Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Uzun incə bir yol
14.06.11 18:04

21 may 2011-ci il. Saat 12-00-da çay içə-içə söhbət edirdik. Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işlədiyi “Azərbaycan” qəzetinin iyun ayının 4-dəki növbəti letuçkasından danışırdıq. Söz arası dedim ki:

- Məmməd müəllim, həmin gün sizin doğum gününüzdür, yəqin Baş redaktorunuz, Bəxtiyar müəllim, bunu nəzərə alıb sizi təbrik də edər.

-Şair, qocalırıq artıq, 49-u da tamamlayıb 50-yə keçəcəyik.

-Məmməd müəllim, 50 illik yubileyiniz haqqında bir yazı yazacağıma söz verirəm.

-Şair, 50-yə çatsaq yazarsan.

...50-yə çatsaq... Bu sözü Məmməd müəllim, heç də hər hansı bir xəstəliyi, yaxud şikayəti olduğundan demirdi, həmişəki zarafatlarımızdan biri idi. Amma bəzən dediyimiz sözlərdə taleyimizin gizləndiyinin fərqinə də varmırıq. Kim inanardı ki, 50-nin həndəvərində 40-45 yaşlarında görünən bir insan anidən yanımızdan zamandan da sürətli bir şəkildə keçib gedəcək. 
...Son kitabınız - “Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” haqqında yazı yazırdım. Gözləmədiyim bir zəng... sizin reanimasiya şöbəsində yatdığınızı deyəndə sözlərin mənası mənim üçün pərən-pərən oldu... Kim dedi, necə dedi, nə dedi bilmədim. Evdən necə çıxdığımı da xatırlamıram... Bir də onda özümə gəldim ki, Naxçıvan Mərkəzi Xəstəxanasının 5-ci mərtəbəsində reanimasiyanın önündə gözlərimə hakim ola bilmirəm...
...Məmməd müəllim, siz mənim üçün çox mənalar ifadə edirdiniz. İlk əmək fəaliyyətinə başladığım müəssisənin rəhbəri - “Şərq qapısı” qəzetinin redaktoru kimi məni ilk dəfə siz işə götürmüşdünüz... Heç bir məqaləsi çıxmayan birinə yazı yazmanın şərtlərini öyrətmişdiniz, yollarını göstərmişdiniz. Qəzet işinin ağırlığına dözməyim müxtəlif bəhanələrlə 3 dəfə işdən çıxmışdım, yenə də işə qaytarmışdınız... Səbəbini soruşanlara cavabınız həmişə mənim üçün dərs oldu - Elxan mətbuatda mənim əkdiyim fidandır və onun qurumasını istəmərəm. Sizin bu sözünüzdən sonra mənim nə haqqım var idi ki, jurnalistikadan, yazı vərdişlərindən əl çəkəm...
Məmməd Yarəli oğlu Məmmədov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycanın və Naxçıvanın əməkdar jurnalisti, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun ən yeni tarix şöbəsinin müdiri, tarix elmləri namizədi və 3-4 gün əvvəl aldığı dosentlik elmi adının sahibi. Bütün bunların heç biri sizin üçün insanlıq məfhumundan yüksəkdə dayanmadı...
Mən sizdən mübarizliyi öyrəndim, məqsədə çatmaq üçün inadkarlığı öyrəndim, yenilməzliyi öyrəndim, xeyirxahlığı öyrəndim, insanları tanımağı öyrəndim...
Məmməd müəllim, siz mənim üçün mənəvi ata idiniz... Güclü xarakterinizlə həmişə gənclərin arxasını dayaya biləcəyi sarsılmaz qaya idiniz və mənim üçün yenə də elə qalacaqsınız...
...Siz mənim üçün ən yaxın sirdaş idiniz, yeri gələndə qardaş, yeri gələndə səhvlərimi deyən və onlardan çıxış yolarını göstərən dost, yeri gələndə məsləhətlərinə ehtiyacım olan böyüyüm idiniz. Son 4 ildə mənim qədər heç kimlə bu qədər səmimi, yaxın olmadınız... Sizi bəlkə də mənim qədər bilən, mənim qədər tanıyan da yoxdur.. Eləcə də mənim qədər heç kimə öz sirlərinizi açmadınız, fikirlərinizi bölüşmədiniz.
...Yadımdadı, bir dəfə Bakıdan Naxçıvana gəlirdik. Tələbəlik illərində yazdığım və yolda sizə oxuduğum şeirlərin birində belə bir misra var idi—Analı, atalı yetim kimiyik! Özünüzəməxsus zarafatınızla dediniz ki, şair, analı, atalı da yetim olar?
...Olurmuş, Məmməd müəllim, olurmuş... İndi siz getdiniz. Və oğlanlarınız Vüsar və İqrar kimi, həyat yoldaşınız Sədaqət xala kimi məni də yetim qoydunuz... Analı, dədəli də yetim olurmuş, Məmməd müəllim... Kimim qaldı ki, çətinə düşəndə üz tutacağım, sevinəndə sevincimi bölüşəcəyim?
...Məmməd müəllim, ömür uzun incə bir yoldu... Və o uzun yolun ən incə yerindən alır aparır bizi ölüm... Sizi isə ölümün apardığına inanmıram, inanmaq istəmirəm... Siz o uzun və incə yolu çox kəsə getdiniz, həm də həmişə ehtiyatla sürdüyünüz, bu qədər bir yerdə olduğumuz müddətdə 100 km/saat yuxarı sürmədiyiniz maşınınızla...
Bilgisayarımdakı sizinlə birgə çəkdirdiyimiz şəkillərə bəlkə də yüz dəfə təkrar-təkrar baxıram. İçlərində sizin gülümsəyən bir şəkliniz var... Mənim üçün siz həmişə o cür gülərüz qalacaqsız, Məmməd müəllim! Görəndə sizi sevənlərin xatırlayacağı və sizi sevməyənlərin unuda bilməyəcəyi o şəkildəki kimi...
“Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” adlı kitabınız haqqındakı yazımı tamamlaya bilmədim, yarımçıq qaldı. Amma mütləq tamamlayacam... Düz bir ay bundan əvvəl - aprel ayının 21-də kitabın ilk səhifəsində mənə yazdığınız “ömrünü söz uğrunda girov qoyan və gələcəyin böyük jurnalisti olacağına inandığım” inamınıza layiq olacağıma əmin ola bilərsiniz. Axı mənə məqsədə çatmaq üçün inadkar olmağı siz öyrətmisiniz...
Hər gün heç olmasa bir dəfə çay içərdik... Hər gün telefonuma zəng gələrdi sizdən. Elə bilirəm elə indicə yenə zəng vuracaqsız. Və kənd təbiliyinin sığındığı şirin leksikonunuzla deyəcəksiz ki, “Ə şair, evdə neyniyirsən, düş gedək bir çay içək”...
...Mən gözləyirəm, Məmməd müəllim! Telefona zilləmişəm gözümü, qulaqlarım zəng səsindədi... Ürəyim çay istəyir...

Elxan YURDOĞLU
21-05-2011
URL / WWW
http://kelam.az/article/a-3844.html