Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin “Qaynar xətt”inə 4781 müraciət daxil olub
09.07.11 02:28

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub. Digər sorğularda müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, onların yaş senzi, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, ümumtəhsil məktəb məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları ilə əlaqədar məsələlər öz əksini tapıb. Bütün bu sorğular “Qaynar xətt” xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb. Bir sıra müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. 84 belə müraciət əsasında araşdırmalar aparılıb və problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhərlərindən, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub. 2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələrindən 46 müraciət qəbul edilib. Onlardan 19-u dövlət, 9-u özəl ali təhsil, 3-ü xarici ölkələrin ali məktəbləri, 14-ü orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub. Belə müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə aparılması, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər mövzuları əhatə edib. İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olan ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub. Digər müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet(1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb. Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.
URL / WWW
http://kelam.az/article/a-4040.html