Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Hər şeyin təzəsi, dostun köhnəsi…
19.10.09 14:58

«Dostları əldən vermək qəriblikdir». İmam Əli (ə)
«Bölüşdükcə çoxalan yeganə məfhum dostluqdur…» Bu sözü dəfələrlə eşitmiş və real həyatda öz təsdiqini tapdığını görmüşdüm. Lakin illərlə donub qalmış dostluğun birdən-birə belə alovlanmasının şahidi olmamışdım…Bəhs edəcəyim hadisə düz iyirmi il bundan əvvəl baş verib. Dayım Qadil Rusiyadan - hərbi xidmətdən qayıdarkən Xaçmazlı dostu Nadirə Xatirə Albomunu əmanət qoyub. Buna da səbəb dayım Qadilin təcili olaraq Bakıya çağırılması olub. Sonralar ünvanı bilmədiyi üçün dostu albomu sahibinə – yəni dayıma qaytara bilmir. Amma bu iyirmi ildə albomu göz bəbəyi kimi qoruyur… Yay mövsümündə Quba-Qusar-Xaçmaz istiqamətinə ailəvi gəzintiyə – istirahətə getmişdik. Xaçmazda dayanıb rayonun səfalı guşələrinin birində istirahət edirdik. Dayım söhbətcil olduğundan yerli camaat tez-tez onun başına toplaşardı. Söhbət əsnasında Xaçmazın Revalyusiya kəndindən olan Nadir adlı bir oğlanla əsgərlik yoldaşı olduğundan söz açdı. Sonra onu tapmağın mümkün olub-olmayacağı ilə maraqlandı. Söhbət etdiyi adamlardan biri dərhal ondan Nadirin soyadını soruşdu. Dayım,  Nadirin soydanının Şadıyev olduğunu bildirəndə həmsöhbətinin gözləri bərəldi. Bildirdi ki, hazırda Şadıyevlər zonanın ən hörmətli nəsili – tayfası hesab olunur: «Nadirin atası Əhməd Şadıyev zonanın ağsaqqalı olub. Nadirin özünə gəldikdə isə canlara dəyən oğlandır. Əgər mən deyən Nadirdirsə, bu dəqiqə onun telefon nömrəsini taparam».
Dayımın bir az tərəddüd içində olduğunu hiss etdim. Dostların ayrılığından nə az, nə çox düz iyirmi il keçirdi. Bu illər ərzində çox şey dəyişə bilərdi, ümumiyyətlə Nadir onu xatırlamaya da bilərdi və s… Dayımın tərəddüdünə mən də haqq qazandırdım. Amma qəlbimdən keçirdirdim ki, görüşsəydilər nə gözəl olardı. Bu qısa müddət ərzində daymın beynindən nə qədər müxtəlif fikirlərin ötüşüb keçməsini mən də duyurdum. Lakin  uzun illər həsrətində olduğu dostunu görmək həvəsi bu tərəddüdləri üstələdi. Nəhayət, dayım dostu Nadirə zəng vurdu. Təəccüblü orasındadır ki, Nadir onu dərhal tanıdı. Dayım bir az qaraqabaq olduğu üçün öz sevinc hissini gizlətməyə çalışdı. Amma hisslərini cilovlaya bilmədi. İstirahət etdiymiz yerdən Nadirgilin kəndinə gedincə yol boyu dayımın keçirdiyi həyəcan hissi maşında olanların hamısına keçmişdi. Hamımız onların ilk görüş səhnəsini müzakirə edirdik. Görəsən necə olacaq, bir-birilərini ilk baxışdan tanıyacaqlarmı? Görəsən Nadir, Qadilin ağızdolusu danışdığı dostu, reallıqda necə insandır və s.
Budur, nəhayət onlar görüşdülər. Sözün əsl mənasında bu görüş səhnəsini sözlə ifadə etmək çox çətindir. Onlar uşaq kimi sevinirdilər. Azacıq ayaqüstü söhbətdən sonra Nadir bizi evinə dəvət etdi. Ailəsi ilə tanışlıqdan sonra, bir azdan sağlam cüssəli, atası Əhməd dayı sevinc və fərəh hissi ilə bizim görüşümüzə gəldi. Eşidəndə ki, oğlu Nadirin Bakıdan əsgərlik dostu gəlib, özünün dediyinə görə sevinci yerə-göyə sığışmırdı. Ahıllıq yaşında olmağına baxmayaraq, Əhməd dayıda rəhbərlik, idarəetmə, liderlik xüsusiyyətləri özünü biruzə verirdi. O, yenə də qurub, yaratmaq eşqi ilə yaşayırdı. Onların çox gözəl ailəsi var idi. Başda ağsaqqal atası Əhməd dayı olmaqla, həyat yoldaşı Firuzə xanım və üç oğlu Rüstəm, Ruslan və Nurlan bizə çox isti münasibət, yüksək qonaqpərvərlik göstərdilər. Elə bilirdim ki, biz bu ailəni neçə illərdir tanıyırdıq. İlk təəsürat çox yaddaqalan oldu. Gecə yarısına qədər səmimi söhbətimiz oldu. Gecənin keçməsinə baxmayaraq heç kimin yuxusu gəlmirdi, hamı şirin və maraqlı söhbətin təsiri altında idi. Nəhayət yavaş-yavaş hərə öz yataq otağına çəkildi. Dostlar isə hələ də söhbət edir, şirin xatirələrini bir-biri ilə bölüşürdülər. Onların gülüşündə olan səmimi sevinci demək olar ki, bütün evdəkilər hiss edirdi. Nostalci hisslər onları ta iyirmi il öncəyə aparmışdı. Sanki, onlar bu həyatdan təcrid olmuşdular. Özüm də istəmədən aralarında söhbəti gedən maraqlı bir xatirəni eşitdim.
Qadil: «…Nadir yadındadır, gölə çimməyə getməyimiz? Hamı getdi, mən isə səni gözlədim, dedim ki, mən Nadirsiz getmərəm. Sonra hər ikimiz suya çimməyə girdik. Hiss elədim ki, qəfildən elə bil su məni aşağıya doğru çəkir. Sən isə elə bilirdin ki, mən zarafat eləyirəm. Mənə uzaqdan baxıb gülürdün».
Nadir (gülə-gülə): «Hə yaxşı yadımdadır. Amma başa düşəndə ki, bu zarafat deyil, sənin əlindən tutub sudan çıxardım. Sən demə bizdən başqa da bu səhnəni görən var imiş. Zarafatmı və ya ciddimi nə yaxşı ki, o səhnənin foto şəklini çəkmişlər. Albomda onu da saxlamışam. Qadil, düzünü desəm həmişə fikirləşirdim ki, görəsən albomu sənə nə vaxtsa çatdıra bilərəmmi? Yadımdadır, səni təcili Bakıya çağırdılar. Xatirə albomlarımız hələ hazır deyildi. Mənə dedin ki, albom sənə əmanət. Orada çox gözəl xatirə şəkillərimiz var. Mən də sənə söz verdim ki, albomu sənə çatdıracağam. Bu məni həmişə narahat edirdi. Ünvanını bilmədiyimdən sanki bir möcüzə gözləyirdim. Budur iyirmi ildən sonra o möcüzə baş verdi. Mən buna təsadüf deməzdim, sən demə Allahın qisməti delə imiş. Biz  burada, bu vədədə görüşməli imişik…»
Beləcə iyirmi il dost evində göz bəbəyi kimi saxlanılan albom sahibinə qaytarıldı.
Rübabə ATAKİŞİYEVA
URL / WWW
http://kelam.az/article/a-40.html