Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu il müəllimlərə təyinat verilməyəcək
24.06.11 02:52

Bu il müəllimlər təhsil müəssisələrinə təyinatla göndərilməyəcək. Ona görə də iyul ayının 1-dən etibarən vakant yerlər elan ediləcək və elektron ərizələr qəbul ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib. Şöbə müdiri qeyd edib ki, elanda həm ümumi qayda ilə işə qəbul, həm də güzəştli şərtlərlə ucqar kənd məktəblərinə qəbul prosesi barədə məlumat veriləcək. Onun sözlərinə görə, iyulun 15-dək sənədlər qəbul ediləcək: “Sonra Təhsil Nazirliyi tərəfindən müəyyən təhlil aparılacaq və avqust ayından isə imtahan keçiriləcək”. F.Qədirov güman edir ki, yeni dərs ilinə qədər müəllimləri iş yerlərinə göndərə biləcəklər. Ölkədə 2 minə qədər vakant yerin olduğunu açıqlayan F.Qədirov Bakıda fiziki tərbiyə, gənclərin hərbi çağırışa qədərki, informatika fənn müəllimlərinə daha çox ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, rayon yerlərində isə əsasən Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, xarici dil fənn müəllimlərinə ehtiyac var. O, daha çox İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarında müəllimlərə böyük ehtiyac olduğunu açıqlayıb. F.Qədirov müəllimlərin attestasiyadan keçməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, hələlik Azərbaycanda müəllimlərin attestasiyasını keçirməyə ehtiyac yoxdur: “Dünyada da müəllimləri attestasiyası adlı mexanizm yoxdur. Hər təhsil müəssisəsi özü mütəmadi olaraq müəllimlərin monitorinqini keçirir, müşahidələr aparır və onların fəaliyyətini qiymətləndirir. Müəllimlərin inkişafı ilə məktəb məşğul olmalıdır. Təhsil Nazirliyi ölkədə olan yüz yetmiş minə yaxın müəllimin monitorinqini apara bilməz. Biz təhsil müəssisələri, yerli təhsil idarəetmə orqanlarına tapşırıq vermişik və onlar mütəmadi olaraq bu işləri aparır”.
URL / WWW
http://kelam.az/article/a-3935.html