Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” beynəlxalq elmi konfransı keçirilir
29.06.11 19:30

“Hər bir xalqın tarixində muzeylər böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də ölkəmizdə olan muzeylərə və onlarda saxlanılan eksponatlara qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransın açılış mərasimində söyləyib. “Konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr olacaq”. Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Azərbaycanın bütün sahələrdə olduğu kimi muzeylərin təbliğində və yenidən qurulmasında, vaxtilə başqa ölkələrə aparılan eksponatlarının geri qaytarılmasında dövlət səviyyəsində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Diqqətə layiq haldır ki, bir sıra xarici dövlətlər Azərbaycan muzeyləri ilə maraqlanır və bu muzeylərdə qorunub saxlanılan eksponatların tarixi köklərinin Azərbaycana, azərbaycanlılara məxsus olduğunu təsdiqləyirlər”. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda muzey sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, ölkədə 250 muzey var ki, onlardan 205-i Mədəniyyət və Turizm Nazirliyinə aiddir. S.Məmmədəliyeva qeyd edib ki, 2006-cı ildən başlayaraq prezident İlham Əliyev tərəfindən muzey işi ilə bağlı 9 sərəncam imzalanıb. Nazir müavini işğal altında qalmış ərazilərimizdəki muzeylər barədə də danışıb. Vurğulayıb ki, işğal olunmuş ərazilərdə 100 mindən çox əşyanın toplandığı 22 muzey qalıb. Onların bir qisminin fəaliyyəti Azərbaycanın digər regionlarında bərpa olunub. Tarix elmlər doktoru, millət vəkili Yaqub Mahmudov isə “Bizdəki muzey eksponatları yalnız Azərbaycan tarixi üçün deyil, dünya tarixini də zənginləşdirmək üçün vacib əhəmiyyət kəsb edir” - deyə bildirib. Erməni işğalı nəticəsində itirilən torpaqlarda ermənilərin Azərbaycanın tarixi nümunələrinə ciddi ziyan vurduğunu dilə gətirən tarixçi alim üzünü konfransın xaricdən gəlmiş qonaqlarına tutaraq: “Ermənilər Azərbaycanın tarixi maddi-mədəni irsini qarət edərək aparıblar. Təkcə Kəlbəcərdən 5 mindən çox xalça aparılıb, alban maddi-mədəni abidələri ermənilər tərəfindən dağıdılır” - deyə müraciət edib. Millət vəkili onlardan Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasını xahiş edib. Qeyd edək ki, muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans iyulun 2-nə qədər davam edəcək. Konfrans çərçivəsində Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Bolqarıstan, İtaliya və digər ölkələrin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. İyulun 1-də isə konfrans iştirakçılarının orta əsr Ağsu şəhərinə ekskursiyası təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3973.html