhumu düşünən, ona ağlayan az olurdu. Ölü sahibi də bilmirdi ki, nə etsin: öz əzizinin itkisi, yoxluğu barədə düşünsün, yoxsa ehsan haqqında. Kasıb və imkansız ailənin rastlaşdığı çətinliklər isə daha çox olurdu. Bu halda da o çoxlu borc-xərcə düşürdü. Az sonralar yas mərasimində kök salan bu xoşagəlməz hallar aradan götürüldü, bu dəyişikliklər də hamının ürəyincə oldu. Belə qərara alındı ki, yas mərasiminin ilk günü, dərdin, kədərin qəfildən “qonaq” gəldiyi bir vaxtda ehsan verməyə də lüzum  yoxdur.
Bu gün Naxçıvandakı yas mərasimləri həm də öz sadəlikləri ilə də çeçilir. O heç vədə dgər bölgələrimizdəki tək toy mərasimlərinə bənzəmir. Bu cür mərasimlər şəhər yerlərində adətən hər cür məişət avadanlıqları ilə təmin olunan xeyir-şər obyektləri və məscidlərdə, kənd və qəsəbə yaşayış məskənlərində isə çadır-mağaralarda, bəzi hallarda isə mərhumun ev şəraitində keçirilir. Bu mərasimlərdə zəngin çay, yaxud çox çeşidli yemək süfrələrindən danışmaq da əbəsdir. Ümümiyyətlə, buradakı mərasimlərdə limon və xurma istisna olmaqla digər meyvələrdən istifadə olunmur, bu barədə də ağsaqqal və ağbirçəklərin belə bir öyüdü əsas tutulur ki, bu cür mərasimlərdə  acı ilə şirin nemət heç vədə bir yerdə olmayıb.
Bu adət indi də yaşadılır. O, kimliyindən, nəçiliyindən və iqtisadi imkanlarından asılı olmayaraq hər bir sakin üçün adi hala çevrilib. Onu pozmağa çalışanlar isə ilk növbədə ictimai qınağa tuş gəlirlər.
Bəzi yaşayış məskənlərində, bir çox iri kəndlərdə isə yas mərasimlərində heç limon və xurmadan da da istifadə olunmur. Məsələn, götürək Kəngərli rayonun ən iri yaşayış məskənlərindən biri olan Qarabağlar kəndini. Burada 8 min nəfərdən artıq adam yaşayır, sakinlər də bir-birlərinin xeyir-şər işlərində yaxından iştirak edirlər. Belə deyirlər ki, ötən payız burada imkanlı ailələrdən birinin yas mərasimində  çay süfrəsində limon və xurmadan istifadə edilməyə çalışılıb, lakin kənd ağsaqqallarının məsləhəti ilə bu hal tez aradan qaldırılıb. Böyük vəzifə sahibi olan şəxs də sonra anlayıb ki, elin adət-ənənəsi ilə oynamaq olmaz. Babək rayonunun Nehrəm, Nəzərabad,  Didivar kəndlərindəki  yas mərasimləri də əsasən bu cür təşkil olunur.
Naxçıvanın qazisi Hacı Sultan Novruzov onu da deyir ki, iki-üç il bundan əvvələ qədər yas mərasimləri ilə bağlı dini dəyərlərimiz də ayrı-ayrı hallarda yad təsirlərə məruz qalmaq təhlükəsi ilə üzləyişb. Xüsusən də Bakı şəhərində və digər bölgələrdə yaşayan, əslən naxçıvanlı olan bəzi imkanlı adamlar, yüksək vəzifə sahibləri şöhrət naminə öz yaxın adamlarının yas mərasimlərini təmtəraqla, zəngin süfrə ilə yola vermək istəyiblər. Hətta bir neçə yerdə, - yas mənimdir, özüm bilərəm, onu necə keçirərəm, -deyənlər də olub. Amma belələri sonralar ictimai qınaqla qarşılaşdıqlarını gördükdə, etdikləri hərəkətlərə görə də peşimançılıq keçiriblər. Dərk ediblər ki, bu halda yerli əhalinin yas mərasimlərində iştirakı da zəif olur. “Palaza bürün, el ilə sürün” kəlamı yenə də üstün gəlib. *     *     * El adət-ənənəsinə görə, Naxçıvanda yas mərasimləri əsasən üç gün keçirilir. Naxçıvan şəhəri ilə yanaşı digər rayonlarda da bu mərasimlər  bu cür formalaşıb. Yas mərasiminin  ilk günü isə ehsan verilmir. İkinci gün əsasən mərasimdə iştirak edən, onun əziyyətini çəkən adamlar üçün ehsan təşkil olunur. Bu halda iştirakçıların sayı çox olmur. Üçüncü gün isə nahar vaxti böyük ehsan süfrəsi açılır, adamlar könüllü şəkildə burada iştirak edirlər. Bəzi yaşayış məskənlərində isə bu ehsan mərasimin dördüncü günü və ya qarşıdan gələn ilk çümə axşamı verilir.
Bölgədə dünyasını dəyişən şəxsin yeddi və qırx deyilən mərasimləri isə əsasən onun doğma və yaxın adamlarının iştirakı ilə yad olunur. Bütün hallarda isə Muxtar Respublika ərazisində ehsan yalnız bir növ yemək-plov və ya sovuz bişirilməklə həyata keçirilir. Bu halda yemək süfrəsi üzərində mineral su və göyərti-tərəvəzdən başqa özgə bir nemət olmur. Hər bir yas sahibi də bu ənənəyə əməl etməyə çalışır.
O ki, qaldı yas mərasimlərini idarə edən din adamlarına, yerli mollaların fəaliyyətlərinə, son illər bu sahədə də bir qədər qayda yaradılıb. İlk növbədə ali dini təhsilli adamlar bu işlərə daha çox cəlb olunublar. Muxtar Respublika ərazisində Bakı İslam Universitetinin məzunu olan beş nəfər artıq bu sahə ilə məşğul olur. 7 gənc isə həmin ali təhsil ocağında təhsilini davam etdirir.
Təbii ki, 200-dən artıq yaşayış məskəni olan regionda yas mərasimlərini bu sayda ixtisaslı kadr, qüvvə ilə yola vermək çətin məsələdir. Bu səbəbdən də yerl dindarların gücündən də istifadə olunur. Bunun üçün Muxtar Respublika Dini işlər üzrə Dövlət İdarəsinin əməkdaşları yerli qazi və axundlar Şurası ilə birlikdə vaxtaşırı yerlərdə  bu işlə məşğul olan adamlar arasında imtahan xarakterli söhbətlər aparırlar. Onların arasında  kifayət qədər dini savadı, dünyagörüşü  və dil qabiliyyəti olanlara bu işlə məşğul olmağa icazə verilir. *        *        * Bölgədə dini-mənəvi dəyərlərimizin qorunması  və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm əhəmiyyətli tədbirlərdən biri də müsəlman dünyasında müqəddəs ünvanlardan sayılan qəbirstanlıqlara münasibətin bir qədər dəyişilməsi ilə bağlıdır. Regionda aparılan geniş miqyaslı quruculuq tədbirləri artıq bu sahəni də öz  ağuşuna alıb. Məzarstanlıqların hasar-çəpərə salınması, onların ətraflarında yaşıllıq zolaqlarının salınması, su xəttlərinin çəkilməsi bu sahədə görülən xeyirxah işlərin bir qismidir. Babək rayonun Cəhri, Kəngərli rayonun Xök, Şərur rayonun Aralıq və onlarla digər kənd qəbirstanlıqlarında həyata keçirilən tədbirləri buna əyani misal göstərmək olar. Naxçıvan və Şərur şəhər qəbirstanlıqlarında aparılan böyük həcmli quruculuq işləri də adamlara sanki yeni mədəniyyət aşılayır. Bu qəbirstanlıqlar üçün giriş tağların inşa olunması, məzarlar arasında sal daşları ilə gediş-gəliş yollarının salınması da göstərilən qayğının bir ifadəsidir. Qəbirstanlıqlarda  vaxtaşırı iməcliklərin keçirilməsi, təmizlik və abadlıq işlərinin aparılması da müsbət işlərdəndir.
Hazırda isə yerli əhali arasında ictimai müzakirəyə ötürülən vacib məsələlərdən biri  mərhum üçün hazırlanan baş daşlarının vahid bir formada olub-olmaması ilə bağlı gedən söz-söhbətlərdir. *      *      * Bir qədər də bölgədə milli-mənəvi dəyərlərimizin digər tərkib hissəsi və aparıcı qolu olan əxlaqi dəyərlərimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmaq istəyirəm.
Bir vaxtlar əxlaqi dəyərlərimiz nəinki hər gün, hər saat belə tapdanırdı, əxlaqsızlıq da adi bir hala çevrilmişdi, bəzi dairələr isə bu iyrənc və çirkin oyundan qazanc mənbəyi kimi istifadə edirdilər. Heç şübhəsiz ki, həmin iyrənc oyunların təməli də müstəqilliyimizin ilk illərində qoyulmuşdu. O vaxtlar ki, ölkədə hökm sürən xaos, anarxiya və hakimiyyətsizlik ab-havası məmləkətimizdə cinayətkar ünsürlərin də fəallaşmasına səbəb olmuşdu. Bir tikə çörək də əhalinin aztəminatlı təbəqəsi üçün ərşəyə dönmüşdü. Bu mühitdə öz bədənləri ilə alver etmək istəyən qadınlarımız  yaz yağışından sonra artan göbələklər tək çoxalmışdı. Naxçıvan isə bu sahədə necə deyərlər, bir növ “tranzit yola” çevrilmişdi. Məhz həmin illərdə Naxçıvanın ayrı-ayrı bölgələrində, aeroport ətrafında, xüsusən də Naxçıvan-Sədərək magistral yolu üzərində adını otel qoyaraq, əslində isə əxlaqsızlıq yuvasına çevrilən neçə-neçə “imarətlər” tikilmişdi. Onların da “qonaq-qaraları” adətən uzaq ünvanlardan bura “pənah gətirən”  xanım və kişilər idi...
Amma nə yaxşı ki, inkişafımızın sonrakı illərində yerli hakimiyyət orqanları tərəfindən  bu sahədə də təcili və təsirli mübarizə tədbirləri aparıldı. İlk əvvəl həmin otel-binalar sökülərək alt-üst edildi, onların “gecə qondu” üzvləri bölgədən uzaqlaşdırıldılar. Sonralar isə evlərdə, mənzillərdə əxlaqsızlıqla məşğul olmaq istəyənlərə qarşı sərt cəza tədbirləri tətbiq olundu. Burada işləməyən bir çox adamlar da bölgədən baş götürüb gedəsi oldular. Son nəticə isə qədim diyarın hər bir vətəndaşının ürəyincə oldu. Çünki ilk növbədə hər birimizin qürur mənbəyi olan milli mənəvi dəyərlərimiz qorundu. *    *     * Onu da qeyd  edək ki, bu cür tədbirləri iqtisadi blokada şəraitində yaşayan bölgədə həyata keçirmək də asan olmayıb. İlk növbədə ona görə ki, region üç xarici dövlətlə həmsərhəddir, onun ikisi –Türkiyə və İranla bu diyar arasında sadələşdirilmiş gömrük-keçid qaydaları fəaliyyət göstərir. Hər gün də məmləkətimizin ayrı-ayrı bölgələrindən Bakl-Naxçıvan, Gəncə-Naxçıvan təyyarə reysləri ilə buraya gəlib maşın və avtobuslarla xarici ölkələrə yola düşən digər bölgələrin sakinləri, eləcə də onlar arasında yüngül təbiətli qadınlar da az olmur. Üstəlik də xarici ölkələrdən turist xətti ilə Naxçıvana gələnlər də getdikcə artır.
Muxtar Respublikanın səlahiyyət sahiblərindən biri  ötən ilin  ortalarında mənə - bu sətirlərin müəllifinə belə bir əhvalat danışmışdı ki, Türkiyədə bəzi dairələr İstanbuldan Naxçıvana hava reysi açmaq istəyiblər. Bunun üçün təklif olunan qiymətlər də xeyli ucuz olub : təxminən hər bilet üçün 80-85 dollar.
Amma Muxtar Respublika rəhbərliyi bu ucuz təkliflə razılaşmaq istəməyib. Düşünülüb ki, bu halda Naxçıvan torpağı daha çox “ayaq altda” qalacaq. Bu təklifə münasibət belə olub ki, İstanbuldan Bakıya, yaxud da Tiflisə təyyarə biletlərinin dəyəri necədirsə, Naxçıvanın hava məkanı üçün də ona uyğun qiymətlər tətbiq olunsun. Ötən ilin son günlərindən fəaliyyətə başlayan Bakı-Naxçıvan-İstanbul reysində məsələ bu halda həllini tapıb.
Təbii ki, bütün hallarda Naxçıvanda milli-mənəvi dəyərlərin ön planda saxlanılmasına böyük ehtiyac olub. Yerli hakimiyyət orqanları da öz fəaliyyətlərində bu amilə üstünlük verirlər. Bu isə bəzən istər ölkəmizdə, istərsə da xaricdə fəaliyyət göstərən bəzi qüvvələri razı salmır. *      *      * ...Nə yaxşı ki, dövran və zaman dəyişib. Son on ildən artıq bir müddətdə Muxtar Respublikanın dövlət idarəçiliyi sahəsində də vahid bir mexanizm yaradılıb. Diyar da məmləkətimiz üçün strateji əhəmiyyətli bir bölgəyə çevrilib. Dövlət  idarəçiliyinin bir əldə möhkəm cəmlənməsi, bu sahədə əl üstündə əl yeri qalmaması öz bəhrəsini verib. İdarəçikik sahəsində uzaq ünvanlara atılan “qarmaqlar” da artıq boşa çıxıb, həyat öz axarı ilə davam edib. İstər məmur, istərsə də digər imkanlı təbəqə də ictimai qayda-qanunlar qarşısında özünü bərabər tutur. İpə-sapa yatmayan adamlara da artıq bu meydanda yer qalmayıb. Bu səbəbdən də  regionda ən böyük sərvətimiz olan milli-mənəvi dəyərlərimiz yad təsirlərdən lazımınca qorunur və yaşadılır. Muxtar Respublikanın ictimai-siyasi və mədəni həyatında qazanılan indiki uğurların təməlində də bu amil önəmli rol oynayır.

Məmməd  MƏMMƏDOV,
tarix elmləri namizədi,
Naxcıvan MR Ali Məclisinin  deputatı, əməkdar jurnalist
URL / WWW
http://kelam.az/article/a-41.html